Azərbaycanlı millət vəkili Urmu gölünün bərpası ilə bağlı İran prezidentinə müraciət edib

Urmu şəhərindən İran parlamentinə təyin edilmiş Vəhid Cəlalzadə İran prezidenti İbrahim Rəisiyə məktub ünvanlayıb.

Millət vəkili və İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının başçısı Vəhid Calalzadə Urmu gölünün bərpası ilə bağlı İbrahim Rəisiyə ünvanladığı məktubda bildirib:

“İran İslam respublikasının prezidenti İbrahim Rəisi cənabları,
Ölkənin üzük qaşı olan Urmu gölünün durumu yaxşı deyil. Bölgədə yaşayan milyonlarla insanın həyatı və məişəti bu göllə bağlıdır.

Urmu gölünün bərpasına laqeyd yanaşmaq bölgədə ekoloji faciə, bitki örtüyünün məhvi və ekosistemin dəyişməsi ilə yanaşı, gölün quruması nəticəsində meydana gələn milyonlarla ton duzun nəticəsində geniş səviyyədə əkin torpaqlarının məhv olması və milyonlarla yerli əhalinin məcburi köç etməsinə səbəb olacaq.

Bunu nəzərə almaq lazımdır ki, bizim bölgəmizdə quraqlıqdan daha çox su qaynaqlarından yanlış idarəetmə daha çox problem yaradır.

Sizdən azərbaycanlıların ən vacib istəyi olan, seçki öncəsi gölün bərpası ilə bağlı verdiyiniz vədləri yerinə yetirməyinizi, Urmu Gölünün Bərpa Mərkəzinin fəaliyyətləri və bərpa işləri üçün ayrılan vəsaitlərin necə və hara xərclənməsinin ciddi şəkildə izlənməsi barədə göstəriş verməyinizi istəyirik.

Qərbi azərbaycanlılara 13-cü hökumət dövründə gölün bərpa olunacağı ilə bağlı verdiyiniz sözlərin yerinə yetiriləcəyinə umud edirik.

Xatırladırıq ki, Urmu Gölünün Bərpası Mərkəzinin qanuni fəaliyyət dövrü neçə aydırki bitib.

Sizdən Enerji, Kənd Təsərrüfatı, Daxili İşlər nazirləri, Ətraf Mühit Təşkilatı, Urmu gölü su hövzəsi əyalətlərinin valiləri və millət vəkillərinin iştirakı ilə bir komitənin yaradılmasını. Problemin gecikdirilmədən həlli üçün qəti addımların atılmasını istəyirikş”
Qeyd edək ki, İbrahim Rəisi seçkiqabağı təşviqat kampaniyası zamanı Qərbi Azərbaycan əyalətinə səfər edərək azərbaycanlılara səslənərək öncəki prezidentlər kimi Urmu gölünün bərpası barədə vədlər verib.

Rəisi deyib ki, Urmu gölünün bərpası planı onun başçılıq edəcəyi 13-cü hökumətin əsas layihələrindən biri olacaq.

Gölün bərpası barədə deyilənlərin bu günə kimi reallaşmadığını vurğulayan namizəd ciddi addımların atılmasını zəruri sayıb.
“Urmu gölünün bərpası şou göstərmək üçün deyil. Bunun üçün real addımlar atılmalı, tədbirlər görülməlidir”-deyə, o, Həsən Ruhani komandasına replika atıb.

İbrahim Rəisi Urmu gölünü ölkənin ən dəyərli sərvətlərindən biri adlandırıb.

“Ölkədə iddia olunduğu kimi su qıtlığı yoxdur. Problem mövcud su qaynaqlarının düzgün idarə edilməməsindədir”-deyə, İ.Rəisi bildirib.
Xatırladaq ki, ötən seçkilərdə Həsən Ruhani seçicilərə bir sıra vədlər vermişdi.

Urmu gölünün bərpası, türk dilində təhsil layihəsinin reallaşdırılması və türk dili akademiyasının qurulması Həsən Ruhaninin 8 il öncə prezident seçkiləri ərəfəsində Azərbaycan türklərinə verdiyi əsas vədlərdən idi.

Lakin iki dövr prezident kürsüsünə oturan Həsən Ruhaninin verdiyi vədlərin heç biri yerinə yetirilmədi.

Facebook Comments