Redaktor seçimi

143 milyonluq mənimsəmə: 2 hərbçi həbs olundu

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı müxtəlif hərbi hissələrdə çalışmış daha iki maliyyə xidmət rəisi həbs edilib. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi çərçivəsində müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi vəzifəsində çalışmış Cəbrayıl Orucov və Vahid Novruzlu təqsirləndirilən şəxs qismində cəlb edilib. Onların hər ikisi barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. DTX-nin İstintaq baş idarəsi tərəfindən sabiq maliyyə xidmət rəisləri barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib. Bakı Hərbi Məhkəməsi tərəfindən hər iki şəxs barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Hər iki şəxs istintaqı və məhkəmə baxışı davam edən işlər üzrə dövlət büdcəsinə dəymiş ziyanı hazıradək ödəmədiyi üçün barələrində hüquqi məsuliyyət tədbirlərinin görüldüyü məlum olub.

Bakıda “pul paylayan aparat”ın qazaxıstanlı sahibi 28,4 milyon manat qazanıb

“Bank Olmayan Kredit Təşkilatı Azpul” MMC (VÖEN – 1305837121) ötən il üçün maliyyə hesabatını açıqlayıb. Sozcu.az xəbər verir ki, “BOKT Azpul” MMC 2023-cü il ərzində 28 milyon 436 min 837 manat xalis mənfəət əldə edib və bu göstərici 2022-ci illə müqayisədə 8 dəfə artıb. Xatırladaq ki, “BOKT Azpul” MMC 2018-ci ildə “Azpul” MMC adı ilə təsis olunub, daha sonra BOKT-a çevrilib. “Azpul” MMC 2019-cu ildə Bakı şəhərinin bir neçə ərazisində “Azpulmat” adlı aparatlar quraşdırıb. Vətəndaşlar şəxsiyyət vəsiqəsini və barmaq izini daxil etməklə 20 manat məbləğində borc pul ala biliblər. Bu aparatlar quraşdırıldığı zaman ölkə mətbuatında və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. “Azpul” MMC şirkəti qeydiyyatdan keçən zaman hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu Həsən bəy Zərdabi prospekti, ev 89, 3159-cu məhəllədə yerləşib və nizamnamə kapitalı 1000 manat olub. Şirkət BOKT-a çevrildikdən sonra hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 41, məhəllə 1965-ə dəyişdirilib. Şirkətin qanuni təmsilçisi isə dəyişməz qalıb – Vəliyev Tural Gəray oğlu. Qeyd edək ki, 1981-ci ildə Gəncə şəhərində anadan olan Vəliyev Tural Gəncə Dövlət Universitetində təhsil alıb. 2005-ci ildən bank sektorunda fəaliyyət göstərib. Tural Vəliyev “Gəncə  Bank” SKB, “Royal Bank of Baku” ASC-nin Gəncə filialı, həmçinin “Nikoil Bank”ın Gəncə filialında çalışıb. 2009-2014-cü illərdə “Nikoil Bank”ın Gəncə filialının müdiri olub. 2014-cü ildə Bankdakı vəzifəsindən çıxarılıb. Daha sonra “Nikoil Bank” ilə Tural Vəliyev arasında məhkəmə çəkişməsi olub. Tural Vəliyev “Azpul” MMC-ni təsis etməzdən əvvəl – 2017-2018-ci illərdə “Giləzi Quşçuluq” şirkətində mühasib işləyib. Onu da qeyd edək ki, hazırda “BOKT Azpul” MMC-nin yeganə sahibi Qazaxıstan vətəndaşı olan Radostovets Vladimir Nikolayeviçdir. Azərbaycanda böyük biznesə sahib olan bu şəxsin kim olması barədə məlumat açıqlanmır. Açıq internet resurslarda yer alan məlumatlara görə Qazaxıstanda eyni ad, soyad, ata adına sahib olan iş adamının atası – Radostovets Nikolay Vladimiroviç 1999-2000-ci illərdə  ölkənin əmək və əhalinin sosial müdafiə naziri olub.yeniavaz.com)

