Qarabağda haylardan müsadirə olunmuş silahlar Ermənistana aparılacaq?.. - Ekspert

"Rusiya "sülhməramlı" kontingenti erməni separatçılarından Azərbaycan ordusundan daha çox silah müsadirə edir. Əgər azərbaycanlılar 31 ədəd zirehli texnika müsadirə ediblərsə, "sülhməramlı"lar 68 tank və digər texnika alıblar...” "Rusiya “sülhməramlı” kontingentinin əsgər və zabitlərinin sayı dəyişməyib, lakin qeyri-qanuni silahlı birləşmələrdən ələ keçirilən silahlar hesabına "sülhməramlı"ların daha çox silahı var". Moderator.az xəbər verir ki, bunu “Kavkazskiy uzel” nəşrinə açıqlamasında “PsyLand” psixologiya və inkişaf mərkəzinin əməkdaşı, hərbi ekspert Azad İsazadə söyləyib. "Rusiya "sülhməramlı" kontingenti erməni separatçılarından Azərbaycan ordusundan daha çox silah müsadirə edir. Əgər azərbaycanlılar 31 ədəd zirehli texnika müsadirə ediblərsə, "sülhməramlı"lar 68 tank və digər texnika alıblar. Azərbaycan 2 minə yaxın pulemyot və qumbaraatan, “sülhməramlı”lar isə 7 minə yaxın silahı müsadirə edib. Müsadirə olunan silahların taleyi həll olunacaq və çox güman ki, Ermənistana aparılacaq, Bakı buna qarşı çıxış etmir”, - deyə İsazadə bildirib. Ekspert 2023-cü il sentyabrın 20-dən sonra “sülhməramlı”ların postlarında və bir sıra yerlərdə Azərbaycan ordusunun əsgərləri ilə birgə meşələrdə gizlədilmiş silahlıların - Qarabağın ləğv edilmiş ordusunun keçmiş əsgərlərinin yerləşə biləcəyi ərazilərə baxış keçirdiyini də qeyd edib. Onun sözlərinə görə, Qarabağda fəaliyyət göstərən “sülhməramlı” postlarının sayı ilə bağlı dəqiq rəqəmlər yoxdur, lakin “erməni əhalisinin ölkədən getməsi ilə bağlı yaranmış yeni situasiyadan sonra postların təxminən yarısı yararsızlıq üzündən ləğv edilib. “Xüsusən də Xocalı aeroportu ətrafındakı postlarda olan hərbi qulluqçular kazarmalara qayıdıb, postlar ləğv edilib”, - deyə ekspert vurğulayıb. Bundan əlavə, Azərbaycan postları quraşdırılıb. "Azərbaycan tərəfi Qarabağda asayişi qorumaq üçün daxili qoşunları və ordusunu yerləşdirib. Sərhəd xidməti Azərbaycan-Ermənistan sərhədində tapşırıqları yerinə yetirir", - deyə Azad İsazadə əlavə edib.

