Redaktor seçimi

Hərbçilərimiz Aralıqda keçirilən təlimdə iştirak etdilər

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu Aralıq dənizinin şərqində keçirilən "Kurtaran - 2024" sualtı axtarış və xilasetmə təlimində iştirak edib. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Təlimdə axtarış-xilasetmə gəmiləri tərəfindən qəzaya uğramış sualtı qayığın robotlar vasitəsilə axtarışı, vəziyyətin qiymətləndirilməsi, dalğıclar vasitəsilə heyətə qida və tibbi ləvazimatın ötürülməsi, onların xüsusi avadanlıqlarla xilas edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Həmçinin qəzaya uğramış gəminin su üzərində köməyə ehtiyacı olan heyətinə təyyarələrdən lazımi ləvazimatların atılması, dənizə paraşüt atlayışlarının icra edilməsi ilə heyətin təxliyə olunması üzrə fəaliyyətlər də yüksək peşəkarlıqla həyata keçirilib. "Kurtaran - 2024" beynəlxalq təlimində 17 ölkədən 52 nümayəndə iştirak edib.

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində hazırda həbsdə olan Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov dindirilib. Qeyd edilib ki, Məlikməmməd Qurbanov Müdafiə Nazirliyndə baş verən 143 milyon manatlıq yeyinti cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan istintaq zamanı məsuliyyətə cəlb olunub. Sonradan onun barəsində olan cinayət işi ayrıca icraata götürülüb və hazırda cinayət işinə məhkəmədə baxılır. Sabiq idarə rəisi ifadəsində bildirib ki, işlədiyi dövrdə 2 dəfə Maliyyə və Büdcə İdarəsinin rəisi işləmiş Nizami Məmmədova pul verib: “Nəcməddin Sadıqov məni kabinetinə çağıraraq 2018-ci ildə 300 min, 2019-cu ildə isə 500 min manat verdi ki, Nizami Məmmədova çatdırım. Mən də onun tapşırığını icra etmişəm. Bu pulun hansı səbəbdən verilməsindən xəbərim olmayıb. Mən baş qərargah rəisinin göstərişlərini icra etmişəm. Hansı şirkətlərlə bağlı müqavilə bağlamaq lazımdır, buna da baş qərargah rəisi göstəriş verib. Şirkətlərdən gələn təklifləri, eyni zamanda bağlanan müqavilələrlə bağlı baş qərargah rəisinə məruzə etmişəm. Baş qərargah rəisi də məni çağırıb deyirdi ki, hansı şirkətlə müqavilə bağlamaq olar, hansı ilə olmaz. Şirkətlərlə bağlı komissiya 12 nəfərdən ibarət olub. Burda bir neçə nazirliyin nümayəndəsi təmsil olunub. Komissiyanın sədri isə mənim müavinim idi. Tenderlərdə əsasən “Azərsun Holdinq” və onun törəmə şirkətlərinə iştirak etmək icazəsi verilib”. Məlikməmməd Qurbanov bildirib ki, Nizami Məmmədovun satınalma və təchizata heç bir aidiyyəti olmayıb: “Nizami Məmmədov şirkətlərlə bağlanan müqavilələrdə iştirak etməyib. 2015-2019-cu illər ərzində nazirlik tərəfindən ümumilikdə şirkətlərdən 19 milyon 600 min manat pul alınıb. Həmin illərdə pullar ən çox “Azərsun Holdinq”dən alınıb”. General Nizami Məmmədov şahidin ifadəsinə münasibət bildirərək qeyd edib ki, satınalma ona aidiyyatı olmayan bir sahədir: “2023-cü ilin iyulunda bu məsələ ilə bağlı mənə yeni ittiham verdilər. Əgər Məlikməmməd Qurbanovun dediyi pulu alsaydım, danmazdım, deyərdim. Nəcməddin Sadıqovun mənə nə borcu var idi, nə tabeçiliyi. Nə də məndən qorxusu var idi ki, mənə o qədər pul göndərsin. Mən Maliyyə və Büdcə İdarəsinə rəis gələnə kimi, üzr istəyirəm ora “bazar” idi. Mən gələndən sonra satınalma ilə bağlı məsələləri yığışdırdım. Daha hər hansı şirkət müdiri yanıma gələ bilməzdi. “Azərsun Holdinq”in nümayəndəsi ifadə verib ki, guya mənə pul verib, məni tanıyır. Gəlsin, desin ki, Nizami Məmmədovu tanıyıram”. Prosesdə Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin suallarını cavablandıran Məlikməmməd Qurbanov şirkətlərdən gələn faizlərin kimlərə verilməsi ilə bağlı suallara cavab verməkdən imtina edib. Məhkəmədə şirkət rəhbərləri Azər Rəsulov və Hüseyn Əliyev də dindirilib. Şirkət rəhbərləri Müdafiə Nazirliyi ilə 670 min manatlıq müqavilə bağladıqlarını təsdiq ediblər. Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi işləmiş, hazırda həbsdə olan Fikrət Mirzəyev bu iş üzrə şahid qismində ifadə verib: “Bizim idarə Müdafiə Nazirliyinin hərbi hissələrində təmir-tikinti işləri ilə məşğul olub. Tapşırıqları əsasən Nəcməddin Sadıqovdan alırdıq. Müdafiə Nazirliyi daimi iş görmə qabiliyyətinə bələd olduğu şirkətlərlə işləyirdi. Hansı şirkətlə işləməyimizi Baş Qərargah rəisi məsləhət görürdü”. Məhkəmə prosesi mayın 3-də davam edəcək. Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verildi

