Qazaxda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Qazaxda ikisi azyaşlı olmaqla 4 nəfər dəm qazından zəhərlənib. Sozcu.az "Unikal"a istinadla məlumata görə, hadisə rayonun N.Nərimanov yaşayış massivində qeydə alınıb. Belə ki, rayon sakinləri 1959-cu il təvəllüdlü S.Abbasova,1988-ci il təvəllüdlü A.Abbasova, 2016-cı il təvəllüdlü T.Abbasov və 2018-ci il təvəllüdlü F.Abbaslı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal zəhərlənən şəxslərə yardım edilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvləridir. Onların yaşadıqları evdə dəm qazından zəhərləndiyi bildirilir. Hadisə yerinə adiyyəti qurumaların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

“Venesiya”dakı zəhərlənmə ilə bağlı son məlumat: Məsuliyyət bu şəxslərin üzərinə düşür

Xəbər verdiyimiz kimi, dünən paytaxtda yerləşən “Venesiya” şadlıq sarayında 36 nəfər zəhərlənib. Onlar dəqiqləşdirilməmiş bakteriyal qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib. Toyda zəhərlənməyə görə məsuliyyət kimin üzərinə düşür? Sozcu.az xəbər verir ki, Globalinfo.az-a danışan vəkil Cavad Cavadovun sözlərinə görə, məsuliyyət toy sahibi ilə müqavilə bağlayan şəxsin üzərinə düşür: “Müqavilə yalnız rəsmi qaydada olmur, şifahi də ola bilər. Qanuna görə şadlıq sarayı sahibkarlıq fəaliyyətini həyata keçirən bir subyekt kimi toy sahibi ilə şifahi müqavilə bağlayır. Buna əsasən də göstərdikləri bütün xidmətə görə cavabdehlik daşıyırlar. Burada ilk növbədə şadlıq sarayını işlədən şəxslərin kimliyini müəyyən etmək lazımdır. Danışığın kiminlə aparıldığı məlum olmalıdır. Baş verən zəhərlənmə şadlıq sarayını işlədən şəxsin məsuliyyətidir”. Vəkil cəzanın yekun rəydən sonra məlum olacağını bildirib: “Bilirsiniz, kiminsə cəzalandırılması şəxslərin sağlamlığına vurulan zərərin nəticələrindən asılıdır. Ola bilər, zəhərlənmə satılan hansısa qida və ya spirtli içkidən baş versin. Hazırda ilkin əlamətlərlə cinayət məsuliyyətini müəyyən etmək çətindir. Bunların hamısı araşdırmanın nəticəsindən sonra bəlli olacaq. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ( AQTA) artıq araşdırmalara başlayıb. Araşdırmaların da nəticəsinə görə inzibati və ya cinayət məsuliyyəti məsələsi həll olunacaq”.

Mingəçevirdə güclü külək 15 ağacı kökündən qopardı

Mingəçevirdə son günlərin dəyişkən və kəskin hava şəraiti nəticəsində şəhərin müxtəlif ərazilərində ciddi fəsadlar qeydə alınıb. Güclü külək bir çox ağacı kökündən qopararaq yollara, obyektlərə və parklara aşırıb. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, şəhərin Yaşar Muradov, Füzuli, Ş.İ.Xətai və digər küçələrində qeydə alınan analoji hadisələr zamanı 15-dən çox iri gövdəli ağac yerindən qoparaq, müxtəlif istiqamətlərə aşıb. Hadisələr zamanı bəzi avtomobillərə və tikililərə də ziyan dəyib. Ən ciddi fəsadlardan biri 14 saylı uşaq bağçası və körpələr evinin ərazisində qeydə alınıb. İri gövdəli ağac bu təhsil müəssisəsinin hasarının üzərinə aşaraq, onu tamamilə dağıdıb. Hazırda aidiyyəti qurumlar tərəfindən ərazilərdə təmizləmə və bərpa işləri aparılır.

