Vətən Müharibəsi şəhidinin anası vəfat etdi

Vətən müharibəsi şəhidi Qismət Qardaşxanovun ailəsinə ağır itki üz verib. Sozcu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, şəhidin anası Mərziyə Qardaşxanova vəfat edib. Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir. Qeyd edək ki, 1994-cü il təvəllüdlü Qismət Qardaşxanov 2020-ci ilin oktyabrında Füzuli istiqamətində şəhid olub.  O, ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Bakıda qadın döyüldü, pulları əlindən alındı

Bakıda qadın döyülüb, pulları əlindən alınıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 14-də rayon ərazisində Bakı şəhər sakini olan bir qadını döyərək quldurluq yolu ilə ondan pul tələb etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Bayram Məhiyəddinov müəyyən olunaraq saxlanılıb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakıda ağır qəza: 2 nəfər yanaraq öldü

Bakının Xəzər rayonunda 2 nəfərin ölümü, 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, Binə qəsəbəsində "Şevrolet" markalı avtomobil "Lifan" və "Ford" markalı avtomobillərlə toqquşub. Zərbənin təsirindən içərisində 2 sərnişinin olduğu "Lifan" markalı avtomobil alışaraq yanıb. Digər avtomobildə olan sürücü 25 yaşlı Əli Zülfüqarlı ağır vəziyyətdə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Ölənlərdən biri 42 yaşlı Məmmədağa adlı şəxsdir. Hadisənin təfərrüatı araşdırılır.

Şəhidimizin fotosu yayıldı

Xəbər verdiyimiz kimi, mayın 12-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin davam edən təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Məhəmməd Mahir oğlu Qarayev şəhid olub. Sozcu.az şəhidimizin fotosunu təqdim edir:

Tanışını öldürən şəxsə hökm oxunub

Tanışını qətlə yetirməkdə ittiham olunan Şəmşad Əhmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Şəmşad Əhmədovun əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsindən daha yüngül 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsinə tövsif olunub. Şəmsad Əhmədov 10 il müddətinə azadlıqdan məhrum edilib. Prokuror ona 20 il həbs cəzası istəmişdi. Qeyd edək ki, hadisə ötən ilin yanvarında Bakının Nərimanov rayonunda qeydə alınıb. 1974-cü il təvəllüdlü Şəmsad Əhmədov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla tanışı, 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirərək qətlə yetirib. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (Qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Şəhid hərbçi Ağstafada dəfn olundu

Azərbaycan Ordusunun ötən gün Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçisi Orxan Novruzəlizadə Ağstafada dəfn olunub. Sozcu.az APA-ya istinadla xəbər verir ki, şəhid anadan olduğu Xətai kəndində, kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimdə şəhidin yaxınları, hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak edib.

Yevlaxda mikroavtobus minik avtomobili ilə toqquşub, xəsarət alan var

Yevlax rayonunun Yuxarı Qarxun kəndində mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub. Qaraoğlan kənd marşrutu xətti üzrə hərəkət edən mikroavtobus "VAZ-21015" markalı minik avtomobili ilə toqquşub. Nəticədə "VAZ" markalı avtomobilin sürücüsü, rayon sakini, 1975-ci il təvəllüdlü Sənan Kərimov xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, hadisə zamanı mikroavtobusda olan sərnişinlərdən birinə ambulator yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Şəhidimizin atası: Oğlum bu gün evə gələcəkdi - Video

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə şəhid olub. Sozcu.az xəbər verir ki, şəhidimizin atası Elxan Novruzəliyev Baku TV-yə danışıb. Bildirib ki, oğlu bu gün evə gələcəkdi.

Bu gün şəhid olan hərbçimiz kimdir? - FOTO

Bu gün Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu əslən Ağstafa rayonundandır.  1988-ci il təvəllüdlü O.Novruzəlizadə Ağstafanın Vurğun qəsəbəsində anadan olub.  Yaxınlarının verdiyi məlumata görə, 35 yaşlı hərbçi subay olub. Onun 1 qardaşı, 2 bacısı var.  Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. 

Bakıda yol çökdü - Foto

Bakının 8 Noyabr prospekrində yol çöküb. Sozcu.az xəbər verir ki, bu barədə jurnalist İbrahim Kamiloğlu məlumat yayıb. Yolun hansı səbəbdən çökməsi barədə məlumat verilmir.

Həbsdəki tanışına ayaqqabıda narkotik gətirdi

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına və 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Penitensiar xidmətdən məlumat yayıb. Bildirilib ki, Cinayət Məcəlləsinin 29,120.2.2; 221.1; 228.5 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 14 il 1 ay müddətinə azadlıqdan məhrum edilmiş və 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Hüseyn Nizami oğlu Quliyevə tanışı Şahin Qəhrəman oğlu Bədəlov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan ayaqqabının daban hissəsində xüsusi üsulla gizlədilmiş 6 ədəd sellofan bükülüdə ümumi çəkisi 1,815 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,152 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub. Cinayət Məcəlləsinin 177.2.1; və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Namiq Əli oğlu Zülfüqarov 3 saylı İstintaq təcridxanasına qəbul edilərkən onun üzərinə baxış keçirilən zaman corabının içində gizlətdiyi 1 ədəd kağız bükülüdə ümumi çəkisi 0,211 qram olan narkotik maddə - marixuana və ümumi çəkisi 0,3 qram olan Preqabalin dərman həbi aşkar olunub. Hər iki faktla bağlı araşdırma aparılır.

Birinci siniflərə şagird qəbulu başlayır

Mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.  Elm və Təhsil Nazirliyindən Sozcu.az-a bildirilib ki, qəbul prosesi mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. Belə ki, mayın 11-i saat 11:00-dan etibarən elektron portalda uşaqların qeydiyyatı, mayın 15-i saat 11:00-dan etibarən isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb seçimi) həyata keçiriləcək.  Mayın 15-i saat 11:00-dan mayın 31-i saat 18:00-a qədər dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq. Bakı Avropa liseyi, Respublika incəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat isə mayın 15-i saat 11:00-dan iyunun 27-si saat 18:00-a qədər həyata keçiriləcək.  Qeyd edək ki, qəbul prosesi ilə bağlı digər mərhələlər barədə məlumat veriləcək.