“Bilirsiniz ki, üçtərəfli bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi”. Sozcu.az xəbər verir ki, bunu APA-ya geniş müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov “Vətən müharibəsində itkin düşmüş 6 hərbçinin tapılması üçün hansı işlər görülür?” sualına cavab olaraq deyib. O bildirib ki, hətta valideynlərin istəyi nəzərə alınaraq, onlar da axtarış-araşdırma işlərinə cəlb edilib. Lakin aparılan axtarışlar nəticə verməyib və həmin şəxslər itkin düşmüş şəxslər kimi Dövlət Komissiyasında qeydiyyata alınıblar: “Qanunvericiliyin tələblərinə əsasən, onlara artıq şəhid statusu verilib. Buna baxmayaraq, bu məsələ heç vaxt gündəlikdən düşməyib, düşməyəcək də… Həm Vətən müharibəsi dövründə itkin düşən 6 nəfərin, həm Vətən müharibəsindən sonra Laçın istiqamətində itkin düşmüş 2 əsgərimizin taleyinin müəyyən olunması qarşımızda duran əsas vəzifələrdən biridir”.

"Dövlət orqanlarına girib, hər kəsi güllələmək istəyirdim"

Deputat Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahid qismində DİN-in əməliyyat qrupunda iştirak edən əməkdaşı ifadə verib. "Rəşad Əhmədovun psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduqdan sonra dərhal mənim rəhbərlik etdiyim əməliyyat qrupu yaradıldı. 2023-cü il aprelin 14-də Ələt qəsəbəsində əməliyyat keçirdik, Rəşad Əhmədov şübhəli şəxs qismində saxlanıldı", - o bildirib. Daha sonra hakim işdə olan sənədlərin tədqiqi mərhələsinə başlanıldığını elan edib. Azər Səricanov deyib ki, Fazil Mustafanı cəzalandırmaq istəyiblər: "Fazil Mustafanın dini çıxışlarına etiraz edib, buna görə də onu cəzalandırmaq istəyirdik. Sonra başqa dövlət orqanlarına da silahla girib, hər kəsi güllələmək istəyirdim". Sonra onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilib. Azər Səricanov 2 iyun 2023-cü il tarixdə istintaqa verdiyi ifadəsində bildirib ki, Rəşad Əhmədovu 2023-cü ildə tanıyıb: "Rəşada kərə yağı sata biləcəyimi söylədim, razılaşandan sonra hər 10-15 gündən bir 15-20 kiloqram çəkidə kərə yağı vermişdim. Bu münasibətlərlə bağlı əlaqələrimiz daha da yaxşılaşıb. Təxminən 2023-cü ilin yanvar ayında Rəşadla söhbət edən zaman sərhədyanı ərazilərdə əsgərlikdə olduğunu dedi. Ondan həmin əraziləri yaxşı tanıyıb-tanımadığını soruşdum. O da yaxşı tanıdığını söylədi. Rəşada lazım olsa, sərhəddən qeyri-qanuni yollarla İrana adam keçirə bilib-bilməyəcəyini soruşdum. Rəşad da mənim üçün bunu edə biləcəyini bildirdi. Nə