Azərbaycanda əhalinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 20 min 654 nəfər və ya 0,2 faiz artaraq 2025-ci il avqust ayının 1-i vəziyyətinə 10 milyon 245 min 543 nəfərə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb. Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Azərbaycana qış qəfil gəldi – Bölgələrdə vəziyyət kritikləşir

Sentyabrın 12-si saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı və küləkli hava şəraiti davam edir. Yağıntılar bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, dolu düşüb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yüksək dağlıq ərazilərə - Şahdağ, Laçın və Kəlbəcərdə isə qar yağıb.  Düşən yağıntının miqdarı Qusarda 71, Qubada 63, Sarıbaşda (Qax) 49, Qəbələdə 40, Kürdəmirdə 30, Gədəbəydə 28, Zərdabda 25, Ağdam və Oğuzda 23, Xınalıqda 20, Şəkidə 19, İsmayıllıda 18, Naxçıvanda 16, Bərdə və Yevlaxda 15, Şabran, Beyləqan və Tərtərdə 14, Naftalan və Şahbuzda 13, Daşkəsəndə 12, Xaltan, Şamaxı və Göygöldə 11, Ağsu, Zaqatala, Altıağac, Göyçay, Mingəçevir, Balakən, Şərur, Gəncə, İmişli, Qobustan, Culfa, Tovuz, Şəmkir, Sabirabad, Goranboy, Sədərək, Qrız, Ordubad, Lerik, İsmayıllı, Ceyrançöl, Cəlilabad, Biləsuvar, Qubadlı, Şuşa, Xocalı, Füzulidə 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək qeydə alınıb. Yağan intensiv leysan yağışlar nəticəsində Zaqatala rayonu ərazisindən keçən Talaçaydan sel keçir. Sentyabrın 11-də Gədəbəy rayonunun Söyüdlü kəndinə diametri 4-6 mm olan dolu düşüb. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 28, Naftalan və Neftçalada 20, Culfada 19, Sabirabadda 17, Şamaxı və Yevlaxda 16 m/s-dək güclənir.

Naxçıvanda güclü külək bədbəxt hadisəyə səbəb oldu

Naxçıvan şəhərində güclü külək nəticəsində bədbəxt hadisə baş verib. Sozcu.az xəbər verir ki, hadisə şəhərin Tağıyev küçəsi, ev 10 ünvanında qeydə alınıb. Belə ki, əsən güclü külək zamanı dam örtüyündən qopan şifer parçası 1957-ci il təvəllüdlü Abbasova Zenfira Cəlil qızının başına düşüb. Xəsarət alan 68 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir.

Dənizdə dalğanın hündürlüyü 3 metrdir

Sentyabrın 11-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Qusarda 14, Şabran və Qubada 3, Zaqatala, Qrız, Astara, Daşkəsən və Gədəbəydə 1 mm-dək qeydə alınır. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 26, Neftçalada 20, Culfada 17, Şabran və Naftalanda 16, Şahbuzda 15 m/san-dək güclənir. Dənizdə dalğanın hündürlüyü 3 metrdir.

"Formula 1"ə görə dərslər onlayn KEÇİRİLƏCƏK - Nazir

"Formula 1" Azərbaycan Qran-Prisi günlərində bəzi məktəblərdə dərslər onlayn olacaq. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 11-də media üçün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, bununla bağlı məktəblərlə danışıqlar aparılır, siyahı açıqlanacaq.

Qarabağ qazisi Ukraynada vəfat etdi

Birinci Qarabağ müharibəsi qazisi Ukraynanın Donetsk şəhərində vəfat edib. Sozcu.az xəbər verir ki, Sahib Şəmistan oğlu İsmayılov ürək çatışmazlığından dünyasını dəyişib. Onun nəşi Azərbaycana gətirilərək doğulduğu Tovuz rayonunun Yuxarı Mülkülü kəndində dəfn edilib. Qeyd edək ki, Sahib İsmayılov Tovuzun əfsanəvi "Bozqurd" dəstəsinin döyüşçülərindən olub və "Dılım" ləqəbi ilə tanınıb.

Temperatur 10 dərəcə enəcək, sulu qar yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Sentyabrın 10-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq bölgələrdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.   Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.   Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.  Ölkə ərazisində sentyabrın 15-dək havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Sabahın havası açıqlandı

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitnini dəyişkən buludlu olacağı, gündüz havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Sozcu.az xəbər verir ki, havanın temperaturu gecə 20-24° isti, gündüz 27-30° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacaq.

Ətin qiyməti 30 manata çata bilər: Nə baş verir?

