Daha bir türk dövləti rus dilindən uzaqlaşır

Qırğızıstandakı televiziya kanallarına məzmunlarının 40%-dən çoxunu rus dilində göstərmək qadağan edilib. Sozcu.az xəbər verir ki, Qırğızıstanda televiziya kanallarından qırğız dilində yayımlanan verilişlərin payını 60 faizə çatdırmaq tələb olunur. Mədəniyyət nazirinin müavini Marat Taqayevin sözlərinə görə, bəzi özəl kanallar yeni məzmun istehsal etmədən tələblərə formal olaraq əməl edirlər. Onlara fevral ayının sonuna qədər "Qırğızfilm" və "Qırğızserial" ilə müqavilələr imzalamaq tapşırılıb. Əks halda, ilin sonuna qədər müvafiq tədbirlər görüləcək. Qeyd etmək lazımdır ki, əvvəlki limit 50 faiz idi. Bununla belə, "Birinci Kanal", "Rossiya 24", "Kultura" və "Zvezda" da daxil olmaqla, Rusiya telekanalları ölkənin media sahəsində əhəmiyyətli dərəcədə iştirak edir.

Nobel Komitəsi icazə verdi: mükafat Trampda qala bilər

Norveç Nobel Komitəsi ABŞ prezidenti Donald Trampa Venesuelanın müxalifət lideri Mariya Korina Maçadonun Nobel Sülh Mükafatı medalını saxlamağa icazə verib. Sozcu.az xəbər verir ki, komitə bu barədə X platformasında bildirib. Açıqlamada deyilir: "Medal əldən-ələ keçə bilər, amma Nobel Sülh Mükafatının laureatının adı dəyişmir". 6 yanvarda Venesuela müxalifətinin lideri Mariya Korina Maçado ABŞ prezidentinə 2025-ci ildə aldığı Nobel Sülh Mükafatını verməyə hazır olduğunu bildirib. O, mükafatı alarkən onu Amerika liderinə həsr etdiyini, çünki onun buna layiq olduğunu düşündüyünü bildirib. Müxalifət lideri qeyd edib ki, 3 yanvarda Tramp bir çoxlarının qeyri-mümkün hesab etdiyi şeyə nail olub – Maduronu Venesuala prezidenti vəzifəsindən kənarlaşdırıb. 15 yanvarda Tramp Maçado ilə Ağ Evdə görüşüb. Danışıqlar zamanı müxalifət lideri Nobel Sülh Mükafatı medalını ABŞ prezidentinə təqdim edib. “Fox News”un məlumatına görə, Amerika lideri onu qəbul edib.

"Qarabağ" - "Ayntraxt" oyununun biletləri satışda

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Ayntraxt Frankfurt" (Almaniya) oyununun biletləri satışa çıxarılıb. Bu barədə Sozcu.az-a klubdan məlumat verilib. Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır. Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər. Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.

Samir Piriyev: "Hər dəfə toya getməmişdən əvvəl iki boşqab makaron yeyirəm"

Müğənni Samir Piriyev hər dəfə toya getməzdən əvvəl iki boşqab makaron yeyir. Sozcu.az xəbər verir ki, o bu barədə "Qonaqcanlı" verilişində danışıb. "Hər dəfə toya getməmişdəm iki-üç saat əvvəl iki boşqab makaron yeyirəm. O qədər mənə enerji, güc verir. Hətta kokteyllərim var. Ancaq toy günləri istifadə edirəm. Mənə elə güc verir, gümrah oluram, toyda bir qram yorulmuram. Bunu mənə vokal müəllimim Xalq artisti Samir Cəfərov məsləhət görüb. Zarafat edibsə də, özümü inandırmışam..." - müğənni deyib.