Zatulin Azərbaycana qarşı inanılmaz HƏYASIZLIQ

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin yenə Azərbaycan əleyhinə danışıb.   Modern.az saytı xəbər verir ki, Konstantin Zatulin Moskvada keçirilən “Lazarev klubu”nun 6-cı iclasında əvəlcə son günlər Ermənistanda baş verən hadisələrə, o cümlədən keşiş Baqrat Srbazanın rəhbərlik etdiyi etiraz aksiyalarına münasibət bildirib, baş nazir Paşinyanı ittiham edib. O bildirib ki, bu gün Ermənistanda Paşinyan hakimiyyəti iki şeyə - hüquq-mühafizə orqanlarının repressiyalarına və erməni xalqına aşılanan “Paşinyan olmasa, müharibə başlayacaq” qorxusuna söykənir.  Konstantin Zatulin sonrakı açıqlaması ilə bir daha təsdiqləyib ki, Azərbaycanın Qarabağın dağlıq hissəsinə nəzarəti tam ələ almasını heç cür həzm edə bilmir.  Rusiyalı deputat həyasızcasına bildirib ki, guya Qarabağ ərazisindəki “erməni kilsələri” albanlaşdırılır. Zatulin Azərbaycanda yaşayan udinlərin Qarabağdakı alban kilsələrinin qanuni varisləri kimi təqdim edilməsinə qarşı çıxıb. O bildirib ki, Qarabağdakı alban kilsələri guya, əslində, erməni kilsələridir.  K.Zatulin Kəlbəcər rayonu ərazisindəki Xudavəng monastırı barədə də danışaraq, erməni təəssübkeşliyini daha da qabardıb.  “2020-ci ildə sülhməramlılarımız Qarabağa daxil olarkən, erməni tərəfinin xahişi ilə Dadivank monastırında (Xudavəng monastırını nəzərdə tutur – red.) xüsusi post yaradılmışdı. Erməni tərəfi bu monastırın qorunub saxlanmasının vacibliyində təkid edirdi. Bu gün bilirsiniz ki, artıq orada sülhməramlıların postu yoxdur və bu monastırın adı artıq dəyişdirilib, Azərbaycan transkripsiyasında başqa adla gedir. Bu, mədəni və tarixi irsə qarşı birbaşa cinayətdir və hesab edirəm ki, məsələ mütləq bizim yekun bəyanatımıza daxil edilməlidir”, - deyə rusiyalı deputat sərsəmləyib. Konstantin Zatulinin sərsəmləməsinə münasibət bildirən siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, Rusiya Dövlət Dumasının deputatı Azərbaycana qarşı ənənəvi təxribatçı fikirlərindən əl çəkmək istəmir. “Ümumiyyətlə Rusiya ilə Ermənistanın birgə təsis etdikləri “Lazarev klubu” erməni separatizminə və “Qarabağ klanı”na dəstək verən başlıca müzakirə platformasıdır. Zatulin deyib ki, guya Qarabağ ərazisində “erməni kilsələri” albanlaşdırılır. Amma həmin kilsələr elə əvvəldən də alban kilsələri idi. Zatulin “erməni kilsələrinin albanlaşdırılmasını” tarixi irsə “cinayət” kimi qiymətləndirməklə böyük səhvə yol verir”. E.Şahinoğlu deyib ki, Zatulinin erməni kilsəsi haqqında danışması təsadüfi deyil.  “Görünür, Zatulin erməni kilsəsinin “irsi” haqqında danışmaqla bu gün İrəvanda hakimiyyətlə kilsə arasındakı mübarizədə ikinciyə dəstəyinə işarə etmiş olur. Zatulin hiyləgər və təhlükəli siyasətçidir. “Rusiyanın Xankəndidə konsulluq xidmətinin açılması” təklifinin ideya müəllifinin də Zatulin olduğuna təəccüb etmərəm, sadəcə, mövzunu həmkarı Qriqori Karasin vasitəsilə gündəmə gətirib ki, bu, Azərbaycanda etiraz doğurmasın”.  ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli deyib ki, Konstantin Zatulin 2-3 dəfə Nikol Paşinyanı təhqir etdi deyə, Bakıdakı bəzi "ekspertlər" az qala onu Azərbaycanın dostu elan etdilər.  “Onu Azərbaycanın dostu elan edənlərin arasında bəzi deputatlar da var idi. Amma rusların xisləti dəyişməz, ümumiyyətlə, Rusiyanı son 4 ildə urvatsız etdiyimiz addımlara görə bizə cavab verməyə çalışırlar - Xankəndidə konsulluq istəyi də bu qəbildəndir. Rusiya Qarabağdakı separatçı rejimin dövründə Xankəndi və ərtafında yaşayan ermənilərə pasport paylayıb. Keçən il öz istəyi ilə Qarabağı tərk edən ermənilərdən 30 minə yaxınının Rusiya pasportu - vətəndaşlığı var.  Kremlin konsulluq xidməti Xankəndidə fəaliyyətə başlayan kimi həmin şəxslərin "hüquqlarını quruyuruq" nağıllarına başlayıb bizə problem yaratmağa çalışacaq.  O ki, qaldı indi İrəvanda davam edən "keşiş əməliyyatına" və Kremlin "erməni kilsəsi" sevgisinin qabarmasına, Kreml Moskvaya bağlı adamların, Köçəryan-Sarkisyan komandasının "siyasi impotent" olduğunu bilir deyə, indi ermənilər arasında az-çox hörməti olan kilsəyə "stavka" edir – çünki kilsə xadimlərinin çoxu da elə "KQB"dən çıxıb”. 

