Azərbaycanda blogerlər vergiyə cəlb olunacaq?

Qazaxıstanda bahalı həyat tərzi nümayiş etdirən blogerlərin vergiyə cəlb olunması ilə bağlı qərar çıxarılıb. Belə ki, sosial şəbəkələr üzərindən ödəniş əsasında reklam işi görən şəxslər artıq vergi ödəməli olacaqlar. Eyni qayda Türkiyədə də tətbiq edilir. Sosial şəbəkə fenomenləri qazanclarına uyğun tənzimlənmə ilə müxtəlif məbləğdə vergi ödənişi həyata keçirirlər. Azərbaycanda da bahalı həyat nümayiş etdirən, geniş izləyici auditoriyası olan, müxtəlif mağaza və markalarla reklam işləri görən blogerlərin sayı az deyil Maraqlıdır, ölkəmizədə də reklama görə vergiyə cəlb olunma tətbiq edilə bilərmi? Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli əslində, bahalı həyat göstərməyin cinayət işi olmadığını deyib. O bildirib ki, bunun çıxış yolu dünyada tətbiq olunan gəlir vergisi bəyannaməsidir: “Şəxsin kimliyindən asılı olmayaraq, onun mütləq gəlir vergisi bəyannaməsi olmalıdır. Dünyada da belədir ki, ildə bir dəfə vəzifəsindən, statusundan asılı olmayaraq, bütün vətəndaşlar gəlir bəyannaməsi təqdim etməlidirlər. Bizdə də buna keçmək daha məqsədəuyğundur”. İqtisadçının sözlərinə görə, Azərbaycanda da əvvəl gəlir deklorasiyasının təqdim edilməsi ilə bağlı qayda qəbul olunub: “Lakin bunun tətbiqi nədənsə gecikdirilir. İnsanlar VÖEN açmalı və bütün gəlirlərini onun vasitəsilə rəsmiləşdirməlidirlər. Bəzi hallarda insanlar pulu xarici platformalardan qazanırlar. Yəni reklam gəlirləri və s. Bunlar da bəyannamədə əks olunmalıdır. Sadəcə, tənzimlənmə mexanizmi tapılmalıdır. Bunun da ən sadə yolu illik gəlir bəyənnaməsidir. Asan və optimal variantdır”.

"Türkiyə Rusiyaya neft zərbəsi endirib" - "Bloomberg"

"Qərb sanksiyalarından sonra Türkiyənin xam neft idxalının 65 faizi məhz Rusiyanın payına düşüb..." Rusiyanın neft strategiyası göz önündə çökür: Türkiyənin ən böyük "Tupras" neft emalı zavodu qiyməti G7-nin müəyyən etdiyi 1 barrelə görə 60 dollar həddini aşan Rusiya neftinin alışını dayandırır. Sozcu.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb. Məlumatda deyilir ki, fevralın 27-dən etibarən "Tupras" sanksiya tələblərinə cavab verməyən Rusiya nefti partiyalarını tamamilə rədd edəcək. Bu, Moskvanın ən iri alıcılarından birini itirdiyi və ya nefti ucuz qiymətə satmağa, ya da getdikcə çətinləşən alternativ yollar axtarmağa məcbur olduğu deməkdir. "Bu, Rusiyanın neft ixracına ağır zərbədir", - analitiklər bildirir. "Tupras" Rusiya neftinin əsas alıcılarından biridir. Türkiyə xüsusilə də Qərb sanksiyalarından sonra Rusiya neft sektoru üçün xilasedici dairəyə çevrilib. Ölkənin xam neft idxalının 65 faizi məhz Rusiyanın payına düşüb. 2024-cü ilin ilk 11 ayı ərzində Türkiyə 29,1 milyon ton Rusiya neft məhsulları idxal edib. Təkcə "Tupras" 2024-cü ildə gündəlik 290 min barel Rusiya nefti alıb ki, bu da Rusiyanın dəniz yolu ilə ümumi ixracının 5,5 faizini təşkil edib.  İndi bu axın dayandırılır. "Bloomberg"-in məlumatına görə, Rusiya tədarükçüləri nefti böyük endirimlərlə təklif etməyə məcburdur, lakin hətta bu da satışları təmin etmir. Yanvarın 10-da tətbiq edilən ABŞ sanksiyaları artıq Rusiya neft ticarətinə ciddi zərbə vurub: Hindistan sanksiyalara məruz qalan Rusiya şirkətlərindən neft alışını azaltmağa başlayıb. Çin isə maliyyə əməliyyatları ilə bağlı risklərin artması səbəbindən əlavə endirimlər tələb edir. Rusiya məhdudiyyətlərdən yayınmaq üçün yeni sxemlər axtarır, lakin bu, yalnız xərcləri artırır. "Moskva üç il sanksiyalara tab gətirib, lakin Baydenin Yeni il ərəfəsindəki zərbəsi həlledici ola bilər. Rusiya hələ ki, itkiləri necə kompensasiya edəcəyini bilmir", - Qərb ekspertləri bildirir. "Tupras"-a tədarükün dayandırılması və Asiya bazarlarına təzyiq Rusiyaya milyardlarla dollar itki verə bilər. Yanvar sanksiyalarından sonra "Urals" markalı Rusiya nefti 60 dollardan ucuz satılır. İxrac gəlirləri düşür, Rusiya alıcılarını itirir və yeni bazarlar böyük endirimlər tələb edir. Moskva hətta sanksiyaları dəstəkləməyən ölkələr belə əməkdaşlığa yenidən başlamasına rəğmən, əsas tərəfdaşlarını itirmək riski ilə üz-üzədir. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, yanvar ayında Rusiya neftinin ixracı gündə 60 min barel, neft məhsullarından gəlirlər isə 400 milyon dollar azalıb. Rusiya yeni yollar axtarmağa çalışacaq, lakin bu, getdikcə çətinləşir. Kölgə donanmasına nəzarət güclənir, sanksiya mexanizmləri isə daha sərt işləyir.

