“Partlayış yerindən uzaqlaşmaq istəyirdim, gördüm qolum qopub sallanır…” – FOTO

“Yeddi dəfə əməliyyat keçirmişəm, qolum işləmir, amma həkimlərimizin dediyinə görə işləməlidir”

Vətən müharibəsində döyüşərək ağır yaralanan hərbçilərimizdən biri də Baş-leytenant Elşən Mustafayevdir. Qazimiz Moderator.az-a açıqlamasında öz döyüş yolunu belə nəql edib:

“1978-ci ildə Zəngilan rayonunda anadan olmuşam və ehtiyatda olan zabitəm. Döyüşlərə səfərbərlikdən çağırılmışam. Aprel döyüşləri ərəfəsində də təlimlərdə iştirak etmişəm. Bu dəfə sentyabrın 29-da döyüşə yollandım. Cəbrayıl rayonundan döyüşlərə başladım və oktyabrın 24-də Füzulidə yaralandım. Düşmənin minamyot atması nəticəsində sol qolumdan ağır qəlpə yaraları aldım. Minamyotun düşməsinə 3-4 saniyə qalmış yerə uzanıb özümü qorumağa çalışdım. Minamyot düşən kimi vannası mənim sol qolumu göyə atdı və qəlpələr qoluma dəydi. Ayağa durdum gördüm ki, toz-dumanın içindəyəm, partlayış yerindən uzaqlaşmaq istəyirdim ki, sol əlimi uzatdım ki, harasa söykənəm gördüm qolum qopub. Barmaqlarım yerə dəyirdi. Sağ əlimlə sol qolumu götürüb ordan uzaqlaşdım. 5-6 addım atandan sonra gözlərim qaraldı, gedə bilmədim, əsgərlərimiz köməyə gəldi və məni Cəbrayılın Daşkəsən kəndinə çatdırdılar. Ora çatandan sonra huşumu itirdim, həkimlər elə bilib ki, şəhid oldum. Amma sonra qan vurub Bakıya hospitala göndəriblər. Həkimlər qolumu yerinə tikiblər. Yeddinci dəfə əməliyyat keçirmişəm. Qolum işləmir, amma həkimlərimizin dediyinə görə qolum işləməlidir”.

Qazimiz göstərdiyi bütün qəhrəmanlıqlara baxmayaraq medalla təltif edilmədiyini deyib:

“Özüm də buna görə məəttələm ki, niyə mənə medal verilməyib. Hərbi hissəmizin rəhbərliyi ilə danışmışam və bizlərin də medalla təltif ediləcəyini bildirib”.

Facebook Comments