Tramp söz verib: İsrailə qoyulan bu məhdudiyyət...

Donald Tramp vəzifə səlahiyyətlərinə başlayacağı gün silah və döyüş texnikasının İsrailə ötürülməsinə qoyulan bütün məhdudiyyət və gecikmələri aradan qaldıracağına söz verib. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin “Kanal12” televiziyası məlumat yayıb. Məlumata görə, Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışıqlarının birində bu mövzuya toxunub. Qeyd edək ki, ABŞ-da noyabrın 5-də keçirilən seçkilərin qalibi olan Tramp 2025-ci ilin yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq.

Sülh müqaviləsinin 2 maddəsi ilə bağlı təklifimizi Azərbaycana çatdırdıq - Paşinyan

Ermənistan Bakının sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə artıq cavab verib. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Biz bazar ertəsi sülh müqaviləsinin 2 maddəsi ilə bağlı təklifimizi Azərbaycana çatdırdıq”. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsi üzərində daha konstruktiv şəraitdə işləyirlər və bu məsələyə dair nikbindir.  “Sülh müqaviləsi layihəsində hələ də bir-iki ifadə, maddə var ki, onun ətrafında iş əvvəlki dövrlə müqayisədə intensiv şəkildə, hətta deyərdim ki, daha konstruktiv atmosferdə davam edir. Biz həqiqətən də, sülh müqaviləsinin nəhayət razılaşdırılmış mətninə çox yaxınıq”, - deyə Ararat Mirzoyan bildirib.

Azərbaycanda AES tikilə bilər - MAQATE

Azərbaycan öz gələcəyi üçün enerji həlləri sırasına bir seçim kimi nüvə enerjisini də əlavə etməyi düşünür. Sozcu.az xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) direktoru Rafael Qrossi BMT-nin İqlim Dəyişikliyi mələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Nüvə enerjisi də daxil olmaqla aşağı karbon texnologiyasının maliyyələşdirilməsi" adlı tədbirdə deyib. O bildirib ki, beynəlxalq təşkilat olaraq məqsəd nüvə enerjisinə üz tutmağı hədəfləyən ölkələrin bu prosesi təhlükəsiz və problemsiz şəkildə həyata keçirməsini təmin etməkdir: "Bu məsələ bizdən maliyyələşməni müzakirə etməyi tələb edir. Bütün sahələrdə olduğu kimi, burada da maliyyə çox vacibdir. Keçmişdə nüvə sahəsində bir sıra maneələr və məhdudiyyətlər olub, ancaq bunu müzakirə etmək istəmirəm. Qeyd etməliyəm ki, dünya miqyasında nüvə enerjisinə maraq artır. Bəzi ölkələrdə yeni layihələr var və COP zamanı “Yeni nüvə” dediyimiz məsələlər, xüsusilə də kiçik modul reaktorlar haqqında çoxlu maraqlı görüşlər keçirildi. Bu reaktorlar bu günlərdə hər kəsin diqqətini çəkən innovativ inkişafdır". MAQATE direktoru diqqətə çatdırıb ki, xüsusilə karbonsuzlaşmaya və böyük miqdarda enerjiyə ehtiyacı olan sənaye sektorları indi nüvə sənayesindən bu tələbləri qarşılamaq üçün həll yolları gözləyir: “Bu müzakirədə vurğulamaq istədiyimiz məqam bazar reallıqlarına uyğunlaşan strukturların maliyyələşdirilməsinin vacibliyidir. Beynəlxalq maliyyə qurumları bazarın tələblərinə cavab verməkdə bir çox cəhətdən geri qalırlar və bu məsələnin həlli barədə imkanlar təqdim edilməlidir".

"Veteran pulu" artırılır? - Nazir açıqladı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev müharibə veteranlarına verilən aylıq təqaüdün artırılıb-artırılmayacağı ilə bağlı məsələyə aydınlıq gətirib. Sozcu.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bununla bağlı sosial paketin müzakirədə olduğunu bildirib. “Müzakirə bitmədən onun tərkib hissəsi barədə məlumat vermək düzgün olmaz. Müzakirələr yekunlaşdıqdan sonra bu barədə məlumat veriləcək”, - nazir qeyd edib.

Ermənistanı Bakıda bu şəxs təmsil edəcək

Xəbər verildiyi kimi, Ermənistanı Bakıda keçirilən COP29 tədbirində kimin təmsil edəcəyinə dair rəsmi qərar verilməyib. KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, qeyri-rəsmi məlumatlara görə, adıçəkilən ölkənin xarici işlər naziri Ararat Mirzoyan təmsil edəcək. Lakin qeyd olunub ki, bu barədə yekun qərar yoxdur. Xatırladaq ki, Azərbaycan tərəfi Nikol Paşinyan və Ararat Mirzoyana COP29-da iştirak etmək üçün dəvət göndərib.