üçün bunu soruşduğumu maraqlandıqda ona həmin vaxt heç nə demədim". A.Səricanov həmçinin istintaqda deyib ki, həmin zaman da Fazil Mustafaya qarşı terror aktı törətmək üçün plan qurmaqla məşğul olub. Bununla əlaqədar, Rəşad Əhmədova Fazil Mustafa ilə bağlı sosial şəbəkələrdə olan paylaşımları tapmasını və özündə fikir formalaşdırılmasını tapşırıb. Onun sözlərinə görə, görüşlərində Fazil Mustafa ilə bağlı danışanda Rəşad özü də onun fikirləri ilə razılaşmadığını bildirib: "Əsas məqsədim Rəşadda Fazil Mustafaya qarşı nifrət və kin oyatmaq olub. Daha sonra həmin ərəfələrdə Rəşada açıq olaraq Fazil Mustafanı cəzalandırmaq niyyətində olduğumu açıqladım. O özünün Valeh adlı uşaqlıq dostunun İranda “Hüseyniyyun” təşkilatı ilə əlaqəsinin olduğunu bildirdi. Mən də Fazil Mustafaya qarşı sui-qəsd törətmək fikrimin olduğunu, bu cinayətdə iştirak edən şəxslərin İranda himayə olunması üçün Rəşada Valehlə gedib danışmasını və bu işdə iştirak edə biləcək adamları Rəşadın qeyri-qanuni yollarla İrana keçirməsini istədim. Rəşad da Fazil Mustafaya qarşı həyata keçirilməli olan sui-qəsddə iştirak edən adamları qeyri-qanuni yollarla İrana keçirməyinə və İrana gedib Valehlə bu məsələni danışacağına söz verdi". Məhkəmənin növbəti iclası mayın 10-a təyin edilib. Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sərucanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.

Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının barəsindəki hökmdə verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb. Sozcu.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin edilməyib və barəsində çıxarılan birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri ittiham verilib. Bakı Ağır Cinayətlər Məhkəməsin hökmü ilə Əvəz Zeynallı 9 il müddətə azadlıqdan məhrum edilib.

İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə - Vakansiya seçimi mərhələsi başlayır

Aprelin 23-də müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə başlanılacaq. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Sozcu.az-a bildirilib ki, qeyd olunan tarixdə keçiriləcək vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər iştirak edə bilərlər. Vakansiya seçimi üçün elektron sistem aprelin 29-u saat 11:00-dək aktiv olacaq. Xatırladaq ki, aprelin 17-dən 19-dak keçirilmiş vakansiya seçimi mərhələsində 14 nəfər şəhid ailəsinin üzvü olan müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.

MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik

Müdafiə Nazirliyinin (MN) mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin (HDQ) maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Şahid Ülvi Ziyadzadə bildirib ki, təftiş dövründə Müdafiə Nazirliyinin hərbi hissələrindən birində maliyyə xidmət rəisi işləyib. İşlədiyi hərbi hissədə yoxlama zamanı 100 min 814 manat mənimsəmə olub. Onun sözlərinə görə, pulları icazəsiz 5-6 nəfərin adına olan bank kartlarına köçürsə də, həmin şəxslərin o pullardan xəbərləri olmayıb: “İşlədiyim müddətdə 3 dəfə təftiş olmuşdu. Yoxlamaya Azər Məmmədov, Rüfət Quliyev və Nurlan gəlmişdi. Təftiş zamanı aşkarlanan çatışmayan məbləğin 60-70 faizini onlara verirdik. Mənə cəmi 18 min 314 manat pul qalıb. Onu da büdcəyə qaytaracam”. Təftiş vaxtı MN-in Hərbi Kənd Təsərrüfatı Müəssisəsinin rəisi işləmiş Əliyar Səfərəliyev deyib ki, bu vəzifəyə onu 2013-cü ildə MN-in Maddi Texniki Təminat (MTT) Baş İdarəsindən təyin ediblər: “Əkdiyim məhsullar əldə qalıb yanırdı, ona görə də pul verirdim. Nazirlik ilə Maştağada Kənd Təsərrüfatı Müəssisəsinin rəisi işləyən Zahid danışır, pul məsələlərini o həll edirdi. Müdafiə Nazirliyinə satdığımız məhsuldan aldığımız pulun 3 faizini idarəyə, Akif Umudova qaytarırdıq. Məhsulu təhvil verəndən 15-20 gün sonra pulunu alırdıq. Bəzən gecikdirirdilər, biz də pulun vaxtında ödənilməsi üçün məbləğin 3 faizini Akif Umudova verirdik”. Şahid Ə.Səfərəliyev istintaqda ifadəsində isə bildirib ki, hər dəfə məhsulun satışından aldığı pulun 3 faizinin Nizami Məmmədova çatdırılması üçün Akif Umudova verib. Ümumilikdə MTT-yə 108 min manat pul qaytarıb. Müttəhim Nizami Məmmədov etiraz edərək bildirib ki, satınalma ilə bağlı istintaqda üzləşmə olmayıb, bu məsələni ittiham aktını oxuyanda bilib. “Satınalma ilə bağlı Mahir Şirvanov, Məlikməmməd Qurbanov və Akif Umudovla görüşmüşəm. Kənd Təsərrüfatı Müəssisələri MTT-nin tabeliyində olub. Müdafiə Nazirliyinin Maliyyə İdarəsi heç bir təşkilatla müqavilə bağlamayıb. Bunların satınalma ilə bağlı ifadələri şablondur. Bunların dediyi 3 faizin bizə aidiyyəti yoxdur”, - N.Məmmədov bildirib. Şahid Rəşad Əhmədovun sözlərinə görə, direktor müavini olduğu mətbəx avadanlıqlarının təmiri ilə məşğul olan şirkət Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsi ilə müqavilə bağlayıb və hərbi hissələrin mətbəxində təmir işləri həyata keçirib. “Mətbəx avadanlıqlarının təmiri çətin iş olduğu üçün onu hər şirkət üzərinə götürmürdü. Müqavilə əsasında hərbi hissələrin mətbəxlərində xarab olmuş avadanlıqları təmir edirdik. Pulun gecikdirilməməsi üçün hər dəfə Akif Umudova 3 faiz “otkat” verirdik”, - R.Əhmədov deyib. İclasda şahid qismində ifadə verən “Bakıxanov Trikotaj” ASC-nin direktoru İxtiyar Rəsulov deyib ki, işlədiyi müəssisə Müdafiə Nazirliyinin sifarişi ilə geyim istehsal edib. Bu məsələ ilə bağlı nazirliyin MTT idarəsi ilə müəssisənin əvvəlki mühasibi əlaqədə olub. Həmin şəxs vəfat edib. “Pulumuzu gecikdirimişdilər, ala bilmirdik. Mən məcbur olub nazirliyin əməkdaşı Akif Umudovla əlaqə saxladım. İşçilərin maaşını verə bilmədiyimizi deyərək təhvil verilən sifarişlərin pulunun ödənilməsini istədim. Nazirlik ilə 2015-2022-ci illərdə 6 milyon 822 min manatlıq müqaviləmiz olub”, - şahid deyib. İ.Rəsulov istintaqa verdiyi ifadəsində yerinə yetirdikləri sifarişlərin pulunun vaxtında çatdırılması üçün Akif Umudova 26 min manat “otkat” verdiyini bildirib. Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə dövlətə dəymiş ziyan ümumilikdə 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı artıq ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb./Report

Rusiya bu saytları da blokladı

“Roskomnadzor” “Moskva Post”, “Polit.ru”, “Russkiy Kriminal” və “Kompromat-Qrup” saytlarını bloklayıb. Sozcu.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, saytlar dəfələrlə saxta məlumatlar dərc etməkdə ittiham olunur. Qeyd edək ki, dünən “Roskomnadzor” “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatının saytına Rusiya ərazisində qadağa qoymuşdu.

