Hepatit infeksiyası, əsasən çirklənmiş qida və su vasitəsilə baş verir. Xəstə ilə birbaşa əlaqə zamanı, həmçinin bir qabdan və ümumi tualetdən istifadə zamanı bu virus orqanizmə keçə bilər. Sozcu.az "Medicina"ya istinadən xəbər verir ki, virus insan əlində bir neçə saat, hətta otaq temperaturunda yeməkdə daha uzun müddət yaşaya bilir. Virus həmçinin əvvəllər kanalizasiya ilə çirklənmiş suda yaşayan qabıqlı balıqlar və ya emal zamanı çirklənmiş meyvə və ya çiy tərəvəzlər vasitəsilə də ötürülə bilər. Yüksək temperatur, istilik hepatit A virusunu tamamilə öldürür, lakin yemək bişirildikdən sonra çirklənə bilər. Virus kifayət qədər gigiyena bacarıqlarının olmaması və sanitar şəraitin zəif olduğu yerlərdə olur. İnsanların sıx olduğu yerlərdə sıx təmas nəticəsində insanlar arasında yayıla bilər. Hepatit A 4-10 gün davam edən hərarət, zəiflik və pis hiss, iştahsızlıq, ürəkbulanma və qusma, əzələ ağrıları ilə başlayır. Xəstəliyin növbəti mərhələsində qaraciyər prosesə qoşulduqda sidik qaralır. Daha bir-iki gün sonra gözlərin və dərinin ağları saralır (sarılıq), nəcis rəngsizləşir. Bu zaman ilkin qızdırma və ürəkbulanma yox olur. Xəstə ümumi qaşınma və qarın ağrısı hiss edə bilər. Bəzi insanlarda, xüsusən də uşaqlarda hepatit A asomptomatik ola bilər və buna görə də xəstəliyə səhv diaqnoz qoyula bilər.
Miqren - hamımızın bildiyi paroksismal baş ağrısıdır. Lakin bu xəstəliyin başqa bir forması da var. Sozcu.az "Medicina"-ya istinadən xəbər verir ki, Ggöz miqreni və ya atrial skotoma adlanan xəstəlik miqrenin digər formasıdır. Bu xəstəlik zamanı insanın görmə sahəsinin müxtəlif yerlərində müvəqqəti olaraq təsvir itir və titrəmə effekti yaranır. Bu xəstəliyə daha çox 30 yaşdan yuxarı qadınlarda rast gəlinir. Bu, görmə funksiyasının kəskin pozulması kimi baş verir. Bu zaman görmə sahəsində "kor nöqtələr" görünür, işıq parıltıları ilə əhatə olunur. Göz miqrenində görmə sistemində aşkar qüsurlar olsa da, bu patoloji nevroloji xarakter daşıyır. Onun simptomları beyində yerləşən vizual analizatorun pozulması ilə bağlıdır. Göz miqreninin ümumi simptomları parıldıyan ləkələr, yaxud həmin ləkələr yanıb - sönür və yenidən parlayır. Obyektlərin bulanıq konturları və bulanlıq görmə də göz miqreninin simptomlarıdır. Bu simptomlarla bərabər başqa simptomlar da özünü biruzə verir ; başın bir tərəfində cəmlənmiş silkələyici xarakterli baş ağrısı (belə bir simptom aura ilə migreni xarakterizə edir); • vizual hallüsinasiyalar; • görmə funksiyalarının pozulması; • ürəkbulanma və qusma; • çəpgözlüyün görünüşü; • yuxarı göz qapağının sallanması.