Azərbaycanda un bahalaşdı - Siyahı

Azərbaycanda fevralın 10-na unun topdansatış qiyməti açıqlanıb. Sozcu.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, ötən həftə ilə müqayisədə topdansatış bazarda un bahalaşıb. Belə ki, un istehsalçıları qiymətləri 5 qəpikdən 50 qəpiyə qədər artırıblar. Açıqlanan rəsmi məlumata görə, hazırda ölkədə 50 kq-lıq unun topdansatış qiyməti 26,50 - 28,2 manat aralığında dəyişir. Ən ucuz un növü bazara “Dəvəçi-Taxıl” MMC, ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM tərəfindən təqdim olunur. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına əsasən, un istehsalçılarının hazırda topdansatış qiymətlərini təqdim edirik:

Azərbaycanda qızıl bahalaşır – Qiymətlər necə dəyişəcək?

Son günlər dünya bazarlarında qızılın qiymətində davamlı artım müşahidə edilir. Bu bahalaşma təkcə beynəlxalq maliyyə bazarlarını deyil, həm də yerli bazarlardakı qiymətləri dəyişməyə məcbur edəcək. Azərbaycanda da qızılın dəyərinin yüksəlməsi həm xammal, həm də hazır zərgərlik məhsullarının qiymətinə təsirsiz ötüşməyəcək. Bəs zinət əşyaları almaq istəyənləri hansı yeniliklər gözləyir? Qiymətlər necə dəyişəcək? İqtisadçı Xalid Kərimli dünya bazarındakı son proqnozları Yenisabah.az-a açıqlamasında belə dəyərləndirib: “Təbii ki, dünya bazarlarında qızılın qiymətinin yüksəlməsi Azərbaycana da təsirsiz ötüşməyəcək. Bu bahalaşma həm təmiz qızıl, həm də zərgərlik məmulatlarının qiymətində artımla nəticələnəcək. Qızılın dəyərinin qalxması təkcə yerli bazarlara deyil, bütün qlobal iqtisadi proseslərə təsir etdiyindən, bu tendensiya Azərbaycanın qızıl bazarında da özünü göstərəcək”. Maliyyə analitiki qeyd edib ki, sözügedən bahalaşma tədricən baş verəcək: “Əvvəlki qiymətlərlə qızıl ehtiyatı toplamış zərgərlər müəyyən müddət ərzində bu malları nisbətən ucuz qiymətə təklif edə bilsələr də, yeni gətirilən məhsullara artıq dünya bazarlarındakı qiymət artımı təsir edəcək. Bu isə o deməkdir ki, qızıl zərgərlik məhsullarının, o cümlədən, zinət əşyalarının dəyəri əhəmiyyətli dərəcədə yüksələcək”. Ekspert onu da vurğulayıb ki, bütün ölkələrdən idxal olunan qızıl mallarında bahalaşma gözləniləndir: “Qızılın qiymətindəki dəyişikliklər ölkənin idxal etdiyi məhsullardan asılı olmadan bazara təsir göstərir. Çünki əsas amil xammal – qızılın dəyəridir. Qızılın qlobal bazarlarda qiymətinin artması onunla bağlı olan bütün sektorlarda qiymət artımına gətirib çıxarır. Nəticədə, həm yerli istehsal olunan, həm də xaricdən idxal edilən zərgərlik məmulatlarının qiymətində ümumi bahalaşma müşahidə olunacaq”.