DİQQƏT! Azərbaycanda yeni fırıldaq növü yayıldı - DETALLAR

Azərbaycanda təmassız ödəniş texnologiyalarından (NFC) istifadə edilən bank kartları ilə bağlı yeni dələduzluq növləri qeydə alınıb. Bununla bağlı kibertəhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edirlər. Məlumata görə, "Apple Pay" və "Google Wallet" xidmətlərinin istifadəçiləri bu hücumlara qarşı xüsusilə həssasdırlar, çünki onların kartları saxta hesablara bağlanılır. Qeyd edilib ki, ssenari sadə, lakin effektivdir. Belə ki, cinayətkarlar saxta çatdırılma xidmətləri, bazarlar və ya dövlət xidmətləri vasitəsilə qurbanları aldadaraq onlardan bank kartı məlumatlarını əldə edir, sonra onları dərhal öz smartfonlarına bağlayır və kart sahibində şübhə yaratmadan mağazalarda alış-veriş etmək üçün istifadə edirlər. Bununla yanaşı, NFC siqnalını bir smartfondan digərinə ötürən "Ghost Tap" (Kabus toxunuşu) sxemini ayrıca qeyd etmək lazımdır. Beləliklə, fırıldaqçı fiziki olaraq bir ölkədə olsa belə, alış-verişi tamamilə fərqli bir ölkədə həyata keçirir. Ekspertlər vətəndaşların vəsaitlərini qorumaq üçün bir neçə məqama xüsusi diqqət yetirməli olduqlarını vurğulayırlar: Onlayn ödənişlər üçün virtual kartlardan istifadə edilməli, onların balansını yalnız lazım olduqda artırılmalıdır. Şübhəli proqramlara və vebsaytlara kart məlumatlarını daxil etməyin, xüsusən də sizdən PIN kodu daxil etməyiniz xahiş olunursa. Şübhəli proqramların tələbi ilə bank kartınızı smartfonunuza bağlamayın. Bankomata nağd pul daxil edərkən fiziki kartdan istifadə edin. Əməliyyat bildirişlərini (Push/SMS) aktiv etdiyinizə əmin olun. "Təhlükəsiz ödənişlər" funksiyasına malik antivirus qoruma həlli quraşdırın. Kibertəhlükəsizlik şirkətləri əlavə edirlər ki, dələduzlar artıq kartın özünü oğurlamağa və ya PIN kodu bilməyə ehtiyac duymurlar. Sizin vəsaitlərinizi idarə edə bilmək üçün minimal məlumatlar da kifayə edir. Bu cür gizlilik bu hücumları xüsusilə təhlükəli edir: "Biz regionda, o cümlədən Azərbaycanda belə sxemlərin fəallığının artdığını müşahidə edirik. Bu gün rastlaşdıqları ilk proqramlara və ya saytlara etibar etməyə öyrəşmiş istifadəçilər bu vəziyyətdə xüsusilə həssasdırlar. Riskləri gözardı etmək olmaz - bu gün maliyyənizi qorumaq rəqəmsal sayıqlıqdan başlayır. Sınaqdan çıxmış antivirus məhsullarından istifadə etməyi və bank kartı məlumatlarının ələ keçirilməsi cəhdlərinə qarşı diqqətli olmağı tövsiyə edirik". (APA)

Üç övladının gözü qarşısında ərini öldürən Aysu azadlıqda!

Gəncə məhkəməsi Bərdə rayonunda baş verən ailə faciəsi ilə bağlı qərar verib. Sozcu.az Modern.az-a istinadən xəbər verir ki, hadisə 2023-cü ildə gecə saatlarında üç azyaşlı uşağın gözü qarşısında baş verib. Məhkəmə sənədlərinə əsasən, Aysu Çərkəzli həyat yoldaşı Nurlan Çərkəzlini qəsdən öldürsə də, bu əməli anlaqsız vəziyyətdə törətdiyi müəyyən olunub və o, cinayət məsuliyyətindən azad edilib. İstintaq və məhkəmə sənədlərinə əsasən, Aysu Çərkəzli uzun müddət ailədaxili zorakılığa məruz qalıb. Hadisə baş verən gecə isə Nurlan Çərkəzli spirtli içki qəbul etdikdən sonra evə qayıdaraq həyat yoldaşını hədələyib: "Səni öldürəcəyəm, get, mətbəxdən bıçağı gətir". Daha sonra evdə olan pnevmatik silahı güllə ilə dolduraraq Aysuya qarşı təzyiqləri davam etdirib. Aysu həmin anda psixi gərginlik və qorxu içində mətbəxdən bıçaq gətirib və nəticədə həyat yoldaşına ölümcül zərbələr endirib. Aysu Çərkəzlinin məhkəmədə bildirdiyinə görə, hadisə günü baş verənlər və Nurlanın davranışları onda "kəskin stres" və "patoloji affekt" yaradıb. Tibbi ekspertizanın rəyinə əsasən, Aysu "orta dərəcəli depressiv pozuntu" diaqnozu ilə həmin an anlaqsız vəziyyətdə olub. Bu səbəbdən o, törətdiyi əməli dərk və idarəetmə qabiliyyətini itirmiş hesab olunub. Hadisə şahidi olan üç azyaşlı uşağın məhkəmədə verdiyi ifadələr də ailədə davam edən zorakılığın və gərginliyin izlərini təsdiqləyir. Uşaqlardan biri atasının anasına qarşı fiziki və psixoloji təzyiqlər göstərdiyini, bıçaqla vurulan anın şahidi olduğunu bildirib. Digərləri isə hadisə zamanı qorxudan yuxuya getdiklərini, səhər valideynlərini qan içində gördüklərini deyiblər. Məhkəmə Aysu Çərkəzlinin əməli törədərkən psixi vəziyyətinin sabit olmadığını sübuta yetirərək onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edib. Qərara əsasən, Aysu Çərkəzli barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi tibbi müalicə tədbiri tətbiq olunacaq. Onun müalicəsi Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında həyata keçiriləcək.

Şəhid Mübariz Hüseynov Suraxanıda dəfn olundu

Birinci Qarabağ müharibəsinin itkin düşən şəhidi Mübariz Sabəddin oğlu Hüseynovun nəşi paytaxtın Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb. Sozcu.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb. İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim edilib. Qeyd edək ki, 1970-cı il mayın 30-da Ermənistanın Loru nahiyəsinin Qızıl-Şəfəq kəndində dünyaya gələn Mübariz Hüseynov 1993-cü il oktyabrın 23-də Cəbrayıl şəhəri uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdü.

Zabitimiz vəfat etdi

Azərbaycan Ordusunun zabiti Türkiyədə vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Müdafiə Nazirliyi Quru Qoşunlarının mayoru Əli Məhərrəmovun onkoloji xəstəlikdən Türkiyədəki xəstəxanada vəfat etdiyi bildirilib. Allah rəhmət eləsin.

Çaylar aşıb-daşır, məcradan çıxır

Çaylarda yüksək sululuq davam edir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 156 sm, Əyriçayda 14 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 15 sm, Əsrikçayda 7 sm, Kürəkçayda 5 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Oxçuçayda 14 sm, Zabuxçay və Quruçayda 12 sm, Köndələnçayda 5 sm, Tutqunçay və Həkəriçayda 4 sm, Lənkəran-Astara bölgəsindən axan Təngərüdçayda 10 sm artım qeydə alınıb.

Sel Ağsuda avtomobil yolunu yararsız hala saldı - Foto

Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları rayonun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sozcu.az -a bildirilib ki, hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis, digər aidiyyəti qurumların əməkdaşları və texnika cəlb olunub. Yolun açılması istiqamətində işlər görülür.

Bloggerdən etiraz: "Cərimə yazmaqdansa yolun altına kanalizasiya xətti çəkərdiniz"- FOTO

Tanınmış blogger Şəfəq bu gün paytaxta yağan gur yağışlara görə yolların bağlanmasından narazılığını bildirib. Sozcu.az xəbər verir ki, o "instagram" hesabında yol infrastrukturuna cavabdeh qurumlara müraciət edib: "Camaata cərimə yükləmək üçün yolun üstünə Azparking, avtobus, velosiped xətti çəkməzdən öncə, yolun altına normal kanalizasiya xətti çəkərdiniz"

Havaya görə sabah dərslər ləğv olunacaq? - RƏSMİ AÇIQLAMA

Ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir. Sozcu.az xəbər verir ki, bu barədə Milli.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir. Qeyd edək ki, sosial şəbəkələrdə hava şəraiti ilə əlaqədar dərslərin olmayacağı ilə bağlı xəbərlər yayılmışdı. MÜTDA isə bunu inkar edərək, əhalini belə dezinformasiyalara inanmamağa çağırıb. Xatırladaq ki, bu gecədən başlayaq ölkədə leysan xarakterli yağışlar yağacaq.

