Komandolarımızın “Qisas” əməliyyatı həm də Laçını və Ağdərəni erməni silahlılarından təmizləyir

Komandolarımızın “Qisas” əməliyyatı Rusiya sülhmramlıları tərəfundən çox bəyənilib

Ordumuzun yeni mövqelərdə yerləşməsi və möhkəmlənməsi davam edir

Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə yerləşən erməni silahlılarının Azərbaycan Ordusunun mövqelərinə atəş açması “Qisas” əməliyyatının keçirilməsi ilə nəticələndi. Ermənistan tərəfi bu əməliyyatı Moskva və Ankaranın iştirakı ilə Bakının xeyrinə planlaşdırılmış əməliyyat kimi təqdim etməyə çalışsa da bu alınmadı. Səbəb isə bir idi: Ortada imzalanan və Ermənistanın əməl etmədiyi birgə Bəyanat mövcuddur. Bu Bəyanatın yerinə yetirilməsinin məcburi olduğunu Rusiya və Ermənistan yaxşı dərk edirdi. Özünü olduğundan böyük görən isə Xankəndində ruslara arxayın olaraq rahat oturan seperatçı qurumun rəhbərləri idi.

Hərbi-siyasi konyukturadan uzaq olanlara belə yaxşı məlum idi ki, Azərbaycan Prezidenti İ.Əliyev Vətən Müharibəsinə qədər bəyanat səsləndirmək və ya açıqlama vermək həvəskarı olmayıb. Amma Müharibə və ondan sonrakı dövrdə bəynatların sayı da artıb, sərtliyi də. Hazırda İ.Əliyevin rəqibləri və ya Ermənistanın siyasi-hərbi dairələri belə onun səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” tipli bəyanatlarına diqqətlə yanaşmağa məcburdurlar. Lakin seperatçı rejimin son iki ildə baş verənlərdən nəticə çıxarmaması, Azərbaycan ərazisindən Azərbaycan əsgərinə atəş açmasına şərait yaratması, növbəti dəfə havadan “Domokl qılıncı” kimi asılı qalan “Dəmir Yumruğ”un enməsi ilə nəticələndi. Düşmənin təsdiqlənən itkiləri barədə heç nə demirəm. Bu artıq hamıya məlumdur.

“Qisas” əməliyyatından dərhal sonra Sarıbaba və Qırxqız dağının, həmçinin onların ətrafındakı yüksəkliklərdəki mövqelərin, 3 gün sonra isə Buxduz dağının və onun ətrafındakı yüksəkliklərdəki mövqelərin Ordumuz tərəfindən azad edilməsi məlum oldu. Ordumuzun növbəti uğurunun nəticələri bununla bitmədi. Ermənistan Qarabağdakı hərbi birləşmələrini çıxarmağa başladı, seperatçı rejim əhalini Zabuxdan, Laçından və dəhlizdən çıxması üçün 3 həftə vaxt verdi, Kəlbəcər və Laçın istiqamətində əldə edilən mövqelər möhkəmləndirilməyə başladı. Yeni mövqelərə yol çəkilişinə başlandı, təminat və təchizat məsələsi həll edildi, atəş və müdafiə sistemi quruldu, şəxsi heyətin xidməti üçün şəraitin yaradılmasına başlandı.

Sarıbaba və Qırxqız dağı Ordumuzun Laçın rayonuna, dəhlizə və onun yaxın ətrafına atəş və vizual nəzarət imkanlarımızı artırır. Buzdux dağı və ətrafındakı yüksəkliklərin ordumuzun nəzarətində olması isə Ağdaban, Suqovuşan, Sərsəng su anbarı və Vəng istiqamətində atəş və müşahidə imkanlarımızı kifayət qədər genişləndirir. Eyni zamanda, Ordumuzun birbaşa olaraq Murovdağ istiqamətində çıxışını təmin edir. Aprel Müharibəsində azad edilən Lələtəpə və Talış yüksəkliklərinin Vətən Müharibəsində oynadığı rolu nəzərə alaraq, son günlərdə azad edilən yüksək zirvəli dağların gələcəkdə mümkün ola biləcək əməliyyatlar üçün plasdarm kimi istifadəsini də istisna etmir.

Bu əməliyyatın ən üstün cəhətlərindən biri də ondan ibarətdir ki, əməliyyatlar zamanı ordumuz belə bir strateji yüksəklikləri heç bir itki vermədən əldə etdi. Əməliyyatlar keçirilən günlər ərzində birbaşa döyüşkərdə Ordumuz itki vermədən vəzifələrini ləyaqətlə icra etdilər. Qaya uçması və mina partlayışında 3 nəfər şəhidimiz oldu, Allah bütün şəhidlərimizə rəhmət eləsin!
İtkisiz olaraq dağların və yüksəkliklərin azad edilməsi Azərbaycan Ordusunun mənəvi-psixoloji vəziyyətinə də kifayət qədər müsbət təsir edən amillərdən biridir. Hesab edirəm ki, bundan sonra da qəhrəman ordumuz düşmənin bütün təxribatlarına layiqincə və minimal itkilərlə cavab verə biləcək.