Azərbaycanda 700 min nəfərin maaşı ARTACAQ

Minimum əməkhaqqının artırılması 700 min nəfəri əhatə edir. Bunun 400 min nəfəri dövlət, 300 min nəfəri isə özəl sektorun payına düşür. Sozcu.az xəbər verir ki, bunu DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov brifinqdə deyib. Qeyd edək ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına uyğun olaraq, reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2025-ci ilin əvvəlindən minimum əməkhaqqı 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb, özəl sektor da daxil olmaqla bir sıra sahələrdə əməkhaqları artırılıb.

DİQQƏT: Xəbəriniz olmadan adınıza kredit götürə bilərlər

Son vaxtlar onlayn fəaliyyətlər zamanı dələduzluq halları xeyli artıb. Ən çox yayılan fırıldaqçılıq növlərindən biri də nisbətən məlumatsız vətəndaşların adına onlayn kreditlərin götürülməsi ilə bağlıdır.  Bir sıra dələduzlar müxtəlif zənglər vasitəsi ilə vətəndaşların telefon sistemlərini sındıraraq, şəxsi məlumatları ələ keçirir və bu variantla həmin vətəndaşın adına kredit götürürlər. Bəs görəsən, vətəndaşlar belə tələlərə düşməmək üçün nələrə diqqət etməlidir?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev bildirib ki, vətəndaşlar onlayn dələduzluq hallarına qarşı ayıq-sayıq olmalıdır: “İlk növbədə vətəndaşlar belə hallara qarşı ayıq-sayıq olmalıdır. İnformasiya təhlükəsizliyi ilə bağlı konkret qaydalara riayət etmək lazımdır.  Məsələn, bilmədiyimiz hansısa bir naməlum yerdən hər hansı bir proqram təminatı telefonlara yüklənməməlidir. Çünki dələduzlar bu vasitə ilə bizim fərdi məlumatlarımızı ələ keçirə bilər.  Digər tərəfdən, internet resurslarına filan daxil olanda diqqətli olmaq lazımdır. Belə olan halda isə mobil telefonlara və kompüterlərə virus düşə bilər. Bu isə bütün şəxsi məlumatlarımızı toplayar və 3-cü şəxslərə ötürər.  Ən əsası isə tanımadıqları insanlara kart məlumatlarının verilməməsidir. Bura həm FİN kod, həm də 16 rəqəmli nömrə aiddir. Ümumiyyətlə, bir çox vətəndaşlar belə hallarla bağlı məlumatsızdır. Bu istiqamətdə informasiya təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirilməli və vətəndaşların özləri də bu barədə məlumat toplamalıdırlar”. Asif Rzayev bildirib ki, bu kimi hallar onlayn kredit sifarişi, alış-veriş və ödənişlərin sayını azalda bilməz: “Texnologiya inkişaf etdikcə, məlumatlar da çoxalır və vətəndaşlar da onlayn seçimlərindən daha çox istifadə edir. Yəni istər onlayn kredit sifarişləri, istərsə də kredit ödənişlər bundan sonra da davam edəcək.  Mən düşünürəm ki, platformaların özləri təhlükəsizlik nöqteyi-nəzərindən tədbirlərini qurmalıdırlar. Həmçinin vətəndaşların üzərində öhdəlik düşür ki, bilmədikləri və təhlükəsizliyinə əmin olmadıqları yerlərdən ödənişləri həyata keçirməsinlər”.

SON DƏQİQƏ: Azərbaycanda ət kəskin ucuzlaşdı

Ölkədə dana və quzu ətinin qiyməti kəskin ucuzlaşıb. Son üç gündə ət və ət məhsullarının qiymətində nəzərəçarpacaq dəyişiklik müşahidə edilir.  Sozcu.az xəbər verir ki, hazırda Bakıətrafı qəsəbələrdə dana ətinin bir kiloqramı 12 manata təklif olunur. Quzu ətinin qiymətində də ucuzlaşma var. Əgər ötən həftə quzu ətinin bir kiloqramı 21-22 manata satılırdısa, indi bu məbləğ 17-18 manat təşkil edir. Rayonlarda isə dana ətinin bir kiloqramı 11, quzu əti isə 15 manatdır. Alıcılar ucuzlaşmanı bazarda qırmızı ətə tələbatın azalması ilə əlaqələndirirlər. Onlar Novruz bayramı ərəfəsində ətin qiymətinin yenidən artacağını istisna etmirlər.