“Ölüm qrupu”: Azı 100 bal artacaq? - Tələbə olmaq istəyənlərin diqqətinə!

Bu il 85 min nəfər tələbə olmaq üçün müvafiq imtahanlara qatılıb. Təhsil ekspertləri həm say, həm də imtahan göstəriciləri baxımından bu il keçid ballarının artacağını vurğulayırlar. Əsas ehtimal isə 1-ci qrupda 100 bala qədər artımın olması ilə bağlıdır. Mütəxəssislər bu qrupu hətta “ölüm qrupu” da adlandırır.  Bəs bu iddiaların reallaşması mümkündürmü? Təhsil eksperti Cahid İmanlı səsləndirilən iddialara aydınlıq gətirib. O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu haqda deyilənlər həqiqəti əks etdirmir: “Bu il ali məktəbə qəbul olmaq üçün ən çox sənəd verənlər 1-ci qrupdadır. Amma eyni zamanda bu qrupda ixtisas sayı da çoxdur.  Ona görə demək olmaz ki, 1-ci qrupda keçid balları maksimum dərəcədə qalxacaq. Əslində, ötən illərlə müqayisədə ən çox artım 3-cü qrupda olub. Hazırkı ehtimal da bu istiqamətdədir. Balların artma statistikasına gəlincə, burada ilk sıranı 3-cü qrup tutacaq. 2-ci yerdə isə birinci ixtisas qrupu olacaq. 3 və 4-cü yerləri ikinci və dördüncü ixtisas qrupu paylaşacaq. Amma balların 100 bala qədər artma ehtimalı qətiyyən düzgün ehtimal deyil”.  Ekspert keçid ballarının ən çox 50 artacağını da qeyd edib: “Qəbul imtahanı iki mərhələdən ibarətdir. Birinci mərhələ artıq başa çatıb. Keçən ilə nisbətən buraxılış ballarının orta hesabla 20 bal qalxması məlumdur. Birinci blok imtahanı keçirilsə də, nəticələri heç də ürəkaçan deyil. Blok imtahanlarının buraxılış imtahanlarına nisbətən çətin olması və keçən ilə nisbətən yüksəkballı ixtisasların olmaması bu ildə ciddi bal artımı gözlənilmir. Bəzi ixtisaslarda ən maksimum bal artımı 50-ə qədər ola bilər.  Müəyyən səbəblərə görə, yaxud daha dəqiq desək, Qarabağ universitetində yaradılan şəraitlə əlaqədar olaraq, oradakı bütün ixtisasların keçid balları arta bilər. Eyni zamanda, Sumqayıt Dövlət Universitetinə bu il 500 baldan çox göstərici ilə qəbul olanlara güzəştlərin verilməsinə görə buradakı plan yerlərindəki müəyyən ixtisaslara balların yüksələcəyi istisna olunmur. Ümumi yox, amma ayrı-ayrı subyektiv səbəblərə görə,  bal artımı gözlənilə bilər”. 

Baş Qərargah rəisi: Silah götür, Azərbaycanın üstünə gedək

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryana guya Azərbaycan ordusunun Göyçə istiqamətində bu ölkəyə məxsus əraziləri götürməsi ilə bağlı təxribatçı sual verilib. Sozcu.az Teleqraf.com-a istinadən xəbər verir ki, general jurnalistin niyə Azərbaycan qüvvələrinin həmin ərazilərdən geri çəkilməməsi ilə bağlı sualına sərt reaksiya göstərib. Asryan sualı verən jurnalistə bunu silah götürüb şəxsən onun etməsini tövsiyə edib: “Siz şəxsən silah götürün, yanımda dayanın, birlikdə gedək”. Jurnalist təxribatçı sualı təkrarlayanda Baş Qərargah rəisi deyib: “Sənə dediklərimə qulaq as. Başqa nə cavab verməliyəm? Məni məcbur eləmə, məni əsəbiləşdirmə”.

"Hər gün sülh müqaviləsini imzalamaq üçün gözəl fürsətdir" - Paşinyan

"Hər gün sülh müqaviləsini imzalamaq üçün gözəl fürsətdir". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin Daimi Komitələrinin birgə iclasından sonra jurnalistlərə deyib. "Problem ondadır ki, sülh müqaviləsinin mətni üzrə razılaşmalar əldə edilməlidir. Ümid edirəm ki, razılaşmalar əldə olunacaq, daha doğrusu, o razılaşmalar 2022-ci il oktyabrın 6-da Praqada, daha sonra Soçidə, Brüsseldə əldə olunub. Əsas prinsiplər razılaşdırılıb, onları sülh müqaviləsinin mətnində təkrarlamaq qalır. Düşünürəm ki, bir günə o işi bitirmək şansımız var. Deyə bilərəm ki, indi atmosferdə ciddi dəyişiklik var, lakin bu, hələ ki, finişə çatdığımız anlamına gəlmir, imza atmaq qalır", - deyə Paşinyan qeyd edib.

