Bloggerdən etiraz: "Cərimə yazmaqdansa yolun altına kanalizasiya xətti çəkərdiniz"- FOTO

Tanınmış blogger Şəfəq bu gün paytaxta yağan gur yağışlara görə yolların bağlanmasından narazılığını bildirib. Sozcu.az xəbər verir ki, o "instagram" hesabında yol infrastrukturuna cavabdeh qurumlara müraciət edib: "Camaata cərimə yükləmək üçün yolun üstünə Azparking, avtobus, velosiped xətti çəkməzdən öncə, yolun altına normal kanalizasiya xətti çəkərdiniz"

Havaya görə sabah dərslər ləğv olunacaq? - RƏSMİ AÇIQLAMA

Ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyətində mənfi dinamika müşahidə edilmir. Sozcu.az xəbər verir ki, bu barədə Milli.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir. Qeyd edək ki, sosial şəbəkələrdə hava şəraiti ilə əlaqədar dərslərin olmayacağı ilə bağlı xəbərlər yayılmışdı. MÜTDA isə bunu inkar edərək, əhalini belə dezinformasiyalara inanmamağa çağırıb. Xatırladaq ki, bu gecədən başlayaq ölkədə leysan xarakterli yağışlar yağacaq.

Uşaqlar evdən niyə qaçır? - “Onun üçün artıq sığınacaq deyil, boğucu divarlardır”

Yeniyetmələrin itkin düşməsi və ya evdən qaçması hallarına dair xəbər lentlərində hər həftə məlumatlar görünür. Bir çoxları bu davranışın səbəbini valideynlərin münasibətlərində, ailədaxili konfliktlərdə axtarır. Digərləri mobil telefon, onlayn oyun  və filmlərin uşaqların psixologiyasına təsirini ön plana çəkir. Psixoloq Zeynəb Əyyubova “Yeni Sabah”a açıqlamısında bunu sadəcə bir sosial hadisə deyil, həm də ailə və psixoloji sistemdəki dərin çatların göstəricisi sayır. "Uşaqlar nə zaman evdən qaçır? Bu heç vaxt bircə səbəbdən qaynaqlanan hadisə olmur. Oxşar davranışlar çox zaman uzun müddət yığılan emosional boşluğun, anlaşılmamağın və bəzən də zorakılığın nəticəsidir. Uşaq evdə özünü eşidilməmiş, dəyərsiz, sıxılmış və ya təhlükədə hiss etdikdə, təbii ki, həmin mühiti tərk etməyə çalışır. Onun üçün ev artıq sığınacaq deyil, boğucu divarlardır. Əlbəttə, əsas səbəblərdən biri ailədaxili münasibətlərdir. Valideyn-uşaq arasında yaxın emosional bağın olmaması, uşağın fikirlərinə, hisslərinə hörmət edilməməsi, tənqid və təzyiqlərin çoxluğu uşağı evdən uzaqlaşdırır. Bəzən valideynlər uşağı sözəbaxan etmək üçün sərt metodlara üstünlük verirlər. Halbuki uşaqların duyğularını, ehtiyaclarını anlamaq və onları bir fərd kimi qəbul etmək vacibdir”. Z.Əyyubova qeyd edib ki, bu günün uşaqları virtual aləmdə özlərinə yeni “dünyalar” qururlar: “Onlayn oyunlar, sosial şəbəkələr və izlədikləri filmlər onlara başqa həyat tərzlərinin, sərbəstliyin, sərgüzəştlərin mümkün olduğunu göstərir. Reallıqda tapa bilmədiklərini bu platformalarda gördükdə, o dünyaya daha çox bağlanırlar. Bu da onları evdəki reallıqdan uzaqlaşdırır. Amma bütün günahı texnologiyaya atmaq ədalətli deyil. Uşağın nə üçün virtual aləmə meyil göstərdiyini anlamadan bu problem həll olunmaz. Uşaq texnologiyaya qaçırsa, deməli real həyatda onun qaça biləcəyi bir narahatlıq var. Oyunlar və sosial media sadəcə vasitədir. Əsas səbəb yenə də emosional ehtiyacların ödənilməməsidir. Nəticə olaraq, uşaqlar evdən qaçmır. Onlar sadəcə sığınacaq, anlaşılmaq, azad nəfəs almaq üçün özünə yer axtarır. Valideynlər öz uşaqları ilə güclü və açıq münasibət qurmağı, onları dinləməyi, sevgi və şəfqətlə yanaşmağı öyrənməlidirlər. Uşağa sərbəstlik vermək, amma bu sərbəstliyi məsuliyyətlə müşayiət etmək çox önəmlidir. Yeniyetmənin ən çox ehtiyac duyduğu şey anlayış, dəstək və qəbul edilməkdir. Bunlar yoxdursa, uşaq harada olursa-olsun, orada qalmaq istəməyəcək. Təhlükəsizlik hissi ailədən başlamalıdır. Əgər evdə yoxdursa, uşaq onu başqa yerdə axtaracaq”.

