Hava soyudu: Bakıya bu həftə qar yağacaq?

Bakıda son günlər müşahidə olunan dəyişkən, buludlu hava şəraiti davam edir. Sozcu.az xəbər verir ki, şəhərdə temperatur mövsümə uyğun olaraq aşağı düşsə də, meteoroloqlar yaxın günlərdə qar yağışının gözlənilmədiyini bildirirlər. Əvəzində buludlu hava və arabir yağışlı günlər proqnozlaşdırılır. Hazırkı hava şəraiti yanvar ayının tipik xüsusiyyətlərini əks etdirir. Sinoptiklərin məlumatına görə, bu günlərdə havanın temperaturu gündüz saatlarında 6-8°C arasında dəyişəcək, gecələr isə 2-5°C səviyyəsində olacaq. Bakıya xas güclü küləklər də xüsusilə səhər saatlarında təsirini göstərməyə davam edəcək. Proqnozlara əsasən, önümüzdəki günlərdə aşağıdakı hava şəraiti müşahidə ediləcək: Yanvarın 16-sı: Gün ərzində çiskinli yağış, əsasən buludlu hava şəraiti olacaq. Yanvarın 17-si: Səhər saatlarında qısamüddətli yağış gözlənilir, günorta isə buludlu hava üstünlük təşkil edəcək. Yanvarın 18-i: Günəşli və açıq hava ilə başlasa da, axşama doğru buludlanma müşahidə olunacaq. Yanvarın 19-u: Buludlu və küləkli hava şəraiti ilə müşayiət ediləcək. Sinoptiklər xüsusi olaraq xəbərdarlıq edirlər ki, havanın qeyri-sabit keçməsi nəticəsində yol şəraitində müəyyən çətinliklər yarana bilər. Nəqliyyat iştirakçılarına diqqətli olmaları və havaya uyğun geyinmələri tövsiyə edilir. Qeyd edək ki, Bakıda qar yağıntısı nadir hallarda müşahidə olunur və belə hava şəraitinin yaranması üçün temperaturun daha da aşağı düşməsi tələb olunur. Buna baxmayaraq, şəhər sakinləri soyuq və küləkli havaya hazır olmalıdırlar.

Bakıda gənc oğlan özünü 17-ci mərtəbədən atdı

Bakıda intihar hadisəsi olub. Sozcu.az Lent.az-a istinadla xəbər verir ki, hadisə gecə saatlarında Xətai rayonu Məhəmməd Hadi küçəsində baş verib. 25 yaşlı Murad İbrahim oğlu Kərbalıyev 17 mərtəbəli binanın 17-ci mərtəbəsinin eyvanından özünü atıb. Gənc oğlan aldığı xəsarətlərdən hadisə yerində keçinib. İntiharın hansı səbəbdən baş verməsi məlum deyil.

Estetik cərrahlar üçün şok qadağa tətbiq edildi

Plastik cərrahların efirlərdə çıxışlarına qadağa qoyulub. Sozcu.az xəbər verir ki, bu barədə Musavat.com-un əldə etdiyi məlumatda deyilir. Xatırladaq ki, səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Bu rayonlarda işıq olmayacaq

Sabah Azərbaycanın cənub bölgəsinin bir sıra rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu barədə Sozcu.az “Azərişıq” ASC-yə istinadən xəbər verir. Bildirilib ki, yanvarın 15-də Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bir sıra ərazilərdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq. Qeyd edilən tarixdə 110/35/10 kV-luq Lənkəran 2 yarımstansiyadan qidalanan 10 kV-luq 5 saylı hava xəttində, Cəlilabad 110/35/10 kV-luq yarımstansiyadan qidalanan 110 kV-luq 2-ci Masallı hava xətti və 110 kV-luq Cəlilabad hava xəttində eyni vaxtda təmir işləri aparılacaq. Bu səbəblə saat 10:00-dan 14:00-dək Lənkəran rayonu Şilavar, Digah kəndlərində, Kürə ərazisində və saat 10:00-dan 12:00-dək Cəlilabad şəhəri və rayonunda, Biləsuvar rayonu Əmənkənd ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi təmin olunacaq.