Araikə görə ölüm hökmü bərpa olunur? - Hüquqşünasdan açıqlama

“Azərbaycan tərəfindən həbs olunan separatçılar barəsində ölüm hökmünün çıxarılması qeyri-mümkündür”. Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış vəkil Əsabəli Mustafayev deyib. O, DTX təcridxanasında saxlanılan separatçılara görə ölüm hökmünün bərpa olunması çağırışlarına münasibət bildirib: “Avropa Şurasının (AŞ) üzvü olan hər bir dövlət ölüm hökmünün tətbiqini istisna edir. Yəni AŞ üzvü olmanın əsas tələblərdən biri ölüm hökmünün ləğv olunmasıdır. Azərbaycanda o, ləğv edilib. Bilirik ki, bəzi ölkələrdə, hətta ABŞ-nin bəzi ştatlarında ölüm hökmü var, ancaq indi hər şey ona gedir ki, bütün ölkələrdə ölüm hökmü ləğv olusun. Bu artıq tendensiyadır və Azərbaycan da keçmişə qayıda bilməz. Lakin ölüm hökmünün bərpası təklifləri mütəmadi olaraq cəmiyyətdə səslənir. Eləcə də Avropa Şurasının üzvü olan bəzi ölkələrdə, xüsusilə, Rusiyada. İndi Rusiya Avropa Şurasının üzvü deyil deyə, bəlkə də onu hüquqi cəhətdən bərpa edə bilər, ancaq bu, əhali arasında olan fikirlərdir və rəsmilər onu dəstəkləmir”. Ə. Mustafayevin sözlərinə görə, bir neçə il bundan əvvəl Azərbaycanda pedofillərə və çoxsaylı qətllər törədən şəxslərə ölüm cəzasının verilməsi ilə bağlı təkliflər səslənib: “Amma bu, cəmiyyətdəki nifrət və hüquqi biliklərin azlığından irəli gələn fikirlərdir. Şəxsən mən bir hüquqşünas, vətəndaş olaraq bunu dəstəkləmirəm, çünki ölüm hökmünün ayrı-ayrı – məsələn, terrorçular, pedofillər, qatı cinayətkarlar və s. bu qəbildən olan şəxslərə tətbiqi, ümumiyyətlə, hüquqdan uzaq bir addım ola bilər Düşünürəm ki, hər bir məhkəmə səhvini bərpa etmək olar. Yəni azadlıqdan məhrum olunub 10-15 il həbs yatan insanlar var ki, sonradan onların günahsız olduğu məlum olur. Hökumət çox zaman belə səhvləri düzəldir, bu adamlara bəraət, eləcə də böyük məbləğli kompensasiya verir. Lakin yeganə düzəldilə bilməz səhv ölüm hökmünün icrasıdır. Yaxın keçmişdə çoxsaylı belə səhvlərin mövcudluğu bəllidir. Məsələn, SSRİ dövründə seriya qatil Aleksandr Çikatilonun törətdiyi cinayətlərə görə qətllərə aidiyyəti olmayan 2 nəfəri edam olunub. Sonradan onların günahsız olduğu üzə çıxdı”. Həmsöhbətimizin fikrincə, ölüm hökmünün şəxslərə görə bərpa olunması, ümumiyyətlə, düzgün yanaşma deyil: “Ona görə də bu təklifləri dəstəkləmirəm. Ən əsası odur ki, biz Avropa Şurasının üzvüyük və hüquq sistemi inkişaf etməli, ölüm hökmü geri qayıtmamalıdır. Onsuz da Azərbaycanda ömürlük həbs cəzası var və bu cəza elə ölümə bərabərdir. Bəlkə də bu, cinayətkar üçün daha çox əziyyətlidir. Yəni belə rahat ölümdənsə, cani kamerada tək-tənha qalıb törətdiyi əməllər barədə uzun illər düşünsün, peşmanlıq çəksin”.

"Ərdoğan deyir ki, sülhməramlılar bölgədən çıxmalıdır, Putin də deyir ki, Azərbaycanla danışacağıq" - Ekspert

Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının müşahidə məntəqələri bağlanır. Oktyabrın 6-da 3, 7-də bir, 8-də daha iki müşahidə məntəqəsi ləğv edilib. Bu barədə Rusiya Müdafiə Nazirliyi ardıcıl məlumat yaysa da, Azərbaycan tərəfi sözügedən məlumatları təsdiqləməyib. Müşahidə məntəqələrinin ardıcıl olaraq bağlanması sülhməramlıların Qarabağ ərazisindən vaxtından öncə çıxması demək ola bilərmi? Mövzu ilə bağlı News24.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirdi ki, Rusiya sülhməramlılarının qısa zamanda Qarabağ ərazisindən çıxması gözlənilmir: "Heç bir halda Rusiya sülhməramlıları Qarabağdan çıxmır. O necə Qarabağdan çıxmaqdır? Rusiya dünən bəyan edib ki, 24 yeni müşahidə məntəqəsi açıb. Onun 14-ü Azərbaycan ilə birgə fəaliyyət göstərəcək. Guya orada silah-sursat və texnikanı qoruyurlar. Rusiya Təhlükəsizlik şurasının sədri Nikolay Patruşevin Azərbaycana səfəri, Lavrovun açıqlamaları, dünən Tatarıstan gəmisinin Bakıya gəlməsi göstərir ki, Rusiya heç bir yerə getməyə hazırlaşmır. Eyni zamanda Rusiya Müdafiə Nazirliyi son günlər davamlı şəkildə sülhməramlıların fəaliyyətini reklam edir ki, guya "sülhməramlılar olmasa, Cənubi Qafqaz batar" ab-havası yaradırlar.  Rusiya Müdafiə Nazirliyi postların bağlanması xəbərini verir, növbəti gün eyni məlumatın təkrarını verir".  Ekspert əlavə edib ki, sülhməramlıların yerləşdirildiyi ərazidə yaşayış olmadığı üçün sülhməramlıların orada qalmağına ehtiyac yoxdur: " O postlar nə üçün saxlanmalıdır? Ağacı qoruyacaqlar ya işıq dirəyini? Orada ermənilər yaşayırdı deyə sülhməramlılar da orada fəaliyyət göstərirdi. Guya nə iş görürdülər ki? Sadəcə əyyaşlıqla məşğul idilər". Üzeyir Cəfərovun sözlərinə görə, Rusiya silahları Azərbaycana təhvil verməlidir: "Yəqin Rusiya düşünür ki, gələcəkdə separatçıların bir qismini qaytaracaq və yenə də separatçılara dəstək olacaq. Rusiya ehtiyat variant kimi, ola bilsin ki, Ermənistandan çağırılan qoşunları bir hissəsini müəyyən müddətdə  sülhməramlı adı ilə saxlayacaq. Ərdoğan deyir ki, sülhməramlılar bölgədən çıxmalıdır, Putin də deyir ki, Azərbaycanla danışacağıq. Bölgədə sabitlik və əmin amanlıq varsa, sülhməramlılara nə ehtiyac var? Rusiya separatçılığa meyillidir və separatizmi dəstəkləyir. Ona görə də bölgədən hələ uzun müddət çıxmağı planlaşdırmır". Ekspertin fikrincə, yeni yol istifadəyə verildikdən sonra sülhməramlıların 5 müşahidə məntəqəsi artırılıb. Rusiya bununla bağlı Azərbaycana məlumat verməlidir.  Millət vəkili Elman Məmmədov isə bildirdi ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxması gözlənilən məqamdır:  "10 noyabr 2020-ci il sənədində yazılır ki, sülhməramlıların gəlişində məqsəd Laçın dəhlizində hərəkətin təhlükəsizliyinin təmin edilməsidir. Sülhməramlılar gəlib nə etdilər? 90-cı illərin əvvəllərində olduğu kimi keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin bütün ərazisində öz keçid buraxılış məntəqəsini yaratdılar. Bu, onların missiyası deyildi. Gəldikləri gündən separatçıları qorumağa və onlarla əməkdaşlıq etməyə başladılar. Bu gün həmin separatçılar, işğalçılar ərazilərimizdə yoxdur. Azərbaycan öz ərazisini bütün separatçılardan təmizləyib. Bu səbəbdən də sülhməramlıların ərazimizdə olmasına qətiyyən ehtiyac yoxdur. İki dövlət arasında Rusiya sülhməramlılarının qalıb-qalmaması, nə qədər müddət qalması və qaldıqları dövrdə necə fəaliyyət göstərəcəkləri ilə bağlı danışıqlar aparılır, razılaşmalar əldə olunur. Biz istəyirik ki, özünü sülhməramlı adlandıran Rusiyaya məxsus hərbi kontinget ərazimizi tez vaxtda tərk etsin".

Paşinyan: Türkiyəyə dedik ki, orda Rusiya yoxdur!

