Xaçmazda 34 yaşlı kişi bıçaqlandı

Martın 2-si saat 00:40 radələrində Xaçmaz rayon sakini 1990-cı il təvəllüdlü Kamran Niftəliyevə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.  Bu barədə Sozcu.az-a Xaçmaz rayon prokurorluğundan məlumat verilib.  Araşdırma zamanı 1986-cı il təvəllüdlü Faiq Cəbrayılovun martın 1-i saat 23 radələrində rayonun Qaraqurdlu kəndi ərazisində yerləşən kafelərdən birinin yaxınlığında aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Kamran Niftəliyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Faiq Cəbrayılov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. 

Xocalıda daha 5 nəfərin qalıqları tapıldı - Təsirli fakt

Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. "Xəbər verildiyi kimi işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır. Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində bu gün daha 5 nəfərə aid insan qalıqları aşkar edilib, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 10 nəfər şəxsə (onlardan 2 nəfərin yetkinlik yaşına çatmayan olması ehtimal edilir) məxsus olması, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib. Aşkar edilmiş sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlarla birgə hadisə yerinin müayinəsi davam etdirilir", - məlumatda bildirilib.

Bakıda ilkin olaraq bu ərazilərdəki evlər sənədləşdiriləcək - AÇIQLANDI

Sənədsiz evlərin inventarlaşdırılması təklif edilir. Bu məsələ Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.  Məruzədə qeyd edilirbki, Ombudsman əvvəlki illik məruzələrində ötən əsrin ortalarından etibarən Bakı şəhərində, onun ətrafındakı qəsəbə və kəndlərdə, o cümlədən, birgə təsərrüfatlara (sovxozlara) məxsus ərazilərdə müxtəlif şəxslər tərəfindən zəbt edilmiş torpaq sahələrində qanunsuz tikilmiş evlərin, habelə bələdiyyələr tərəfindən fərdi ev tikintisi üçün verilmiş torpaq sahələrində inşa olunmuş evlərin inventarlaşdırılması və dövlət qeydiyyatına alınması, eyni zamanda həmin ərazilərdə və yeni yaşayış massivlərində daşınmaz əmlak və nəqliyyat infrastrukturu obyektlərinə ünvanların verilməsini təklif edib.  Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, sənədsiz evlərin yerləşdiyi ərazilərə ilk öncə ünvanların təyin olunması olduqca vacib məsələdir.  “Bəzi ərazilər var ki, oradakı evlərə sənəd verilə bilməz. Lakin uzun illərdir ki, həmin ərazilərdə insanlar ev tikib yaşayır. Hansısa müəssisənin balansında olmasından və təyinatından dolayı oradakı evlərin sənədləşməsi qeyri-mümkündür. Buna görə də həmin evlərə qeydiyyata düşmək problemi yaranır. Hazırda çox sayıda ölkə vətəndaşı qeydiyyatsız yaşayır. Bu səbəbdən həmin ərazilərdəki məhəllələrə ünvan da verilmir. Belə olduqda isə hansısa vətəndaşa məktub, çağırış gəldikdə faktiki yaşadığı ünvana deyil, qeydiyyatda olduğu yerə göndərilir. Digər tərəfdən fövqəladə hal zamanı çağırılan təcili yardım, yanğınsöndürən və digər maşınların ünvana çatması müşkülə dönür. Çünki qeydiyyat olmadığı üçün ünvan təyin olunmur, buna görə də insanlar olduqları yeri düzgün izah edə bilmir. Əvvəlcə ünvan təyin olunmalı, daha sonra ona uyğun formada evlərin sənədləşdirilməsinə başlanmalıdır”.  Ekspert Bakıda ilkin mərhələdə bu ərazidə tikilmi. evlərin sənədləşdirilməsinin vacib olduğunu deyib:  “Yaxın dövrdə ilkin formada hansı ərazilərin sənədləşdirilməsi ilə bağlı konkret nəsə demək çətindir. Sənədləşmə ilə bağlı illərlə hansısa qanun layihəsinin təsdiqlənəcəyi, hansısa qərarın veriləcəyi deyilsə də, görünən odur ki, ortada ciddi nəsə yoxdur. Ancaq Bakının mərkəzində yerləşən Yasamal, "Papanin", Alatava və digər ərazilər 100 ildən artıqdır ki, yaşayış massivləri kimi fəaliyyət göstərir. Buralar neft ərazisi və digər təyinatlı torpaq deyil. Bu massivlər sovet dövründə mənzil kommunal istismar sahələri tərəfindən ayrılmış yaşayış məntəqələridir. Qanunvericiliyə əsasən hansısa vətəndaş bir ünvanda 30 ildən artıq yaşayırsa və başqa bir şəxsin bu ünvanla bağlı iddiası yoxdursa, məhkəmə qaydasında həmin əmlakı öz mülkiyyətinə çevirə bilər”. 