Uşaqlarda qarın ağrısı müşahidə olunarsa və bu narahatlıq davam edərsə, mütləq ərazi üzrə uşaq poliklinikasındakı sahə həkimi ilə əlaqə saxlamaq lazımdır. Sozcu.az Medicina.az-a istinadən xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 17 nömrəli Uşaq Poliklinikasının baş həkimi Gülər Paşayevanın sözlərinə görə, uşaqlarda qarın ağrıları çox ciddi xəstəliklərdən xəbər verə bilər: "Buna görə də biz - ilkin səhiyyə xidməti müəssisələri olaraq, uşaqlarda bu cür narahatlıq müşahidə edildiyi halda valideynlərin mütləq şəkildə ilkin səhiyyə xidməti müəssisələrinə müraciət etmələrini tövsiyə edirik. Uşaqlarda qarın ağrıları müxtəlif səbəblərdən baş verə bilər. Bu zaman valideyn sahə həkiminə (həkim-pediatra) müraciət etməlidir. Sahə həkimi müvafiq suallar verməklə, ağrının səbəblərini araşdırır və onu təyinatına uyğun ixtisas həkimlərinə və analizlərə yönəldir. Əgər uşaqda səhərlər ürəkbulanma, gecə yatanda dişlərini sürtmək, ağzından su axmaq kimi əlamətlər, anal-dəlik sahəsində qaşınma olursa, uşaq qurd analizinə yönləndirilir. Belə ki, göbək ərtafında, epiqastral nahiyədə, yemək qəbulu zamanı baş verən ağrılar mədə-bağırsaq xəstəliklərinin əlamətləri ola bilər. Bir çox hallarda qarında kəskin ağrılar təxirəsalınmaz cərrahi müdaxilərə gətirib çıxardır". Həkim-pediatrın sözlərinə görə, çox vaxt qarın ağrıları digər orqanların xəstəliklərində də özünü büruzə verir: "Məsələn, sidik kisəsi iltihabı, qəbizlik, kolit xəstəlikləri də qarın nahiyəsində dözülməz ağrılar verə bilər. Buna görə məsləhət görürük ki, vaxtaşırı sahə həkimlərində tibbi müayinələrdən keçsinlər". "Qarındır ağrıyır, keçər, heç nə olmaz" deyib, keçməyin. Bir daha qeyd edək ki, qarın ağrısı bir çox xəstəliklərin "carçı"sı ola bilər.
Ayaq altında yaxud barmaqlarda yaranan sulu və quru kalluslarla (el arasında qabar kimi tanıdığımız) həyatımızda çox rastlaşırıq. Çox zaman onun sağalması üçün heç nə etmirik. Düşünürük ki ,öz - özünə keçib gedəcək. Lakin öz - özünə keçməyən kalluslar var ki, müalicəsiz sağalmır. Daha betəri bu kalluslar ayaq ətrafını bürüyür və xoşagəlməz yaralar peyda olur. Həmçinin sağlamlığımız üçün də təhlükəlidir. Sozcu.az "Medicina"-ya istinadən xəbər verir ki, həkim dermatoloq - kosmetoloq, trixoloq, trixoloq Tatyana Yeqorova kallusların yaratdığı problemlərdən danışıb. Əgər o, iltihablanırsa və yenidən diqqətsiz qalırsa, hətta sepsisə səbəb ola bilər. Kallusun iltihabını tanımaq o qədər də çətin deyil - bu, qızartı, ağrı, şişlik və pulsasiya daxil olmaqla bir sıra əlamətlərdir. Bəzən irin hətta sərbəst buraxıla bilər. Bəzən bildiyimiz sulu və ya quru kallusdan başqa, bərk şəkilli,içərisi tikanlı və irinli kalluslar var ki, onu xüsusi yapışqan dərmanlarla müalicə edirlər. Zamanında müalicə olunmazsa bunun qarşısını almaq çətin olur.
Endokronoloq Yuliya Sorokina xəbərdarlıq edib ki, qaz sobaları və piltələri nəinki qazdan zəhərlənməyə, eləcə də ani olaraq ürək tutmasına gətirib çıxardır. Sozcu.az "Medicina"-ya istinadən xəbər verir ki, sağlamlıqa qarşı təhlükə təbii qazın yanma prosesi ilə bağlıdır. Endokrinoloqun sözlərinə görə, təbii qazın tam yanması ilə belə havada karbon qazının konsentrasiyası artır. Ancaq tam yanma, bir qayda olaraq, baş vermir. Buna görə də havada olan zəhərli maddələr baş ağrılarının, allergiyanın, halsızlığın və immunitetin zəifləməsinə səbəb olur. Azot dioksidi isə astma tutmaları, tənəffüs yolu infeksiyaları və infarkt riskini artırır. Təbii ki, bu maddə xroniki ağciyər xəstəliklərini şiddətləndirir, həm də idrak funksiyalarına pis təsir göstərir.
