2024-cü il yanvarın 1-dən Azərbaycan Müdafiə Nazirliyinin, daxili qoşunların, sərhəd xidmətinin, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə maaşları 20 faiz artırılır. Bununla bağlı noyabrın 7-də prezident İlham Əliyev fərman imzalayıb. Həmin tarixdə başqa fərmanla Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq xidmət çəkən hərbi qulluqçularının isə maaşları 2.1 dəfə artırılıb. Amma Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsinə dair rəyindən belə çıxır ki, müharibə veteranlarının müavinətləri artmayacaq. Hazırda müavinətin məbləği 80 manat təşkil edir. Bu ilin əvvəlində ölkədə bir sıra sahələr üzrə müavinətlər artsa da, onda veteranlar diqqətdən kənarda qalmışdı. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev Turan-a bildirib ki, gələn il büdcəsinin əsas istiqamətləri məhz təhlükəsizlik, Qarabağ və sosial məsələlərdir: "Ona görə də orduda məvaciblərin artması çox müsbət bir hal kimi dəyərləndirilməlidir. Kifayət edib-etmir məsələsi isə bir az nisbidir. Bəzi adamlar var ki, 1 milyon versən də, deyəcək azdır". Komitə üzvünün fikrincə, artımlar davam edəcək: "2024-cü ilin büdcəsində də müəyyən artımlar nəzərdə tutulub". Veteranlara verilən müavinətə gəlincə, Nağıyev qeyd edib ki, həmin 80 manat, əsasən, veteranların kommunal xərcləri üçün nəzərdə tutulub: "Milli Məclisin komitə iclasında da belə bir təklif olundu ki, kommunal xərclər artdıqca, bu 80 manat da indeksasiya edilsin". Rəsmi qurumlar bildirirlər ki, həmin 80 manat müavinət olduğundan onların hərbi qulluqçuların maaşlarının artırılması ilə bağlı gündəmə gətirilməsi düzgün deyil. Hərbi ekspert, ehtiyatda olan zabit Üzeyir Cəfərov isə AzadlıqRadiosuna bildirib ki, maaşlarda son artım da yetərincə deyil: "Çünki bizim hərbi qulluqçularımızın xeyli hissəsi bu gün də kreditə girmiş şəxslərdir və bundan xeyli əziyyət çəkirlər". Ekspertin təxmininə görə, artım 20-40 faiz arası gözlənilirdi, amma 20 faiz artırıldı: "Görək bunu da bir neçə il əvvəlki kimi etməyəcəklər ki? Yəni, artım hərbçilərin bütöv aldıqları maaşa, yoxsa vəzifə maaşına tətbiq olunacaq? (fərmanlarda söhbət vəzifə maaşından gedir) Hər halda bu, orduya bir diqqət, qayğıdır, amma daha çox olsa, yaxşı olar". Ü.Cəfərov deyir ki, ehtiyatda və istefada olan hərbçilərə bu artımlar şamil olunmayacaq: "Ona görə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özbaşına "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunu dəyişdirdi, biz olduq mülki şəxslər və əmək pensiyası alırıq". Onun sözlərinə görə, veteranların aldığı 80 manat müavinətin məbləğinin gələn il artması gözlənilir: "Hər halda təklif verilib, nə qərar veriləcək - yaxın günlərdə biləcəyik".
Lokal antiterror tədbirlərindən sonra Azərbaycan Ordusunun nəzarətinə keçən ərazilərə qeyri-qanuni şəkildə keçərək orada erməni sakinlərdən qalmış atları Goranboya gətirən şəxslər həbs ediliblər. Xocalı şəhər sakini olan və Mingəçevirdə yaşayan 1972-ci il təvəllüdlü Oqtay Hüseynov və qardaşı oğlu, Xocalıda qeydiyyatda olan, Goranboyun Börü qəsəbəsində yaşayan 1992-ci il təvəllüdlü Şahin Hüseynov məsuliyyətə cəlb ediliblər. Belə ki, həmin şəxslərin bir neçə gün əvvəl müvafiq qaydada icazə olmadan Kəlbəcər rayonuna, minalanmış əraziyə daxil olması və sahibsiz qalan atları Goranboy ərazisinə gətirmələri məlum olub. Hər iki şəxsin Gülüstan kəndi istiqamətindən Kəlbəcər rayonu - Sərsəng su anbarı istiqamətinə getmələri və oradakı heyvanları Börü kəndinə gətirmələri müəyyənləşib. Polis əməkdaşları Börüyə gedərək həyətə baxış keçirərkən həmin şəxslər müqavimət göstəriblər və atları necə əldə etmələrini gizlətməyə çalışıblar. Bundan sonra əmi və qardaşı oğlu saxlanılıb və barələrində inzibati protokol tərtib edilib. Goranboy Rayon Məhkəməsinin qərarı ilə onların hər birinə səkkiz sutka inzibati həbs cəzası verilib. /“Qafqazinfo/
Şuşada 5 nəfərin ölümü ilə nəticələnən qəza baş verib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Daşaltı kəndində qeydə alınıb. Sürücü Elvin Abbasov idarə etdiyi "Nissan Navara" markalı avtomobil ilə hərəkətdə olan zaman idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və avtomobildə yanğın baş verib. Nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov, Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü isə ağır yanıq xəsarətləri ilə Füzuli rayon mərkəzi xəstəxanasına yerləşdirilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, baṣ vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şuşa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Hazırda istintaq davam etdirilir. Qeyd edək ki qəzaya düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən yol tikinti şirkətlərinin birinin əməkdaşlarıdır.
