Erməniəsilli şəxs Azərbaycan dilində danışdı: "Hər şey qəşəngdir"

Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsindən bu gün keçid edən daha bir erməniəsilli şəxs sərbəst keçidin təmin olunmasından razılığını bildirib. Sozcu.az Report-a istinadən xəbər verir ki, o, bu barədə azərbaycanlı jurnalistlərə açıqlamasında deyib. Erməniəsilli şəxs azərbaycanlı jurnalistlərin “Necə idi? Sizə hər hansı bir maneə yaradıldımı?” sualına Azərbaycan dilində “qəşəng” deyərək cavab verib.

MN ermənilərin yaydığı bu xəbəri təkzib etdi

Avqustun 23-ü saat 01:05-dən 02:00-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. "Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd olunub.

Qanunsuz erməni silahlı dəstələrinin 30-dək texniki müşahidə vasitəsi sıradan çıxarılıb

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat fəaliyyətlərini həyata keçirmək məqsədilə Qarabağ iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın ərazilərdə texniki müşahidə və dinləmə vasitələri quraşdırıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. "Hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin edilməsi məqsədilə avqustun 21-də görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus 30-dək texniki müşahidə və dinləmə vasitəsi sıradan çıxarılıb. Bölmələrimiz tərəfindən bu istiqamətdə fəaliyyətlər davam etdirilir", - məlumatda qeyd edilib.

Baş separatçı Araik Ağdam yolu ilə Xankəndinə ərzaq aparmağa hazırlaşır...- "Pastİnfo"

"...Bu komanda yaxın günlərdə, sabah və ya biri gün Azərbaycan tərəfi ilə görüşə getməyə hazırlaşır. Çox güman ki, görüş Azərbaycanın Bərdə şəhərində baş tutacaq..." Baş separatçı Araik Arutyunyan yaxın günlərdə Ağdam-Xankəndi yolu ilə Yuxarı Qarabağın haykların məskunlaşdırıldığı hissəsinə ərzaq idxal etməyə hazırlaşır. Bu prosesdə onu "səhra komandiri" Karen Matevosyanın rəhbərlik etdiyi qondarma “milis” –“xalq müdafiə dəstəsi” dəstəkləyir. Sozcu.az xəbər verir ki, “PastInfo”-nun Xankəndindəki mənbələrinə istinadla yaydığı məlumata görə, bu qərarla razılaşmayanların hamısı 44 günlük müharibədən dərhal sonra Arutyunyanın özü tərəfindən uzaq hədəfləri olan gündəlik savaş üçün yaradılan və silahlandırılan Karen Matevosyanın rəhbərlik etdiyi qondarma “milis” üzvləri tərəfindən qorxudulur və döyülür.  “Artıq onların vaxtı çatıb. Artıq aydın olduğu kimi, Artsax hakimiyyəti qəti addımlar atmağa hazırlaşır, ona görə də qondarma “hərbi qüvvələr” hazır vəziyyətdədir. Dünəndən etibarən Artsaxın bütün fəal xalqı öz narahatlığını ifadə edib. “Facebook”a və ya sosial şəbəkələrə istifadəçilər tərəfindən susmaqla hədələnmələri haqda silsilə mesajlar daxil olub.”Mən tabe olmamışam, məni döyüblər. Karen Matevosyan bu gün “Facebook”da canlı yayımda hər kəsə xəbərdarlıq edib ki, təhdidlər dayanmayacaq”-istifadəçilər  belə yazıb.  Erməni nəşri yazır ki, vəziyyətdən çıxış üçün iki yol var: ya Arayik Arutyunyan dərhal istefa verməlidir, ya da Ağdam  vasitəsilə Qarabağdakı hayklara ərzaq çatdırılacaq. “Arutyunyan istefa vermək fikrində deyil, ona görə də Ağdam vasitəsilə ərzaq gətirilməsi məsələsi gündəmdədir. O, yaxın günlərdə həyata keçirilməlidir”, - deyə məlumatda bildirilir.  “Artsaxda hökumətyönlü komanda yaradılıb və bu komanda yaxın günlərdə, sabah və ya biri gün Azərbaycan tərəfi ilə görüşə getməyə hazırlaşır. Çox güman ki, görüş Azərbaycanın Bərdə şəhərində baş tutacaq. Bütün bunların reallaşması üçün Arayik Arutyunyan sərt tədbirlərə, Artsaxda zorakılığa əl atmaq qərarına gəlib. Artsaxda onlar çox ciddi qorxurlar ki, əgər Arutyunyan ən azı bir dəfə "Ağdam vasitəsilə ərzaq idxal etməyi bacarır” desə, qalan vaxtda bu proses heç bir maneəsiz həyata keçiriləcək. Arutyunyan bu müqaviməti qıra biləcək və bundan sonra onu Paşinyanın planını həyata keçirmiş hesab etmək olar”,- deyə xəbərdə vurğulanır. 

Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının İqti̇sadi̇yyat şöbəsi̇nin müdiri Zahid Qənbərov vəzifəsindən azad edilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə muxtar respublikanın Baş naziri Səbuhi Məmmədov əmr imzalayıb. Əmrə əsasən, o, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətində işə qəbul olduğu üçün vəzifədən azad olunub.

Vardanyan Arayiki hədələdi: “Cavab verəcəksən!”

Qondarma rejimin “rəhbəri” Araik Arutyunyan və sabiq “dövlət naziri” Ruben Vardanyan arasında münasibətlər gərginləşməkdədir.  Sozcu.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə R. Vardanyan videomüraciətində bildirib. “Siz ancaq pulun və vəzifənin hər şeyi idarə edə biləcəyinə inanırsınız. Araik, yanılırsınız. Həftənin əvvəlində istefa verəcəyinizi deyirdiniz. Deyirdiniz ki, artıq qərarınızı vermisiniz deyə, sizi istefaya inandırmağa ehtiyac yoxdur.  Başqalarına isə təzyiq altında olduğunuzu və vəzifədən getmək istəmədiyinizi dediniz. Siz hər dəfə fərqli insanlara fərqli şeylər deyirsiniz və bu qəbuledilməzdir. Siz bizim bir yumruqda birləşməyimizi istəmirsiniz. Siz “dövlət qurumları”nı məhv edirsiniz. Son 30 ildə fərqli insanların qurduğu “dövləti” məhv edirsiniz. Sizin bunu etməyə haqqınız yoxdur. Etdiklərinizə görə “Artsax xalqına” cavab verməli olacaqsınız. Mən onların yanında dayanacağam!” 

Moskvada ilk dəfə bütün aeroportlar bağlandı

Bu gün edilən PUA hücumu səbəbindən Moskvadakı “Vnukovo”, “Şeremetyevo”, “Domodedovo” və “Jukovski” hava limanlarının fəaliyyəti dayandırılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb. Məlumata görə, “Vnukovo”, “Şeremetyevo”, “Domodedovo” hava limanlarında 94 reys təxirə salınıb, 1 reys isə ləğv olunub. Qeyd edək ki, Ukraynada aparılan tammiqyaslı işğalçı müharibədən bəri Moskvanın bütün hava limanları ilk dəfədir eyni vaxtda bağlanır.

“Bir də baxacağıq ki, 2025-ci il qapını kəsib, amma Xankəndi rejimi hələ də yerindədir…”