Prokuror “Nikosayağı”ya bu qədər cəza istədi

“Nikosayağı” kimi tanınan bloqer Nicat Şakirlinin törətdiyi qəza ilə bağlı məhkəmə istintaqı tamamlanıb. “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. Prokuror N.Şakirlinin sərxoş vəziyyətdə yol qəzası törətməkdə təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 6 il azadlıqdan məhrum edilməsini tələb edib. Çıxışda qeyd edilib ki, sərbəst mühakimə edilən bloqer məhkəmə zalında dərhal həbs edilməlidir. Müdafiə tərəfinə çıxışa hazırlaşmaq üçün vaxt verilib. Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib. Bloqerə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma,eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Fərdi evlərlərlə bağlı yeni xəbər: “Qiymətlər kəskin artacaq”

2024-cü ildə Azərbaycanda fərdi evlərin qiyməti artacaq. Sozcu.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya əmlak ekspert Elnur Əsədov məlumat verib. Ekspert hesab edir ki, fərdi evlərin tikintisi ilə bağlı təkliflər az olan ərazilərdə qiymət artımı qaçılmazdır. Elnur Əsədovun sözlərinə görə, turistlərin aktiv axını olan rayonlarda çıxarışla təmin olunmuş torpaq sahələrinin sayı məhduddur: “Həmçinin oktyabr ayında qanunda müəyyən dəyişikliklər olunub. Sənədsiz və qanunvericiliyin tələblərinə uyğun olmayan torpaq sahələrində artıq fərdi evlərin tikintisi mümkün olmayacaq. Çıxarışla təmin olunmuş torpaqların qiymətində isə artım qaçılmazdır”. Elnur Əsədovun fikirincə, ilin sonuna kimi fərdi evlərin qiymətində 15% artım gözlənilir.

"İcra başçısının vəzifəsi əlindən alınsaydı, aparıcı xanım ona ərə gedərdimi?"

Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov ikinci dəfə ailə həyatı qurur. 40 yaşlı icra başçısı Alidə Mustafayeva adlı teleaparıcı ilə izdivaca girir. Cütlüyün toy xəbəri cəmiyyətdə böyük ajiotaj yaradıb və müzakirələrə səbəb olub. Mövzu ilə bağlı yenisabah.az-a danışan Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu 4 övladı olan icra başçısının dəbdəbəli toy məclisi keçirməsini sərt şəkildə qınayıb: “Hər kəs ailə qura  bilər, bu hamının haqqıdır, lakin sözügedən icra başçısının 4 övladı var. 4 uşağın gözünün qabağında dəbdəbəli toy etmək, özünü göstərmək kimə lazımdır?!  Başqa bir məmurumuz da bir müddət əvvəl aparıcılardan biri ilə ailə qurdu, onun 20-25 yaşında övladları vardı, buna baxmayaraq ikinci evliliyindən olan övladının doğum anlarını sosial şəbəkələrdə paylaşdı. Bu kimi hallar bizim mentalitetimizə, ailə dəyərlərimizə ziddir, bu bizə xas olan addımlar deyil. Evlənirsən, evlən, toy etmək nədir?! 4 uşağın qarşısında toy etmək vacibdir?! Bu onun üçün çoxmu vacib idi?!  Mən hökumətin yerinə olsaydım, gedib həmin icra başçısının fəaliyyətini yoxlayardım. Görək o işini ədalətləmi görür, rayonda hansı işlərlə məşğuldur?”  Hüquq müdafiəçisi bu gün ərə gedən aparıcı Alidə Mustafayevanın sevgisinin saflığına inanmadığını bildirib:  “Görəsən, icra başçısının vəzifəsi əlindən alınsaydı, həmin aparıcı xanım ona ərə gedərdimi?  Onun ərə getdiyi şəxsin 4 övladı var! Mən demirəm evlənməsinlər, amma evlənirlərsə, bunu bu qədər ictimailəşdirib bütün saytlarda, sosial şəbəkələrdə yaymasınlar. Özləri yığışıb aralarında kiçik bir qonaqlıq edə bilərdilər, dəbdəbəli toy vacibdir?! Əgər iki insan bir-birini həqiqətən sevirsə, qarşısındakı qadın da onu başa düşürsə, belə bir şeyə heç vaxt razı olmazdı. Xanımın ilk evliliyinin olmasının bu məsələyə dəxli yoxdur, 37 yox, lap 25 yaşı olsun, əgər o, başa düşən qadın olsaydı, bunu etməzdi. 4 uşağın atasına ərə gedən o aparıcı xoşbəxt olacaqmı? Mən qətiyyən inanmıram ki, onlar böyük bir sevgi ilə ailə qururlar. İcra başçısı ilə evlənən qız özü bunları düşünməli idi, o 4 övladın qarşısında bu həyatı necə quracaq? Gözəllik bu gün var, sabah gedəcək, həmçinin pul da bu gün var, sonra yoxdur. Açığı, bu məsələdən sonra həmin adamın vəzifədə qalacağına da inanmıram”. 

