Pakistanda güclü yağışlar - 38 nəfər öldü

Pakistanın Milli Fəlakətlərin İdarə Olunması Agentliyi güclü yağışların təsiri ilə bağlı açıqlama yayıb. Sozcu.az “Samaa TV”yə istinadən xəbər verir ki, son 3 gün ərzində güclü yağışlar ölkə üzrə ilkin məlumatlara əsasən 38 nəfərin həyatını itirməsinə, 63 nəfərin isə xəsarət almasına səbəb olub. Ən çox insan tələfatının 19 nəfərlə Xayber Paxtunxva əyalətində qeydə alındığı, Pəncab əyalətində isə 12 nəfərin həyatını itirdiyi bildirilib. Sind və Bəlucistan əyalətlərində də 7 nəfərin güclü yağışlar səbəbilə həyatını itirdiyi qeyd olunub. Açıqlamada güclü yağışların davam edəcəyi proqnozlaşdırılır və ölkənin şimalındakı bəzi bölgələr üçün sel xəbərdarlığı verilib.

Naxçıvanda ağır qəza: ölü və yaralılar var

Naxçıvan MR-də iki avtomobilin iştirakı ilə baş vermiş ağır yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb, yaralananlar var. Sozcu.az xəbər verir ki, hadisə Naxçıvan – Sədərək magistralının Kəngərli rayonu ərazisindən keçən hissəsində baş verib. Belə ki, “NAZ Lifan” markalı avtomobillə “Qazel” markalı avtomobil toqquşub. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə Daxili İşlər və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Bakıda kanalizasiyaya düşən gəncin meyiti tapıldı

Bakının Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə kanalizasiyaya düşən gəncin meyiti tapılıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, onun meyiti Hövsan qəsəbəsinin ərazisində aşkar olunub. Qeyd edək ki, hadisə iyunun 26-sı baş verib, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o kanalizasiya kollektoruna düşüb.

Məktəbdə transformator partladı: 29 şagird öldü

Mərkəzi Afrika Respublikasının paytaxtı Bangidə orta məktəblərin birində 5 mindən çox şagirdin buraxılış imtahanı zamanı transformator partlayıb. Sozcu.az xəbər verir ki, məlumat “Röyters” yayıb. Hadisə zamanı yaranmış çaxnaşmaya görə azı 29 şagirdin öldüyü bildirilir. Eyni zamanda, 260 nəfər də xəsarət alıb.

Aeroport yolunda qəza: ölən var

Ötən gün 23:00-da Suraxanı rayonu, aeroport şosesində ölümlə nəticələnən qəza baş verib. Sozcu.az xəbər verir ki, qəza nəticəsində KİA markalı, 77 YF 704 dövlət nömrə nişanlı minik avtomobili "Kamaz”la (11 BE 212) toqquşub. Nəticədə KİA-nın sürücüsü və bir sərnişin xəsarət alıb, digər sərnişin isə hadisə yerində həlak olub.

Tovuzda 14 nəfər dönərdən zəhərləndi

19:00 Tovuz rayonunda dönərdən zəhərlənmə faktı qeydə alınıb. Sozcu.az xəbər verir ki, 12 nəfər zəhərlənmə diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlar arasında azyaşlı da var, hazırda rayon xəstəxanasında müalicələri davam etdirilir. *** Bu gün saat 16:55 radələrindən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib. Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

10-cu sinif şagirdi vəfat edib

Bakının Suraxanı rayonunda yerləşən 282 nömrəli tam orta məktəbin şagirdi dünyasını dəyişib. "Unikal"ın məlumatına görə, 10-cu sinif şagirdi Vəlizadə Ziya Eyvaz oğlu xəstəlik səbəbindən vəfat edib.

Cəbrayılda insan sümükləri aşkarlandı

Cəbrayılda insan sümükləri aşkarlanıb. Sozcu.az xəbər verir ki, insan skeletinin qalıqları rayonun Dərzili kəndi ərazisində qazıntı işləri aparılan zamanı aşkarlanıb. Faktla bağlı aidiyyatı qrumlar araşdırmalara başlayıb.

Bakıda piyada ölümü

Bakıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az DİN-ə istinadla xəbər verir ki, Heydər Əliyev prospekti, “ASK Arenanın” qarşısında 2 piyada yolun hərəkət hissəsindən keçərkən onlardan birini minik avtomobili vurub. Piyada hadisə yerindəcə həyatını itirib.

Ağdamda ANAMA-nın əməkdaşı öldü

Ağdamda ANAMA-nın əməkdaşı ölüb. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, ANAMA-nın Ağdam mobil bazasında anbardar vəzifəsində çalışan 1969-cu il təvəllüdlü Vüqar Həşim oğlu Məmmədovun səhhəti anidən pisləşib. Bazanın əməkdaşları V.Məmmədovu Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

İran İsraildə xəstəxananı vurdu

08:35 İran İsrailə raket zərbələri endirib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Bildirilib ki, raketlər paytaxt Təl-Əvivə düşüb. Eyni zamanda, Beer-Şevada yerləşən Soroka xəstəxanası da vurulub. ** Xəstəxananın vurulması nəticəsində azı 10 nəfər xəsarət alıb. Ölkənin əksər bölgələrində hava hücumu sirenləri səslənir, mülki əhaliyə isə sığınacaqlarda qalmaq tapşırılıb. Təl-Əvivdə də raket zərbələrindən sonra dağıntılar qeydə alınıb.

Maşın ustanı divara sıxıb öldürdü

Şabranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Sincanboyad kəndində yerləşən sexdə usta işləyən 1971-ci il təvəllüdlü Ədalət Nəcəfov təmirə dayanmış “Mercedes” markalı yük avtomobili ilə divar arasında sıxılaraq ölüb. Belə ki, nasaz avtomobil hərəkət edərək ustanı divara sıxıb. Nəticədə ağır xəsarətlər alan 54 yaşlı kişi həyatını itirib. Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.