İtaliya qırıcıları Rusiya təyyarələrinə görə iki dəfə havaya qalxıb

Polşanın “Malbork” bazasında yerləşdirilən İtaliya Hərbi Hava Qüvvələrinə məxsus “Eurofighters” qırıcıları son 24 saat ərzində Rusiya təyyarələrinə görə iki dəfə havaya qalxıb. Sozcu.az  xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. Qeyd olunub ki, Baltik dənizinin beynəlxalq suları üzərində Rusiya təyyarələrinin olması qeydə alınıb. Təyyarənin aşkarlanması barədə siqnal NATO-nun Udemdəki (Almaniya) komandanlıq mərkəzindən gəlib. Bu siqnalla İtaliya təyyarələri havaya qaldırılıb. Heç bir insident qeydə alınmayıb. Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya hərbi aviasiyasının bütün uçuşları hava məkanından istifadə üzrə beynəlxalq qaydalara ciddi şəkildə uyğun olaraq həyata keçirilir.

İsraildən xəbərdarlıq: Türkiyəyə getməyin!

İsrailin Milli Təhlükəsizlik Şurası vətəndaşlara səyahət xəbərdarlığı edib. Sozcu.az İsrail mediasına istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Şurası İsrail vətəndaşlarını Türkiyə, Mərakeş, İordaniya və Misirə səfərlərdən çəkinməyə çağırıb. Milli Təhlükəsizlik Şurasının rəsmisi deyib ki, məhz bu dörd ölkəyə səfər etmək tövsiyə olunmur.(konkret)

Şəmkirdə Polkovnik Cahangir Rüstəmovun anım tədbiri keçirilib

Bu gün Şəmkir şəhər Şəhidlər Xiyabanında Polkovnik Cahangir Rüstəmovun anım günü keçirilib.  Anım tədbirində Polkovnikin ailəsi, yaxınları, döyüş silahdaşları, qazilər və Şəmkir ictimaiyyətinin nümayəndələri iştirak edib. Qeyd edək ki, sabiq Briqada komandiri Gədəbəyin müdafiəsinin təşkil edilməsində bir hərbiçi və mənəvi nüfuzu olan bir ağsaqqal kimi adını Azərbaycanın şərəf tarixinə yazdırıb. 1992-ci ildə uğurlu Başkənd əməliyyatı, Şəmkir Aerodromunun ruslardan tərksilah olunması qeyd olunarkən mütləq ki, bu hadisələrə rəhbərlik etmiş mərhum briqada komandiri hörmət, sevgi və şükranla xatırlanır.  Sözcü.az

Rusiyada 5,6 bal gücündə zəlzələ olub

Rusiyanın Kamçatka yarımadasının sahilində 5,6 maqnitudalı zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri Ust-Kamçatsk yaşayış məntəqəsindən 40 km aralıda, 5 km dərinlikdə yerləşib. Hadisə nəticəsində tələfat və dağıntı barədə məlumat daxil olmayıb.

Ukrayna SQ Belqorodu "Vampir"lə atəşə tutdu

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətini RM-70 “Vampir” reaktiv yaylım atəşi sistemlərindən atəşə tutub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, hava hücumundan müdafiə sistemləri Belqorod üzərində 16 reaktiv mərmini məhv edib. Hücumlar nəticəsində xəsarət alan olmasa da, evlərə və avtomobillərə ciddi ziyan dəyib.

MN məlumat yaydı: Ali təhsilli, 30 yaşadək olan vətəndaşlar... - RƏSMİ

Müdafiə Nazirliyinin hərbi hissələrinə psixoloq ixtisası üzrə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 30 yaşınadək olan vətəndaşlar martın 27-dən aprelin 20-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar. Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər müvafiq ixtisaslar üzrə kursa qəbul edilir. “Ehtiyat zabit hazırlığı kursu”nu müvəffəqiyyətlə başa vuran kursantlara “leytenant” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar. Kursa qəbul olunmaq istəyən namizədlər AO TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər: - kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə); - şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə; - xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə; - ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 1 ədəd; - xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surətilə yanaşı, həmin sənədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti; - doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 1 ədəd; - nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 1 ədəd; - uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda) - 1 ədəd; - evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 1 ədəd; - 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd  3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə); - psixiatrik, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar; - qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış; - qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi haqqında arayış; - hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) - 1 ədəd. Qeyd edilib ki, məhkumluğu olan hərbi vəzifəlilərin “Ehtiyat zabit hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi). Telefon: (012) 538-35-70. Müraciət etmə vaxtı: 2024-cü il mart 27-dən aprelin 20-dək hər gün saat 09:00-dan 17:00-dək.

