“Azza” bu məhsulun satışını dayandırdı - Rəsmi

“Azza”nın istehsal etdiyi “Fermazza” yağ məhsulunda uyğunsuzluq aşkarlanıb. Bu barədə Sozcu.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, AQTA əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı “Azza-Aqro” QSC-nin istehsalı olan “Fermazza” əmtəə nişanlı 82% yağlılıqda kərə yağından götürülmüş nümunənin sınaq nəticələrinə əsasən, yağda bitki sterinləri (Stiqmasterin, Kampesterin, Beta-sitosterin) ilə yanaşı, yağ turşuları üzrə uyğunsuzluq aşkarlanıb. Bununla bağlı məhsul partiyasının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkar barəsində inzibati tədbir görülüb və icrası məcburi göstərişlər verilib. Qeyd edək ki, məhsulların üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, faktiki tərkibdə bitki yağının qatılmasının aşkar edilməsi istehlakçıların aldadılmasına və hüquqlarının pozulmasına səbəb olur.

Temperatur günbəgün artır: Sabah 26 dərəcə - HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında fevralın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Sozcu.az xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-20° isti olacaq.

"Yeni Klinika" əməkdaşlarının maaşları verilmir

"Yeni Klinika"nın əməkdaşları maaşlarının gecikməsindən şikayətçidirlər. Sozcu.az xəbər verir ki, bununla bağlı Oxu.az-a şikayət daxil olub. Qeyd olunub ki, maaşların gecikməsinin səbəbi və nə vaxt veriləcəyi ilə bağlı işçilərə heç bir məlumat verilmir. "Mart ayı olmasına baxmayaraq, hələ də fevral ayı üçün əmək haqqını almamışıq. Maaşlarımızın ödənişi qeyri-müəyyən vaxta qədər uzadılıb. Bu isə kredit ödənişlərimizin gecikməsinə, üstünə faiz hesablanmasına səbəb olur". "Yeni Klinika"nın Mətbuat Xidmətinin rəhbəri Nuridə Allahyarova sözügedən mövzu ilə bağlı sorğunu cavabsız qoyub.

Ramazanın 13-cü günü - İmsak və iftar VAXTLARI

Sabah - martın 13-də Ramazan ayının 13-cü günüdür. Sozcu.az xəbər verir ki, imsak saat 05:30-da, iftar isə saat 19:00-dadır. 13-cü günün duası: “Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin”. Tərcüməsi: “İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”. Allah orucunuzu qəbul etsin!

Xankəndidə separatçıların yuvası olan bina SÖKÜLÜR

Xankəndidə bir vaxtlar separatçıların yuvası olan qondarma hökumət evi sökülür. Sozcu.az Oxu.Az-a istinadən xəbər verir ki, söküntü işləri artıq iki həftədən çoxdur ki, davam edir. Məsələ ilə bağlı açıqlama verən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı faktı təsdiqləyib. O qeyd edib ki, sözügedən binada Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Bərpa-Tikinti İdarəetmə Xidməti fəaliyyət göstərib. Hazırda söküntü işləri aparıldığı üçün əməkdaşlar digər binada yerləşdiriliblər. "Binanın sökülməsinə səbəb isə onun istifadəyə yararsız olmasıdır. Təmir-bərpa işlərinin aparılmasına uyğun gəlmədiyi üçün sökülməsinə qərar verilib. Sökülən binanın yerində yeni, inzibati məqsədlər üçün istifadə olunacaq bina tikiləcək", - deyə A.Telmanqızı bildirib.

Dumanlı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin martın 12-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti davam edir. Sozcu.az xəbər verir ki, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda Gəncə, Yevlax, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Salyan, Hacıqabul, Biləsuvar, Lənkəran, Şabran, Quba, Şəki, Astara və Şəmkirdə duman müşahidə olunur. Dumanda görünüş məsafəsi 200-700 metrədək məhdudlaşır. Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin martın 14-dək fasilələrlə davam edəcəyi gözlənilir.