“Apteklərdə iynə vurulması və ya sistem qoşulması halları aşkar edildikdə həmin aptek qanunverciliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilə bilər”. Bunu Analitik Ekspertiza Mərkəzinin müfəttişi Elvin Nağıyev deyib. Onun sözlərinə görə, yalnız həyat üçün təhlükə yarandığı halda apteklərə gətirilən xəstələrə ilkin tibbi yardım göstərilə bilər: “Burada ilkin yardım kimi qanda şəkərin miqdarının təyin olunması, arterial təzyiqin, bədən hərarətinin, boyun və çəkinin ölçülməsi kimi üsullardan istifadə oluna bilər. Aptek təşkilatlarında iynə vurulmamalı, sistem qoşulmamalıdır”. “Ümumiyyətlə səhhətində narahatlıq hiss edən şəxslərin təcili tibbi yardıma, yaxud xəstəxanalara müraciət etmələri daha məqsədə uyğundur”-, E. Nağıyev vurğulayıb. /Report/
"Bütün vaxtından əvvəl doğulmuş körpələr fəsadlarla qarşılaşmasa da, erkən doğuş qısamüddətli və uzunmüddətli sağlamlıq problemlərin yaranmasına səbəb ola bilər". "Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neonatoloq-reanimatoloq Bəxtiyar Zeynalov deyib. O bildirib ki, ümumiyyətlə, körpə nə qədər tez doğulsa, ağırlaşma riski bir o qədər yüksəkdir. Vaxtından əvvəl doğulmuş uşağın çəkisi də mühüm rol oynayır. Bəzi problemlər doğuş zamanı görünə, bəziləri isə sonradan inkişaf edə bilər. İlk həftələrdə vaxtından əvvəl doğuşun ağırlaşmalarına aşağıdakılar daxildir: "Tənəffüs problemləri. Vaxtından əvvəl doğulmuş körpənin tənəffüs sisteminin yetişməməsi səbəbindən nəfəs almaqda çətinlik yarana bilər; Vaxtından əvvəl doğulmuş körpələrdə bronxopulmoner displaziya kimi tanınan ağciyər xəstəliyi də inkişaf edə bilər. Bundan əlavə, bəzi vaxtından əvvəl doğulmuş körpələr apne sindromu kimi tanınan nəfəslərində uzunmüddətli fasilələrlə qarşılaşa bilərlər; Ürək problemləri. Vaxtından əvvəl doğulmuş körpələrdə ən çox rast gəlinən ürək problemləri “Patent Duktus Arteriosus” (PDA) və aşağı qan təzyiqidir (hipotensiyon); Vaxtından əvvəl doğulmuş körpələrdə bədən hərarəti çox aşağı düşərsə, anormal dərəcədə aşağı bədən hərarəti ilə (hipotermiya) nəticələnə bilər; Vaxtından əvvəl doğulmuş körpələrdə yetişməmiş mədə-bağırsaq sistemi var. Nəticədə nekrotizə enterokolit (NEC) kimi fəsadlar yaranır. Bağırsaq divarını əhatə edən hüceyrələrin zədələndiyi bu ciddi vəziyyət vaxtından əvvəl doğulmuş körpələrdə qidalanmaya başladıqdan sonra baş verə bilər; Vaxtından əvvəl doğulmuş körpələr anemiya və yeni doğulmuşun sarılıq kimi qan problemləri riski altındadır. Anemiya bədəndə kifayət qədər qırmızı qan hüceyrələrinin olmadığı ümumi bir vəziyyətdir. Sarılığın bir çox səbəbi olsa da, erkən doğulmuş körpələrdə daha çox rast gəlinir; Metabolizm problemləri. Vaxtından əvvəl doğulmuş körpələrdə tez-tez maddələr mübadiləsi ilə bağlı problemlər olur. Bəzi hallarda anormal dərəcədə aşağı qan şəkəri (hipoqlikemiya) inkişaf edə bilər; Vaxtından əvvəl doğulmuş körpələrdə rast gəlinən zəif inkişaf etmiş immun sistemi infeksiya riskinin artmasına gətirə bilər. Vaxtından əvvəl doğuşun sonradan inkişaf edən ağırlaşmalarına bunlar daxildir: Serebral iflic. İnfeksiya qeyri-adekvat qan axını, hamiləliyin erkən dövründə və ya yeni doğulmuş körpədə inkişaf edən beyninin zədələnməsi nəticəsində yarana bilən hərəkət və əzələ tonusu pozğunluğudur. Bu körpələr müxtəlif inkişaf mərhələlərində vaxtında doğulmuşlardan geri qalırlar; Onlarda gözün arxasındakı sinirlərin işığa həssas təbəqəsində (torlu qişa) həddindən artıq böyüməsi nəticəsində yaranan erkən doğuş retinopatiyası inkişaf edə bilər; Onlar müəyyən dərəcədə eşitmə itkisi riski altındadır; Bu körpələrdə diş çıxma gecikməsi, dişlərin rənginin dəyişməsi və düzgün olmayan dişlər kimi diş problemlərinin inkişaf etmə riski yüksəkdir; Onlarda müəyyən davranış və ya psixoloji problemlər, eləcə də inkişaf geriləmələri tam müddətli körpələrə nisbətən daha çox müşahidə olunur; Vaxtından əvvəl doğulmuş körpələrdə astma inkişaf etmə riski yüksəkdir".
