Azərbaycanda toyla bağlı yeni qayda - Paylaşmaq olmaz

Toy və yas mərasimlərində şəxsin arzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin sosial şəbəkələrdə tirajlanması şəxsiyyət hüquqlarına müdaxilə hesab ediləcək. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, bu, Ali Məhkəmə Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında 24 dekabr 2025-ci il tarixli qərarında qeyd olunub. Bildirilib ki, açıq və qapalı məkanlarda keçirilən kütləvi tədbirlərdə (yığıncaqlar, qurultaylar, konfranslar, konsertlər, tamaşalar, idman yarışları, toy və yas mərasimləri və s.) digər qanunla qadağan olunmayan məqsədlərlə çəkilişlərin aparılmasına, habelə yayılmasına şəxslərin razılığı tələb olunmur. Lakin kütləvi tədbirlərdə konkret şəxsin onun üçün açıq-aydın arzuolunmaz vəziyyətdə çəkilmiş təsvirinin əsas obyekt kimi yayılması, habelə şərəf və ləyaqətini alçaldan tərzdə, yəni istehzalı, zarafat və ya lağ konteksində sosial şəbəkələr və ya digər vasitələrlə tirajlanması şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə hesab ediləcək.

Bu ərazilərə qar yağır

Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 17:00-a olan məlumatında qeyd edilib. Belə ki, Bakı və Abşeron yarımadası, eyni zamanda Balakən, Gəncə, Naftalan, Şəmkir, Ceyrançöl, Tovuz, Şirvan, Ağsu, Qax (Sarıbaş), Zaqatala, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Tərtər, Bərdə, Goranboy, Mingəçevir, Yevlax, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Ağdama yağış, Daşkəsən, Gədəbəy, Şahbuz, Şahdağ, Xınalıq, Quba, Qusar, Şəkiyə isə qar yağır. Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Şamaxı, Qobustan, Qusar, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 200-500 metrədək məhdudlaşır.

Sabah hava necə olacaq? - PROQNOZ

Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Günün birinci yarısında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80% olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-10° isti olacaq.

Saxlanılan avtomobil ödənişdən dərhal sonra sahibinə qaytarılacaq

Duracağa gətirilən və saxlanılan nəqliyyat vasitəsi müəyyənləşdirilmiş haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq. Sozcu.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” və “Avtomobil yolları haqqında”  qanun layihələrinin müzakirəsi zamanı bildirilib. “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin sahibi nəqliyyat vasitəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağına gətirilməsi və orada saxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə haqqı ödədikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılacaq. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Mühafizə olunan duracağa gətirilmiş nəqliyyat vasitəsinin orada saxlanılması üçün haqq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirildiyi gündən sonrakı gün saat 00:00-dan etibarən hesablanmağa başlayacaq. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmasına səbəb olan inzibati xəta haqqında işin icraatına xitam verildikdə və ya xətaya görə inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edildikdə, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və orada saxlanılması üçün ödənilmiş haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada nəqliyyat vasitəsinin sahibinə qaytarılacaq. Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Diqqət: bu yolda sürücüləri saxlayıb, pul tələb edirlər

Bakı-Ələt yolunda naməlum şəxslərin sürücüləri müxtəlif bəhanələrlə saxlayaraq pul tələb etdiyi bildirilir. Sozcu.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə iddialar Feysbuk sosial şəbəkəsindəki sürücü qruplarında paylaşılıb. Paylaşımda qeyd olunur ki, son günlər xüsusilə Bakının çıxışında, Qaradağ postunu keçdikdən sonra bəzi avtomobillər tərəfindən sürücülər hədəf alınır. Bildirilir ki, həmin şəxslər “benzinim bitib”, “rayona təcili adam göndərməliyəm” kimi müxtəlif bəhanələr gətirərək pul istəyirlər. Paylaşım müəllifi eyni ərazidə bir neçə sürücünün bənzər halla üzləşdiyini iddia edib. “Belə bir halla qarşılaşsanız, əsla avtomobildən düşməyin və sizi saxlayan maşının dövlət qeydiyyat nişanını dərhal hüquq-mühafizə orqanlarına bildirin. Xüsusilə ailəsi ilə yola çıxanlar diqqətli olmalıdır”, – deyə xəbərdarlıqda vurğulanıb. Digər bir sürücü isə şərh bölməsində analoji hadisə ilə rastlaşdığını yazıb: “Dünən Ələt yolunda eyni hadisə mənim də başıma gəldi. Bir "Elantra" markalı avtomobil dayanmadan işıq siqnalı (marqat) edirdi. Düşündüm ki, bəlkə tanışdır. Pəncərəni açanda dedi ki, Gəncədən gəlirəm. Niyyətini anlayan kimi ‘işinlə məşğul ol’ deyib uzaqlaşdım. Yenə arxamca düşüb işıq siqnalı verməyə başladı. Maşında dörd nəfər idik, avtomobili sağa çəkib saxlamaq istəyəndə dərhal gözdən itdilər”. Sürücülərə bu cür şübhəli hallarla rastlaşdıqda vaxt itirmədən "102" xidmətinə məlumat vermək tövsiyə olunur.

