“Putin deyib ki, hər kəs olduğu yerdə qalsın…”- Laçının Zabux dərəsindəki Andranik…

Bu həyasız livanlı terrorçu bütün vasitələrlə erməniləri kənddən çıxmamağa təhrik edir…

2020-ci il dekabrın 1-dən Azərbaycan Respublikasının nəzarətinə qaytarılmış Laçın rayonunun Zabux kəndində qanunsuz məskunlaşmış ermənilərlə ərazidəki Rusiya sülhməramlılarının mübahisələri davam edir. Hələ 10 Noyabr üçtərəfli razılaşmasından sonrakı ilk günlərdə Laçın dəhlizində – düz Gorus-Laçın-Şuşa-Xankəndi yolunun üzərində yerləşən həmin kəndin livandan köçmüş erməni olan saxta “meri” Andranik Çavuşyan və bir neçə silahlı digər erməni təkidlə, o cümlədən qadınlar kənddən çıxmayacaqlarını bəyan edir. Onlar hətta Rusiya hərbçilərinin silahlarını təhvil vermək barədəki əmrlərinə də tabe olmurlar.

Moderator.az xəbər verir ki, ermənilərin “Axavno” adlandırdıqları Azərbaycan kəndinin qanunsuz “mer”i Andranik Çavuşyan Ermənistanın “Lragir” nəşrinə açıqlamasında sülhməramlılarla növbəti mübahisəsindən danışıb.

“Ruslar deyirlər – rəhbərliyiniz(Ermənistan, yaxud Xankəndindəki qondarma rejim?-S.L.) bu torpağı 5 illiyə bizə verib. Mən isə cavab verirəm ki, mənim icazəm olmadan”- A. Çavuşyan belə deyir.

“Axavnoya girməyə qadağa olmasa da, insanların geri dönməməsi üçün hər şey edilir. Ruslar da mənim də qulağımı doldururlar, amma mən soruşuram – hansı qanunla insanların girməsinə qadağa qoymalıyam? Əgər üçtərəfli razılığa görə, burada 5 il heç kim yaşamamalıdırsa – nə ermənilər, nə də azərbaycanlılar, yalnız rus sülhməramlıları olmalıdırsa da, bu, belə deyil – biz burada gəlmə deyilik, biz burada yaşayırdıq. Putin də deyib ki, hər kəs olduğu yerdə qalsın. İndi biz qaldıq, qoy onlar da(azərbaycanlılar-S.L.) qalsınlar. Sonra danışıqlar hansı yolun inşa ediləcəyini göstərər…”-deyə qanunsuz mer bildirib.

Hər şeydən aydın olur ki, bu həyasız erməni terrorçusu bütün vasitələrlə oradakı əksəriyyəti livandan köçmüş erməniləri Zabuxdan çıxmamağa təhrik edir. O, sponsorların dəstəyi ilə kənddəki məktəbi təmir etdirib, dərslər başlayıb və hazırda məktəbdə 15 uşaq oxuyur. Ancaq A. Çavuşyanın sözlərinə görə, separatçı rejim rəhbərliyi də məktəbin bağlanması üçün çalışır. Yəni ermənilərin kənddə məskunlaşmasını istəmir…

Erməni nəşri yazır ki, Laçın şəhəri, Zabux və Susun ermənilər üçün “statusu” hələ də dəqiqləşdirilməyindən icmaların rəhbərləri və sakinləri tamamilə qeyri-müəyyənlik içindədirlər.
Rus sülhməramlıları isə Laçına qayıtmaq istəyən ermənilərə evlərinə qayıda bilməyəcəklərini söyləyiblər. Laçının qanunsuz “meri” Narek Aleksanyan şəhərin “status”u hələ təyin olunmadığından hazırda burada yalnız müharibə zamanı köçməyən erməni ailələrin yaşadığını bildirib…

Facebook Comments