Türkiyə prezidentinin bəyanatında Ermənistanın vədindən söhbət gedir. Qeyd edək ki, Ermənistan Türkiyə və Azərbaycanın işlətdiyi terminologiya çərçivəsində heç kimə vədlər verməyib. Burada bir nüans var, bu terminologiyanı necə qəbul etməyimiz çox vacibdir, çünki Ermənistanda və bütövlükdə ictimaiyyət olaraq bunu Ermənistan üçün müəyyən ərazi tələbi və eksterritorial dəhliz kimi qəbul edirik. Sozcu.az xəbər verir ki, bu sözləri Baş nazir Nikol Paşinyan Ermənistanın “Birinci Kanal”ına müsahibəsində Türkiyə lideri Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın vədi məsələsi haqda çıxışını şərh edərkən deyib. “Deməli, biz heç kimə belə terminologiya və nəticə ilə heç bir vəd verməmişik. Ermənistan və Türkiyə nümayəndələri arasında danışıqlar gedəndə biz dedik ki, sizin işlətdiyiniz “dəhliz” terminologiyası bizim üçün qəbuledilməzdir. Cavab verdilər: necə yəni qəbuledilməzdir, siz üçtərəfli bəyanat qəbul etdiniz! Cavab verdik ki, üçtərəfli bəyanatda belə bir şey yoxdur, açın, baxın, göstərin. Ümumilikdə qlobal dünyada “dəhliz” sözü kommunikasiya marşrutları üçün ümumi termin kimi istifadə olunur. Üçtərəfli bəyanatda isə məntiq bir qədər fərqlidir, belə ki, Laçın dəhlizi var ki, orada bəyanatın məntiqinə görə, müəyyən məzmunda eksterritoriallıq və ya üçüncü qüvvənin nəzarəti var. Bundan əlavə, Laçın dəhlizi sadəcə yol deyil, o, üçüncü tərəfin nəzarətində olan 5 kilometrlik ərazi zolağıdır”, - Paşinyan bildirib. Paşinyanın sözlərinə görə, Ermənistan regional kommunikasiyaların açılmasına hazır və bunda maraqlı olduğunu elan edir: “Biz Azərbaycan və Türkiyə üçün yollar açmağa hazırıqmı? Bəli, biz hazırıq və qeyd edildiyi kimi, bu, Ermənistanın suverenliyi və yurisdiksiyası əsasında, bərabərlik və qarşılıqlılıq prinsipi əsasında baş verməlidir. Bu o deməkdir ki, heç bir üçüncü qüvvə Ermənistan Respublikasının heç bir ərazisinə nəzarət etməməlidir. Ermənistan sərhədini keçərkən Ermənistan Respublikasının sərhəd və gömrük xidmətləri hərəkətə keçməlidir. Bizə deyirlər ki, üçtərəfli bəyanatda deyilir ki, təhlükəsizliyi Rusiya təmin etməlidir, amma mən deyirəm ki, belə bir şey yoxdur”. Paşinyan onu da vurğulayıb ki, dəmir yolunun Meğridən keçməsi heç bir etiraz doğurmur: “Çünki başqa yerdə dəmir yolumuz yoxdur. İcevanda, Razdanda, Qazaxda dəmir yolu var, orada çox böyük problem var, Axartsin kəndində (Dilican yaxınlığı – red.) sürüşmə var, onu aradan qaldırmaq üçün ilkin hesablamalara görə, 500 milyon dollar lazımdır və böyük sual budur ki, aradan qaldırılacaq, ya yox? Amma Meğri dəmir yolunun bərpası ilə bağlı heç bir problemimiz yoxdur, əksinə, biz bunda maraqlıyıq, çünki bu, Ermənistanın blokadasının götürülməsi və ümumilikdə sülh deməkdir”. Paşinyanın sözlərinə görə, beynəlxalq ekspertlər həm avtomobil, həm də dəmir yolunun eyni yerdən keçməsini qeyri-real adlandırırlar, lakin bu, texniki məsələdir: “Yolların açılması Ermənistan, Azərbaycan və Türkiyə üçün faydalıdır. Bəli, bu, regionda ciddi sülh qovşağına çevrilə bilər və biz deyirik ki, bu qeyri-müəyyənliklər aradan qaldırılarsa, burada da problem olmayacaq”. Zəruri olaraq xatırladaq ki, 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndində göstərilir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz (!!!) hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FTX-nin edəcəyi və hərəkətin maneəsiz (gömrük və vergi yoxlaması olmadan) olması ilə bağlı dəqiq və aydın izah var.

Zelenski açıqladı: Bu ölkələrə taxıl dəhlizi açılır

Ukrayna yaxın zamanda Moldova ərazisindən keçməklə Rumıniyaya taxıl dəhlizi açmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Ukraynadan Moldova və Rumıniyaya gedən taxıl dəhlizi tezliklə işə düşəcək”, - Zelenski bildirib.

Zaxarova: “Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq”

Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, sülhməramlılar artıq bir sıra daimi və müvəqqəti müşahidə məntəqələrini bağlayıblar: “Son bir il ərzində Qarabağda vəziyyət kəskin şəkildə dəyişib; 2022-ci ilin oktyabrında Ermənistanın baş naziri (Nikol Paşinyan) Avropa İttifaqının himayəsi altında Praqada keçirilən sammitdə Qarabağ bölgəsini Azərbaycan ərazisi kimi tanıyıb, bu ilin may və iyun aylarında Brüsseldə keçirilən sammitlərdə öz mövqeyini bir daha təsdiqləyib. Beləliklə, Rusiya sülhməramlı kontingentinin bölgəyə yeridilməsi şərtləri ciddi şəkildə tənzimləndi və bu ilin 19-20 sentyabr tarixlərində baş vermiş toqquşmadan sonra əhalinin kütləvi köçü fonunda sülhməramlılarımızın fəaliyyəti yeni şəraitə uyğunlaşdırılacaq”. Zaxarova qeyd edib ki, Moskva Rusiya sülhməramlıları ilə bağlı fundamental məsələləri Bakı ilə müzakirə edir.