Almaniya nüvə dövləti olmağı hədəfləyir

Almaniya hökuməti öz nüvə silahını əldə etmək barədə düşünməyə başlayıb. Bu ehtimal Donald Trampın Ağ Evə qayıtma şanslarının artması səbəbindən nəzərdən keçirilməyə başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. "Hazırda iki ssenariyə baxılır: İngiltərə və Fransa ilə təhlükəsizlik zəmanəti imzalamaq və ya nüvə dövlətinə çevrilmək üçün ABŞ-dan minə yaxın nüvə başlığı almaq. Mütəxəssislər birinci variantı daha real hesab edirlər. Alman siyasətçiləri və ictimai rəy liderləri israr edirlər ki, Berlin ABŞ-a bağlı olmadan dövlətin təhlükəsizliyini təmin etməlidir", - məlumatda deyilib.

Ermənistanda “Döyüş Qardaşlığı” birliyinin 24 üzvü saxlanılıb

Ermənistanda qanunsuz silah və sursat saxlamağa görə 24 nəfər saxlanılıb. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan SputnikARM-ə bildirib. Onun sözlərinə görə, saxlanılanları polis bölməsinə aparıblar. Məlumatda qeyd edilir ki, saxlanılanların hamısı “Döyüş Qardaşlığı” birliyinin nümayəndələridir. “Döyüş Qardaşlığı”nın üzvü Avetis Avetisyan isə səhər tezdən saxlanılıb. Bu barədə təşkilat məlumat yayıb. Bildirilir ki, “Qardaşlar”ın digər üzvü Hrant Ter-Abramyanla əlaqə itib. Təşkilat sosial şəbəkələrdə yazır ki, hüquq-mühafizə orqanları qanunsuz silah gəzdirməklə bağlı ittiham qaldırıb.

DƏHŞƏT: Ayaqyoludan 28 meyit tapıldı, analar uşaqlarını qucaqlayıb ölüblər

Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində martın 22-də törədilən terror aktından sonra ərazidə axtarış-xilasetmə işləri davam edir. Kompleksin ayaqyolularından birində xilasedicilər 28 meyit aşkarlayıblar. Daha 14 meyit isə təxliyə pilləkənlərində aşkarlanıb. Xilasedicilərin sözlərinə görə, bir çox analar uşaqlarını qucaqlayıb onları qorumaq istəyiblər. Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Hadisə zamanı həlak olanların sayı 100-ə, yaralananların sayı 200-ə çatıb. /Oxu.az/

Rusiyanın Qazaxıstanla sərhədyanı vilayətindəki neftayırma zavodunda partlayış olub

Rusiyanın Samara vilayətinin Novokuybışevsk şəhərindəki neftayırma zavoduna dron hücumu olduğu güman edilir, müəssisədə yanğın baş verir. Sozcu.az xəbər verir ki, bu barədə “Ostorojno, novosti”, “Krovavaya barınya” və s. yerli teleqram kanalları məlumat verib. “Samara vilayətinin Novokuybışevsk şəhərinin sakinləri neftayırma zavodunun ərazisində yanğın barədə məlumat veriblər. Yerli sakinlərin sözlərinə görə, bundan az əvvəl partlayış səsləri eşidilib”, – “Krovavaya barınya” bildirib. Yerli sakinlərdən biri “Ostorojno, novosti”yə deyib ki, əraziyə “iki vuruş” olub. Teleqram kanala görə, söhbət dron hücumundan gedir. Qeyd edək ki, Samara vilayəti Rusiyanın Qazaxıstanla sərhədyanı bölgəsidir. Sözügedən zavod isə Mərkəzi Asiya ölkəsindən cəmi 160 km məsafədə yerləşir. Ukraynadan (işğal olunmamış ərazilər) isə təqribən 900 km aralıdır. Xatırladaq ki, martın 16-da Samara vilayətinin qubernatoru bölgədəki sənaye müəssisələrinə dron hücumunun olduğunu açıqlamışdı. O zaman hədəflər arasında Novokuybışevsk zavodu da var idi.