Bakıda intihar edən ana və qızının kimliyi müəyyən olunub. Hadisə zamanı ölən ana 39 yaşlı Tarverdiyeva Pərvanə Bilal qızıdır. Müxtəlif dərəcəli bədən xəsarətləri alaraq sağ qalan isə onun qızı 15 yaşlı Z.Tarverdiyeva Zamin qızıdır. İntiharın hansı səbəbdən baş verməsi hələlik bilinmir. (Oxu.az) *** Bakıda dəhşətli intihar hadisəsi baş verib. Hadisə bu gün paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb. Ana azyaşlı qızı ilə birgə özünü 9-cu mərtəbədən atıb. Nəticədə ana ölüb, qız isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisənin motivi məlum deyil. Faktla bağlı araşdırma aparılır. (lent.az)
Azərbaycanda qaz limitinin ləğv olunması təklif olunub. Sozcu.az xəbər verir ki, bu təkliflə Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Tahir Kərimli çıxış edib. "Kifayət qədər qazımız var və buna gücümüz çatar. Ona görə də qaz limitinin ləğv olunmasını təklif edirəm", - deyə deputat bildirib.
2024-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum miqdarı 235 manata olacaq. Sozcu.az xəbər verir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu” haqqında Qanununa əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib. Qeyd edək ki, 2023-cü il üçün alimentin minimum məbləği 220 manat olub.
Oktyabrın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, Azərbaycanda icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə, elektrik şəbəkəsinə və qaz şəbəkəsinə qanunsuz qoşulması ilə bağlı cəzalar sərtləşdirilir. Eyni zamanda, Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, tələblərin pozulmasına görə təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur. Bəs kommunal istiqamətdə edilən ciddi dəyişiklik fərdi yaşayış evlərinin də qiymətlərinə təsir edəcəkmi? Mövzu ilə bağlı Yenisabah.az-ın suallarını cavablandıran əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bu dəyişikliyin qiymətlərə də təsir edəcəyini bildirib: “Yeni qərar həm çıxarışlı torpaq sahələrinin, həm də çıxarışlı həyət evlərinin qiymətini artıracaq. Digər tərəfdən çıxarışı olmayan torpaq sahələrinin və tikilməkdə olan həyət evlərinin qiymətlərində kəskin enmələr olacaq. Çünki torpaq sahəsi alan adam orada nə isə tikmək istəyir, evi tikdikdən sonra həmin adam kommunikasiya xətləri çəkə bilməyəcəksə, təbii ki, orada heç kim yaşamaq istəməyəcək, istəsə belə yaşaya bilməyəcək. Bu qiymətlərə ciddi şəkildə təsirini göstərəcək”. Ekspertin sözlərinə görə, çıxarışsız evlərə çıxarışların verilərsə, bu, dövlətin də böyük gəlir əldə etməsinə səbəb olacaq: “Təbii ki, bu addım çıxarışsız həyət evlərinin sayının azalması üçün atılıb. Çünki yüz minlərlə çıxarış ala bilməyən fərdi yaşayış evləri var. Amma həm də buna alternativ addımlar atılmalı idi. Düşünürəm ki, çıxarışı olmayan evlərin çıxarışla təmin olunmasına başlanmalı və paralel olaraq digər istiqamətdə işlər görülməli idi. Hələ ki, tikintilərin dayandırılması ilə bağlı bu cür addım atılıb deyə düşünürəm. Yəqin ki, bu addım effektiv olar. Amma istənilən halda, çıxarışı olmayan həyət evlərinə çıxarışların verilməsi yalnız vətəndaşların hüquqlarının qorunub tanınması deyil, bu həm də dövlətin bu sahədən böyük gəlirlər əldə etməsinə səbəb olacaq. Çünki bu sahədə olan boşluqlara görə - çıxarışların olmamasına görə dövlət ciddi şəkildə itkilərə məruz qalıb. Çıxarışı olan həyət evləri əmlak vergisi, torpaq vergisi ödəyir, sığortalanır, alqı-satqı zamanı hər kvadratına görə vergi ödənir və s. Amma çıxarış olmadığı halda dövlət bu gəlirlərdən məhrum olur. Bu baxımdan işlər paralel aparılsaydı, daha yaxşı olardı. Nəticə olaraq, yeni qərar çıxarışlı həyət evlərinin qiymətini artıracaq, çıxarışı olmayanların qiyməti isə aşağı düşəcək”.
