Bakıda ürəktutmasından ölən sürücü polis rəisinin qohumudur

Bu gecə Bakıda ağır yol qəzası baş verib. Saat 00:15 radələrində Nizami rayonu, Babək prospekti 23/23 ünvanının qarşısında 1966-cı il təvəllüdlü Qazıbəyov Elçin Aydın oğlunun idarə etdiyi “Honda” markalı avtomobil yoldan çıxaraq səkidəki insanlara və ağaca çırpılıb. Nəticədə yol kənarında olan piyadalar: Rzayev Emil Elmar oğlu, Vəliyev Vəli Bəxtiyar oğlu,  Abdullayev Rəşad Mübariz oğlu və Şeydayev Abdul Yaqub oğlu xəsarət alıb. Elçin Qazıbəyov isə hadisə yerində ölüb. İlkin araşdırma zamanı E.Qazıbəyovun sükan arxasında ürəktutmadan ölməsi və bu səbəbdən avtomobilin qəzaya uğraması məlum olub. Qeyd edək ki, Elçin Qazıbəyov Naxçıvan şəhər Polis İdarəsinin rəisi polis polkovniki Eldar Qazıbəyovun qohumudur. O, özü də əvvəllər hüquq-mühafizə orqanlarında çalışıb. Fakla bağlı Nizami RPİ-də araşdırma aparılır./Qafqazinfo

İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTOLAR

Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayondan olan xanımları "iməcilik" adı altına məcburi əməyə cəlb edib. Bununla bağlı bir qrup şəhər sakini şikayət göndərib. Şikayətçilər iddia edir ki, martın 11-də İcra Hakimiyyəti rəhbərliyinin tapşırığı ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibbi heyəti də daxil olmaqla, rayonda çalışan qadınlara "ümumşəhər iməciliyinin keçirilməsi" adı altında məcburi şəkildə küçələr təmizlətdirilib. Məlumata görə, iməcliyə çıxan qadınlara Şirvan şəhər İcra Hakimiyyəti rəsmilərinin müşayəti ilə yol kənarlarındakı tullantılar və bordyurlar təmizlətdirilib, digər abadlıq işləri gördürülüb. Sakinlərin sözlərinə görə, Şirvan şəhər İcra Hakimiyyəti rəhbərliyi terxnika ilə görülməsi nəzərdə tutulan işləri qanunsuz şəkildə şəhərdə çalışan xanımlara gördürür. Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətindən telefon zənglərimizə cavab verilməyib./Demokrat.az

Şuşada 23 yaşayış binası tikilir

Şuşada 450 mənzillik 23 yaşayış binası tikilir. Sozcu.az xəbər verir ki, bunu Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin şöbə müdiri Səmayə Məmmədova REAL TV-yə açıqlamasında deyib. Onun sözlərinə görə, bu binalar şəhərin cənub hissəsində 8 hektarlıq ərazidə inşa olunur. Müasir binalar 3 və 5 mərtəbədən ibarət olacaq.

Su qıtlığı varsa, qiymət niyə ARTIRILIR?