Rüşvət alan gömrükçü azadlığa buraxıldı

Şirvanlı Gömrük Postunun 240 manat rüşvət aldığına görə 7 il 6 azadlıqdan məhrum edilmiş əməkdaşı Cavid Məmmədovun cinayət işi yenidən araşdırılıb. Sozcu.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi sabiq gömrükçü haqda əvvəlki qərarını dəyişib. Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəzaya məhkum edilərək azadlığa buraxılmışdı. Prokurorun protesti ilə Bakı Apellyasiya Məhkəməsi hökmü ləğv etmiş, Məmmədova 7 il 6 ay həbs cəzası vermişdi. Həmin qərardan təqsirləndirilən şəxsin vəkilləri kassasiya şikayəti verib. Şikayətdə həbslə bağlı qərarın ləğv edilməsi xahiş edilib. Ali Məhkəmə cinayət işi materialları ilə tanış olduqdan sonra məhkuma əməlinə görə həddən artıq ağır cəza verildiyi qənaətinə gəlib. Yüksək instansiya məhkəməsi qərarı ləğv edib, işi yeni apellyasiya baxışına qaytarıb. Bakı Apellyasiya Məhkəməsində keçirilən baxış iclasında qərar elan edilib. Hakim Elbəy Allahverdiyev həmkarı Qədim Babayevin həbslə bağlı qərarını ləğv edib. Yeni qərara əsasən, Cavid Məmmədova şərti cəza verilib. O, 5 ay sonra yenidən məhkəmə zalından azadlığa buraxılıb. Qeyd edək ki, Cavid Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İttihamda deyilir ki, təqsirləndirilən şəxs gömrük postunda yoxlamaların səthi və sürətli aparılması müqabilində qanunsuzluqlara yol verib. O, ümumilikdə 240 manat rüşvət alıb, 400 manatı isə rüşvət qismində almağa cəhd edib.

Azərbaycanda "TikTok"a giriş şəxsiyyət vəsiqəsi ilə olacaq? - Açıqlama

"TikTok"da qeydiyyatın şəxsiyyət vəsiqəsilə olması haqqında yayılan məlumatların heç bir əsası yoxdur. Həqiqətə uyğun deyil və reallığı əks etdirmir". Sozcu.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb. "Ümumiyyətlə qlobal resurslarda milli identifikasiya vasitələri ilə qeydiyyat məsələsi texniki və hüquqi cəhətdən indiki anda mümkün deyil, müzakirə predmeti deyil. Bizim vətəndaşlarımıza məxsus fərdi məlumatların hansısa xarici qurumlara məxsus serverlərdə emal olunması, identifikasiya olunması indiki anda real deyil. Hətta onların serverlərinin Azərbaycanda yerləşəcəyi təqdirdə bu ağlabatan görsənmir və Azərbaycan hökuməti ilə TikTok arasında bu tip identifikasiya məsələsi müzakirə predmeti olmayıb. Eyni zamanda diqqətə çatdırmaq istərdim ki, Azərbaycanın xüsusi xidmət və digər əlaqəli qurumları ilə "TikTok" arasında yetərincə əlaqələr var. "TikTok" yeganə qlobal resurslardandır ki, Azərbaycan rəsmiləri və hətta qeyri-rəsmiləri ilə təmasları yetərincədir. Azərbaycana qarşı hesabatlıdırlar. Bizim təhlükəsizlik qurumlarının "TikTok"la əlaqəli apardığı uğurlu əməliyyat axtarış tədbirlərinə əsasən onu demək o olar ki, lazım olanda bu qurumlar "TikTok"la bir başa əlaqə qurub zəruri məlumatları əldə edə və ya sildirə bilirlər. Yeri gəlmişkən, ümumiyyətlə qlobal resurslardan "istifadəçilərlə bağlı məlumatlar əldə etmək, nəyisə sildirmək" həmişə milli hökumətlər üçün problemli məsələ olub. Bu asan deyil, məhkəmə qərarları, əsaslandırılmış sorğular və s. olmalıdır. "TikTok"un öz qaydalarına zidd olan məlumatları sildirmək daha asan olur, nəinki ölkədaxi qanunlara zidd olan olanlar. Burada ikili standartlar həmişə var. Amma bir daha vurğulamaq istərdim ki, bildiyim qədər "TikTok"un yerləşdiyi Sinqapur güc strukturları ilə Azərbaycan arasında əlaqələr var və Azərbaycanın güc strukturlarından da tez-tez onlara sorğular alırlar. Təsəvvür edin ki, Azərbaycan güc strukturlarından "TikTok"a daxil olan bir sorğunu Sinqapur prokuroru bu ölkənin qərarları çərçivəsində həll etməlidir. Sadəcə, bu tip sorğuların icrası bütün milli hökumətlər üçün baş ağrısıdır. Sonuncu dəfə "TikTok" rəsmiləri ilə Azərbaycan hökuməti arasında , Azərbaycan hökumətinin ötən il qəbul etdiyi, adətən "Google vergisi" olaraq adlandırılan verginin ödənilməsi üçün TikTok-un DVX-də qeydiyyatdan keçməsi məsələsi , Azərbaycan ekosisteminə dəstək verməsi məsələsi müzakirə mövzusu olub. Bildiyim qədər "TikTok" İqtisadiyyat Nazirliyində DVX rəsmilərinin də iştirak etdiyi toplantıda Azərbaycanda qazandığı gəlirlərdən vergi ödəməyə razılıq verib və güman ki, artıq VÖEN də alıb", - deyə O.Gündüz qeyd edib.