“Proses dalana aparır, yoxsa müharibəyə?..”  “Reallıqda bu, boğulanın saman çöpündən yapışması olsa da, biz ehtiyatı əldən verə bilmərik…” “Azərbaycan sülh danışıqlarını davam etdirməklə bərabər Xankəndi probleminin üzərinə getmək siyasətini bütün sərtliyi ilə ortaya qoymalı, dövlət nəzarətini bərpa etməyin əvvəl siyasi, sonra da hərbi yol xəritəsini qarşı tərəflərə elan etməlidir…” BMT Təhlükəsizlik Şurasının müzakirəsi ermənilərə istədiklərini vermədikdən sonra proseslərin hansı istiqamətdə gedəcəyi maraq yaradır. Bəri başdan vurğulamaq lazımdır ki, ermənilərin variantları tükənməyib və istər beynəlxalq arenada, istərsə də Qarabağ özündə növbəti siyasi təxribatlarını davam etdirəcəklər. Amma bir prosesi heç vaxt unutmaq olmaz ki, ermənilər siyasi şoularla bərabər silahlanmanı da davam etdirirlər. BMT Təhlükəsizlik Şurasında aparılan müzakirənin səhərisi günü - avqustun 17-də Araik Arutunyan “xalq könüllü silahlı dəstəsi”nin bir qrup döyüşçüləri ilə toplantı keçirib. Verilən xəbərdən məlum olur ki, toplantıda “mövcud çətinliklərin öhdəsindən gəlmək üçün döyüşçülərin üzərinə düşən vəzifələr və təhlükəsizliyin təmin edilməsi, bütün səylərin birləşdirilməsinin zəruriliyi” vurğulanıb. Məsələ yalnız könüllü döyüşçülərlə bitməyib, avqustun 18-də Araik Arutunyan “respublika müdafiə ordusu” adlanan silahlı qüvvələrin komanda heyəti ilə də görüş keçirib. İyirmi nəfərlik komanda heyəti ilə baş tutan görüşdə “ respublikanın müdafiə qabiliyyəti” müzakirə edilib. Qeyd edək ki, iki gün əvvəl daşnak yeni “spiker” də general-mayor Kamo Vardanyanla görüş keçirmişdi. Əgər 44 günlük müharibə dayandırılandan sonra ermənilər hərb mövzusunda kəlmə belə, kəsməkdən çəkinirdilərsə, indi Ermənistanda hər iki nəfərdən biri ordunu gücləndirib müharibəyə hazırlaşmaq barəsində açıq danışır. Ermənistan rəhbərliyinin sülh müqaviləsini imzalamaq üçün süni şəkildə zamanı uzatmağın əsil səbəbi də silahlanmaq və Fransa kimi havadarının siyasi-hərbi dəstəyilə Azərbaycan üzərində hərbi üstünlük qazanmaq planıdır. Əlbəttə, reallıqda bu, boğulanın saman çöpündən yapışması olsa da, biz ehtiyatı əldən verə bilmərik. Yaxın perspektiv nə vəd edir? Ermənilər Ağdam-Xankəndi yolundan sonadək imtina edəcəklərmi? Və ya son anda məcbur olub istifadəyə razılıq verəcəklər, amma çox güman ki, bizim maraqlarımıza uyğun olmayan şərt irəli sürməklə… Ona görə də biz indidən elan etməliyik ki, Ağdam-Xankəndi yolunun açılması yalnız Azərbaycan Respublikasının qanunları əsasında olmalıdır. Perspektivdə Laçın yolundan istifadə bərpa olunarsa, Azərbaycan beynəlxalq norma və qaydalara uyğun olaraq keçirilən istənilən yükün həm sərhəd , həm də gömrük nəzarətindən keçiriləcəyini şərt olaraq elan etməlidir…  Laçın yolu “böhranı” davam edərsə, sülh danışıqlarının perspektivi necə görünür? Avqust ayı bitəndən sonra Şarl Mişelin vəd etdiyi Brüssel görüşü sentyabrda olacaqmı və baş tutarsa, görüş xatirinə görüş təsiri bağışlamayacaq ki? Avropa İttifaqı nümayəndəsinin BMT TŞ müzakirəsində heç də neytral mövqe tutmadığını, əksinə, Azərbaycanı qınayan tezislərlə çıxışını nəzərə alsaq, görüşdən müsbət nəticə əldə olunacağı sual altındadır. Adətən Brüssel görüşü ərəfəsi və ya sonrası Moskva görüşünün olması tamamilə mümkündür, çünki oktyabrın 5-də Qranadada planlaşdırılan beşli görüşü də nəzərə alsaq, vasitəçiliyin bu qədər müddətə Qərb masasına keçməsinə Kremlin seyrçi qalması inandırıcı görünmür. Onu da qeyd edək ki, Putinin Türkiyə Prezidenti Ərdoğanla avqustun sonuna nəzərdə tutulan görüşündə Qarabağ mövzusunun da yer alacağı və Moskvanın Qərbi üstələyən təkliflərlə çıxış etməsi tamamilə mümkün variantdır. Eyni zamanda, BMT TŞ-də RF nümayəndəsi Polyanskinin digər daimi üzvlərdən fərqli olaraq, Azərbaycanın maraqlarını nisbətən gözləyən çıxışı da bu nikbinliyə əsas verən amillərdəndir… Bütövlükdə isə, danışıqların, görüşlərin real nəticə verəcəyi az inandırıcıdır və onlar Qarabağ məsələsini bu yolla dalana aparan prosesə xidmət edir. Nəticədə Xankəndi problemi qalacaq və qaldıqca Fransa, İran kimi dövlətlər ermənilərin əli ilə və ya birbaşa Azərbaycana qarşı təzyiqlərini, təxribatlarını davam etdirəcəklər, Rusiya isə sülhün imzalanmasının tez olması bəhanəsilə bölgədə təsirini saxlamaq siyasətini aparacaq, Aİ-nin, ABŞ-ın ayrı-ayrı nümayəndələri Azərbaycanı hədəf alan çağırışlar səsləndirəcəklər. Bir də baxacağıq ki, 2025-ci il qapını kəsib, amma Xankəndi rejimi hələ də yerindədir. Rejim isə, yazının əvvəlində qeyd etdiyimiz kimi, faktiki müharibəyə hazırlaşmaq görüntüsü yaradır və əgər bir separatçı rejimin silahlı qüvvələrini 20 nəfər komanda heyəti təmsil edirsə, məsələyə ciddi yanaşmaq lazımdır. Məsələ onda deyil ki, bu qüvvələr döyüşdə bizə problem yaradacaq, söhbət bu silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasının ilin sonunadək həll edilməsindən gedir!.. Azərbaycan sülh danışıqlarını davam etdirməklə bərabər Xankəndi probleminin üzərinə getmək siyasətini bütün sərtliyi ilə ortaya qoymalı, dövlət nəzarətini bərpa etməyin əvvəl siyasi, sonra da hərbi yol xəritəsini qarşı tərəflərə elan etməlidir. Bizim dalana dirənməyə zamanımız yoxdur… moderator) İlham İsmayıl

