Yenə Qərbi söyməyə başlayıblar. Guya Gədəbəydə camaatı qızışdıran Qərb imiş. Guya Qərbin məqsədi də dövlətçiliyimizə qarşı çıxmaq imiş. Qərb heç vaxt bizim milli dövlətçiliyimizə qarşı olmayıb. Məsələn, Topçubaşovu Versalda qəbul edən kim idi? Qərb! Elçibəy Finlandiyadakı beynəlxalq toplantıda hansı dildə çıxış edirdi? Azərbaycan dilində! Qarabağın işğalı ilə bağlı 4 qətnamə verən kim idi? Qərb! Yenə sayaq, yoxsa bəsdir? İkincisi, mən bir insan və vətəndaş kimi niyə Qərb dəyərlərinin tərəfdarıyam, onu da deyim. Çünki Qərb insana, onun varlığına, mövcudluğuna hörmət edir. Deyir, sənin seçmək, sərbəst toplaşmaq azadlığın var, sənin mülkiyyət toxunulmazlığın var, sənin hüquqların var. İndi mən bir insan kimi liberal iqtisadiyyat, hüquq və azadlıqdan tərəf olan Qərb dəyərlərinin yanında olmalıyam, yoxsa korrupsiyanın, işğalın, zülmün, köləliyin? Əlbəttə, Qərb dəyərlərinin. Sən insana, insanlığa bu qədər hörmətlə yanaşan hansı dəyərlər sistemi ortaya qoymusan ki, mən də onun yanında olmamışam?
Kəramət Böyükçöl