Qırxqız, Sarıbaba və Buzdux qağlarının Ordumuz tərəfindən nəzarətə götürülməsi sadalanan ərazilərlə yanaşı, ordumuzun Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yeni ərazilərdə yerləşməsi üçün də münbit şərait yaradır.

Əməliyyatdan ilk günündən 2 gün sonra Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında bildirdi ki, Azərbaycan ərazisindəki Rusiya sülhməramlıları Laçın dəhlizinə alternativ yol hazır olan kimi, həmin əraziyə dislokasiya olunacaq. Yol isə bitmək üzrədir. Ermənistanda və Xankəndində isə bu səbəbdən daxili gərginlik artır.

Erməni seperatçılarının rəhbərləri Suriyadan və Livandan gətirilərək Laçına yerləşdirilən ermənilərin evakuasiya proqramını da artıq tərtib edib. Kimin hara gedəcəyi də məlumdur. Halbuki zamanında Azərbaycan torpaqlarında məskunlaşmanın yolverilməz olduğunu dəfələrlə bəyan etmişdik. Seperatçı rejim Laçından çıxacaq insanlara mənəvi kompensasiya kimi evləri yandırmağı tövsiyə edir. Hesab edirəm ki, fasiləsiz olaraq ərazini müşahidə altına almalıyıq, Lacını yandırmağa cəhd edənlərdən -10 nəfəri zərərsizləşdirməliyik. Əks halda yenə də ərazi minalanacaq, evlərimiz də yandırılacaq. Bu barədə rəsmi xəbərdarlıq da yerinə düşər.
Azərbaycan Ordusunun böyük peşəkarlıqla həyata keçirdiyi “Qisas” əməliyyatında ilk dəfə komando hissələri “Bayraktar TB2” PUA-ları ilə sinxron fəaliyyət göstərdilər. Hədəflərə nail olundu, amma qismən sabitlik bərpa olunsada, Ordumuzun yeni mövqelərdə yerləşməsi və möhkəmlənməsi davam edir.

Qeyri rəsmi mənbələrin məlumatına görə “Qisas” əməliyyatı Rusiya sülhmramlıları tərəfundən də çox bəyənilib. Əməliyyatdan sonra Xankəndində ermənilər üçün brifinq keçirən sülhməramlı kontingentin komandanı general A.Volkovun olduğu zalda seperatçı əskisinin olmaması, ətrafında əyləşdiyi masanın üzərində Azərbaycan Bayrağı qoyulması da diqqət çəkən məqamdır.

Bizə qulaq asmayan terrorçubaşı Arayik Arutyunyan indi nə baş verdiyini Qarabağ ermənilərinə izah edə bilmir. “Məndən başqa hamı günahkardır” fəaliyyət şüarı ilə yaşayan Paşinyandan isə hesab soruşan demək olar ki, yoxdur. Digər maraqlı bir məqam, “Qisas” əməliyyatına görə heç bir ölkə, hətta Ermənistanın strateji və ənənəvi müttəfiqləri belə Bakının ünvanına güldən ağlr ifadə işlətmədi.

Məsuliyyət zonasında sülhün qorunmasını təmin etmək öhdəliyini üzərinə götürən Rusiya sülhməramlılarının komandanlığı əvvəllər yol verdikləri nöqsanlara baxmayaraq bu dəfə daha təmkinli və peşəkar davrandılar. Rusiya Müdafiə Nazirliyinin son bülletenində seperatçıların tərəf kimi tanınmasından imtina da hiss olunur.

Qərbdən və müttəfiqlərindən heç bir dəstək almayan Nikol Paşinyan isə Azərbaycanın ünvanına sərt ifadə işlətmədən, açıq şəkildə Rusiya sülhməramlılarının fəaliyyətini şübhə altına alaraq Kremli “diri yuyub, ölü sərdi”. Sərhədlərini özü qoruya bilməyən Ermənistanın bu bəyanatı İrəvan üçün növbəti Rusiya sürprizlərini də istisna etmir.

Rusiya Azərbaycanın birgə Bəyanata uyğun olan fəaliyyətlərinə qarşı reaksiya vermək niyyətində deyil. Sülhməramlılar bu dəfə Azərbaycan Ordusundan “pilotsuz vasitənin komando bölmələri ilə qarşılıqlı əlaqədə yüksək dağlıq ərazidə əks hücum fəaliyyətləri” mövzusunda peşəkar və real döyüş əməliyyatını böyük məmnuniyyətlə izlədilər.

Azərbaycan Ermənistandan olan çağırışçıların Qarabağdan, Suriya və Liviyadan gələn ermənilərin isə Laçından və Zabux dərəsindən çıxarılması proseslərini mənuniyyətlə izləyir. Lakin bununla kifayətlənmir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdən son erməni silahlısı və texnilkası torpaqlarımızdan çıxarılmayana, Zəngəzur dəhlizi istismara başlamayana və Azərbaycandan olan qaçqın və məcburi köçkünlər doğma yur-yuvalarına qayıtmayana qədər Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi altında qəhrəman Ordumuzun düşməni cəzalandırma fəaliyyətləri davam edəcək.

Ədalət Verdiyev, hərbi ekspert

Facebook Comments