Ukraynada alman əsgəri yoxdur - Şolts

Ukraynada alman əsgəri yoxdur və olmayacaq. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts deyib. “Mən bundan qaçmağa çalışıram. Ona görə, misal üçün Ukraynada alman əsgəri yoxdur və olmayacaq”, - deyə o bildirib.

Araikin hələ istefa vermək niyyəti yoxdur...-Xankəndindən “rəsmi” cavab gəldi...

Azərbaycan torpağında Kremlin himayəsi altında baş separatçılıq edən və Azərbaycan dövlətinin  3 ilə yaxındır ki, İnterpolla beynəlxalq axtarışa verdiyi Araik Arutyunyanın Xankəndindəki qondarma “prezident” kürsüsündən istefaya getmək niyyəti yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Tert.am-a baş separatçının mətbuat katibi Lusine Avanesyan dünəndən internetdə A. Arutyunyanın istefaya getməsi ilə bağlı yayılan informasiyaları şərh edərkən danışıb. “Dünən prezidentin tam iş günü var idi. Bir sıra görüşlər keçirildi, görüşlərdə istər yaranmış hərbi-siyasi vəziyyətlə bağlı, istərsə də Azərbaycanın blokadaya alınması ilə əlaqədar ölkənin gündən-günə artan daxili problemlərinin həlli yolları ilə bağlı aktual məsələlər müzakirə olundu. Azərbaycan”, - deyə mətbuat katibi izah edib. Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Arayik Arutyunyanın gündəlik iş saatlarından sonra tutduğu vəzifədən istefa verməsi ilə bağlı xəbərlər yayılmışdı.

Baydendən Kim Çen İnə təklif: Görüşək...

ABŞ Prezidenti Co Bayden Şimali Koreya lideri Kim Çen İnlə Koreya yarımadasının nüvəsizləşdirilməsi məsələsini müzakirə etmək üçün ilkin şərt olmadan görüşməyə hazırdır. Sozcu.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. “Bu təklifə müsbət cavab vermədilər, amma hələ də qüvvədədir. Biz ilkin şərt olmadan oturub danışıqlar aparmağa hazırıq”, - Kirbi bildirib.

REAL üzv siyahısını yenidən Nazirliyə təqdim etdi

"Dünən REAL partiyasının yenilənmiş reyestri (5401 nəfər) Ədliyyə Nazirliyinə çatdı". Sozcu.az xəbər verir ki, bunu partiyanın sədri İlqar Məmmədov bildirib. "Əvvəlki siyahımızda olanların çoxunun məlumatları elə əvvəldən düz idi, digərlərinə isə düzəlişlər etdik. Üstəgəl yeni qeydiyyatdan keçmiş üzvlər də əlavə olundu. 30 gün ərzində müsbət cavab alsaq, ondan sonrakı 90 gün ərzində yeni qanunda nəzərdə tutulduğu üçün qurultay keçirməliyik", - o qeyd edib. Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb. Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır.