Səadət Cahangirin ölkədən çıxışına qadağa qoyulub

“Baş prokurora teleqram vurdum ki, şahidə “stop” qoymaq qanunla qadağandır”

“Azadlıq” qəzetinin əməkdaşı Səadət Cahangir ölkədən çıxışına qadağan qoyulduğunu deyir.

Yazar haqqındakı qadağa qərarını Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə göndərdiyi sorğunun cavabından öyrənib.

Sozcu.az xəbər verir ki, bu barədə Meydan TV-yə Səadət Cahangirin özü məlumat verib.

O bildirib ki, 2020-ci ilin 1 may tarixində AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədovun işi ilə bağlı onun evində axtarış aparılıb:

“Ardınca, 6 saat Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində şahid qismində dindirilmişdim. O vaxtdan iki il ötür, həmin absurd cinayət işi başa çatıb, Niyaməddin Əhmədova hökm də oxunub. Apelyasiya Məhkəməsi mənim evdən götürülən pulumun və əşyalarımın qaytarılması haqda qərar da çıxarıb. Əşyalarım hələ geri verilməsə də, artıq pulumu qaytarıblar. Ancaq bu günlərdə məlum oldu ki, ölkədən çıxışıma qadağa qoyulub. Əgər önəmli bir məsələ üçün qısa müddətlik xarici ölkəyə səfər etmək zərurəti yaranmasaydı, bilməzdim”.

Foto: Səadət Cahangirə göndərilən məktubun surəti

S.Cahangir yanvarın 19-da Baş Prokurorluğa məktub yazıb və ölkədən çıxışının qadağan olub-olmadığı barədə məlumat istəyib:

“Doğrusu, böyük ehtimalla qadağanın olmayacağını düşünürdüm. Ancaq martın 17-də İstintaq İdarəsinin rəisi Nemət Əvəzovun adından gələn məktubda deyilir ki, sizin dövlət sərhədini keçmənizə müvəqqəti qadağa qoyulub. Nə edim, indi də məktub göndərim 2 ay cavabını gözləyim ki, o qadağa nə vaxt götürüləcək? İş başa çatıb, hökm oxunub, amma şahidə qoyulan “stop” qalıb? Niyə heç bir cinayət əməli olmayan şəxsə “stop” qoymalısınız axı? Lap “stop” qoymusunuzsa, onu hansı işə calayıb indiyədək saxlamısınız? Görünür, biz haqqımızı nə qədər öz ölkəmizdə axtarmaq istəsək də, olmur”.

“Martın 14-də Baş prokurora teleqram vurdum. Bildirdim ki, şahidə “stop” qoymaq qanunla qadağandır. Xahiş etdim ki, əsassız qadağanı götürsünlər. Ombudsmana da müraciət etmişəm. Cavab gözləyirəm və məhkəməyə də sənədlərimi hazırlayıram. Məhkəmə uzun çəkir, amma müsbət cavab gəlməsə, məhkəməyə müraciət edəcəyik”, – deyə o bildirib.

Jurnalist 2020-ci ilin 1 mayında evində axtarışla bağlı məhkəmə işinin başa çatdığını və şikayətinin Avropa Məhkəməsinə göndərildiyini deyib.

AXCP sədri Əli Kərimlinin mühafizəçisi Niyaməddin Əhmədov Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələrilə 13 il azadlıqdan məhrum edilib.

AXCP fəalı özünü təqsirli bilmir, Əli Kərimlinin mühafizəçisi olduğuna, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında sona qədər onu tək buraxmadığına görə cəzalandırıldığını deyir.

Niyaməddin Əhmədov deyib ki, AXCP və Əli Kərimlinin əleyhinə ifadə verməsi üçün ağlasığmaz işgəncələrə məruz qalıb.

Facebook Comments