Azərbaycanda suyun qiymətinin yenidən artırılması təklif olunur. Sozcu.az xəbər verir ki, rəsmi qurumlar suyun 1 000 kubmetrinin qiymətinin dövlətə 70-80 manata başa gəldiyini və rentabelli fəaliyyət göstərə bilmədiklərini əsas gətirərək, tariflərin bahalaşmasını məqbul sayırlar. Rəsmi qurumun bildirdiyinə görə, inkişaf etmiş və postsovet ölkələrinin heç birində bu tariflə su satılmır. Öncə bir hesab aparaq. Əgər rəsmi olaraq elan edilirsə ki, suyun 1 000 kubmetri 70-80 manata başa gəlir, onda bir kubmetr (ton) su üçün hökumət 8 qəpik xərc qoyur. Əhaliyə isə minimal olaraq 1 kubmetr su 70 qəpiyə satılır. Belə çıxır ki, 1 kubmetr su 10 dəfə bahasına satılır. Bəs onda içməli suyun qiymətinin yenidən qaldırılması məsələsi hansı meyarlara uyğundur? Təbii ki, bu təklif ictimaiyyətdə də birmənalı qarşılanmayıb. Ən azından, ona görə ki, su qıtlığı problem kimi qalır və bu məsələnin yaxın vaxtlarda çözüləcəyi belə, bəlli deyil. Yüksək xidmət olmadığı halda su tarifinin qiymətinin artması başadüşülən deyil… İqtisadçı və kommunal məsələlər üzrə ekspert Vüqar Oruc tariflərin biznes və qeyri-yaşayış obyektləri üçün bahalaşmasını məqbul sayır: “Əlbəttə ki, dövlət qurumları rentabelli fəaliyyət göstərməlidir. Əgər bir qurumun rəsmiləri bəyan edirlərsə ki, onların xərcləri və gəlirləri üst-üstə düşmür, dövlət büdcəsi və səhmdar cəmiyyət üçün borclar yaranırsa, bu, birmənalı şəkildə həll olunmalıdır. Burada hər hansı bir digər məqsəddən söhbət gedə bilməz. Bu məsələ yoluna qoyulmalıdır. Yəni “Azərsu” rentabelli işləməli və işin xidməti yüksəlməlidir. Bir müəssisə rentabelli işləyə bilmirsə, büdcəsində kəsirlər olursa, bu, onun xidmətinə də təsir göstərəcək. Qiymətlər bahalaşsa, təbii ki, əhalinin büdcəsinə ciddi təsir göstərəcək. Həmçinin aztəminatlı ailələr üçün çox ciddi problemlər meydana gələcək. Hazırkı durumda bu məsələnin həlli belədir. Necə ki gündəlik tələbat mallarına dövlət müdaxilə edir və onların qiymətinin artımına şərait yaratmır, dövlət büdcəsindən ayırmalar olur, eləcə də strateji mahiyyəti olan su təminatı da bu siyahıda yer almalıdır. Dövlət müvafiq ehtiyatları hesabına dotasiya ilə “Azərsu” ASC-nin büdcəsində olan kəsirləri və rentabellilik üçün lazım olan dəstəyi göstərməlidir. Bu zaman həm əhali ciddi problemlə üzləşməz, həm tariflər qalxmış olar, həm də qurumun fəaliyyətindəki rentabellik bərpa olunmuş olar”. Ekspertin sözlərinə görə, bir müddət əvvəl “Azərsu” ASC-nin fəaliyyəti tamamilə rentabelsiz idi: “Son illərdə qurumun fəaliyyətində dönüşlər var. Xidmətin yüksəlməsi yığımın normallaşmasına, o cümlədən fəaliyyətin sistemləşməsinə gətirib çıxarıb. Məhz bu səviyyəyə qədər inkişaf etmiş quruma dövlət ciddi dəstək göstərməlidir. Onsuz da, müəyyən sosial problemlərlə çarpışan aztəminatlı ailələrin və ümumilikdə əhalinin hesabına yox, dövlət dotasiyası ilə məsələni həll etmək mümkündür. Bilirsiniz ki, çox sayda biznes və qeyri-yaşayış obyektləri var ki, onların da sudan istifadəsinin məbləği dünya standartlarına uyğun deyil. Hesab edirəm, rentabelliyi artırmaq məqsədilə əhaliyə deyil, istehsal sahələrinə və qeyri-yaşayış obyektlərinə tariflərin yüksəldilməsini tətbiq etmək olar. Əgər tariflərin artırılmasından başqa variant yoxdursa, bu artım qeyri-əhaliyə yönəlməlidir”. Vüqar Oruc su qıtlığı məsələsinə də toxunub. O, problemin birdəfəlik həllini belə görür: “Bu problem nəinki Azərbaycanda, bütün dünyada var və getdikcə böyüyəcəyi proqnozlaşdırılır. Hətta bir neçə onillikdən sonra su qıtlığı nəticəsində ciddi faciələr yarana bilər. Problemə hazırlıq üçün isə dövlət proqramı qəbul olunmalıdır. İçməli su ehtiyatlarının artırılması, şoran suyunun içməli suya çevrilməsi üçün texnoloji qurğuların əldə olunması, yaxud yaradılması istiqamətində addımlar atılmalıdır. Bu həm də elmi araşdırma institutları üçün olduqca aktual məsələdir. Bəzi ölkələr şoran suyun içməli suya çevrilməsi yönündə çox ciddi uğurlara imza atıblar. Buna nümunə olaraq İsraili misal gətirə bilərik. Fikrimcə, “Azərsu” israilli həmkarları ilə bu məsələdə bir araya gəlməlidir və gözlənilən təhlükəli hallar önlənməlidir”. Xatırladaq ki, 1 kubmetr içməli suyun qiyməti 2020-ci il fevralın 1-nə 35 qəpik olub. Kanalizasiya xidmətlərinə görə isə əhali 15 qəpik ödəyib. 2020-ci il fevral ayının birindən qiymət qaldırılıb. Tarif Şurasının qərarına əsasən, 1 kubmetr içməli suyun qiyməti 70 qəpik, kanalizasiya xidmətlərinə görə isə 30 qəpik müəyyənləşdirilib. Bu 50 faizlik artımdan sonra xidmət ümumiləşdirilib və əhali 1 kubmetr içməli su üçün 1 manat ödəməyə başlayıb.Bizim.Media

Güllələnən gənc bu universitetin tələbəsidir - Rəsmi

Bu gün Bakıda baş verən insident zamanı yaralanan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi olduğu barədə məlumat yayılıb. Universitetin Axar.az-a açıqlamasında məlumat təsdiqlənib. Bildirilib ki, F.Rəhimli universitetin IV kurs tələbəsidir: "O, hərbi tibb fakültəsində təhsil alır. Yaxın saatlarda bununla bağlı ictimaiyyətə əlavə açıqlama veriləcək”.

