Ermənilər əsir hərbçilərimizi həbs etdi

İrəvanın ümumi yuridiksiya məhkəməsi azərbaycanlı hərbi əsirlər – Aqşin Bəbirov və Hüseyn Axundov barəsində həbs qərarı çıxarıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, Aqşin Bəbirov və Hüseyn Axundov Cinayət Məcəlləsinin bir sıra maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər. Erməni tərəfi hərbçilərimizi bir qrup şəxs tərəfindən qabaqcadan razılaşdırılaraq dövlət sərhədini qanunsuz keçməkdə, silah-sursat qaçaqmalçılığında və qanunsuz dövriyyəsində ittiham edirlər.

Xəstəxanada müalicə alan qadın özünü 3-cü mərtəbədən atdı

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında müalicə alan qadın intihar edib. Xəstəxananın Nevrologiya şöbəsində stasionar müalicə olunan 1962-ci il təvəllüdlü Maral Mamedova binanın 3-cü mərtəbəsindən özünü atıb. Araşdırma aparılır.

Xızıdakı partlayışda xəsarət alan şəxs Sumqayıt Tibb Mərkəzinə yerləşdirilib

Xızı rayonunun Yaşma qəsəbəsində baş verən hadisə ilə əlaqədar 1976-cı il təvəllüdlü vətəndaş TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Ona sol budun odlu qəlpə yarası, ayaq barmağının sınığı, döş qəfəsinin açıq yarası diaqnozu qoyulub. Tibb müəssisəsinin Travma şöbəsində müalicəsi davam etdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.

Saleh Məmmədovun "adamı" Vətən müharibəsi qazisini işdən çıxardı - AÇIQLAMA

Aprel döyüşləri və 44 günlük Vətən müharibəsi qazisi, Lənkəran şəhər sakini Şahbazlı Asin Ulduz oğlu “7 saylı Magistral-Yol İstismar İdarəsi” MMC-nin direktoru Rüfət Həsənzadə tərəfindən səbəbsiz yerə işdən çıxarılıb. Bu barədə Asin Şahbazlı özü məlumat verib. Qazi bildirib ki, onu Ramazan bayramı günündə işsiz qoyublar: "İşdən çıxarılmağımın səbəbini soruşanda, hər hansı əsas göstərə bilmədilər. Deyildi ki, gedib hara şikayət edə bilirsən, elə. Dəfələrlə müraciət etsəm də, şikayətimə baxan yoxdur. Rüfət Həsənzadə atası Raqub Həsənova arxalanır. Uzun illərdən bəri Raqub Həsənov da yol tikintisi şirkətinə rəhbərlik edir, ata və oğul Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin layihələrini həyata keçirirlər. Ancaq bütün baxmayaraq, dəfələrlə müraciət etsəm də, mənə heç iş verilmir. Bizi nə axtaran var, nə maraqlanan. Ümumiyyətlə heç nə ilə maraqlanmırlar. İşlə də təmin etmirlər. Kirayədə qalıram. Heç bir yerdən gəlirim yoxdur. Hara iş üçün gedirəm, deyirlər, dəlixanada yatmısan. Deyirəm ki, müharibədən qabaq normal insan olmuşam, Vətənə xidmət etmişəm. Konkret nə baxan, nə də axtaran var. Özüm də 2 ildir psixoterapik dərmanlarla yaşayıram. Hara müraciət edirəm, ancaq boş məktublar gəlir". Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun "adamı" kimi tanınan Raqub Həsənov barəsində mediada mütəmadi olaraq ziddiyətli məlumatlar yer alır./Demokrat.az

Kanalizasiya sularının axıdıldığı Xəzərdən içməli su almaq doğrudurmu? - Ekoloqdan həyəcan təbili