Qəhvə hazırda insanların təzyiqindən asılı olmayaraq, gündəlik sevimli içkisinə çevrilib. Sozcu.az "Medicina"-ya istinadən xəbər verir ki, Toronto universitetinin alimləri qəhvənin təzyiqə təsirini araşdırıb. Onlar 18-45 yaş arası 1128 nəfər üzərində tədqiqat aparıb. 16 il sürən araşdırmada onların içdiyi qəhvə miqdarı və sağlamlıq göstəriciləri qeydə alınıb. Məlum olub ki, gəncliyindən qəhvə sevənlərin böyrəklərində kələfli hiperfiltrasiya əmələ gəlir, yəni böyrəklər həddən artıq çox sidik hasil edir. Bu isə diabetik nefropatiyaya səbəb ola bilər. Eləcə də təzyiqi yüksək insanlar gündə 3 fincandan artıq qəhvə içdikdə, böyrəklərin disfunksiyası problemi normal təzyiqi olanlardan 2 dəfə çox artır. Onlarda 2,5 dəfə çox hiperfiltrasiya, 2,7 dəfə çox albuminuriya olur. Belə ki, sidikdə zülal miqdarı çoxalır. Əgər sizdə təzyiq yüksəlməyə meyillidirsə, gündə 1-2 fincandan artıq qəhvə içməyin. Alimlər bu içkidən tam imtina etməyi tövsiyə etmir, çünki insult və infarkt riskini azaldır.
Fövqəladə Hallar Nazirliyi bir sıra tibb müəssisələrinin rentgen müayinə fəaliyyətini dayandırıb. Bu barədə Nazirlikdən məlumat verilib. FHN-nin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkədə nüvə və radioloji təhlükəsizliyin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxsin müraciəti əsasında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların mövcud olduğu tibb müəssisələrində nəzarət-yoxlama tədbirləri həyata keçirilib. Keçirilən tədbirlər nəticəsində Bakı şəhərində yerləşən 5 və 39 nömrəli Şəhər poliklinikalarında, 1 və 2 nömrəli Uşaq Stomatoloji poliklinikalarında, 1 nömrəli Tələbə Poliklinikasında və Müharibə Veteranları Respublika Xəstəxanasında radiasiya təhlükəsizliyi tələblərinə riayət edilmədən və “xüsusi icazə”si olmadan rentgen kabinetlərinin fəaliyyət göstərdiyi müəyyən edilib. Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində yuxarıda göstərilən tibb müəssisələrinin rentgen kabinetlərinin fəaliyyəti dayandırılıb. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, təhlükəsizliyin təmin edilməsi məqsədilə rentgen və kompüter-tomoqrafiya müayinələri üçün yalnız “xüsusi icazə” əsasında fəaliyyət göstərən tibb müəssisələrinə müraciət olunmasını tövsiyə edir (həmin müəssisələrin siyahısı ilə bu ünvana daxil olmaqla tanış olmaq mümkündür – https://www.fhn.gov.az/index.php?aze/news/xeber/1/1/1/1000).
Kembric Universitetinin alimləri müəyyən ediblər ki, gündə 11 dəqiqə sürətli yerimək vaxtından əvvəl ölüm riskini azaldır. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, ürək-damar xəstəlikləri bütün dünyada ölümün əsas səbəbidir və xərçəngdən təxminən iki dəfə çox ölümlə nətcələnir. Fiziki fəaliyyət bu vəziyyətlərin baş vermə ehtimalını azalda bilər. Ekspertlər fiziki fəaliyyət səviyyələri ilə ürək xəstəliyi, xərçəng və erkən ölüm riski arasındakı əlaqənin bu günə qədər ən böyük təhlilini təqdim etmək üçün 30 milyondan çox iştirakçının 196 araşdırmasını nəzərdən keçiriblər. Müəlliflər belə nəticəyə gəliblər ki, gündə 11 dəqiqə (həftədə 75 dəqiqə) sürətli gəzinti və ya velosiped sürmək kimi orta intensivlikli məşq ürək xəstəliyi, insult və bəzi xərçəng növləri vaxtından əvvəl ölüm riskini azaltmaq üçün kifayətdir. Xüsusilə, ürək-damar xəstəliklərinin aşkarlanma şansı 17 faiz, xərçəng isə ümumilikdə 7 faiz azalıb. Bəzi xərçəng növləri üçün azalma daha da böyük olub: baş və boyun şişləri, miyeloid leykemiya, miyeloma və mədə kardiya xərçəngi 14-26 faiz daha az diaqnoz qoyulub. Ağciyər, qaraciyər, endometrium, kolon və döş xərçəngi üçün ehtimallar 3-11 faiz azalıb.
"Fastfud qidalar, sosis, kolbasa, hisə verilmiş ət məhsullarından maksimum uzaq durmaq lazımdır. Sadalanan qidalar və enerji içkiləri immun sisteminin bir nömrəli düşmənləridir". Sozcu.az oxu.az-a istinadən xəbər verir ki bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, həkim-terapevt Zakir Quliyev Səhiyyə Nazirliyinin rəsmi "Instagram" səhifəsində immunitet və vitamin çatışmazlığı haqqında danışarkən deyib. İstehlak edilən qidalar arasında immun sisteminə xeyri olmayan məhsullar var ki, immun sistemini zəiflədir: "Enerji içkiləri, digər qazlı, rəngli içkilər, tütün məhsulları immun sisteminə ziyan vurur. Gündəlik həyatda qidalanma zamanı üstünlük verilən məhsullar sağlam olmalıdır. Orqanizmin sadəcə tərəvəzə, ət məhsullarına və ya meyvəyə ehtiyacı yoxdur. Orqanizmin balanslaşdırılmış qidalanmaya ehtiyacı var. Su belə normasında içilməlidir. Ürək, qan-damar sistemi xəstəliyi olan şəxs gündəlik 3-4 litr su qəbul edərsə, bu, ona ziyan verə bilər. Ona görə də orqanizmin zülala, karbohidrata, yağlara və s. digər maddələrə də ehtiyacı var. Biz bədənimizi tanımalı və orqanizmi bütün bu maddələrin ehtiyac olduğu qədəri ilə təmin etməliyik ki, immun sisteminin fəaliyyəti pozulmasın".
Alimlər müəyyən ediblər ki, müntəzəm aspirin istifadəsi xərçəngə tutulma riskini azalda bilər. Sozcu.az xəbər verir ki, yumurtalıq xərçəngi qadınlar arasında ən çox yayılmış xərçəng növlərindən biridir. Hər il dünyada bu xəstəliklə bağlı çoxlu araşdırmalar aparılır. Bunlardan birini bu yaxınlarda avstraliyalı alimlər aparıb və müəyyən ediblər ki, aspirin qəbulu yumurtalıq xərçənginin inkişaf riskini azaldır. Araşdırmanın nəticələri "JAMA" elmi jurnalında dərc olunub. Tədqiqatda müxtəlif xərçəng növlərindən əziyyət çəkən 4476 xəstə, həmçinin 6659 nəfərdən ibarət nəzarət qrupu iştirak edib. Tədqiqatçılar etnik mənsubiyyəti, diaqnoz qoyulma yaşı, xərçəng mərhələsi və histologiyanı nəzərə alıblar. Təhlil zamanı məlum olub ki, aspirindən tez-tez istifadə yumurtalıq xərçənginin inkişaf riskini 13% azaldır. Məqalədə deyilir: "Daimi aspirin istifadəsi, genetik meylliliyin olub-olmamasından asılı olmayaraq, qadınlarda yumurtalıq xərçəngi riskini azaltmağa kömək edə bilər. Ümumilikdə, aspirin qəbul edən qadınların yumurtalıq xərçənginə tutulma riski 13% azdır". Üstəlik, alimlər əmindirlər ki, xərçəngə genetik meyllilik aspirinin qoruyucu təsirini azaltmır. Aspirinin qadınlarda endometriozun gedişatını yüngülləşdirə biləcəyi də göstərilir. Eyni zamanda unutmayın ki, həkim resepti olmadan dərmanların nəzarətsiz qəbulu qadağandır. Bildiyiniz kimi, aspirin bronxospazm, daxili qanaxma, qanda trombositlərin sayının azalması kimi bir çox əks təsirlərə malikdir. (publika)