“Bacısının ərinə göz dikən qadınları...” - Aparıcı əsəbiləşdi

“Hüquqşünaslar belə, qalmaqal olmayan efirdə qonaq olmaq istəmir. Hansı biri çıxıb deyər ki, insanlara heç bir qarşılıq gözləmədən hüquqi dəstək göstərməyə hazıram? Təbii ki, heç biri”. Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış aparıcı Amil Xəlil deyib. O, sosial və şou xarakterli verilişləri tənqid edən tamaşaçılara belə cavab verib: “Qalmaqal yaradan aparıcılar yaxşı ki, var. Çünki onların sayəsində bu gün televiziya baxımlıdır. Azərbaycan tamaşaçısının qarşısında rus, türk və digər ölkələrin televiziya kanalları kimi çoxsaylı alternativlər var. Xüsusilə də, bacısının ərinə göz dikən qadınları ssenariləşdirən türk serialları kimi proqramlar geniş yayılıb. Tamaşaçılarımız bu seriallara əlləri çatmadığı üçün yerli televiziya kanallarındakı qalmaqalları tənqid edirlər. Düşünmürəm ki, hansısa ölkədə şousuz televiziya kanalları olsun. İranda belə, şou xarakterli verilişlər yayımlanır. Hətta bu ölkə İslam dövləti olsa da, bəzi proqramları yığışdırıb, qalmaqallı efirləri böyük layihələrlə əvəz edirlər. Lakin yenə də qalmaqaldan tamamilə qaçmaq mümkün olmur. Tamaşaçılar deyirlər ki, tarlı-kamanlı verilişlər hazırlansın, amma söz versələr ki, belə proqramlara mütləq baxacaqlar, inanmıram. Əgər bunu etsələr, atama lənət!”. Aparıcı xarici serialların ölkəmizdə bəh-bəhlə izlənib, yerli verilişlərin tənqid olunmasına birmənalı reaksiya göstərib: “Mənim "Xoş gəldin" adlı verilişim var. Ucqar kəndlərə gedirəm. Bəzən o ərazilərdə cəmi 200 nəfər sakin belə yaşamır. Həmin verilişlə eyni vaxtda yayımlanan şou proqramlarına isə, məhz qalmaqal baş verdiyi üçün daha çox baxılır. "Xoş gəldin" kimi sosial verilişlər isə çox vaxt tamaşaçı cəlb edə bilmir. Tamaşaçılara sual vermək lazımdır: Sosial şəbəkələrdə televiziya kanallarından tələb etdiklərinizi öz evinizdə tələb edə bilirsinizmi? İzləyicilər yerli aparıcıları və verilişləri tənqid etsələr də, xarici seriallardakı 18+ hətta 30+ səhnələri ailəlikcə izləməkdən çəkinmirlər. Bizim dövrümüzdə "Anastasiya" adlı serial yayımlanırdı. İki qardaş birlikdə baxsaq belə, uyğunsuz səhnə görəndə üzümüzü çevirirdik. İndiki valideynlər isə, qızları ilə birgə əxlaqa zidd səhnələri böyük maraqla izləyirlər. Amma sosial şəbəkələrdə yerli aparıcıların işlətdiyi ifadələri kəskin şəkildə tənqid edirlər. Digər tərəfdən, sosial verilişlərdə iştirak edən vəkillər belə reytinqli efirlərə üz tuturlar. Biri çıxıb deyə bilərmi ki, bütün ehtiyacı olanlara təmənnasız xidmət göstərəcəm? Xeyr. Amma qalmaqallı verilişlərdə iştirak etmək üçün birbaşa müraciət edirlər”.

Ramazanın 12-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah - martın 12-si Ramazan ayının 12-ci günüdür. Sozcu.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak vaxtı saat 05:31-də, iftar vaxtı isə 18:59-a təyin olunub. İmsak duası: “Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin!” Tərcüməsi: “İlahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətçilik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi!” İftar duası: “Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!” Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!” Allah orucunuzu qəbul etsin!

Sabah 23 dərəcə isti olacaq

Ölkə ərazisində martın 12-də 23 dərəcə isti olacaq.  Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.  Bildirilib ki,  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-7° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 18-23° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq.

Pensiyalar bu tarixdə ödəniləcək!

Bölgələrimizdə yaşayan pensiyaçılar Novruz bayramı öncəsi təqaüdlərini tez ala biləcəklər. Belə ki, respublika üzrə pensiya ödənişi martın 18-nə nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan təqaüdçülərin müraciətinə cavabında deyib. Qeyd edək ki, Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişi martın 7-də qrafikdən əvvəl ödənilib.

Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

Neftçalada bir ailənin dörd üzvü dəm qazından zəhərlənib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Rəqsanə Əbülfət qızı Məmmədova və övladları - 2020-ci il təvəllüdlü Məmmədova Ü., 2021-cü il təvəllüdlü M. və F. hamamda çimərkən dəm qazından zəhərləniblər. Zərərçəkənlər Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

“Cərimənin miqdarını planlaşdırmaqla, faktiki olaraq, deyirik, mütləq bu qədər yığmalısan”

“Cərimənin miqdarını planlaşdırmaqla, faktiki olaraq, deyirik, mütləq bu qədər yığmalısan. Cərimə yığıla da bilər, yığılmaya da bilər. Ona görə də bunun özü başadüşülən addım deyil”. Bunu "Yeni Sabah"a sabiq deputat Vahid Əhmədov deyib. O bildirib ki, Azərbaycanda cərimələrin sayı həddən artıq çox və cərimə məbləğləri yüksəkdir: “Bəzi sahələr var ki, orada cərimə həqiqətən tətbiq olunmalıdır. Amma cəriməni niyə görə tətbiq edirlər? Qayda-qanunu pozursan, ona əməl etmirsən. Buna görə cərimə edirlər, cərimə edirlər ki, bir də həmin qanun-qaydaları pozmayasan". V. Əhmədov fikrinin davamında qeyd edib: "Amma sizinlə razıyam ki, Azərabaycanda cərimələr kifayət qədər çoxdur və məbləğləri də yüksəkdir. Elə bu yaxınlarda, 2025-ci ilin dövlət büdcəsi müzakirə olunanda bu məsələyə toxunuldu. Maliyyə naziri çıxışında dedi ki, cərimələrdən büdcəyə 840 milyon manat vəsasitin daxil olması nəzərdə tutulub.  Əvvəla, cərimələri planlaşdırmağın özü səhv addımdır. Bəlkə heç o qədər cərimə yığılmayacaq? Cərimənin miqdarını planlaşdırmaqla faktiki olaraq, deyirik, mütləq bu qədər yığmalısan. Cərimə yığıla da bilər, yığılmaya da bilər. Ona görə də bunun özü başadüşülən addım deyil”.  Eks-deputat vurğulayıb ki, cərimələrin strukturuna yenidən baxılmalıdır: “840 milyon manat xeyli yüksək məbləğdir! Bu cərimələrin müəyyən hissəsi həmin təşkilatlarda qalır və həmin təşkilatların əməkdaşlarının maaşlarına artım kimi istifadə olunur. Buna görə də, onlar maraqlıdır ki, cərimələr çox olsun. Mən hesab edirəm ki, Azərbaycanda cərimələr kifayət qədər yüksəkdir və çoxdur. Bunun təkmilləşdirilməsinə ehtiyac var. Belə bir təklifi o vaxt Milli Məclisdə vermişdim. Cərimələrin strukturunda müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var”.