Fitr bayramı: İnsanlar savab qazanmaq üçün nə etməlidir?

Sabah Fitr bayramıdır. Bayram günü fitrə sədəqəsi vermək, bayram namazı qılmaq savab sayılır. İnsanlar başqa hansı saleh əməllərlə məşğul olmalıdır? 

Yenisabah.az-a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli bayram günü qəlbləri sevindirməyin önəmindən danışıb:

“Bayramı olduqca yaxşı keçirməliyik. Bunun üçün də Allahın rizası olmaldır. Allahın rizası isə saleh əməllərin içərisindədir. Bayram namazından əvvəl qüsl almalı, ən gözəl paltarlarımızı geyinib müsəlmanlarla birlikdə namazımızı qılmalıyıq.

Namazdan əvvəl unutmayacağımız bir şey var. Qul haqqı, yəni fitrə sədəqəsi. Mütləq bayramdan əvvəl ehtiyacı olanlara fitrə sədəqəsini çatdırmaq lazımdır.

Bayram günü gözəl söz deməkdən ağac əkməyə qədər ata-analarımıza ziyarətə getməkdən qəbr ziyarətinə qədər bütün gözəl işlər savabdır.

Peyğəmbərimiz bu günün əfv, mərhəmət, sevgi günü olduğunu deyib. Yəni bir ümmət olaraq bir-birimizi bağışlamalıyıq. Bunu etməliyik ki, Allah da bizi bağışlasın, mərhəməti insanların qəlbinə ensin.

Fitr bayramı günü oruc tutmaq haramdır. Bayramdan sonra qəzası olanlar oruc tuta bilər. Ramazan ayından sonra Şəvval ayı gəlir və bu ayın 6 günü oruc tutmaq da savabdır. Qəza oruclarımızı tutduqdan sonra Şəvval ayınında oruclarını mütəmadi və ya 2-3 gün ara verərək də tutmaq olar”.

Share on Facebook