“Pensiya yaşının azaldılması bu gün gündəmdə deyildir və yəqin ki, gələcək də də aktual olmayacaq. Dünyada hələ bir ölkə yoxdur ki, göstərəsiniz, pensiya yaşı azaldılsın”. Bunu Modern.az-a müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. O, pensiya yaşının artırılacağını istina etməyib. Komitə sədri bildirib ki, pensiya yaşının artırılması bütün dünyada müşahidə olunur: “Ümumiyyətlə, insan ömrü uzanır. Azərbaycanda orta ömür 2021-ci ildə bir qədər azaldı. Bu da həm COVID, həm də Vətən müharibəsində gənc insanların dünyasını dəyişməsi ilə bağlı idi. Nəticələr orta ömür uzunluğuna öz təsirini göstərdi", - Musa Quliyev vurğulayıb. Komitə sədri qeyd edib ki, Azərbaycanda orta ömür kifayət qədər dinamik şəkildə artır. "2040, bəlkə də 2045-ci ildə bizim orta ömür 80 yaşa gəlib çatacaqdır. Buna görə də pensiya yaşı məsələsi bir günlük, bir illik, ya da beş illik layihə deyil. Ən azı 30 illik dövrü əhatə edir. Biz 30 ilə uyğun olaraq əmək bazarını, sığorta sistemini, Pensiya Sığorta Fondunun imkanlarını, insanların yaşını nəzərə almalı və buna uyğun da bir qiymət götürməliyik”. Qeyd edək ki, hazırda Azərbaycanda kişilərin pensiya yaşı 65, qadınlarınkı isə 63.5-dir. Qadınların pensiya yaşı tədricən - 2027-ci ilədək 65-ə çatdırılacaq.
2024-cü ilin dövlət büdcəsində məktəbəqədər təhsil xərcləri üçün nəzərdə tutulan məbləğ 2022-ci ilə nisbətən 25 faiz və ya 90 milyon manat çox proqnozlaşdırılır. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı iqtisadçı-ekspert Rövşən Ağayev açıqlayıb. O bildirib ki, 2022-ci ildə bu xərclərə yerli icra hakmiyyəti orqanları sərəncam verirdi, hazırda isə Elm və Təhsil Nazirliyi: “Səlahiyyət nazirliyə keçəndən sonra xərcləmələrdə şəffaflıq və qənaət baxımından nələrin dəyişdiyini demək üçün əldə konkret hansısa faktlar yoxdur. Məsələn, satınalmalarda, xüsusilə də mal və xidmətlərin orta alış qiymətlərində, təchizatçı şirkətlərin seçimlərində nələrin dəyişdiyini izləmək maraqlı olardı. Amma sırf büdcə sənədlərinə baxanda bir maraqlı dəyişiklik diqqəti çəkir: bağçaların ərzaq təminatı xərclərində 20 faizdən çox (20 milyon manat) azalma var. Son 2 ildə ərzaq xərclərində azı 20-25 faiz bahalanma olduğu, ümumi xərclərin 25 faizdən çox artdığı, uşaqların sayının azalmadığı (əksinə statistikada artdığı) şəraitdə ərzaq alışı üçün xərclər 20 milyon ixtisar olunursa, demək ki, bu, icra başçılarının xalis qazancı imiş”...
Xəbər verdiyimiz kimi, Sumqayıtın Corat qəsəbəsində baş vermiş hadisəyə görə qəsəbə sakini saxlanılıb. Sozcu.az Bizim.Media-ya istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan Müşviq Məhəmməd oğlu Tağıyevin qətli tamah məqsədi ilə törətdiyi iddia edilir. Ailənin yaxınlarından bildirilib ki, qohumlardan biri, İsveçrədə yaşayan Anar Fərəcov yüksək məbləğdə pul göndərib. Ailənin bildirdiyinə görə, hadisədən sonra pul evdə tapılmayıb. Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb. Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb. Hadisəni törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Müşfiq Məhəmməd oğlu Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. M.Tağıyev öldürülən şəxslərin qonşusudur.