Ağdərənin 4 kəndinə 63 ailə yola salındı

İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində fevralın 23-də Ağdərə rayonunun Aşağı Oratağ, Heyvalı, Çapar, Çıldıran kəndlərinə növbəti köç yola salınıb. Sozcu.az xəbər verir ki, Tərtər şəhərindən yola salınan köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir. Bu mərhələdə Ağdərənin Aşağı Oratağ kəndinə 29 ailə - 141 nəfər, Heyvalı kəndinə 17 ailə - 84 nəfər, Çapar kəndinə 7 ailə - 22 nəfər, Çıldıran kəndinə isə 10 ailə - 46 nəfər köçürülür.

Bakıda güclü külək əsir – Faktiki hava

Fevralın 22-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, fevralın 22-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər bəzi yerlərdə az yağıntılı olub. Düşən yağıntının miqdarı Tərtər, Lənkəran, Astarada 1 mm-dir. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 21 m/s-dək güclənir. Neft Daşları, Çilov adası, Şəki, Şəmkir, Neftçala, Lənkəran, Lerikdə duman müşahidə olunur, dumanda görünüş 200 metrədək məhdudlaşır. Fevralın 21-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 17, Aran rayonlarında 19, dağlıq rayonlarda 16 dərəcəyədək isti müşahidə olunub.

Külək güclənəcək - XƏBƏRDARLIQ

Fevralın 21-22-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Zəngilan, Daşkəsən, Goranboy, Mingəçevir, Qobustan, Siyəzən, Qusar, Neftçala, Biləsuvar, Salyan, Füzuli, Beyləqan, Cəlilabad, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Azərbaycanda evlənən və boşananların sayı azalıb

Azərbaycanda nikah və boşanmaların sayı azalıb. Sozcu.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb. Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən keçən il ərzində ölkədə 48 min 546 nikaha daxilolma və 20 min 675 boşanma halları qeydə alınıb. Həmçinin qeyd olunub ki, 2024-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.

Qadın doğuşdan sonra öldü

Bakıda qadın ölümü qeydə alınıb. Sozcu.az xəbər verir ki, 1998-ci il təvəllüdlü paytaxt sakini Sevda Məmmədovanın Kliniki Tibbi Mərkəzdə doğuşdan sonra ölüb.

Şəhid Şahin Kərimov Mingəçevirdə dəfn edildi - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhid Şahin Heydər oğlu Kərimov Mingəçevir şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. Sozcu.az xəbər verir ki, şəhidin nəşinin qalıqları bu gün yaşadığı Mingəçevir şəhərinə gətirilib. Şəhidlə vida mərasimi keçirilib, cənazə namazı qılınıb, dualar oxunub. Sonra şəhidin nəşinin qalıqları Mingəçevir şəhərindəki Şəhidlər xiyabanına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları ilə yanaşı, şəhər icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, deputat Aydın Mirzəzadə, qazilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə şəhidin Vətən qarşısında xidmətlərindən danışılıb, onun xatirəsinin daim əziz tutulacağı bildirilib. Şəhidin nəşinin qalıqları yaylım atəşi altında torpağa tapşırılıb. Tabutun üzərinə örtülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin anasına verilib. Qeyd edək ki, Şahin Kərimov 1973-cü il dekabrın 16-da Mingəçevir şəhərində anadan olub. O, Birinci Qarabağ müharibəsində iştirak edərək Vətənin müdafiəsində xidmət göstərib. 1993-cü ilin aprelində ağır döyüşlər zamanı itkin düşüb. Onun nəşinin qalıqları Kəlbəcər işğaldan azad edildikdən sonra aşkarlanıb, aparılan müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib.

Bu ərazilərdə güclü külək əsir

Fevralın 19-u saat 16:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, bəzi rayonlarda yağıntlı və küləkli hava şəraiti müşahidə olunur. Şahbuz, Gədəbəy, Sarıbaşda (Qax) yağış, Qrız (Quba), Xınalıq, Daşkəsən və Şahdağda isə qar yağır. Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Naftalanda 28, Goranboyda 27, Tərtərdə 25, Lerikdə 23, Qəbələdə 22, Gəncə, Tovuz, Qobustan, Göyçayda 20, Mingəçevir, Ağdam, Balakəndə 18, Sabirabad, Bakıda və Abşeron yarımadasında 17, Şamaxıda 16, Şabran, Yevlaxda 15 m/s-dək güclənir. Göyçay, İmişli, Sabirabadda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.