Rusiya etirazları yatırmaq üçün İrana yardım edib

Rusiya etirazları yatırmaqda silah və müşahidə texnologiyaları verməklə İranı fəal şəkildə dəstəkləyir. Kreml öz maraqlarını qoruyaraq birbaşa hərbi müdaxilə əvəzinə gizli yardıma üstünlük verir. Bu barədə “Foreign Policy” məlumat yayıb. Nəşrin məlumatına görə, Rusiya İrana qoşun yeritmir, lakin rejimin repressiv mexanizmlərini gücləndirməsinə fəal şəkildə kömək edir. Moskva qarşı tərəfi avtomat silahları, snayper tüfəngləri, zirehli maşınlar, helikopterlər, eləcə də internetə nəzarət və etirazlara qarşı mübarizə üçün texnologiya ilə təmin edir. Rusiya həmçinin BMT Təhlükəsizlik Şurasındakı daimi üzvlüyündən istifadə edərək İrana qarşı sanksiyaların qarşısını almaq və ya yumşaltmaq üçün rejimi diplomatik şəkildə dəstəkləməyə çalışır. Eyni zamanda bildirilir ki, Moskvanın birbaşa hərbi müdaxiləsi ehtimalı azdır.

Aİ İrana qarşı sanksiyaları sərtləşdirir: SEPAH terrorçu elan ediləcək?

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri 29 yanvarda Brüsseldə keçiriləcək görüşdə İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirəcəklər. Sozcu.az xəbər verir ki, bu barədə "Politico" nəşri iki avropalı diplomata istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, təklif olunan siyahıya insan haqlarının pozulmasına görə Aİ sanksiyaları rejimi çərçivəsində 21 maddə daxildir. Bundan əlavə, Avropa Xarici Fəaliyyət Xidməti dron istehsalı ilə bağlı 10 maddə əlavə etməyi təklif edir. "Politico"nun məlumatına görə, Almaniya, Fransa və Niderland Tehrana qarşı məhdudiyyətlərin sərtləşdirilməsini ən çox dəstəkləyən dövlətlərdir. Məlumatda o da bildirlib ki, Aİ Roma, Paris və Madridin müqavimətinə görə İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımaq niyyətində deyil. Daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, Aİ İrana qarşı sanksiyaların daha da sərtləşdirilməsini istisna etmir.

İran etirazlarında ölənlərin sayı yeniləndi

İranda 19 gündür davam edən ümumxlaq etirazlarında öldürülən 2677 nəfərin kimliyi müəyyənləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Öldürülənlərdən 163-ü hökumət məmuru, 16-sı azyaşlı və 20-si etiraz aksiyalarında iştirak etməyən mülki şəxslərdir. Bununla yanaşı, 19097 nəfər həbs edilərək müxtəlif həbsxanalara köçürülüb. Qeyd olunub ki, internet kəsildiyinə görə, öldürülən və həbs olunanların sayı və kimliyinin müəyyənləşdirilməsində gecikmələr olur.

Türkiyə də vətəndaşlarına İranla bağlı xəbərdarlıq etdi

Türkiyə vətəndaşlarına İrana səyahətlə bağlı xəbərdarlıq edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Türkiyə İrana səfər edən və ya ölkədə olan vətəndaşlarını təhlükəsizlik məsələlərində ehtiyatlı olmağa, rəsmi məlumatları izləməyə çağırıb.

Sabah Bakıya qar yağacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3, gündüz 4-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu, nisbi rütubət isə 75-80% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Cəmiyyətə hörmətsizlik ifadə edən hərəkətlərə görə məsuliyyət müəyyənləşəcək

Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə görə məsuliyyət müəyyənləşəcək. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlara görə şəxsən məsuliyyət müəyyənləşdiriləcək.

Rusiyada təlim mərkəzində partlayış: yaralılar var

Rusiyanın Sıktıvar şəhərində Daxili İşlər Nazirliyinin binasında partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, partlayış Daxili İşlər Nazirliyinin peşəkar təlim mərkəzində olub. "Mərkəzin akt zalında naməlum qurğu partlayıb", - məlumatda qeyd olunub. Partlayış nəticəsində 9 nəfərin yaralandığı bildirilir. 200-ə yaxın şəxs binadan təxliyə olunub.

Merz almanlara çağırış etdi: Çox işləyin!