Hüquq müdafiəçisi: "Heç bir hüquq müdafiə təşkilatı Azərbaycanı ittiham edə bilməz"

“Azərbaycanda həbs edilən separatçılar saxlanma şəraitindən şikayət etmir, informasiya, kitab, qida ehtiyacları təmin olunur, vəkillə də təmin ediliblər, hətta Rubenin apelyasiya şikayətinə baxılıb. O deməkdir ki, onlar qatı cinayətkar olsalar da, Azərbaycan beynəlxalq konvensiyalara və qanunvericiliyə uyğun addım atır”. Sozcu.az xəbər verir ki, bu fikirləri tribunainfo.az-a Siyasi Hüquqların Müdafiə Mərkəzinin sədri Xəzər Teyyublu deyib. Hüquq müdafiəçisi hesab edir ki, həbsdə olan Araik, Ruben, David, Bako və digərləri ilə ombudsmanlıq da maraqlanıb, bəziləri ilə görüş keçirilib. “Fikrimcə, bizə hər hansı beynəlxalq təsisat hər hansı irad tuta bilməz. Baxmayaraq ki, Avropa Parlamenti böhtanlarla dolu bədnam qətnamə qəbul etdi, yenə də heç bir hüquq müdafiə təşkilatı Azərbaycanı ittiham edə bilməz. İkincisi, saxlanan şəxslər separatizmin və terrorçuluğun əsas liderləridir. ABŞ-ın Quantanamo türməsində terrorçular var, amma heç bir Qərb təşkilatı onlarla maraqlanmır. O cəhətdən bizdən nəsə tələb etmələri absurddur. Azərbaycan antiterror tədbirlərini də beynəlxalq hüquqa uyğun həyata keçirib, terrorçuları da o qaydalar çərçivəsində həbs edib. Terrorizmə qarşı mübarizə aparan beynəlxalq koalisiya bizə minnətdar olmalıdır. Diqqət edin, nə Makron, nə başqaları həbs edilən araiklərə görə səsini çıxarmır. Çünki deməyə arqumentləri yoxdur”.

“Ermənistanda mühacirətdə olan “Dağlıq Qarabağ hökumətini” qurmaq lazımdır” - Erməni siyasətçidən HƏYASIZLIQ

“Ermənistanda mühacirətdə olan “Dağlıq Qarabağ hökumətini” qurmaq lazımdır”. Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Demokratik Partiyasının lideri Aram Sarkisyan deyib. Onun sözlərinə görə, bu, ermənilərə “Dağlıq Qarabağ”ın (qondarma - red.) qorunub saxlanılması kursunu davam etdirməyə və gələcəkdə onun qaytarılması ideyasını dəstəkləməyə imkan verəcək. “İstənilən halda belə olmalıdır. Əks halda, bu, Qarabağa iddiadan vaz keçmək anlamına gələcək”, - Sarkisyan bildirib.

Bu ərazilərdə aktiv döyüş əməliyyatları gedir - İsrail

Qəzza zolağı ilə sərhəddə altı ərazidə aktiv döyüş əməliyyatları davam edir. Sozcu.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat katibi Daniel Haqari məlumat verib. O, Beeri, Kfar-Aza, Nirim və Alumimdə döyüşlərin davam etdiyi qeyd edib. Haqarinin sözlərinə görə, gecə ərzində 70-ə yaxın düşmən döyüşçü Beeriyə daxil olub: “Onların əksəriyyəti İsrail Müdafiə Qüvvələri ilə döyüşlərdə məhv edilib, lakin bəziləri hələ də evlərdə gizlənir”. Qeyd edək ki, 7 oktyabrda HƏMAS "İslami-Cihad"la birgə İsrailə qarşı "Əqsa tufanı" əməliyyatına başlayıb. Nəticədə çoxsaylı insan ölüb və yaralanıb. İsrail ordusu cavab tədbirləri görür.

Bayden: “Heç kim xəta etməsin! ABŞ əsla İsraili tərk etməyəcək"

İsraili tam dəstəkləyirik, nöqtə! Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden mediaya açıqlamasında deyib. “Heç kim xəta etməsin! ABŞ əsla İsraili tərk etməyəcək. Bu ölkə insanlarının özlərin qoruması üçün hər şeyi edəcəyik!” - deyə Ağ Ev rəhbəri bildirib. Qeyd edək ki, bundan öncə Ağ Ev rəhbəri İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparmışdı. Xatırladaq ki, HƏMAS “İslami-Cihad”la birgə İsrailin cənub zonasına hücum edərək xeyli dinc sakini qətlə yetirib və girov götürüb. İsrail ordusu cavab tədbirləri görür.