Azərbaycanda dəniz suyundan içməli su kimi istifadə olunacağı ilə bağlı məsələ aktuallaşıb. İçməli suya olan tələbatı ödəmək üçün Xəzər dənizinin suyunun şirinləşdirilməsi nəzərdə tutulur. Ekspertlərin fikrincə, bu proses daha az xərc tələb edir.  Qeyd edək ki, Bakıda ötən əsrin əvvəllərində neft mədənlərində çalışan işçilərin suya tələbatını ödəmək üçün müxtəlif üsullarla şirinləşdirilmiş dəniz suyundan istifadə olunub. Hazırkı dövrdə isə bu prosesin tətbiqi gigiyenik cəhətdən mümkün deyil. Ən azı ona görə ki, kanalizasiya suları və tullantıları birbaşa Xəzər dənizinə axıdılır. Üstəlik dəniz platformasından neft və ya digər bulanıq mayenin Xəzərə axıdılması faktları da mövcuddur.  Mövzu ilə bağlı Bizim.media-ya danışan ekoloq Ənvər Əliyev də hesab edir ki, dənizdən içməli su əldə etmək məqbul deyil: “Bu sudan içmək yox, sadəcə məişətdə, suvarmada və bəzi zavodlarda istifadə olunması mümkün ola bilər. Əksinə, bizim içməli sularımız çoxdur. Azərbaycanın çayları və yeraltı suları tükənməyib ki, dənizdən içməli su alaq. Təəssüfedici məqam odur ki, içməli suyu 400-500 kilometrlikdən gətirib bağ sulamağa, maşın yumağa istifadə edirik. Biz bunun əleyhinəyik. Yaxşı olar ki, içməli və məişətdə istifadə olunan sular ayrı olsun. İsraf etdiyimiz suları düzəldək, ondan sonra əlavəsinə baxarıq”. Ekoloqun sözlərinə görə kanalizasiya sularının və digər mayelərin axıdıldığı dənizdən içməli su almaq insan orqanizminə təhlükədir: “Bəzi müəssisələrin tullantılarında elə maddələr var ki, onlar həll olmur. Hələ qalsın ki, bu maddələr insan orqanizminə keçsin... İnsanın su tələbatının sanitar-gigiyenik normaları var ki, bunlardan kənara çıxmaq olmaz. Çünki çox ciddi fəsadlar baş verə bilər.  Üstəlik Xəzər dənizindən içməli su almaq böyük xərc tələb edir. Uzun müddət metrodan su çıxırdı. Hətta qurumun mənbələrindən aldığım məlumata görə. Bakı metrosu lay sularının təmizlənməsinə 300 min manata qədər pul xərcləyir. Bu sularla içməli su probleminin ağır vaxtlarında heç olmasa ağacları sulamaq olar.   Bundan əlavə Bakının özünə gələn sular var ki, hər tərəfdən dənizə doğru axıdılır. Onlardan da bəzi sahələrdə istifadə etmək olar. Ümumiyyətlə, içməli sudan qənaətlə və normal istifadə edə bilsək, alternativlərə ehtiyac qalmayacaq.  Onu da deyim ki, Bakının kanalizasiya sistemi bərbad durumdadır. Su borularının çoxu Sovet dövründən də əvvəlki illərə aiddir. Yararlıqları sual altındadır. Suya qənaət etmək üçün öncə bu problemlərə diqqət etmək lazımdır”.

Sabah 27 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 15-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz havanın qısa müddətə arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 22-27° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Şəhid analarından Hüseynin ailəsinə DƏSTƏK: Eyni hisləri yaşayırıq