Media Agentliyi açıqlama yaydı

Bəzi onlayn media subyektlərinin SOCAR-ın Sumqayıtdakı zavodlarının birində yanğın hadisəsinin baş verməsi barədə yaydığı məlumat həqiqəti əks etdirmir.  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyidən Sozcu.az-a daxil olan açıqlamada bildirilir ki, Media subyektlərini məlumat yayarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərinə əməl etməyə, rəsmi mənbələrin rəyini əks etdirməyən, təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırırıq. Xüsusi vurğulayırıq ki, bu kimi hallar media etikasının tələblərinə cavab verməməklə yanaşı, media subyektinin hüquqi məsuliyyətini şərtləndirir.  Jurnalistləri, ictimai fəalları belə məsələlərə qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa çağırırıq.

Kimlər hərbi xidmətdən azad ediləcək? - AÇIQLAMA

Yüksək intellektə malik istedadlı çağırışçılar, 600-dən çox bal toplamış abituriyentlər hərbi xidməti Milli Müdafiə Universitetində çəkəcəklər. Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı big.az-a açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, indi elə bir zaman gəlib ki, süni intellekt və robot texnologiyaları orduların döyüş qabiliyyətinin artırılmasında mühüm bir həlqəyə çevrilib: “Bütün bunların idarə olunması üçün yüksək biliklərə, intellektə malik hərbi qulluqçular lazımdır. Buna görə də yeni yaradılan intellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və Respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər. Göstərilən kateqoriya üzrə müddətli həqiqi hərbi xidmətə çağırılmış gənclərdən informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olanlar Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəkdir”.

"Soyunmaq nə dəbdir, nə müasirlik, nə də azadlıq göstəricisi" - Könül Alı

"Qadın bədənini biznes predmetinə çevirmək, hər-hansı maraqlar üçün istifadə etmək birbaşa gender bərabərliyinin pozulmasıdır, hər şey bir yana, qanunvericiliyə ziddir. Siyasətin bir parçası etmək isə ikiqat yanlışdır.  Ölkəyə COP29 üçün gələnlərin şərəfinə "baxın biz də muasirik", mesajı vermək adına qadın bədənini çılpaq formada nümayiş etdirmək həm də iyrənclikdir. Ki, feminizmin soyunmaq deyil. Biz bu cəmiyyəti də bilirik, qadın bədəninə, geyiminə, quşamina münasibəti də".  Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyası Məclisinin Gender Komissiyasına sədri Könül Alı özünün feysbuk hesabında Bakıda nümayiş etdirilən lüt qadın heykəli haqqında yazıb: "Kontentə gələndə.... -Soyunmaq nə dəbdir, nə müasirlik, nə də azadlıq göstəricisi. İnsan öz bədəninin yeganə sahibidir və soyunaraq yox, geyinərək onu qoruyur. Kimsə də açıq -saçıq geyinirsə bu onun şəxsi seçimidir, bütün qadınların yox.  -Nəysəki bunu da üzünüzə gözünüzə bulaşdırdınız". Xatırladaq ki,  Noyabrın 1-dən Bakıda tanınmış italiyalı monumental heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) sərgisi təqdim olunur.  Bakıda nümayiş edilən "lüt qadın"  heykəli  “Təbiətdə tarazlıq” (Equilibrium in Nature) ekspozisiyasının məqsədinin ictimaiyyətin diqqətini bir daha ekoloji məsələlərə yönəltmək olduğu bildirilir. Heykəllər arasında “Təbiətin gücü” (Force of Nature) adlı əsər xüsusilə diqqət çəkir. Yer kürəsini tutub saxlamağa çalışan qadın heykəlinin çılpaq təsvir olunması cəmiyyətdə müzakirələrə səbəb olub. “Təbiətin” gücü adlı əsəri 2 versiyada yaradıb. Heykəlin “paltarlı” olan versiyası heykəli “The Force of Nature II” adlanır. Əsərin hər iki versiyası dünyanın müxtəlif ölkələrində nümayiş olunub.  Maraqlıdır ki, ölkəmizə heykəlin "paltarlı" olan versiyasına yox, məhz "çılpaq" versiyasının gətirilməsi kimin ağlının məhsuludur və bununla nə mesaj verməyə çalışırlar? Real olan budur ki, cəmiyyət bu heykəli xoş qarşılamır. 