Keçmiş məcburi köçkünlərin nəzərinə: ayda 60 manat alacaqlar?

İşğaldan azad edilmiş ərazilərdə qeydiyyatda olan keçmiş məcburi köçkünlərin statusu mərhələli şəkildə ləğv olunacaq. Keçmiş məcburi köçkünlərin sosial statusuna xitam verildikdən sonra dövlət büdcəsindən onlar üçün ayrılan aylıq müavinətin ödənişi dayandırılacaq. Bunun müqabilində isə keçmiş məcburi köçkünlərin yaşadıqları evlər daimi olaraq onların ixtiyarına veriləcək. Qarabağa qayıtmaq istəyən şəxslər hazırda yaşadıqları mənzilləri təhvil verəndən sonra orada evlə və torpaq sahəsi ilə təmin olunacaq, 3 il müddətində dövlətdən adambaşına ayda 60 manat müavinət alacaqlar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Oxu.Az-a açıqlamasında qeyd edib ki, keçmiş məcburi köçkünlərin statusunda dəyişiklik edilməsi ilə bağlı olan məlumatlar yalandır, həqiqəti əks etdirmir. Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən isə bildirilib ki, sözügedən məsələ barəsində yaxın günlərdə açıqlama veriləcək.

Banklarda dollara tələb artdı: məzənnə isə...

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib. Sozcu.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 71,4 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib. Bundan öncəki valyuta hərracında bankların dollar tələbi 68,3 milyon ABŞ dollar olub. Bu il yanvar ayında keçirilən 4 valyuta hərracında isə 285,8 milyon ABŞ dollar satılıb.

Metroda gediş haqqı artırılır?

Bakı metrosunda gediş haqqının 55 qəpik olacağı bildirilir. Pravda.az məsələni dəqiqləşdirmək üçün "Bakı Metropoliteni" QSC-nin artımla bağlı Tarif Şurasına müraciət edib-etmədiyi barədə sorğu ünvanlayıb. Üç gün keçməsinə baxmayaraq, qurumdan heç bir mövqe bildirilməyib. Xatırlatma: Hazırda metroda gediş haqqı 50 qəpikdir.

Rus qazının nəqli tamamilə dayandırıldı

Ukrayna tərəfinin Rusiya qazının öz ərazisindən Avropaya tranzitinə dair sazişin müddətini uzatmaqdan imtina etməsi “Qazprom”u bu marşrutla yanacaq tədarükü üçün texniki və hüquqi imkandan məhrum etdi və buna görə də yanvarın 1-də Moskva vaxtı ilə saat 08:00-da (Bakı vaxtı ilə 09:00) qazın nəqli dayandırıldı. Sozcu.az xəbər verir ki, bu barədə “Qazprom”dan məlumat verilib. “Kiyevin bu sazişləri yeniləməkdən dəfələrlə və açıq şəkildə imtina etməsi səbəbindən “Qazprom” 2025-ci il yanvarın 1-dən Ukrayna ərazisindən tranzit üçün qaz tədarükü ilə bağlı texniki və hüquqi imkandan məhrum edilib. Moskva vaxtı ilə saat 08:00-dan etibarən Rusiya qazının Ukrayna ərazisindən nəqli həyata keçirilmir”, - qurumdan bildirilib. Qeyd edək ki, "Qazprom" və "Naftoqaz" arasında Rusiya qazının Ukrayna ərazisindən nəqlinin təşkili ilə bağlı beşillik saziş yanvarın 1-də başa çatıb.

Ukrayna rus qazının nəqlini dayandırır

Rusiya qazının Ukrayna ərazisindən tranziti 2025-ci il yanvarın 1-də səhər saatlarında müvafiq müqavilənin müddətinin başa çatması ilə əlaqədar dayandırılacaq. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal Ali Radada çıxışında deyib. “Qaz tranziti müqaviləsi 2025-ci il yanvarın 1-də başa çatır. Səhər saat 7-də tranzit bu müqavilənin ləğvi ilə əlaqədar fiziki olaraq dayandırılacaq”, - Şmıqal bildirib. Qeyd edək ki, Ukraynanın “Naftoqaz” şirkəti ilə Rusiyanın “Qazprom” şirkəti arasında tranzit müqaviləsi 2019-cu ilin sonunda beş il müddətinə imzalanıb. Rusiya Avropaya qazı Ukrayna ərazisi ilə tədarük edir.