Tovuz rayonunun Pələkli kənd sakini, Vətən müharibəsi şəhidi Aqil Əliyevin qardaşı Anar Əliyev ailəsinin acınacaqlı durumu ilə bağlı KONKRET.az-a şikayət ünvanlayıb. Onun sözlərinə görə, anası Əliyeva Kübrə Tovuzun ucqar kəndində yaşayır və mənzil şəraiti çox acınacaqlıdır: “Anamın himayəsində iki qüsurlu övladı var. Adına isə heç bir ev yoxdur və müvəqqəti mənzildə yaşayır. Hətta yaşadığı mənzildə təbii qaz da yoxdur, odundan istifadə edirik. Odun isə çox bahadır. Şəhid oğlunun adına aldığı təqaüdü də elə oduna və xəstələrə məsrəf edirik”. Şikayətçi anasına və xəstə bacı-qardaşına özünün baxdığını, bütün yükü çiyinlərində daşıdığını deyir: “Hazırda yaşadığımız ev qohum evidir və çox bərbaddır. Heç bir şəraiti yoxdur. Ev o qədər köhnədir ki, qapı-pəncərəsi, damı-bacası, daşı-divarı ovulub tökülür. Hökumətin verdiyi birdəfəlik məbləği də bu evə xərclədik ki, bir az abadlaşsın, lakin burada daimi yaşamağımız qeyri-mümkündür”. A.Əliyev hazırda ən böyük problemlərinin evlə bağlı olduğunu vurğulayaraq, bununla əlaqədar dəfələrlə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədova müraciət etdiyini dilə gətirib: “Anamın evlə təmin edilməsilə bağlı dəfələrlə icra hakimiyyətinə müraciət etmişik, amma nəticəsi olmayıb. Sanki mənim qardaşım Vətən üçün şəhid olmayıb, biz də şəhid ailəsi deyilik”. “Bizim kəndin 4 şəhidi var. Onlardan ikisi Birinci Qarabağ, ikisi isə Vətən müharibəsində şəhid olub. Birinci Qarabağ müharibəsində şəhid olanların ailələri evlə təmin olunub, Vətən müharibəsinin şəhidləri isə yox. Ev növbəsinə dayansaq da, 18-ci adamıq. Əlaqədar qurumlardan xahiş edirəm ki, ailəmizin evlə təmin olunmasında bizə öz köməkliklərini əsirgəməsinlər. Axı şəhid anası belə acınacaqlı şəraitdə yaşamamalıdır”, – deyə şəhidin qardaşı əlavə edib. Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Azər Fərmanzadə bildirdi ki, şəhidin anası mənzil növbəsinə götürülüb: “Ailədən şəhidin atası rəhmətə getdiyi üçün status sahibi anasıdır. Və ana Tovuz rayon İH tərəfindən sərəncama uyğun olaraq mənzil növbəsinə götürülərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinə müraciət ünvanlanıb. Şəhidin qardaşına da dəfələrlə izah olunub ki, ev tikmək bizim səlahiyyətimizdə deyil. Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov isə bildirib ki, şəhidlərimizin ailə üzvləri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olduqda, qanunvericiliyə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və ya fərdi evlərlə təmin edilirlər: “Şəhidimiz Aqil Əliyevin anası Kübrə Əliyeva Tovuz Rayon İcra Hakimiyyətində 22.02.2021-ci ildə imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülüb. Onun üçün fərdi evin tikintisi məsələsinə növbəlilik qaydasında baxılacaq”. Qeyd edək ki, şəhid Aqil Faiq oğlu Əliyev Vətən müharibəsində şəhid olub. O, 2020-ci il oktyabrın 15-də Suqovuşan ətrafında gedən döyüşlərdə 21 yaşında şəhidlik zirvəsinə ucalıb. Aqil Əliyev ölümündən sonra “Vətən uğurunda” medalı ilə təltif olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reysləri ilə səfər üçün yaş məhdudiyyəti aradan qaldırılıb. Nazirlikdən Sozcu.az-a verilən məlumata görə, sabahdan 18 yaşına çatmayan şəxslər üçün də www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada bilet almaq mümkün olacaq. Vətəndaşlar bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil. Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 627 reys həyata keçirilib, 25 727 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.