Qarabağdakı xuntanın buraxılması Paşinyanın qələbəsidir – ABŞ nəşri

Qondarma “dqr”in buraxılması Ermənistan Baş naziri Nikol Paşinyanın qələbəsi oldu. Sozcu.az xəbər verir ki, bu barədə "Nyusvik" jurnalının məqaləsində bildirilib. Nəşr qeyd edir ki, “dqr hökuməti"nin qurulması otuz il ərzində siyasi problem və regional inteqrasiya üçün maneə olub: “Rusiya ilə Ermənistan arasında uzun müddətdir mövcud olan müttəfiqliyə baxmayaraq, Moskva eyni vaxtda Qarabağdan Ermənistan və Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirdi. İrəvan və ya Bakı Rusiya siyasətindən çox uzaqlaşdıqda, Moskva regiona hərbi dəstəyi artırmaq və ya azaltmaqla hədələyirdi”. Nəşr iddia edib ki, Paşinyan “vəziyyəti dərk edərək”, Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağın Azərbaycan torpağı olmasını tanıyıb. “Nyusvik” bildirib ki, Paşinyan Ermənistanı münaqişədən uzaq tutmağın və ölkənin müstəqilliyinin qorunub saxlanmasının vacibliyini anlayıb: “Uzun sürən münaqişənin sonunda Ermənistanın bütün qonşuları ilə sülh münasibətləri quracağı gözlənilir. Belə sülh İrəvana Bakı və Ankara ilə əməkdaşlığı gücləndirməyə imkan verəcək ki, bu da Ermənistanın Qərbə inteqrasiyasına kömək edə bilər”.

Rusiya regiondan getməmək üçün əlindən gələni edəcək - Məhəmməd Əsədullazadə

“Paşinyanın ərazi bütövlüyümüzü tanıması haqqında bəyannaməyə imza atması birinci hal deyil”. Bu sözləri KONKRET.az-a açıqlamasında Qranadada Avropa Siyasi Birliyinin zirvə görüşünün keçirilməsini şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib. Onun sözlərinə görə, “Praqada da Paşinyan Alma-Ata bəyannaməsinə görə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bunu növbəti dəfə gündəliyə gətirmək Avropa İttifaqının birbaşa planına daxil idi. Çünki Aİ Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması üçün çalışır və Ermənistanın 29,8 min kv.km ərazisinin katastrını hazırlamaq istəyir. Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün hüquqi baza formalaşdırır. Azərbaycan da həmişə qeyd edib ki, Ermənistanın ərazisinə iddiamız yoxdur. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistanın ərazi bütövlüyünü tanıyır. Amma Ermənistan 1975-ci il xəritəsini ortaya atır. Əgər Ermənistan 1975-ci il xəritəsinin üzərində dayanarsa, imzaladığı bəyanatlar yenidən kölgədə qalacaq. Çünki burada ərazi mübahisəsi də ortaya çıxa bilər. Azərbaycan isə indiki şərtlər daxilində delimitasiya və demarkasiyanın aparılmasında maraqlıdır. Ümumiyyətlə, Qranadada növbəti dəfə ərazi bütövlüyü məsələsi ilə bağlı bəyanata Paşinyanın imza atması Ermənistan ərazisini qoruma altına almaq, Rusiyanı sıxışdırmaq, Zəngəzurla bağlı məsələdə önləyici addım atmaqdan ibarətdir”. Daha sonra Rusiya prezidenti Vladimir Putinin Soçidəki çıxışını şərh edən politoloqun fikirincə, Rusiya uzun müddət Qarabağdakı separatçılara dəstək verib, hətta müharibə dövründə də çalışıb ki, Qarabağ Ermənistanın tərkibində qalsın: “Putinin danışdıqlarında müsbət heç nə yox idi. Çünki geosiyasi reallıqlar dəyişib və Rusiya da məcbur olub ki, bu reallıqlarla barışsın. Amma Ukrayna müharibəsi başlamasaydı və Türkiyə faktoru olmasaydı, Rusiya hələ də regionda mövqeyini saxlayacaq və ərazilərimizin işğalı davam edəcəkdi”.