“Həmin kadrları izləyəndə ölüb-dirildim, məhv oldum” Ermənistanda əsir götürülən Azərbaycan əsgəri Hüseyn Axundovun amansız işgəncələrə məruz qalmasını əks etdirən görüntülər şəhid ailələrinin də hiddətinə səbəb olub. Vətən uğrunda canlarını fəda etmiş qəhrəman hərbçilərimizin anaları Hüseynin ailəsinə dəstək verərək, onların tək olmadıqlarını, eyni hisləri yaşadıqlarını bildiriblər. Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova Modern.az-a açıqlamasında deyib ki, Hüseynin internetdə yayılan videosu ona çox pis təsir edib. “Ermənilərin əsgərimizə o cür rəftar etməsi şəhid anası olaraq mənə pis təsir etdi, düşünürəm ki, övladı şəhid olan bütün analar eyni hissi yaşayıb. Öz övladımın şəhid olması mənə necə təsir edirsə, hər bir ananın balasına zülm olunması da mənə elə təsir edir. Müharibə qələbəmizlə bitsə də, yenə şəhidlərimiz olur, əsgərlərimiz ermənilərə əsir düşür. Nə demək olar? Allah Hüseyn balamızın köməyində olsun, anasına səbir versin”, - Səmayə Həşimova vurğulayıb. Vətən müharibəsi şəhidi İzzət Həmidovun anası Vəfa İzzətli Azərbaycan əsgərlərinin ermənilərə əsir düşməsinə məyus olduğunu söyləyib. “O kadrları izləyəndə ölüb-dirildim, ağladım, məhv oldum. Şəhid olmaq ayrıdır, əsir düşmək tamam ayrı. Şəhid olanda bilirsən ki, daha yoxdur, gözün yoldan kəsilir, amma əsir kimi düşmən əlində olmaq və ananın övladının incidildiyini bilməsi çox ağırdır. O ananın halını təsəvvür edə bilirəm. Övladlarımıza biri tərs baxanda adam dəli olur. O ki qaldı onun düşmənin əlində olduğunu biləsən. Bunu düşünmək belə insanı məhv edir. Dəhşətdir, Allah heç kimə göstərməsin. Allah o anaya səbir versin. Eyni şey başıma gəlsəydi, bəlkə də, mənim ürəyim dayanardı. Mən həmişə şükür edirəm ki, oğlum əsir düşmədi, sadəcə şəhid oldu. Ağır dərddir". Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Ötən gün sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb. 

“Azərbaycanın paytaxtını qətiyyən dəyişdirmək olmaz” – Elbay Qasımzadə

“Azərbaycanın paytaxtını qətiyyən dəyişdirmək olmaz. Bu fikir neçə dəfə olub. Məncə, bu fikir yolverilməz bir anlayışdır. Bakı təkcə Bakı şəhərindən ibarət deyil, Bakı Azərbaycanın həm mədəni, həm də tarixi mərkəzidir. Bakının statusunu tıxaclara görə əlindən almaq ədalətsizlikdir”. Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış memar, Bakı şəhərinin sabiq baş memarı Elbay Qasımzadə deyib. O, son vaxtlar mərkəzdə artan tıxaclar səbəbindən paytaxtın başqa şəhərə köçürülməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib. E. Qasımzadə söyləyib ki, nəqliyyatın idarə olunmasında dəyişiklik edilməlidir: “Nəqliyyat istifadə edən qurumlar, həm də bunu idarə edənlər – Dövlət Yol Polisi və s. bir yerdə oturub işləməli və Bakıdakı nəqliyyatın qrafikini normal vəziyyətə salmalıdırlar. Lakin bununla heç kim məşğul olmur, gündə bir dənə marşrut dəyişirlər. O dəyişmənin də əsas məqsədi kommersiya maraqlarıdır”. Memarın fikrincə, şəhər böyük bir mexanizm, anlayışdır: “Ona görə də hansısa marağa görə qərar qəbul etmək olmaz. Bakının statusu var və şəhər ölkəmizin ən görkəmli yerində – sahildə yerləşir. Həmçinin, ölkənin sərhədlərinə də eyni məsafədədir. Bakı tarixi şəhərdir və 2 min ildən çoxdur ki, tarixi var. Gəlin, bu lazımsız söhbətləri bitirək”. “Ona qalsa, Azərbaycanda da çoxlu şəhərlər tikilir. Yeni paytaxtın tikilməsinə gəldikdə isə mən bir dənə Qazaxıstanın paytaxtı Astananı nümunə olaraq bilirəm. Hansı ki, orada da siyasi məqsədlər olub. Heç də Almatı böyük bir şəhər olmayıb, milyon yarım əhalisi olub. Nə şəhərdir ki? Orada Nursultan Nazarbayevin şəxsi siyasi maraqları var idi. Ona görə də mərkəzi dartdı apardı Astanaya. Çölün düzündə, iqlimi bərbad, qışda 40 dərəcə şaxta, yayda cəhənnəm istisi, bir dənə də bitki normal bitmir. Bu gün Astanaya baxırsan, heç şəhərə də oxşamır, memarlıq muzeyinə oxşayır. Bir binadan o birisinə getməkdən ötrü mütləq gərək taksiyə minəsən. Belə paytaxt olmaz!” “Qısası, paytaxta aid standartlar heç bir ölçü ilə ölçülə bilməz. Paytaxt mənəvi bir anlayışdır. Bakının 2 min illik tarixi varsa, onun 400 ili Bakı paytaxt olub. Şamaxıda zəlzələ olandan sonra Şirvanşahlar Bakıya köçüb və Bakı Azərbaycanın paytaxtı olub. Ona görə də paytaxtın dəyişdirilməsi fikirləri ilə qəti razı deyiləm”, – yekunlaşdırıb.