Aparıcının bu gün ərə getdiyi 4 uşaqlı icra başçısı...

Xəbər verdiyimiz kimi, bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun toyudur. O, tanınmış aparıcı Alidə Mustafayeva ilə ailə həyatı quracaq. Kult.az xəbər verir ki, Seymur Vaqif oğlu Orucov 1984-cü il oktyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Əli Bayramlı şəhərində orta təhsilini bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub. 2005-ci ildə İqtisad Universitetinin bakalavr pilləsini bitirib, maliyyə-kredit ixtisası üzrə magistratura pilləsinə daxil olub. 2007-ci ildən Maliyyə-kredit kafedranın aspirantı və müəllimi olub. 2006-2009-cu illərdə İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çalışıb. 2010-cu ildə “Dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad elmləri üzrə fəlsəfə doktoru adı alıb. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. 2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb. 4 aprel 2011-ci ildə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib. 29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib. 11 mart 2021 tarixinədək bu vəzifəni icra edib. 21 may 2020-ci il tarixdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Seymur Orucov bundan öncə sabiq deputat, 2004-2014-cü illərdə İqtisad Universitetinin rektoru olmuş Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. Bu izdivacdan cütlüyün dörd övladı (iki oğlan, iki qız) dünyaya gəlib. Onlar bir müddət əvvəl rəsmi şəkildə boşanıblar.

Bu qidaları almayın! – Qiyməti əl yandırır, yeyəndə öldürür

Hazırda qışın son ayında olmağımıza baxmayaraq, bazar və market piştaxtalarında yayda yetişən meyvə-tərəvəzləri görmək mümkündür. Ümumiyyətlə, hansı fəsildə olmağımızdan asılı olmayaraq, bütün mövsümlərə aid məhsulları tapmaq elə də çətin deyil. Belə qidaların qiyməti əlimizi, tərkibi isə orqanizmimizi yandırıb külə çevirir.  Maraqlıdır, mütəxəssislər bu məsələyə necə yanaşır?  Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən qida üzrə mütəxəssis Məhsəti Hüseynova bu qidaların hansı xəstəliklərə səbəb olmasından danışıb:  “Meyvə-tərəvəzlər insan orqanizmində vitamin və minerallarla zəngin olması ilə yanaşı, eyni zamanda da lifli qida olduğu üçün sağlamlığa faydalıdır. Lakin mövsümündə olmayan, süni şəkildə yetişdirilən meyvə-tərəvəzlər var ki, ilin bütün mövsümlərində market və bazarlarda qarşımıza çıxır. Onlar nə qədər gözəl görünsə də, o qədər zərərlidir. Bunların yetişdirilməsi üçün süni istilik, eyni zamanda herbisid və pestisidlərdən istifadə olunur. Uzunmüddətli olması üçün bu məhsullara kimyəvi qatqı maddələri vurulur. Bu kimi qidaları qəbul edən insanlarda birinci növbədə allergiya, digər məqamda isə qaraciyər və böyrəklərdə həmin kimyəvi maddələr yığılaraq xəstəliyə yol açır. Davamlı olaraq, mövsümsüz meyvə-tərəvəzlərdən istifadə edən insanlarda xərçəng xəstəliyinə tutulma riski daha da çoxalır. Fəsadlar bununla bitmir. Gələcəkdə həmin insanların parkinson, altsheymer kimi xəstəliklərə də tutulma riski də qaçılmazdır”.  Ekspert daim istifadə etdiyimiz meyvə və tərəvəzlərlə bağlı da xəbərdarlıq edib:  “Yaxşı olar ki, mövsümündən əlavə gündəlik meyvə-tərəvəzləri də gündəlik olaraq istifadə etməyək. Çünki bu məhsullar da uzunömürlü olması üçün kal şəkildə dərilir, onlara müəyyən qatqı maddələri əlavə olunur. Həmin məhsullar da süni formada yetişdirilən digər meyvə-tərəvəzlər kimi zərərlidir. İnsan öz yaşadığı yerdə yetişən qidaları qəbul etsə, bu orqanizm üçün daha faydalıdır”. 