Azərbaycan “infarkt lideri”dir - Ölüm sayına görə yalnız Tacikistandan geri qalır

Azərbaycan ürək-damar xəstəliklərindən ölüm hallarına görə dünyada ikinci yerdədir. Sozcu.az xəbər verir ki, “World Statistics” resursunun hesabatında belə deyilir. Dərc olunan cədvəldən görünür ki, ölkəmiz hər 100 min nəfərə 388 ölüm faktı ilə yalnız Tacikistandan geri qalır. O da cəmi bir ölüm faktı fərqi ilə. Tacikistanda bu göstərici 389-dur. İlk onluğa Özbəkistan (354 ölüm), Ukrayna (305 ölüm) və Belarus (282 ölüm) da daxildir. Siyahıda Rusiya 27-ci, Qazaxıstan 35-ci, İran 54-cü, Türkiyə isə 117-ci yerdədir. Yaponiya, Fransa və Cənubi Koreya daha az riskli ölkələr kimi sıralanır və reytinqdə ən aşağı üç yeri tutur: 181-ci, 182-ci və 183-cü. Bu statistika Azərbaycanda səhiyyə sistemindən tutmuş sosial həyata qədər vəziyyətin necə olduğuna dair müəyyən təsəvvür yaradır.“AzPolitika.info” 

Sabiq baş nazirin partiyası Gürcüstan prezidentinin təklifini DƏSTƏKLƏDİ

Gürcüstanın keçmiş baş naziri Georgi Qaxariyanın “Gürcüstan naminə” Partiyası prezident Salome Zurabişvilinin təklif etdiyi “Gürcüstan Xartiyası”nın prinsiplərini dəstəklədiyini bəyan edib. Sozcu.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu deputat Mixail Dauşvili bildirib. Bununla belə, onun sözlərinə görə, lakin bəzi suallar var. Deputat bildirib ki, “Gürcüstan naminə” öz qərarını əlavə məsləhətləşmələrdən sonra açıqlayacaq.  Xüsusilə Qaxariyanın partiyasında müvəqqəti texniki hökumətin formalaşdırılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məqamlara aydınlıq gətirilməsini zəruri hesab edirlər.  Dauşvili həbsdə olan eks-prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası ilə hər hansı koalisiyadan imtina etdiklərini də bəyan edib.

Qurban bayramında neçə gün qeyri-iş günü olacaq?- 5 gün...

İyun ayında Milli Qurtuluş Günü və Qurban bayramı ardıcıl olacaq. Sozcu.az xəbər verir ki, 15 iyun – Qurtuluş günü, 16 və 17 iyun isə Qurban bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bayram günündən sonrakı iş gününə keçirilir. 15-16 iyun tarixləri şənbə və bazar olduğu və bayram günlərinə düşdüyü üçün 18 və 19 iyun tarixləri də qeyri-iş günləri olacaq. Yəni 15, 16, 17, 18 və 19 iyun – ardıcıl 5 gün qeyri-iş günləridir.

Keçmiş qondarma “merlər” Ermənistanda tutuldu

Qarabağ separatçıları Ermənistanda həbs olunub. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Xankəndi və Ağdərə keçmiş qondarma “merləri” David Sarkisyan və Mişa Qürdcan Ermənistanda tutulub. Onlar korrupsiya əməlləri törətməkdə və nəqliyyat vasitələrini mənimsəməkdə təqsirləndirilirlər. Qeyd edək ki, daha əvvəl Əsgəranın keçmiş “mer”i Ayk Şamiryan da eyni ittihamla saxlanılıb.

Paşinyanın helikopteri məcburi eniş etdi

Ermənistan Baş naziri Nikol Paşinyanın helikopteri Vanadzor stadionuna məcburi eniş edib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Teleqram kanalları məlumat yayıb. İlkin məlumata görə, baş nazir Paşinyan Taşirə gedirmiş.

Azərbaycan nə qədər ərazini geri qaytardı? - Rəsmi

Azərbaycan və Ermənistan arasında delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xətti müəyyən edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş nazirin müavini Şahin Mustafayevin xidmətinin yaydığı məlumatda qeyd olunub. "Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin olunub", - məlumatda bildirilib.