Naxçıvanda avtomobil yaşayış binasına çırpılıb, sürücü xəsarət alıb - FOTO

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə Naxçıvan şəhərində qeydə alınıb. Belə ki, sürətlə hərəkət edən 71-BD-440 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yoldan çıxaraq, səkiyə dəyib. Nəticədə 2004-cü il təvəllüdlü şəhər sakini Hacıyev Altay Pərviz oğlunun idarə etdiyi avtomobil yaşayış binasına dəyərək dayanıb. Hadisə nəticəsində, avtomobil tam yarasız vəziyyətə düşüb, sürücüsü isə xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.apa

Ermənistanda saxlanılan Hüseynin anası:“Balamı mənə qaytarın”

“Oğluma işgəncə verilməsi ilə bağlı görüntüləri internetdə izlədim. Hələ də şokdayam. Bu, nə oyundur bizim başımıza gəldi”. Bunu Modern.az-a Ermənistanda saxlanılan əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib. O, oğlunun günahsız olduğunu deyib: “Mən bundan əvvəl Qırmızı Xaç Komitəsinə, Müdafiə Nazirliyinə müraciət etmişdim. Həyat yoldaşım neçə gündür Naxçıvandadır. BQXK məni sorğu-sual elədi, dedilər ki, övladınızın məsələsi araşdırılacaq və Azərbaycana gətiriləcək”. Şəlalə Axundovanın sözlərinə görə, övladı əsgərlikdən sonra hərbidə qalmağa hazırlaşırdı:  “Biz Mehdiabadda yaşayırıq. İki qızım, bir oğlum var. Hüseyn 9 yaşından əsgər gedən günə qədər fəhləlik edib, daş daşıyıb, ailəsinə baxıb. Xəstəliyimə görə mən işləyə bilmirdim. Çox yaxşı oğuldur. Əsgərlikdən gəlməyinə 5 ay qalmışdı. Onunla sonuncu dəfə aprelin 4-də danışmışdıq. MAXE olacağını deyirdi. Əsgərlik vaxtı heç nədən şikayəti yox idi, hər şeyin qaydasında olduğunu deyirdi. Xahiş edirəm, balamı mənə qaytarın”. Azərbaycan Ordusunun itkin düşən əsgəri Axundov Hüseyn Əhliman oğlu Ermənistan ərazisində saxlanılıb. Onun Qafan rayonunda tutulduğu bildirilib. Sosial şəbəkələrin erməni seqmentində azərbaycanlı əsgərin foto və videoları yayılıb. Kadrlardan görünür ki, H.Axundov Ermənistanda saxlanıldıqdan sonra amansız işgəncələrə məruz qalıb.

