Tabor komandiri məhkəmə zalında həbs edildi

Rüşvət almaqda və mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin hərbi-hissəsinin sabiq tabor komandiri Elnur Əliyev həbs edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu barədə Bakı Hərbi Məhkəməsində qərar qəbul edilib. Hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm elan edilib. Hökmə əsasən, barəsində həbs qətimkan tədbiri seçilməmiş Elnur Əliyev 5 il müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Hökmdə həmçinin mənimsəmə epizodu üzrə ona cəza təyin edilməyib. Həmin hissə hökmdən xaric edilib. Qeyd edək ki, Elnur Əliyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsindən əlavə eyni məcəllənin 179.1-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə də ittiham verilib.

Çinə sanksiyalar davam etdiriləcək - Blinken

ABŞ və Avropa Birliyi Rusiya ilə əməkdaşlığa görə Çin şirkətlərinə sanksiyaları davam etdirəcək. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Konqresdə dinləmələr zamanı deyib. Onun sözlərinə görə, Qərb ölkələri Rusiya ilə əlaqəli olduğu iddia edilən Çindən olan 100-dən çox şirkətə artıq sanksiyalar tətbiq edib. "Biz sanksiyaları davam etdirəcəyik", - deyə Blinken vurğulayıb. Bundan əvvəl Çin Tayvana silah tədarükünə görə ABŞ-ın üç şirkətinə sanksiya tətbiq etmişdi.

DİN əhalini xəbərdar etdi: virtual soyğunçuluq pik həddə çatdı

Daxili İşlər Nazirliyi (DİN) virtual soyğunçuluqla bağlı əhaliyə xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib. Onun sözlərinə görə, dünəndən bununla bağlı polisə 16 müraciət daxil olub: "Dünəndən polisə 16 müraciət daxil olub ki, bank kartımdan pulumu oğurlayıblar. Məbləğlər - 870, 700, 170, 448, 300, 1320, 442, 3500, 2341, 540, 583, 364, 1200, 4360, 1000, 244 manat təşkil edib. Hamısı eyni üsulla - əlavə bank kartı məlumatları verilməklə oğurlanıb".

Gecə-gündüz çalışıram: sülh, ardınca isə... - Bayden

Yaxın Şərq münaqişəsinin yeganə həlli İsrail və Fələstinin birgəyaşayışına əsaslanan nizamlanmadır. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib. "Hazırda Qəzzada atəşkəs razılaşması üzərində işləyirəm, oranın yenidən qurulmasına əlavə yardım göstərmək üçün gecə-gündüz beynəlxalq səylərə rəhbərlik edirəm. Mən təkcə atəşkəs üçün deyil, həm də regionun birliyi üçün gecə-gündüz çalışıram. Davamlı sülhə nail olmaq niyyətindəyik. Sonra nə olacaq? Qəzzada nə olacaq? Fələstin xalqının hansı hüquqları var? Çalışıram ki, hər iki dövlətin mövcud olacağı, iki xalqa sülh və firavanlıq içində yaşamağa imkan verən yeganə həll yoluna nail olaq", - o bildirib.

İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?

İbrahim Rəisinin ölüm xəbəri təsdiqlənərsə, onun yerinə kimin keçəcəyi məlum olub. Bu halda İranın birinci vitse-prezidenti, 70 yaşlı Məhəmməd Moxber yaxın iki ay ərzində İranın prezidenti olacaq. İran Konstitusiyasına əsasən, rəhbərin razılığı ilə birinci vitse-prezident prezidentin və parlamentin sədrindən ibarət şuranın yerini alır, məhkəmə hakimiyyətinin rəhbərləri və vitse-prezident isə 50 gün ərzində yeni seçkilər keçirməlidir.(oxu.az) Mənbə: İran KIV

Bu məşhur şirkət Rusiya bazarını tərk edir

“Danone” şirkəti Rusiya bazarını tərk edir. Sozcu.az xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Məlumata görə, “Danone” aktivlərinin satışını başa çatdırıb və şirkətin qlobal satışlarının təxminən 5%-ni təşkil edən Rusiyadakı fəaliyyətini dayandırır. Qeyd edək ki, şirkət Rusiyada 30 ildən artıqdır ki, fəaliyyət göstərir.

