DİQQƏT! Yollar buz bağlayacaq

Fevralın 25-də gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Məlumata görə, ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.

Şəmkirdə avtomobil körpüdən aşdı: Ölən və xəsarət alan var

Şəmkir rayonunda avtomobil qəzası olub, ölən və xəsarət alan var. "Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən aşıb. Nəticədə bir nəfər hadisə yerində dünyasını dəyişib, 1989-cu il təvəllüdlü E.Qarayev isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda yollar buz bağlayacaq

Azərbaycan ərazisində müşahidə olunan yağıntılı hava şəraiti fevralın 26-dək fasilələrlə davam edəcək. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Şərq küləyi 25-də ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Rey Kərimoğlu xəstəxanaya yerləşdirildi

Tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun səhhətində problem yaranıb. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki,  ötən gecədən jurnalistin təzyiqi bir neçə dəfə yüksəlib və burnundan qan açılıb. Onun səhhəti ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirilib ki, R. Kərimoğlu bu gün saat 13:00 radələrində Xətai Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona kantuziyadan qaynaqlanan yüksək təzyiq, davamlı burun qanaması diaqnozu təyin edilib. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

09:58 Fevralın 23-ü saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində hava şəraiti yağıntılı olub, dağlıq rayonlarda arabir qar yağıb. Bu barədə Sozcu.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, qar örtüyünün hündürlüyü Qrızda 3 sm, Altıağac, Qubada 1 sm olub. Düşən yağıntının miqdarı Qubada 3 mm, Oğuz, Şəki, Gədəbəy, Balakən, Zaqatala, İsmayıllı, Altıağac, Qəbələ, Şabran, Qobustan, Qusar, Göyçay, Kürdəmir, Şirvan, Cəlilabad, Biləsuvar, Yardımlı, Astara, Şahbuz, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub. Gədəbəy, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Göyçay, Yevlax, Yardımlı, Lerik, Sumqayıtda duman müşahidə olunub. Dumanda görünüş 50-500 metrədək məhdudlaşıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Naxçıvan MR-də, Aran rayonlarında 3-5 dərəcə isti, dağlıq rayonlarda 4, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta olub. Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında fevralın 25-dək, bölgələrdə isə 26-dək fasilələrlə davam edəcək. *** Fevralın 23-ü saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Milli Hidrometerologiya Xidmətindən verilən məlumata görə, Daşkəsən, Gədəbəy, Göygöl, Qəbələ, Şəki, Quba, Şamaxı, Qobustan, Qax, Qrızda qar, Naxçıvan, Şərur, Ordubad, Gəncə, Ağdam, Şabran, Sabirabad, Ağsu, Salyan, Lerik, Naftalan, Neftçalada, Bakıda və Abşeron yarımadasında arabir yağış yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 9, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta olub.

Azərbaycanda müəllim faciəvi şəkildə ÖLDÜ - FOTO

Müəllim yol qəzasında həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə  Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib. Məlumata görə, Zaqatala rayon Qazangül qəsəbə tam orta məktəbin tarixi müəllimi Nigar Bayramova İsmayıllı rayonunun Xanagah kəndi ərazisində baş vermiş avtomobil qəzası nəticəsində həlak olub. Şəki-Zaqatala RTİ baş verən hadisə ilə bağlı başsağlığı verib: “Şəki-Zaqatala RTİ rəhbərliyi və kollektivi Zaqatala rayon Qazangül qəsəbə tam orta məktəbin tarixi müəllimi Nigar Bayramovanın İsmayıllı rayonunun Xanagah kəndi ərazisində baş vermiş avtomobil qəzası nəticəsində vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına və məktəbin müəllim-şagird kollektivinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!”

Universitetdən dəm qazından zəhərlənən tələbələrlə bağlı AÇIQLAMA

Şəkidə altı tələbə dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən şəxslərin Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının tələbələridir. Modern.az Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialı ilə əlaqə saxlayıb.  Universitetdən saytımıza açıqlamada bildirilib ki, hazırda filialın əməkdaşları tələbələrlə görüşdədirlər: “6 nəfər tələbə dəm qazından zəhərlənib. Onlardan 2 nəfəri hazırda dərsdədirlər. Digər 4 nəfər tələbə isə ev şəraitində müalicə alırlar. Onların həyati təhlükələri yoxdur. Filialın əməkdaşları tələbələrlə görüş üçün onların evinə gediblər”.