İcra başçısının müavini fəhləyə təpik atdı - "Dedi, başını əzdirərəm"

Tərtər Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini, RİH-in Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov Tərtər rayonu üzrə “DOST İş Mərkəzi” MMC-də yaşıllaşdırma sahəsində çalışan fəhlələri nalayiq sözlərlə təhqir və təhdid edir. Bu barədə 56 yaşlı fəhlə Aydın Şahverdiyev Pravda.az-a ünvanladığı şikayətində bildirib. Onun şikayətini təqdim edirik: “Martın 30-da rayonda aparılan abadlıq işləri çərçivəsində Tərtər Rayon Mərkəzi Xəstəxanasının qarşısında işləyirdik. Bizə tapşırılan işi görürdük. İşimizi icra başçısının birinci müavini Elvin Umudovun tapşırığına uyğun “DOST İş Mərkəzi” MMC-nin nümayəndəsi Saleh müəllim bölür. Bizim idarəmiz Dövlət Məşğulluq Agentliyinə baxır. Abbas Cavadov ora gələrək məni nalayiq sözlərlə təhqir etdi, özü söz-söhbət yaratdı. Mənə dedi ki, qudurmusan, sənin başını əzdirərəm, məhv etdirərəm. Etirazımı bildirdim ki, fəhləyəm, sən məni niyə təhqir edirsən. O, heç kimlə yola getmir. Dərdi nədir, bilmirik. Bundan əvvəl də belə hallar yaşanıb. Onda da etirazımı bildirmişdim. Saleh müəllim də ona tapşırıb ki, fəhələlərlə düzgün rəftar etsin. Başqaları ilə də bu cür davranır. Məni təhqir etdiyi vaxt yanımızda iki briqada, xəstəxananın da qarşısında camaat var idi, şahiddirlər, hamı gördü. Abbas Cavadov mənə təpik atdı, söyüş söydü. Bizi ayırdılar. Əsəbdən əsirdim. Elə həmin an “102” xidmətinə zəng etdim. Məni polis şöbəsinə çağırdılar. Qəsəbəyə baxan nümayəndələr dedilər ki, Abbas Cavadov icra işçisi olduğu üçün məsələyə prokurorluq baxır. Martın 31-də Tərtər rayon prokuroru ilə görüşmək istəsəm də, o, tədbirdə idi. Müavini ilə də görüşə bilmədim. Polis şöbəsi məni məhkəməyə göndərdi ki, gedib ərizəni orada yazım. Məhkəmə də geri qaytardı ki, burada belə ərizə yazılmır. Latın əlifbasında yaza bilmədiyim üçün xahiş etdim ki, ərizəni yazmağıma köməklik göstərsinlər. Polis tərəfindən heç bir tədbir görülmədi. Həmin vaxtdan Abbas Cavadovu görməmişdik. O, aprelin 12-də yenə gəldi, traktorçu ilə də mübahisəsi oldu. Bizi niyə təhqir etməlidir? Birinci Qarabağ döyüşçüsüyəm. Vətən müharibəsində qəsəbədə zirzəmidə qalıb, yaralılara kömək etmişik, həlak olanların dəfnlərində iştirak etmişik. Hörmətli Prezidentimiz icra başçılarına, icra nümayəndələrinə həmişə tapşırıq verir ki, vətəndaşları incitməsinlər. Bu adam dövlət məmurudur, fəhləyə niyə təpik atmalıdır?” Vətəndaşın şikayəti ilə bağlı Abbas Cavadovun da mövqeyini öyrənmək üçün Pravda.az-ın əməkdaşı onunla əlaqə yaratmağa çalışıb. Tərtər RİH-in Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən əməkdaşımıza deyilib ki, A.Cavadov ərazidədir, ancaq saat 15:00-dan sonra əlaqə yarada bilərik. Lakin A.Cavadovla deyilən saatda da əlaqə yaratmaq mümkün olmayıb.

Dövlət qurumu "Rabitə Mülki Tikinti" şirkətini vergiyə görə məhkəməyə verdi

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi "Rabitə Mülki Tikinti" MMC ilə bağlı məhkəməyə müraciət edib. Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə dövlət qurumu Bakı İnzibati Məhkəməsinə üz tutub. Belə ki, İdarə vergi məsələləri üzrə mübahisələr barədə tələb irəli sürüb. İddia hakim Tural Məlikovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.