"Azərbaycanda dana ətinin qiymətlərində müşahidə olunan artım sadəcə bazar oyunlarının nəticəsi deyil. Əsas problem torpaq sahəsi, onun idarəçiliyi və əhali amillərində gizlənir". Sozcu.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov sosial media hesabında paylaşıb. O qeyd edib ki, qiymətlərin yüksəlməsinin əsas səbəbi torpaq resurslarının idarəçiliyi, əhali artımı və yem bazasının zəifləməsi ilə bağlıdır.   “Rəsmi statistika göstərir ki, kənd təsərrüfatına yararlı torpaq sahəsi 20 il əvvəl 4 milyon 758 min hektar idi, bu gün isə cəmi 4 milyon 774 min hektardır. Yəni ümumi rəqəm demək olar dəyişməyib. Amma eyni dövrdə əhalimiz 8,5 milyondan artaraq 10,2 milyonu keçib. Nəticədə adam başına düşən yararlı torpaq 0,56 hektardan 0,47 hektara enib. Bu isə çox ciddi fərqdir. Əhali artır, yararlı torpaq sahəsi isə artmır. Əvəzində bu 20 ildə əkin yerləri 237 min hektar artıb. Dincə qoyulmuş torpaqlar 14 min hektar artıb. Çoxillik əkmələr 53 min hektar artıb. Hətta meşə örtüyü də 5 min hektar artıb”.  "Amma məsələ ondadır ki, problem hələ də qalır", - deyən E.Əmirov söyləyib ki, problemin həlli üçün daha ciddi addımlar atmaq lazımdır:   “Torpaq idarəçiliyi islahatına ehtiyac var. Torpaq bölgüsü və istifadəsində şəffaflıq artırılmalı, istifadəsiz qalan torpaqlar mütləq kənd təsərrüfatına cəlb olunmalıdır. Ən vacib məsələlərdən biri isə böyük həcmli süni yem istehsalına keçiddir. Dünyanın aparıcı ölkələrində intensiv heyvandarlığın əsası süni yem istehsalıdır. Eyni zamanda kiçik fərdi təsərrüfatlar resurs çatışmazlığı yaşayır. Kooperasiya və iri təsərrüfatlar həm yem istehsalını, həm də heyvandarlığı daha səmərəli edə bilər. Su resurslarından ədalətli istifadə isə problemin digər ağrılı tərəfidir. Nə qədər ki su resurslarının bölgüsündə bu problem qalacaq, o qədər kənd təsərrüfatının əksər sahələri əziyyət çəkəcəkdir”. E.Əmirov bildirib ki, ət qiymətini 17 manata qaldıran “17” səbəbdən sadəcə bir neçəsinə toxundu. O qeyd edib ki, qısa müddətdə 20 faizədək artan ət qiymətləri bir gün 30 manata da çata bilər: "Çünki, səbəblər təkcə iqtisadi qanunlarla bağlı olmadığından “ətin gələcək taleyini” proqnoz etmək mümkün deyil. Əslində, qlobal inflyasiya, artan əhali sayı və məhdud torpaq resursları bu artımı şərtləndirən obyektiv səbəblərdir. Lakin bunun da üzərinə subyektiv səbəbləri gəldikdə risklər böyüyür. Buna görə də bu prosesin qarşısını almaq mümkün deyil. Onsuz da obyektiv səbəblər qiymətin qalxmasını məcburi hala gətirəcək. Sadəcə ciddi tədbirlərlə subyektiv faktorları aradan qaldırmaqla bu artımın sürətini azaltmaq mümkündür”.

Kürdəmirdə 36 yaşlı kişini cərəyan vuraraq öldürdü

Kürdəmirdə 36 yaşlı kişini cərəyan vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb. Belə ki, rayonun Xırdapay kənd sakini, 1989-cu il təvəllüdlü Bağırov Məhəbbət Ağamurad oğlu elektrik xəttində iş görərkən onu cərəyan vurub.  Ağır bədən xəsarəti alan sakin elə hadisə yerində dünyasını dəyişib. Onun meyiti aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.report)

Biləcəridəki qəza ilə bağlı TƏBİB-dən açıqlama

Bu gün saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Bu barədə Sozcu.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Son məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın) tibb müəssisəsinə hospitalizasiya olunub. Bir kişinin hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.

Güclü leysan Daşkəsəndə fəsadlar törətdi

Gün ərzində Daşkəsənə yağan leysan nəticəsində rayonun Alaxançallı kəndinə sel gəlib. Sozcu.az xəbər verir ki, sel ucqar kənddə bir sıra fəsadlar törədib. Eyni zamanda yağıntılı hava şəraiti səbəbindən digər kəndlərdə də problemlər yaradıb. Qeyd edək ki, hazırda qərb bölgəsinin dağlıq rayonlarında da yağıntılı hava şəraiti müşahidə olunur.