Küləkli havaya dair sarı və narıncı XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək. Sozcu.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq yayıb. Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Şamaxı, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Goranboy, Samux, Mingəçevir, Neftçala, Salyan, Biləsuvar, Hacıqabul, Lerik və Yardımlıda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bakıda və Abşeron yarımadasında, Qobustan, Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusarda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Nazirlikdən qeyri-sabit hava ilə bağlı müraciət

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli güclü olacağı, dağ çaylarından sel və daşqın keçəcəyi, şimşək çaxacağı, bir sıra ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciətində bildirilib. “Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Həmçinin, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar. Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”, - müraciətdə qeyd olunub.

Xəbərdarlıq: Bu tarixədək leysan yağacaq

Azərbaycanın bəzi rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq yağıntıların intensivləşəcəyi, 15 və 16-da daha da kəskinləşəcəyi, yağışın leysan xarakterli güclü olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Xəbərdarlığa əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, intensiv yağış nəticəsində dağ çaylarından sel və daşqın keçəcəyi ehtimalı var. Aprelin 15-16-da qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacaq, 15-16-da arabir leysan xarakterli intensiv olacaq. Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-si gündüzədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 17-dək davam edəcək.

Şuşa, Xankəndi və Xocalıda buraxılış imtahanı keçirildi

Bu gün Şuşa, Xankəndi və Xocalıda ilk dəfə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, işğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 3 binada təşkil olunub. Xankəndi, Şuşa və Xocalı rayonlarındakı imtahanlarda Xankəndi şəhəri 4 N-li tam orta məktəbində 49 şagird, Xocalı şəhəri 1 N-li tam orta məktəbində 6 şagird, Şuşa şəhəri 1 N-li tam orta məktəbində isə 14 şagird buraxılış imtahanında iştirak edib. İmtahanın idarə olunmasına 3 bina nümayəndəsi, 3 imtahan rəhbəri və 4 zal nəzarətçisi cəlb olunub. İşğaldan azad olunmuş rayonlardakı imtahanlardaümumilikdə 69 nəfər şagirdin iştirakı nəzərdə tutulub. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Aprelin 14-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalı aparılacaq.

Azərbaycanda gün ərzində ikinci zəlzələ oldu

Pirqulu stansiyasından 23 km şimal-qərbdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosundan bildirilib. Məlumata əsasən, zəlzələ 3,2 maqnitudada qeydə alınıb, təkanların ocağı 3 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Qubada torpaq sürüşməsi: kəndin əsas yolu bağlandı

Quba rayonunun Güləzi kəndində torpaq sürüşməsi baş verib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə zamanı kəndin əsas giriş-çıxış yolu bağlanıb. Əraziyə texnikalar cəlb olunub, yolda hərəkət bərpa olunub. Yerli sakinlər bildirib ki, ərazidə hazırda da sürüşmə aktivliyi qalmaqdadır. Qeyd edək ki, uzun illərdir Güləzi kəndində torpaq sürüşməsi müşahidə olunur. Ən güclü torpaq sürüsməsi 2010-cu ilin aprel ayında baş verib. Nəticədə 30-a yaxın fərdi ev zədələnib. Sakinlər üçün Yeni Güləzi kəndində yeni fərdi evlər inşa edilərək, ora köçürülüblər. Lakin əhalinin bir qismi hələ də Güləzi kəndində yaşamaqdadır.

