TAP 2023-cü ildən sonra genişləndiriləcək

Azərbaycan qazını Avropaya çatdıran Trans-Adriatik boru kəməri (TAP) 2022 və 2023-cü illərdə tam gücü ilə (hazırda illik 10 mlrd. kubmetr) qaz nəql edəcək və bu həcmin 8 mlrd. kubmetri İtaliyanın payına düşəcək.

Sozcu.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə TAP-ın icraçı direktoru Luka Şipati (Luca Schieppati) deyib.

Boru kəmərinin potensial əlavə gücündən danışan L. Şipati bildirib ki, TAP hazırda ildə 10 mlrd. kubmetr, qısa müddətdə isə əlavə 500 mln. kubmetr qaz nəql edəcək.

L. Şipatinin sözlərinə görə, müqavilələrin imzalanmasından sonra infrastruktur sərmayələri üçün 40 ay, boru kəmərinin gücünün ikiqat artırılması üçün digər işlərlə isə 50 aydan çox vaxt tələb olunacaq.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə “mavi yanacağ”ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

Facebook Comments