Gəncədə maskalı şəxslər ev sahibini hədələyərək oğurluq ediblər

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtraış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə baş vermiş quldurluq cinayətini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Sozcu.az-a verilən məlumata görə, ŞBPİ-nə vətəndaşa məxsus fərdi yaşayış evinə 2 nəfər maskalı naməlum şəxsin daxil olaraq ev sahibini həyatı təhlükəli zor tətbiq etməklə hədələyərək 1130 manat pul, 200 ABŞ dolları və 2 ədəd mobil telefonu quldurluq yolu ilə ələ keçirməsi barədə məlumat daxil olub. İkin araşdırmalar nəticəsində cinayəti törədən şəxslərin Daşkəsən rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Mirzəyev və Göygöl rayon sakini Abbas Sadıxov olmaları məlum olub. İsti izlərlə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən R. Mirzəyev Gəncə şəhərində, A. Sadıxov isə Bakı şəhərində saxlanılıb. Sonuncu saxlanılan zaman üzərindən quldurluq yolu ilə əldə etdiyi pul əskinasları ilə bərabər 1 ədəd tapançaya bənzər alışqan da maddi sübut kimi müəyyən olunaraq götürülüb. Baş İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliiyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş oğurluq cinayətinin də üstü açılıb. Belə ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki ticarət mərkəzlərindən birinə qeyr-qanuni yolla daxil olaraq oradan külli miqdarda nağd pul oğurlamaqda şübhəli bilinən Arzu Hacıyev Samux rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib. Qeyd edilən faktlarla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qurban Yetirmişli: Azərbaycanda yaxın günlərdə dağıdıcı zəlzələ ehtimalı yoxdur

Azərbaycan Alp-Himalay seysmik qurşağında yerləşir. Elə gün olmur ki, Azərbaycanda 25-30, bəzən 50-60 zəlzələ olmasın. Sozcu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, bir neçə gün əvvəl bir ərazidə 1 saat içərisində 20 xırda təkan olub: “Amma bunu heç kim hiss etmədi. Seysmogen bölgə üçün bu cür zəlzələlərin olması labüddür. Azərbaycanda yaxın günlərdə katastrofik, dağıdıcı zəlzələ ehtimalı yoxdur. Zəlzələnin hiss olunduğu da ola bilər, 5 ballıq da, 4 ballıq da, ancaq bunlar qorxulu bir şey deyil”. Azərbaycan özü ümumilikdə seysmogen bölgədədir: “Xəzər dənizi, Böyük Qafqazın cənub yamacı, Şamaxı-İsmayıllı, şimal bölgəsi – Quba-Xaçmaz zonası, Zaqatala-Şəki, Gəncə, cənub bölgəsi, Naxçıvan – bütün Azərbaycan aktiv zonada yerləşir”.

Mayın 1-dən quru sərhədlər açılacaq? - Mühüm açıqlama

Dünya ölkələrində koronavirusla bağlı məhdudiyyətlər getdikcə aradan qaldırılır. Qətər hökuməti də koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan bütün məhdudiyyətləri ləğv edib. Sozcu.az xəbər verir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il mayın 1-i saat 06:00-dək uzadılıb. Dünyada koronavirusa yoluxanların sayının kəskin azalması, müxətlif ölkələrdə karantinlə bağlı qadağaların ləğv edilməsi Azərbaycanda da karantin rejiminin ləğvini gündəmə gətirib. Əslində ölkədə koronavirusla bağlı qadağalar içində əsasən quru sərhədlərin açılması daha çox müzakirə olunur. Belə olan halda may ayının 1-dən ölkədə quru sərhədlərin açılma ehtimalı da yaranıb. Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramova müraciət etdik və sərhədlərin yaxın gələcəkdə açılma ehtimalı ilə bağlı fikirlərini öyrəndik. Deputat BAKU.WS-ə bildirib ki, əksər ölkələrdə mərhələli şəkildə koronavirusla bağlı qadağalar aradan qaldırılıb: "Azərbaycanda da COVID-19-la bağlı qadağaların ləğvi mərhələli şəkildə təklif olunub. Ən çox müzakirə olunan məsələlərdən biri quru sərdədlərin açılması ilə bağlıdır. Biz mərhələli şəkildə və epidemioloji vəziyyətə uyğun olaraq quru sərhədlərin açılmasını təklif edirik. Qarşıda turizm mövsümü gəlir və Azərbaycana gələn turistlərin təxminən 70 faizi sərhədimiz olan ölkələrin payına düşür. Bu isə turizmin inkişafı baxımından vacibdir. Eyni zamanda vətəndaşlarımızın qonşu ölkələrə daha asan və az xərclə getməsi də önəmlidir. Quru sərhədlərin açılması ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Bu məsələdə təkcə bizim ölkə deyil, sərhəd qonşularımızdakı epidemioloji vəziyyət də nəzərə alınır. Operativ Qərargahın mövcud vəziyyəti nəzərə alaraq mərhələli şəkildə quru sərhədlərlə bağlı qərar qəbul etməsini məqbul sayıram". 

