Şəmkir Rayon Mərkəzi Xəstəxanası ilə bağlı narazılıq

Sosial şəbəkədə Şəmkir Rayon Mərkəzi Xəstəxanası ilə bağlı vətəndaşların biri tərəfindən paylaşım edilib. Sözcü.az olaraq paylaşımı olduğu kimi təqdim edirik: Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsindəki özbaşınalıqlara heç kim nəzarət etmir. Dövlətin qurub yaratdığı xəstəxananı xarabazara döndəriblər, bir dənə olsun belə normal ayaqyolusu yox, ayaqyollarında adi işıqlandırma sistemi nədir o belə öz qaydasında deyil. Natəmizlikdən tarakan Xəstəxananı ağzına alıb. Ancaq xəstələrdən pul dilənməklə məşğuldurlar. Sözcü.az

Kəlbəcərdə 2026-cı ilədək aparılacaq bərpa-quruculuq işləri açıqlandı

Bu il Kəlbəcər rayonunda daha 7 yaşayış məntəqəsinin (İstisu qəsəbəsi, Qamışlı, Çaykənd, Nadirxanlı, Qılınclı, Otaqlı və Çıraq kəndləri), gələn ildə isə 4 kəndin (Çəpli, Keşdək, Dalqılınclı və İmanbinəsi kəndləri) layihələndirilməsi işlərinin aparılması planlaşdırılır. Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma İşçi Qrupunun iclasında deyib. O bildirib ki, 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcəkdir. N. Hümmətov vurğulayıb ki, Kəlbəcər rayonunun ərazi-planlama sənədlərinin hazırlanması çərçivəsində əhəmiyyətli işlər görülüb: "Şəhərin Baş Plan konsepsiyası 2022-ci ilin iyunun 26-da Prezidentə təqdim edilmiş və hal-hazırda baş planın aidiyyəti qurumlarla razılaşdırılması yekun mərhələdədir. 2022-2026-cı illərdə bərpa olunan yaşayış məntəqələrindən birinci mərhələ üzrə Zar, Zallar və Yanşaq kəndlərinin şəhərsalma əsaslandırılmasının təsdiq edilməsi istiqamətində müvafiq işlər aparılmaqdadır". Onun sözlərinə görə, həmin kəndlərin sifarişçisi qismində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən tikinti layihələri sürətlə işlənilməkdədir.

Şəmkir rayonu şəhidlər xiyabanının girişində xoş olmayan görüntü

Desək ki, məsul olan şəxslər görməyiblər özümüzü aldatmış olarıq. Şəhidlərin anım günlərində, bir sıra rəsmi tədbirlərdə rayon rəhbərliyi səviyyəsində şəhər şəhidlər xiyabanı ziyarət olunur. Bununla bağlı bir neçə gün ərzində hazırlıq tədbirləri görülür, təmizlik, abadlıq işləri aparılır. Gözləri pərdələnmiş adamların xüsusi diqqət yetirəcəyi məqamlardan biri bu olmalıdır. Xüsusi olaraq xiyabanın girişi, yolun kənarı, gündəlik minlərlə nəqliyyat vasitələrinin keçdiyi( onların içərisində yüzlərlə dövlətin məsul şəxsləri də var ) bir yerdə bu utancverici görüntü insanı vicdani olaraq narahat etməməlidirmi ?  Axı şəhidlərin anım günlərində onların məzarı başında söylədiyiniz "dəbdəbəli" nitqlərdə onları baş tacı adlandırırsınız, ehtiram göstərirsiniz(görünür ki, sünidir), hətta söz demək haqqı olan canlı qəhrəmanları "iri" gövdələrinizin kölgəsində, gurultulu səsinizin altında elə sıxışdırırsınız ki, adam utandığından səssizcə çıxıb getmək məcburiyyətində qalır.  Sizi varsa, vicdanınızla baş-başa buraxıram! Ceyhun Nəbi

Qazaxıstanda dəhşətli xəstəlik: Karantin elan edildi

Qazaxıstanın şimalındakı Akmola vilayətində qarayara xəstəliyinin yayılması nəticəsində 15 nəfər xəstəxanaya yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə Qazaxıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, avqustun 26-da da Uşkarasu kəndində qarayara xəstəliyi qeydə alınıb, avqustun 31-də kənddə karantin elan edilib: “Xəstəlik xəstə heyvanlarla təmas, onların kəsimi, ətinin utilizasiya yerinə daşınması səbəbindən yayılıb”.

Xudatda əməliyyat: saxlanılanlar var

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində narkotiklərlə bağlı keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 5 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən Sozcu.az-a verilən məlumata görə, onlar rayon sakinləri Natiq Eyvazov, Xatinə Səfərəliyeva, Samir Mirzəyev, Vasif Əlimirzəyev və Quba rayon sakini Rahib Ramazanovdur. Həmin şəxslərin üzərlərinə və yaşdıqları evlərə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Bütün faktlarla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə iki nəfərin barəsində həbs qətimkan tədbiri, digər üç nəfərin barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Ukrayna ordusu “əjdaha dişləri”ni keçdi