İrəvan Kremldən imtina edir: Bakı ilə birbaşa… - Erməni nazir

Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarda vasitəçi ölkələr prosesə öz maraqları ilə yanaşır. Əgər fərqinə varmısınızsa, son dövrlərdə ümumilikdə bütün proses ikitərəfli formatda baş verir. Sozcu.az xəbər verir ki, bu fikri Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan kommunikasiyaların açılması məsələsində Rusiyanın vasitəçiliyi olmadan ikitərəfli formatda müzakirələrin olub-olmaması sualını cavablayarkən bildirib. Onun fikrincə, ikitərəfli formatda aparılan danışıqlar uğur qazanıb və bu formatda işləri davam etdirmək məqsədəuyğundur. Nazir sərhədlərin delimitasiyası üzrə komissiya rəhbərlərinin, iki ölkə liderlərinin, xarici işlər nazirlərinin son dövrlərdə baş tutmuş ikitərəfli görüşlərini xatırladaraq, ikitərəfli formatın səmərəli olduğunu vurğulayıb: “İkitərəfli format, məncə, effektiv olub və bu formatda işləməyə davam etmək lazımdır”.

Sadıqovun əmrlərini yerinə yetirmişəm - Qurbanov

Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq şöbə rəisi Məlikməmməd Qurbanov barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsində məhkəmə keçirilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı Elfanə Bayramova bildirib ki, Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmə əsasən cəza cinayət işi üzrə maddələrin tələbindən 2 dəfədən çox azdır: “Təqsirləndirilən şəxs dövlətə dəyən ziyanın çox cüzi hissəsini ödəyib. Ümumi ziyan 25 456 438 manat təşkil edir. Lakin təqsirləndirilən Məlikməmməd Qurbanov 542 438 manat ödəyib. Bakı Hərbi Məhkəməsində dövlət ittihamçısı şəxsin hərbi rütbəsi alınmaqla 12 il 6 ay azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə 4 il azadlıqdan məhrum edilmə hökmü çıxarıb”. İclasda təqsirləndirilən şəxs çıxış edib. M.Qurbanov deyib ki, ömrünün çox hissəsini Azərbaycan Silahlı Qüvvələrində xidmət edib: “Mən 4 il həmin vəzifədə xidmət etmişəm. Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin əmrlərini yerinə yetirmişəm. Fərqi yoxdur əmrlər şifahidir, ya yazılı. Mənə çatan pulu ziyan olaraq ödəmişəm”. Həmçinin təqsirləndirilən şəxsin vəkili Ceyhun Məmmədov çıxış edərək vurğulayıb ki, prokurorun protesti əsassızdır: “Müdafiə etdiyim şəxs özünün mənimsədiyi pulu tam olaraq ödəyib. Biz araşdırma zamanı bildirdik ki, Nəcməddin Sadıqovu çağırıb dindirmək lazımdır. O, artıq hərbçi deyil, sadə vətəndaşdır. Lakin istəyimiz təmin olunmadı. Hətta müdafiə etdiyim şəxsin cəzasının şərti olması üçün də vəsatət qaldırsaq da, vəsatət təmin edilmədi”. Proses dekabrın 2-də davam etdiriləcək.

"Bələdiyyə seçkilərinin gecikdirilməsi seçki Məcəlləsinə ziddir" - Arif Hacılı

Bələdiyyə seçkilərinin bu günə qədər təyin edilməməsi Seçki Məcəlləsinə ziddir.  "Növbəti bələdiyyə seçkiləri ən geci oktyabr ayının 24 dək təyin edilməli idi" . Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyasının Məclisinin sədri Arif Hacılı özünün feysbuk səhifəsində yazıb. Arif Hacılı qeyd edib ki, mövcud bələdiyyələrin səlahiyyətləri bu ilin dekabr ayının 23-də başa çatır: "Seçki Məcəlləsinə görə hər 5 ildən bir keçirilməli olan bələdiyyə seçkiləri seçkilərə 60 gün qalmış Mərkəzi  Seçki Komissiyası tərəfindın təyin edilir.  Onsuz da seçkiləri xalqa aidiyyatı olmayan, formal bir prosedura çevirmək istəyən Azərbaycan hakimiyyəti nəinki zaman-zaman mürtəceləşdirdiyi qanunlara əməl etmir, üstəlik bu qanunların kobud surətdə pozulmasının səbəbləri barədə cəmiyyətə izahat verməyi belə lazım bilmir".

Bakıda məşhur prokurorun qardaşına cinayət işi açıldı

Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Rasim İldırım barəsində cinayət işi başlanılıb. Sozcu.az xəbər verir ki, “Report”un məlumatına görə, ona verilən ittihama əsasən, Rasim İldırım jurnalist, “Bakutime.az” saytının təsisçisi olan Zaur Mirzəzadə və Qoşqar Məmmədovla əlbir olaraq bir nəfər zərərçəkən şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib. İş üzrə aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Fəxri Məmmədovun icraatında araşdırılacaq. Qeyd edək ki, Rasim İldırımın bir qardaşı da "Əmrahbank"ın təsisçisi Yunus İldırımzadədir.