Bu evlərə “kupça” verilir – RƏSMİ

Bəzi evlər və obyektlər istisna olmaqla bütün sənədsiz evlərə “əmlak amnistisiyası” tətbiq ediləcək. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib. Bildirilir ki, bu məqsədlə yeni elektron portal hazırlanır. Portal hazırlandıqdan sonra çıxarış verilməsi nəzərdə tutulan evlərlə bağlı lazımi məlumatlar sistemə yerləşdiriləcək.  Bəs bu proses hansı qaydada aparılacaq? İlkin mərhələdə hansı əmlaklara çıxarış verilməsi nəzərdə tutulur?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib ki, ilk öncə müvafiq sənədlərin toplanması üçün işlər görüləcək:  “Yəqin ki orada müvafiq eskiz layihələri, məlumatları, xəritədəki yerləşmə yeri göstəriləcək. Bununla bağlı Əmlak Məsələləri üzrə Dövlət Xidməti geniş açıqlama verəcək. Amma hər bir halda xidmətin göstəriləcəyi addımlar insanların əmlak məsələləri ilə bağlı problemlərinin həll olunmasına yönəlib. Bildiyiniz kimi, ölkə başçısının bu istiqamətdə verdiyi tapşırıqlar ondan ibarətdir ki, vətəndaşların mülkiyyətlə bağlı problemlərinə son qoyulsun. Qeydiyyatsız evlərin mülkiyyət məsələləri, nəhayət ki, həllini tapacaq”.  Ekspert qeyd edib ki, bu amnistiya bəzi əmlaklara şamil olunmayacaq: “Ancaq bəzi əmlaklar var ki, onların sənədləşdirilməsi tikinti yerinə və əraziyə görə mümkün olmayacaq. Bu problemli zonalarda, xüsusən neftə məxsus hissələrdə olan evlərə aiddir. Hansı ki, həmin ərazilər faktiki olaraq, müəyyən neft şirkətlərinə aiddir. Həmçinin insanların yaşaması üçün təhlükəli olan ərazilərdə olan evlər də bu qəbildən sayılır. Təbii ki, bunlarla bağlı hər bir müraciət bir-bir araşdırlacaq və müvafiq qərarlar qəbul olunacaq. Məlum olduğu kimi, Arxitektura və Şəhərsalma Komitəsi tərəfindən də yaradılan portal vasitəsi ilə tikintiyə icazə sənədləri də bu istiqamətdə araşdırılır. Bundan sonra müvafiq qərar qəbul olunur. Yəqin ki, bu sistem vasitəsi ilə hər bir məsələ araşdırılacaq və vətəndaşın xeyrinə qərar veriləcək”. 

80 manat alan neçə müharibə veteranı var? - Rəsmi CAVAB

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və rəsmi laraq “Müharibə veteranı” statusu almış şəxslərlə bağlı ən son statistika məlum olub. Sozcu.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 180.476 nəfər rəsmi olaraq “Müharibə veteranı” statusu daşıyır. Bura həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçıları daxildir. Müharibə veteranlarına ayda 80 manat təqaüd verilir.

Vardanyanla bağlı məhkəməyə müraciət edildi

Qarabağdakı keçmiş qondarma qurumun “dövlət naziri” Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib. Sozcu.az xəbər verir ki, cinayət işi üzrə istintaqın aparıldığı Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsinin vəsatətinə Səbail Rayon Məhkəməsində baxılır. Qeyd edək ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib. Ona Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verildiyi məlumdur. Xatırladaq ki, BBC və digər xarici media qurumları bu yaxınlarda Ruben Vardanyanın müxtəlif ölkələrdə çirkli pulların yuyulması mexanizmləri ilə bağlı və digər əməllərini ifşa edən geniş araşdırma materialları ilə çıxış etmişdi.