Bakıda leysan olacaq - XƏBƏRDARLIQ

Aprelin 13-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında, 14-ü axşam isə şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, 15-dən isə hava şəraitinin daha da kəskinləşəcəyi, yağıntıların intensiv və güclü olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var. Böyük və Kiçik Qafqazın, Naxçıvan MR-nın və Lənkəran-Astara zonasının ərazisindən axan bəzi çaylarda daşqın və sel riski daha yüksəkdir. Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacağı, bəzi ərazilərdə leysan xarakterli olacağı gözlənilir. 16-da isə yağıntıların daha intensiv olacağı ehtimalı var.

“Bilmirsən, sabah işin olacaq, ya olmayacaq, maaş ala biləcəksən, ya bilməyəcəksən”

“Çox güman ki, birinci rübün nəticəsinə görə, artıq defisitlə üzləşə bilərik. Çünki neftin istehsalı və ixracı azalır”. Bu sözləri “Yeni Sabah”a neft və qaz məsələləri üzrə ekspert İlham Şaban deyib. O qeyd edib ki, neft qiymətlərinin aqibəti dünyada baş verəcək hadisələrdən asılı olaraq formalaşacaq: “Hədd deyərkən 2 məsələyə nəzər yetirməliyik: ticarət dövriyyəsi və büdcə gəliri. Ticarət dövriyyəsində artıq yanvarda müsbət saldo 25 milyon dolları bir qədər keçmişdi. Çox güman ki, birinci rübün nəticəsinə görə, artıq defisitlə üzləşə bilərik. Çünki neftin istehsalı və ixracı azalır. O ki qaldı neft gəlirlərinə, aprelin 2-dən sonra neftin qiyməti enmə nümayiş etdirir. Artıq 6 gündür ki, 1 barrel neft 70 dollardan aşağıdır. Bu, ümumən çox cüzi bir zaman kəsiyidir. Hələlik ciddi fikir yürütməyə və təşfişə əsas yoxdur. ÜStəlik, hələ hökumət birinci rübü necə başa vurduğunu açıqlamayıb. Cari ilin büdcəsi müzakirə olunarkən, Maliyyə Nazirliyi açıqlamışdı ki, neqatif 60, normal 65, pozitiv ssenari isə 70 dollardır. Büdcə məhz pozitiv göstəricilər əsasında tərtib edilmişdi. “Brend” markalı neftə əsaslansaq, qiymət birinci rübdə 75 dollardan bir qədər artıq idi. İkinci rübdə və ilin ikinci yarısında dünyada baş verə biləcək hadisələrdən çox şey asılıdır”.  Ekspert diqqətə çatdırıb ki, hazırda aktual olan “ticarət müharibələri” bazardakı vəziyyəti mürəkkəbləşdirir: “Heç kim “ticarət müharibələri”nin bu dərəcəyə çatacağını proqnozlaşdırmırdı. Bunun ciddi fəsadları olacaq. Həmin fəsadlar ən az 6 ay sonra tam üzə çıxacaq. Çox mürəkkəb bir dövrdə yaşayırıq. Proqnoz edilən və edilməyən hər bir ssenariyə hazır olmaq lazımdır. İstər hökumət, istərsə də vətəndaşlar özlərinin xərclərində, ailə büdcəsinin formalaşdırılmasında hər bir şeyi nəzərə almalıdırlar ki, onun neqativ təsirlərini yumşaltmaq mümkün olsun. Yoxsa bu cür şəraitdə bankların, yaxud digər qurumların boş vədlərinə inanıb kreditləşməni artırmaq, borclanmaq düzgün deyil. Bilmirsən, sabah işin olacaq, ya olmayacaq,  istədiyin maaşı ala biləcəksən, ya bilməyəcəksən”.

Azərbaycanda “Son zəng”lə bağlı qadağa olacaq? - RƏSMİ AÇIQLAMA

Azərbaycanın ümumi təhsil müəssisələrinə 2024-2025-ci tədris ilinin "Son zəng" tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimat göndərilməsi təkzib olunub. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir. "Agentlik tərəfindən yerli təhsilin idarəetmə bölmələrinə, yəni regional təhsil idarələrinə "Son zəng"lə bağlı hər hansı təlimat göndərilməyib", - deyə məlumatda bildirilir.