"Bravo"dakı insidentlə bağlı 3 nəfər həbs edildi

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Sozcu.az sözügedən məlumatı təqdim edir: "Xəbər verildiyi kimi, martın 4-də saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən “Bravo” hipermarketində baş vermiş silahlı insident zamanı Həşimov Rüfət Sahib oğlunun qəsdən öldürülməsi və Şaydayev Samir Ruslan oğlunun sağlamlığına ağır zərər vuran xəsarətlər yetirilməsi barədə daxil olmuş məlumatla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qudrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Ruhlan İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qudrətovunun üzərindən isə 1 ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb. Cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir".

Abşeron yarımadasında ciddi su qıtlığı yaşanacaq - Ekoloqdan XƏBƏRDARLIQ

Abşeron yarımadasında artıq ciddi su qıtlığı yaşanır. Təsadüfi deyil ki, “Azərsu” ASC bəzi ərazilərə suyun verilməsini qrafik əsasında aparır. Səbəbsə Bakı və Sumqayıtın suya olan ehtiyacını ödəyən Ceyranbatan su anbarında suyun kəskin azalmasıdır. Bunun da səbəbi anbara ötürülən suyun həcmi ilə bağlıdır. Məsələ ilə bağlı ekoloq Ənvər Əliyev Bizim.Media-ya açıqlamasında bildirib ki, su qıtlığının tək səbəbi ölkəmizə yağıntıların az düşməsidir: “Düşən də qar şəklində düşür. Onun da əriməsi zaman istəyir. Azərbaycanda, onsuz da, yağıntılar qışın axırı, yazın əvvəlləri başlayır. Amma ona kimi dözmək mümkün deyil. Taxıl sahələri və digər yazlıq əkinlər suvarma suyu istəyir. Çox təəssüf ki, bütün su mənbələrində su azalıb. O cümlədən də Ceyranbatan su anbarında yığılan suyun səviyyəsi çox düşüb. Suyun azalması həm də ekoloji fəlakət yaradır. Çünki Ceyranbatan su anbarında canlılar var ki, onlar suyu təmizləyir, suya öz qatqılarını verirlər. Suyun səviyyəsi düşdüyündən həmin canlıların da məhvolma təhlükəsi artır”. Ekoloq onu da qeyd edib ki, Taxtakörpü su anbarında da suyun səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli düşüb: “Hələ Samur çayını demirəm. SSRİ dövründə Samurun su ehtiyatının 75 faizini biz istifadə edirdik. Amma indi bu rəqəm 50 faizə düşüb. Bu da əlavə çətinlik yaradır. Əgər quraqlıq daha bir ay davam etsə, ölkə çox ciddi problemlərlə üz-üzə qalacaq. Amma aprelin ikinci yarısından qarın əriməsi ilə bağlı müəyyən ehtiyat olacaq. O vaxtadək dözmək lazımdır”.

Gəncədə ata və 2 övladı dəm qazından zəhərləndi

Gəncə şəhərində bir ailənin 3 üzvü dəm qazından zəhərlənib. Sozcu.az Report-a istinadən xəbər verir ki, Yeni Gəncə qəsəbəsində şəhər sakinləri - 1979-cu il təvəllüdlü Q.Quliyev və övladları, 2005-ci il təvəllüdlü N.Quliyeva, 2007-ci il təvəllüdlü A.Quliyev yaşadıqları evdə dəm qazından zəhərləniblər. Zərərçəkənlər ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Bakı metrosunda ölüm hadisəsi

Bu gün saat 15:40-da Bakı Metropoliteni QSC-nin "Koroğlu" stansiyasında yaşlı kişi sərnişin dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, sərnişin özünü pis hiss etdiyi üçün dərhal təcili tibbi yardım çağırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb: "Təəssüf ki, təcili yardıma məlumat verildikdən az sonra sərnişin vəfat edib".