Ukrayna ordusu Zaporojye vilayətinin qərb hissəsində Rusiyanın tank əleyhinə xəndəklər və “əjdaha dişləri” müdafiə xətlərinin arxasındakı mövqelərə doğru irəliləyib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Ukrayna qoşunlarının Rusiyanın bu müdafiə xəttini dağıdıb keçdiyini qiymətləndirmək çətindir, çünki bu ərazilərdə Ukraynanın ağır texnikası yoxdur. Sentyabrın 4-də yayımlanan görüntülərə əsasən, Ukrayna qüvvələri Rusiya tank əleyhinə xəndəklərinin şərqindəki mövqelərə, eləcə də Verbovedən dərhal qərbə doğru əsas müdafiənin bir hissəsini təşkil edən "əjdaha dişləri" maneələrinə doğru irəliləyib. Bundan əlavə, Ukrayna ordusu Robotin və Novoprokopovka arasındakı Rusiyanın müdafiə mövqelərinə doğru da irəliləyib”, - məlumatda deyilib. Qeyd olunub ki, Ukrayna ordusu Rusiyanın müdafiə xəttlərindən birində yaratdıqları boşluğu genişləndirir və bu xəttin taktiki arxa bölgələrinə daha çox texnika, şəxsi heyət daşıyır.

Ukraynanın müdafiə naziri İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov istefa verib. Sozcu.az xəbər verir ki, o, feysbuk səhifəsində bu barədə paylaşım edib. Nazir istefa ərizəsini Ukrayna Ali Radasına təqdim edib. "Ukrayna prezidenti Volodimir Zelenskinin qərarına uyğun olaraq Ukrayna Ali Radasına istefa ərizəsi təqdim etdim. Hesabat verməyə hazıram. Davam edək!", - o yazıb.

Nazirlikdən sərt qərar: 743 müəllim işdən çıxarılır

Xəbər verdiyimiz kimi, 29 avqust tarixində ötən il keçid balını toplaya bilməyən ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı keçirlib. İmtahanda iştirak edən 1939 müəllimdən 1334 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsinə keçib. 605 nəfər müvafiq keçid balını (30 bal) toplaya bilməyib. Eyni zamanda, 138 müəllim də sertifikatlaşdırma imtahana gəlməyib.  Beləliklə də 743 müəllim sertifikatlaşdırmadan keçməmiş hesab olunub.  yenisabah.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyində Sertifikatlaşdırma Şurasının iclası keçirilib və sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərin məsələsi müzakirə olunub.  “Sertifikatlaşdırma qaydalarına uyğun olaraq, təkrar imtahandan keçməyən müəllimlərlə bağlı əmək qanunvericiliyinin tələblərinə müvafiq addımlar atılacaq”, - Nazirlik bildirib.  Söhbət sözügedən müəllimlərlə bağlanmış əmək müqaviləsinə son verilməsindən gedir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq təkrar sertifikatlaşdırmadan keçməyən işçilərin əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. 

Ağdamda 6 separatçı təcili yardım maşını ilə gəlib hərbçilərimizə atəş açdı - TƏXRİBAT

Bu gün Qarabağdakı Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan ərazidə yerli quldurların növbəti təxribatının qarşısı alınıb. “Caliber” xəbər verir ki, saat 14:00 radələrində mülki geyimli 6 silahlı şəxs təcili tibbi yardım maşını ilə Ağdam rayonunun Papravənd kəndi istiqamətində Azərbaycan ordusunun mövqeləri ilə üzbəüz Ermənistan silahlı qüvvələrinin mövqelərinə gəlib. Onlar maşından düşüb, hərbçilərimizin ünvanına nalayiq ifadələr səsləndirib, daha sonra mövqelərimizi avtomat silahlardan atəşə tutublar. Xoşbəxtlikdən tərəfimizdən ölən və xəsarət alan olmayıb. Məlumata görə, erməni təxribatının qarşısını almaq üçün tərəfimizdən dərhal lazımi tədbirlər görülüb. Bildirilir ki, Rusiya sülhmərmalıları artıq hadisədən xəbərdardırlar.

Ordumuz minaatanlardan atəşə tutuldu

Sentyabrın 2-si saat 11:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub. Müdafiə Nazirliyindən Sozcu.az-a bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Ağır döyüşlər gedir, xeyli ölümüz var - Sevyandan şok etiraf

Bir neçə dəqiqə əvvəl mənə xəbər verdilər ki, Vardenis və Sotk istiqamətində şiddətli döyüşlər gedir. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə keçmiş erməni döyüşçü Aşot Sevyan danışıb. “Vardenis yaxınlığında çox vacib bir yüksəklik var, indi düşmənin niyyəti həmin yüksəkliyi ələ keçirməkdir. Əgər o yüksəkliyi tuta bilsələr, o zaman ümumiyyətlə Vardenis və Sotku unutmalıyıq. Bizim çoxlu ölən və yaralımız var. Ancaq bizim uşaqlar hələ də müqavimət göstərməyə çalışırlar. Düşmənin planları arasında Göyçə gölünün şərq sahilindəki hakim yüksəklikləri tutmaq var. Onlar bu barədə 44 günlük müharibə vaxtı demişdilər ki, özlərinin tarixi torpaqlarına gələcəklər”, – deyə o bildirib.

Vəziyyət gərginləşir: ermənilər əlavə döyüş texnikası cəmləşdirir

Sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir. Ermənistan tərəfi növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır. "Bildiririk ki, yaranmış gərginliyə və onun fəsadlarına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - nazirlikdən qeyd olunub.