Şaxta olacaq, yollar buz bağlayacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 6-11° şaxta, yüksək dağlıq ərazilərdə 13-17° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Bakıda ŞOK - Talassemiyalı uşaqların 1 milyonunu BELƏ ƏLƏ KEÇİRDİLƏR

Talassemiyalı uşaqlar üçün toplanmış 980 min manat vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işinin bəzi detalları məlum olub. Sozcu.az Report-a istinadən xəbər verir ki, istintaqla təqsirləndirilən şəxslər - N.Seyidova, A.Bayramova və A.Məmmədovanın qabaqcadan əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə etdikləri müəyyən edilib. Belə ki, həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə dələduzluq ediblər. Əvvəlcə N.Seyidova və A.Bayramova ilə birgə yalan vəd verərək Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Vüqar İsayev və Xəyal İlmanovdan 34 000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq ediblər. İttiham aktında göstərilib ki, N.Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verərək dələduzluq edib. Daha sonra N.Seyidova bu dəfə A.Məmmədova ilə qabaqcadan əlbir olaraq, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq ediblər. İstintaqla o da müəyyən edilib ki, N.Seyidova tanışı A.Bayramova təkrarən qabaqcadan əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000 , Faiq Nəcəfovdan 5 100 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq ediblər. Qeyd edək ki, hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə araşdırılır. İş üzrə zərərçəkmiş qismində 36 şəxs tanınıb. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Xocalı qurbanları 1 dəqiqəlik sükutla yad olundu

Fevralın 26-da Bakı vaxtı ilə saat 17:00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sozcu.az xəbər verir ki, həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb, ölkəmizin şəhər və rayonlarında, kənd və qəsəbələrində, xaricdəki diplomatik nümayəndəliklərdə Azərbaycanın Dövlət Bayrağı endirilib. Azərbaycan paytaxtının minlərlə sakini fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək şəhidlərin xatirəsini ehtiramla anıb, onun önünə əklillər qoyub, qərənfillər düzüb. Respublikamızın şəhər və rayonlarında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, idarə və təşkilatlarda, məscidlərdə, kilsələrdə, sinaqoqlarda və xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının anım mərasimləri, aksiyalar, yürüşlər, fləşmoblar, mədəniyyət tədbirləri keçirilib. Xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda soyqırımı şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlər təşkil edilib. Şuşa və Ağdam məscidlərində, əzəmətli Azərbaycan Bayrağının dalğalandığı Xocalı, Xankəndi şəhərlərində və digər azad olunmuş ərazilərdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb. Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək dinc əhaliyə vəhşicəsinə divan tutublar. Şəhərin 613 sakini, o cümlədən 63 uşaq, 106 qadın xüsusi amansızlıqla qətlə yetirilib, 1275 nəfər əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150-sinin taleyi indiyədək məlum deyil. Xocalının 5379 sakini şəhərdən zorakılıqla qovulub, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Salyanda körpə pnevmaniyadan öldü

Salyan rayonunda pnevmaniyaya yoluxan körpə ölüb. Sozcu.az xəbər verir ki, Salyan şəhər sakini 2023-cü il təvəllüdlü Sadıqov Hüseyn Arif oğlu bu gün səhər saatlarında Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, azyaşlı uşaq dəqiqləşdirilməmiş bronxit-pnevmaniyadan dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.