Taksidə ancaq bu maşınlara icazə veriləcək? – Sürücülər təşviş içində

Taksi sürücüləri arasında maraqlı müzakirə yayılıb. Onların bir çoxu yaxın vaxtlarda taksi şirkətlərinin əksəriyyətinin tamamilə yerli istehsal olan avtomobillərə keçəcəyini iddia edir. Sürücülərin fikrincə, hazırda istifadə edilən hibrid və elektromobil nəqliyyat vasitələri yavaş-yavaş yerli yığım maşınlarla əvəz olunacaq.  Sozcu.az xəbər verir ki, Yenisabah.az bu barədə sahəni bilən bir neçə şəxsin fikirini öyrənib. Onların fikrincə, ötən ilin iyulunda Nazirlər Kabinetinin taksi fəaliyyəti ilə bağlı verdiyi bir sıra qərarlardan sonra buraxılış ili köhnə olan və taksidə istifadə edilən nəqliyyat vasitələri dövriyədən çıxarılıb. Lakin indiki şəraitdə taksi xidməti ilə bağlı daha bir neçə dəyişiklik bu sektorunda ciddi problemlərə səbəb ola bilər. Əvvəllər taksi fəaliyyəti göstərən şəxslərin bir çoxu maşınların artıq “yararsız” hesab olunması ucbatından işlərini itirib. İndiki şəraitdə növbəti “işsiz sürücülər” dalğasının formalaşmaması üçün taksi fəaliyyətində mövcud qaydaların saxlanılması ən yaxşı seçim olardı.  Son illər fərdi nəqliyyat vasitələrində olduğu kimi, taksi və ictimai nəqliyyatda da ekoloji təmiz maşınlardan istifadə praktikası tətbiq olunur. Bu baxımdan, yaxın gələcəkdə taksi sektorunda yerli istehsal olan və yanacaq mühərrikli avtomobilləri yeni nəsil elektromobillərin əvəzləməsi real görünmür. Qeyd edək ki, hazırda bir çox taksi şirkətlərinin avtoparkında hibrid və elektormobillərdən savayı, yerli yığım maşınlar da var. 

Bu qurumda işçilər məcburi ərizə yazdırılaraq işdən çıxarılır

Qarabağ Regional Təhsil İdarəsində 53 əməkdaşın işdən çıxarıldığı bildirilir. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə məlumat vətəndaşlar tərəfindən sosial mediada paylaşılıb. Bildirilib ki, sözügedən əməkdaşlar (metodist) metodiki kabinetin bağlanmasına görə məcburi ərizə yazdırılaraq işdən xaric ediliblər. Sözügedən məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb. Xatırladaq ki, daha öncə Lənkəran-Astara Regional Təhsil İdarəsində 18 əməkdaş (metodist), Azərbaycan İdman Akademiyasında da xeyli sayda əməkdaş vəzifəsindən azad edilib.

Bakıda 3 nəfərin 23 min manatı dələduzluqla ələ keçirildi

Nəsimi rayonunda dələduzluq edən 2 şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib. Nəsimi rayonu ərazisində 3 nəfərin ümumilikdə 23 min manatdan çox pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub. Keçirilən tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən - əvvəllər eyni əmələ görə məhkum olunmuş 44 yaşlı T.Yunisov və 42 yaşlı S.Səmədov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar aparılır.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər isə bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşama doğru bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 2-7° isti olacaq.

Qubada ağır qəza: sürücü öldü

Quba-Xaçmaz yolunda avtomobil qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun rayonun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü, Quba rayonunun Bağbanlı kənd sakini Taleh Malik oğlu Rüstəmov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Yollarda görmə məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Yanvarın 13-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Bu ərazilərdə 8 dərəcəyədək şaxta oldu – Faktiki hava

Yanvarın 12-si saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Qərb küləyi əsib, arabir Qobustanda 16 metr/saniyəyədək güclənib. Sumqayıt, Pirallahı, Yevlax, İmişli, Sabirabad, Cəfərxan, Naxçıvan, Quba, Şabranda duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Aran rayonlarında 1 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Kürdəmirdə ağır qəza: ölən var

Kürdəmir rayonunda ağır yol qəzası baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Ağsu-İmişli-Kürdəmir yolunun Sorsor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı avtomobillə "Şevrolet" markalı maşın toqquşub. Nəticədə VAZ-da olan sürücü hadisə yerindəcə həyatını itirib. Digər yaralı isə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.