Rusiyadan iddia: “Sülhməramlılar yaxınlarda yenidən qayıdacaq”

"Azərbaycanın “Laçın dəhlizi”nə nəzarətinin bərpa olunmasından sonra Rusiya sülhməramlılarının Qarabağda qalması məntiqli olmazdı". Sozcu.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Kirill Averyanov “İzvestiya”ya deyib. “Düşünürəm ki, sülhməramlıların çıxarılmasına baxmayaraq, Rusiya Cənubi Qafqazda vəziyyətin əsas moderatoru kimi qalacaq və çox güman ki, yaxın gələcəkdə Rusiya sülhməramlılarını yenidən həmin regionda (Cənubi Qafqaz) görəcəyik. Xüsusilə hamılıqla tanınmış Ermənistan-Azərbaycan sərhədi boyunca (erməni tərəfində - red.) yerləşdirilə bilər”, - ekspert bildirib. Averyanov hesab edir ki, bunun baş verməsi üçün Ermənistan rəhbərliyi qərbyönümlü kursunu dəyişməli və real müdafiəçisinin Rusiya olduğunu qəbul etməlidir.

Rusiyanın Qarabağ planı necə pozuldu? - Açıqlama

“Rusiyanın sülhməramlı kontingenti nəhayət ki, ərazilərimizi tərk edir. Ötən ilin sentyabrında Azərbaycanın keçirdiyi antiterror əməliyyatından sonra ərazilərimiz tam şəkildə Azərbaycan Ordusunun nəzarətindədir və problem həll olunub. Bundan sonra rus hərbçilərinin ərazidə qalmasına ehtiyac yox idi. Üçtərəfli Birgə Bəyanatın müddəasına əsasən, Rusiya hərbi kontingenti 2025-ci ilədək Qarabağda qalmalı idi. Amma Rusiya o tarixdən də sonra hərbçilərini buradan çıxmaq niyyətində deyildi. Kremlin planı o idi ki, sülhməramlılar bölgəni tərk etməsinlər”. Bakupost.az xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, ruslar guya ərazidə minatəmizləmə əməliyyatında Azərbaycana kömək etməyə çalışırdılar: "Tina təmizləmək əməliyyatlarında iştirak etməklə guya fəaliyyətlərinin olduğunu, onlara ehtiyac duyulduğunu göstərmək istəyirdilər. Məqsəd bəlli idi. Getmək istəmirdilər. Amma belə olmadı. Azərbaycanın tələbi və uğurlu diplomatik danışıqlar nəticə verdi. Bu, rəsmi Bakının növbəti uğurudur”.

Daha bir gənc valideynlərini öldürdü - Azərbaycanda dəhşət

Aprelin 19-da Sumqayıt şəhəri ərazisində 2 nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Baş Prokrorluğun Mətbuat xidmətindən Sozcu.az -a bildirilib ki, araşdırmalarla 2000-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası Hakim Məmmədov və anası Zərifə Məmmədovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsilə cinayət işi başlanıb, F.Məmmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı

Qarabağa müvəqqəti yerləşdirilmiş Rusiya hərbi kontigentindən 294 nəfər, biri qadın olmaqla regionu tərk edib. Sozcu.az Musavat.com-a istinadən xəbər verir ki, hazırda sülhməramlı qüvvələrin ikinci partiyasının bölgədən çıxmasına hazırlıq gedir. Eyni zamanda, onların çıxarılan hərbi texnikası və ləvazimatlarının siyahısı da açıqlanıb: 1. Böyük hərbi çadır - 3 ədəd 2. Hamam - 1 ədəd 3. Çamaşırxana - 1 ədəd 4. Sanitar qovşaq - 1 ədəd 5. BTR-26 ədəd 6. KAMAZ Punkt - 3 ədəd 7. URAL Punkt - 2 ədəd 8. KAMAZ yanacaq - 2 ədəd 9. KAMAZ yanğınsöndürən - 1 ədəd 10. KAMAZ kran - 1 ədəd 11. KAMAZ qoşqu - 1 ədəd 12. KAMAZ sanitar - 1 ədəd 13. UAZ-3 ədəd 14. Qoşqu - 5 ədəd 15. 2 klasnı (sərnişin) vaqon (AR-na məxsus) 16. 17 platforma 17. 1 kriti vaqon.