Rusiya sərhədimizdəki 11 postu ləğv edir

İrəvan Rusiya sərhədçilərinin müvəqqəti əməliyyat qruplarını geri çəkmək xahişi ilə Rusiya tərəfinə müraciət edib və belə bir qərar qəbul edilib. Sozcu.az xəbər verir ki, bu sözləri Rusiya FTX-nin direktorluğuna namizəd Aleksandr Bortnikov deyib. O qeyd edib ki, Ermənistan ərazisində vəziyyətin son dəyişikliyini nəzərə alaraq, Ermənistan lideri Moskvada Prezident Putinlə görüşündə (Putinlə Paşinyanın Moskvada görüşü 8 may tarixində olub- red.) müvəqqəti əməliyyat qruplarının demarkasiya xəttindən və sərhəddən çıxarılmasını xahiş edib: “Beləliklə, qanuni olaraq müəyyən edilməmiş ərazilərdə mövcudluq problemi bağlanır. Bu qərar qəbul edilib”. O xatırladıb ki, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatından sonra Ermənistan yardım və FTX sərhəd bölmələrinin Azərbaycanla sərhəd xəttində yerləşdirilməsini xahiş edib. Bu xahişi nəzərə alaraq, Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında 11 sərhəd postu yaratmışdı. Qeyd edək ki, bundan öncə Bortnikov İrəvanın Zvartnots hava limanında da rus sərhədçilərin sərhəd-keçid məntəqəsini bağlayacağını açıqlamışdı.

“Anaların başı ərlərini güdməyə qarışdığı üçün...” - Psixoloqdan qalmaqallı açıqlama

Xəbər verdiyimiz kimi, Tovuzda öz istəyi ilə 26 yaşlı oğlana qoşulub qaçan 16 yaşlı qız ailəsinə qaytarılıb. Qeyd edək ki, son illər belə hallar tez-tez baş verir. Bəs, erkən nikahların qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Psixoloq Zeynəb Əyyubova Bakupost.az -a bildirib ki, bu məsələdə əsas məsuliyyət valideynlərin üzərinə düşür. “Məncə, artıq həyəcan siqnalı çalmalıyıq. Valideynlər nəyi etməməlidir? Valideynlər nəyi etməməklə qızlarını xoşbəxt edə bilərlər? Əgər bir qız uşağı doğulduğu gündən etibarən evində dayanmadan bir-biri ilə mübahisə edən ata-ana, gəlin-qaynana, daim nəyinsə çözümünü tapa bilməyən ailə sistemi görürsə, o, heç vaxt bu ailədə kök salmayacaq”, - deyə Z.Əyyubova bildirib. Psixoloqun sözlərinə görə, qız ailədə valideynlərinə güvənməlidir: “Qız uşağının ailəsinə kök salmaq üçün inandığı bir yer olmalıdır. Onun inandığı isə ata və anasının münasibətidir. Əgər bir qız atasına güvənmirsə, ona baxanda anasının sevildiyini düşünmürsə, ilk ağlına gələn bu olur: mənə dəyər verəni, sevəni tapacam. Təəssüf ki, o da bir uğursuzluqla nəticələnir. Niyə qızlar öz ailələri ilə xoşbəxt deyillər, niyə öz ailələrində qalmaq istəmirlər? Çünki ata, ana modeli yoxdu və bir-birindən xəbərsiz olan ata-ananın evində qaçmağı, intiharı, başqa bir ölkəyə getməyi üstün tutan uşaqlar olur”. Z.Əyyubova qeyd edib ki, əksər valideynlərin başı sosial şəbəkələrə qarışdığı üçün övladlarının istəyindən xəbərsizdirlər: “Bu gün valideynlər övladlarının nəyi sevib-sevmədiyini, nədən xoşbəxt olduğunu bilmir. Çünki valideyn övladını tanımır, onunla vaxt keçirmir, atanın başı “TikToka”, ananın başı "Feysbuk"a qarışıb. Buna görə də ata hansısa qadınlarla, ana isə hansısa qadınların arxasına düşüb atanı güdməklə məşğuldu. Bu arada da balaca qız uşaqları özlərinə çözüm, çarə axtarırlar və onu da qaçmaqda görürlər”.

ABŞ-da min nəfərlik ziyafətdə atışma: ölənlər var

ABŞ-ın Alabama ştatında baş verən atışmada 3 nəfər ölüb, ən azı 12 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Baldvin dairəsinin müstəntiqi Andre Reyd deyib. Onun sözlərinə görə, silahlı insidentin qeydə alındığı Stokton bölgəsindəki ziyafətdə min nəfər olub. A. Reyd bildirib ki, ölənlərin və yaralıların əksəriyyəti gəncdir. Reyd əlavə edib ki, atışmada polislər iştirak etməyib. Qeyd edək ki, Stoktonun təxminən 400 nəfər əhalisi var.