Alman xalqı daha çox işləməlidir. Sozcu.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz kritik iqtisadi vəziyyət fonunda deyib. “İş-həyat tarazlığı və dörd günlük iş həftəsi ilə iqtisadiyyatımız daha da inkişaf edə bilməz”, - o bildirib. O, İsveçrə sakinlərini alman xalqına nümunə göstərib: “Qonşu ölkənin sakinləri almanlardan ildə təxminən 200 saat çox işləyirlər”.

Avropa İttifaqının nümayəndəsi Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlandırıldı

Yanvarın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı Azərbaycan-Avropa İttifaqı (Aİ) əməkdaşlığının cari vəziyyəti və perspektivləri, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub. Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, nəqliyyat, enerji təhlükəsizliyi və sair istiqamətlər üzrə əməkdaşlıq məsələləri, əməkdaşlıq platformaları və alətləri üzrə əldə edilmiş razılıqlar, habelə növbəti addımlar nəzərdən keçirilib. Ceyhun Bayramov öz növbəsində Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi üzrə əldə olunan irəliləyişlər və perspektivlər barədə məlumat verib, ölkəmizin mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımlar, etimad quruculuğu tədbirləri təqdir olunub. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Temperatur kəskin dərəcə enəcək - Şaxta olacaq

Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Xidmətin rəis müavini Gülnarə Abbasova bildirib ki, bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da havanın yağıntılı olacağı və yağıntıların sulu qara keçəcəyi gözlənilir: “Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enərək minimal temperatur Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək, dağlıq rayonlarda 5-10, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda bəzi yollar buz bağlayacaq”.

Füzulidə kişi qardaşı oğlu ilə avtomobildə boğularaq öldü

Füzuli rayonunda əmi və qardaşı oğlu bədbəxt hadisə nəticəsində həyatını itirib. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Qarabağ kəndi ərazisində qeydə alınıb. Kəndə işləməyə gedən əmi və qardaşı oğlu avtomobili işlək vəziyyətdə saxlayaraq yatıblar. Avtomobilin qızdırıcı sistemində yaranan karbonmonoksid qazı onların boğulmasına səbəb olub. Hadisə nəticəsində 1977-ci il təvəllüdlü Hətəmov Bayram Cavan oğlu və onun qardaşı oğlu 1998-ci il təvəllüdlü Hətəmli Vüsal Natiq oğlu həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

ABŞ rəsmisi: İran rejiminin məmurları on milyonlarla dollarla ölkədən qaçır

İran rejiminin rəsmi şəxsləri külli miqdarda vəsaiti ölkədən çıxarmağa çalışır. İranda genişmiqyaslı etirazlar internetin kəsilməsi və yanlış məlumatların yayılması fonunda davam etdiyi bir vaxtda, rejimin süqutu, şəhərlərin ələ keçirilməsi və ya Əli Xameneinin qaçmağa hazırlaşması ilə bağlı yayılan iddialar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Lakin ABŞ rəsmiləri İran hakimiyyətinin yuxarı eşalonlarında ölkədən ciddi maliyyə çıxarılması əlamətlərinin müşahidə olunduğunu bildirirlər. ABŞ-ın Xəzinədarlıq naziri Skott Bessent “Newsmax” telekanalına verdiyi müsahibədə bildirib ki, İran İslam Respublikasının yüksək vəzifəli şəxsləri son günlərdə on milyonlarla dollar vəsaiti ölkə xaricinə çıxarıblar. O, bu prosesi belə təsvir edib: “Hazırda siçanların batmaqda olan gəmini tərk etdiyini görürük. İran rejiminin rəhbərliyi tərəfindən on milyonlarla dollar xaricə qaçaqmalçılıq yolu ilə çıxarılır.” Bessentin sözlərinə görə, bu pullar dünyanın müxtəlif ölkələrində banklara və maliyyə institutlarına daxil olur və ABŞ Xəzinədarlığı bu vəsaitlərin hərəkətini — istər bank sistemi, istərsə də rəqəmsal aktivlər vasitəsilə — diqqətlə izləyir. O vurğulayıb ki, bu şəxslər həmin vəsaitləri qoruyub saxlaya bilməyəcəklər. ABŞ rəsmisi əlavə edib ki, İranın neft ixracına qarşı tətbiq edilən “maksimum təzyiq” siyasəti rejimin maliyyə qaynaqlarını kəsməyə yönəlib və son həftələrdə müşahidə olunan proseslər hakimiyyətin maliyyə baxımından ciddi şəkildə zəiflədiyini göstərir. Bu arada, şübhəli hava hərəkətləri ilə bağlı da məlumatlar yayılıb. Bildirilir ki, İran hökumətinə məxsus EP-IGD qeydiyyatlı Airbus A321 təyyarəsi Tehrandan cənuba doğru uçuş həyata keçirib və radar izləməsindən itib. Hadisə ölkə daxilində etirazların davam etdiyi və uçuş məhdudiyyətlərinin tətbiq olunduğu bir dövrdə baş verib. Bəzi mənbələr, o cümlədən İsrail rəsmiləri, bu uçuşu İran rejimi məmurlarının Dubaya mümkün qaçışı ilə əlaqələndirir. Bu iddialar İran hakimiyyətinin daxilində dərinləşən böhran və panika əlaməti kimi görülür..

