“Liqvan” pendirinə qarşı aparılan təbliğatdan sonra Güney Azərbaycanda “Mihən” məhsulları boykot edilib

İran Dövlət Televiziyasında Təbrizin məşhur “Liqvan” pendirinə qarşı aparılan təxribatdan sonra Güney Azərbaycan türkləri rejimin təbliğ etdiyi Tehranın “Mihən” Pendirini və həmin şirkətin digər məhsullarını boykot edib.

Yayılan məlumata əsasən, həmin məqsədyönlü təxribat xarakterli verilişin dövlət televiziyasından yayılmasından sonra Güney Azərbaycanlılar sosial şəbəkələrdə rejimin bu çirkin addımını pisləyərək, “Mihən” pendirinə və onun digər məhsullarına qarşı kampaniya keçirməyə başlayıblar.

Bildirilir ki, azərbaycanlıların virtual aləmdə “Mihən” məhsullarına qarşı başlatdığı etiraz xarakterli kampaniyası Güney Azərbaycanın müxtəlif şəhərlərində ağartı məhsulları satan mağaza sahiblərinə təsirsiz ötüşməyib. Belə ki, dünəndən başlayaraq ərzaq malları satan mağaza sahibləri “Mihən” məhsullarının satışını dayandıraraq, onu boykot ediblər.

Mağaza sahibləri və ağartı məhsullarının satışı ilə məşğul olan digər ticarət obyektləri “Burada “Mihən” məhsulları yoxdur, satışda Azərbaycanın “Liqvan” pendiri mövcuddur” yazısını mağaza şüşələrinə yapışdıraraq, vətəndaşları yalnız Azərbaycan məhsullarını almağa təşviq ediblər.

Qeyd edək ki, iyunun 4-də İran Dövlət Televiziyasının “Kanal 1” telekanalında yayımlanan “Dəstpoxt” verilişinin aparıcısı “Liqvan” pendirinin istehsal prosesində sanitariya normalarına və gigiyena qaydalarına əməl edilmədiyini iddia edərək, izləyiciləri bu pendir əvəzinə Tehranda istehsal olunan “Mihən” pendirini almağa çağırıb.

Halbuki, “Liqvan” pendiri Səhənd dağlarının ətəyində yerləşən, eyni adı daşıyan kənddə ənənəvi üslubda, kimyəvi qatqılar olmadan tamamilə gigiyenik bir şəkildə və sağlamlıq mərkəzlərinin nəzarəti altında istehsal olunur.

Bildirilir ki, Güney Azərbaycan türklərinin “Liqvan” pendirinə qarşı aparılan təxribata cavab olaraq, “Tehranda istehsal edilən “Mihən” məhsullarını boykot etməsinin ardınca, “Dəstpoxt” verilişinin aparıcısı iyunun 5-də dövlət televiziyasında həmin mövzuya həsr olunan bir verilişə telefon vasitəsilə qatılaraq, güya “anlaşılmazlıq” olduğunu, özünün də “Liqvan” pendirini bəyəndiyini bildirərək, Azərbaycan türklərindən dediyi sözlərə görə üzr istəyib.

Facebook Comments