Uşaqlar evdən niyə qaçır? - “Onun üçün artıq sığınacaq deyil, boğucu divarlardır”

Yeniyetmələrin itkin düşməsi və ya evdən qaçması hallarına dair xəbər lentlərində hər həftə məlumatlar görünür. Bir çoxları bu davranışın səbəbini valideynlərin münasibətlərində, ailədaxili konfliktlərdə axtarır. Digərləri mobil telefon, onlayn oyun  və filmlərin uşaqların psixologiyasına təsirini ön plana çəkir. Psixoloq Zeynəb Əyyubova “Yeni Sabah”a açıqlamısında bunu sadəcə bir sosial hadisə deyil, həm də ailə və psixoloji sistemdəki dərin çatların göstəricisi sayır. "Uşaqlar nə zaman evdən qaçır? Bu heç vaxt bircə səbəbdən qaynaqlanan hadisə olmur. Oxşar davranışlar çox zaman uzun müddət yığılan emosional boşluğun, anlaşılmamağın və bəzən də zorakılığın nəticəsidir. Uşaq evdə özünü eşidilməmiş, dəyərsiz, sıxılmış və ya təhlükədə hiss etdikdə, təbii ki, həmin mühiti tərk etməyə çalışır. Onun üçün ev artıq sığınacaq deyil, boğucu divarlardır. Əlbəttə, əsas səbəblərdən biri ailədaxili münasibətlərdir. Valideyn-uşaq arasında yaxın emosional bağın olmaması, uşağın fikirlərinə, hisslərinə hörmət edilməməsi, tənqid və təzyiqlərin çoxluğu uşağı evdən uzaqlaşdırır. Bəzən valideynlər uşağı sözəbaxan etmək üçün sərt metodlara üstünlük verirlər. Halbuki uşaqların duyğularını, ehtiyaclarını anlamaq və onları bir fərd kimi qəbul etmək vacibdir”. Z.Əyyubova qeyd edib ki, bu günün uşaqları virtual aləmdə özlərinə yeni “dünyalar” qururlar: “Onlayn oyunlar, sosial şəbəkələr və izlədikləri filmlər onlara başqa həyat tərzlərinin, sərbəstliyin, sərgüzəştlərin mümkün olduğunu göstərir. Reallıqda tapa bilmədiklərini bu platformalarda gördükdə, o dünyaya daha çox bağlanırlar. Bu da onları evdəki reallıqdan uzaqlaşdırır. Amma bütün günahı texnologiyaya atmaq ədalətli deyil. Uşağın nə üçün virtual aləmə meyil göstərdiyini anlamadan bu problem həll olunmaz. Uşaq texnologiyaya qaçırsa, deməli real həyatda onun qaça biləcəyi bir narahatlıq var. Oyunlar və sosial media sadəcə vasitədir. Əsas səbəb yenə də emosional ehtiyacların ödənilməməsidir. Nəticə olaraq, uşaqlar evdən qaçmır. Onlar sadəcə sığınacaq, anlaşılmaq, azad nəfəs almaq üçün özünə yer axtarır. Valideynlər öz uşaqları ilə güclü və açıq münasibət qurmağı, onları dinləməyi, sevgi və şəfqətlə yanaşmağı öyrənməlidirlər. Uşağa sərbəstlik vermək, amma bu sərbəstliyi məsuliyyətlə müşayiət etmək çox önəmlidir. Yeniyetmənin ən çox ehtiyac duyduğu şey anlayış, dəstək və qəbul edilməkdir. Bunlar yoxdursa, uşaq harada olursa-olsun, orada qalmaq istəməyəcək. Təhlükəsizlik hissi ailədən başlamalıdır. Əgər evdə yoxdursa, uşaq onu başqa yerdə axtaracaq”.