Aybəniz Haşımovanın qardaşı həbs edildi

Quba polisi xüsusi əməliyyat keçirib. Sozcu.az Unikal-a istinadən xəbər verir ki, əməliyyat zamanı rayon ərazisində dələduzluq edərək vətəndaşlardan küllü miqdarda pul alan şəxs saxlanılıb. Belə ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Şaiq Həsən oğlu Həşimov tutulub. O, rayon ərazisində qaziləri, şəhid ailələrini, müalicəyə ehtiyacı olan uşaqların valideynlərini guya türkəçarə üsulu ilə sağaldacağı vədini verərək aldadıb. Şaiq Həşimov Polis Şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb. Barəsində araşdırma başlanılıb. Qeyd edək ki, Şaiq Həşimov xalq artisti Aybəniz Haşımovanın qardaşıdır.

Anası tərəfindən xəsarət yetirilən azyaşlı ilə bağlı araşdırma aparıldı

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) nümayəndələri tərəfindən Ağstafada azyaşlının anası tərəfindən xəsarət yetirilməsi ilə bağlı mediada yayımlanmış məlumatla əlaqədar yerində araşdırma aparılıb. Ombudsman Aparatından Sozcu.az-a verilən xəbərə görə, Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın üzvləri ilə birlikdə Ağstafa Rayon Mərkəzi Xəstəxanasında uşaqla görüşərək, onun müalicəsi və səhhəti ilə maraqlanıb, hazırkı vəziyyətinin qənaətbəxş olduğu məlum olub. Bununla yanaşı, uşağın anası və babası ilə də fərdi qaydada görüş keçirilib. Regional Mərkəzin əməkdaşları, eyni zamanda, uşağın məktəbdən kənarlaşdırılması məsələsinin araşdırılması məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin regional filialının və Ağstafa şəhər Ə.Hüseynov adına 1 saylı tam orta məktəbin nümayəndələri ilə də görüş keçirib. Görüşlər zamanı azyaşlının hüquqlarının, o cümlədən təhsil hüququnun bərpası ilə bağlı müvafiq tövsiyələr verilib. Məsələnin nəzarətdə saxlanılması üçün səlahiyyətli orqanlara müraciətlər ünvanlanıb. Hazırda məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilir.

Göbələk yeyən ana və iki övladı zəhərləndi

Şirvan şəhərində bir ailənin 3 üzvü göbələkdən zəhərlənib. Sozcu.az xəbər verir ki, şəhərin Məhəmməd Əsədov küçəsində yaşayan 44 yaşlı Samirə Nəzərova, onun 15 yaşlı qızı və 23 yaşlı oğlu dünən səhər saatlarında yaşadıqları ünvanda göbələkdən hazırlanmış yeməkdən zəhərləniblər. Onlar zəhərlənmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının təcili tibbi yardım xidmətinə müraciət ediblər. Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Belə təhsil olan ölkədə bulinq də görəcəksiz, əxlaqsızlıq da... - Sevinc Telmanqızı -VİDEO

Aparıcı Sevinc Telmanqızı TV Müsavat-ın canlı efirində Bakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən olunan zorakılıqdan danışıb. Sozcu.az xəbər verir ki, 156 saylı məktəbin XI sinif şagirdi yanvarın 17-si məktəbdən kənarda, 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib.  Sevinc Telmanqızı bildirib ki, bu qudurğanlıq, zorakılıq, tərbiyəsizlikdir.  Ətraflı videoda:

Yeniyetmə qızı alçaldan məktəbliləri hansı cəza gözləyir? - Hüquqşünas danışdı

Sosial şəbəkələrdə Bakıdakı 156 nömrəli məktəbin XI sinif şagirdinin məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülər ciddi müzakirələrə səbəb olub.  Məktəbdən bildirilib ki, məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb. Hazırda cəmiyyəti ən çox bu sual düşündürür:  IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik hərəkət edən məktəbli qızları hansı cəza gözləyir?  Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bu barədə "Yeni Sabah"a açıqlama verib:  “Təhqirə məruz qalan uşaq 18 yaşından aşağı olduğu üçün, onun valideynləri təhqirolunma barədə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməlidir. Üstəlik, bu məsələdə hadisənin görüntüyə alınıb sosial şəbəkələrdə paylaşılması faktoru da var. Təhqirin kütləvi informasiya vasitələrində yayılması ilə bağlı əməl Cinayət Məcəlləsində nəzərdə tutulub. Espertiza nəticələri əsasında hadisənin həqiqətən təhqir olması təsdiq olunsa cinayət işi açılır. Belə olduqda insan ləyaqətini, şərəfini alçaltma ilə bağlı məhkəmə bu əməli törətmiş şəxsləri azadlıqdan hətta məhrum da edə bilər. Əgər təhqirə məruz qalmış şəxs 18 yaşından yuxarıdırsa özü birbaşa məhkəməyə müraciət edə bilər”.  Sonda hüquqşünas bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  Cinayət Məcəlləsinin 148.1-ci maddəsinə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.