Vəfat edən tələbələrlə bağlı məlumat yayıldı

Naxçıvan Dövlət Universitetinin iki əcnəbi tələbəsi dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, bu barədə universitetin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, Tibb ixtisası üzrə II kurs tələbəsi Büşra Aksu və Baytarlıq təbabəti ixtisası üzrə I kurs tələbəsi Ahmet Kavak vəfat edib. Xatırladaq ki, tələbələr ötən gün dəm qazından zəhərlənərək ölüblər.

Təhlükəsizlik Şurası İranla bağlı təcili toplaşacaq

ABŞ-ın tələbi ilə BMT Təhlükəsizlik Şurasının İrandakı vəziyyətlə bağlı təcili iclası bu gün - yanvarın 15-də keçirilə bilər. Sozcu.az xəbər verir ki, bunu Təhlükəsizlik Şurasındakı mənbə TASS-a bildirib. Yanvar ayında Təhlükəsizlik Şurasına sədrlik edən Somali Federal Respublikasının Daimi Nümayəndəliyi iclasın Vaşinqtonun tələbi ilə təsdiq edilib-edilməməsi ilə bağlı suala cavab verməyib.

Tramp Rza Pəhləvidən danışdı: hələ tezdir, araşdırırıq!

ABŞ prezidenti Donald Tramp hesab edir ki, İranın sonuncu şahının böyük oğlu Rza Pəhləvinin İslam Respublikasında dəstək qazana biləcəyi barədə fərziyyə irəli sürmək hələ tezdir. Sozcu.az xəbər verir ki, Amerika lideri “Reuters” Agentliyinə verdiyi müsahibədə Rza Pəhləvidən danışarkən bildirib: "O, çox yaxşı görünür, amma öz ölkəsində necə olacağını bilmirəm. Və biz hələ o mərhələdə deyilik. Biz bir çox şeyi araşdırırıq. Amma bunu demək üçün hələ tezdir. Onun ölkəsi ilə necə yola gedəcəyini bilmirəm". "Ölkəsinin onu liderlik rolunda qəbul edib-etməyəcəyini də deyə bilmirəm, amma qəbul etsəydilər, mən buna qarşı olmazdım", - deyə Ağ Ev rəhbəri vurğulayıb. İranda hakimiyyət dəyişikliyi ehtimalına gəldikdə, Tramp "istənilən rejim çökə bilər" deyə qeyd edib. "Çöküb-çökməsə də, maraqlı bir zaman olacaq", - deyə Tramp əlavə edib. Rza Pəhləvi 1960-cı ildə Tehranda anadan olub. Ona 1967-ci ildə vəliəhd şahzadə titulu verilib və atası Məhəmməd Rza Pəhləvinin ölümündən sonra taxta çıxacağı gözlənilirdi. Lakin 1979-cu il İslam İnqilabı İranda monarxiyanı devirdi və sonuncu şahın ailəsi ölkədən qaçmağa məcbur oldu. Atasının 1980-ci ildə ölümündən sonra sonuncu şahın böyük oğlu Rza Pəhləvi taxt-taca iddiaçı olaraq qalır. O, hazırda ABŞ-da yaşayır və Parisdə yerləşən, İslam Respublikasında fəaliyyəti qadağan edilmiş siyasi mühacirlər tərəfindən yaradılan İran Milli Şurasına rəhbərlik edərək mövcud İran hakimiyyətinin müxalifidir. Rza Pəhləvi dünən - yanvarın 15-də Prezident Donald Trampa ən yaxın senatorlardan biri olan Lindsi Qremlə görüşüb. Bu gün isə Rza Pəhləvi iddialı vədlərlə çıxış edib.

İran etirazlarında ölənlərin sayı yeniləndi

İranda davam edən ümumxlaq etirazlarında ölənlərin sayı 2615-ə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə HRANA məlumat yayıb. Məlumata görə, etirazlar nəticəsində 2054 nəfər yaralanıb, 18470 nəfər həbs olunub.

Fransa ordusunu Qrenlandiyaya göndərir

Fransa qoşunları artıq Qrenlandiyaya gedir. Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. Onun sözlərinə görə, Fransa Danimarka tərəfindən təşkil edilən birgə NATO təlimlərində iştirak etməyə hazırdır. Qeyd edək ki, sözügedən təlim “Arktika dözümlülüyü” adlandırılıb.

Etirazlarda öldürülən Azərbaycanlı fəalın cəsədi təhvil verilmir

Etirazlarda öldürülən Azərbaycanlı fəalın cəsədi təhvil verilmir. Bu barədə sosial mediada məlumat yayılıb. Rahilə Bərqi, 44 yaşlı azərbaycanlı fəal rejim qüvvələrinin açdığı birbaşa atəş nəticəsində həyatını itirib. Yaxınlarının bildirdiyinə görə, hökumət qurumları onun cəsədini ailəsinə təhvil verməkdən imtina ediblər. Mənbələr həmçinin qeyd ediblər ki, təhlükəsizlik orqanları cəsədin təhvil verilməsi üçün ailədən təxminən 800 milyon tümən məbləğində pul tələb ediblər.

Müharibə hazırlığı: Netanyahunun təyyarəsi İsraildən çıxarıldı

İsrailin əsas hökumət təyyarəsi olan "Zion Wing" İsrail hava məkanını tərk edib. Sozcu.az The Times of Israel-ə istinadla xəbər verir ki, təyyarə İsrailin cənubundakı Nevatim hava bazasından havaya qalxaraq Aralıq dənizinə doğru yol alıb. Uçuşun səbəbləri açıqlanmayıb və İsrailin Baş naziri Binyamin Netanyahunun mümkün xarici səfərləri ilə bağlı heç bir məlumat yayılmayıb. "Zion Wing" İranın mümkün hücumları nəzərə alınaraq İsraildən çıxarılıb. Məsələn, 13 iyun 2025-ci ildə İsrail İrana hücum etməyə başlayanda da təyyarə Ben Qurion hava limanından havaya qalxaraq ölkəni tərk etmişdi. Bundan əvvəl, həmin ilin 13 aprelində, gözlənilən İran raket hücumundan bir az əvvəl, "Zion Wing" Nevatim hava bazasını tərk edib.yenisabah)

İranda rejim qüvvələri öldürülən etirazçıların ailələrinin evlərinə basqın ediblər

İranda rejim qüvvələri öldürülən etirazçıların ailələrinin evlərinə basqın ediblər. Mülki geyimli təhlükəsizlik qüvvələri və İran İnqilab Keşikçiləri üzvləri Tehranın şərqində son etirazlarda həlak olanların ailələrinin evlərini hədəfə alıblar. Mənbələr bildiriblər ki, qüvvələr atəş açmaq, təhqir etmək və evləri talan etmək də daxil olmaqla amansız reydlər həyata keçiriblər. Ailələrə dəfn mərasimlərini tez və gizli şəkildə keçirmək tapşırılıb. Məlumata görə, ölənlərin ailələrindən güllə pulunun da alınacağı bildirilir. Yəni ailələr öz ailə üzvlərinin ölümünə səbəb olan güllənin pulunu da dövlətə ödəməlidirlər Qeyd edək ki, İranda bu qayda Pəhləvi dönəmindən icradadır.