Güclü külək əsəcək – Sarı və narıncı xəbərdarlıq

Azərbaycanın bəzi bölgələrində noyabrın 24-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə Sozcu.az-a Milli Hidrometrologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Kəlbəcər, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Gədəbəy, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Quba, Xızıda fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu, sarı xəbərdarlığa uyğundur. Xaçmaz, Şabran, Siyəzən, Qusarda isə fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu da narıncı xəbərdarlığa uyğundur.

İtkin düşən 10 nəfər tapıldı

Noyabrın 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sabah da tam iş günüdür

Nazirlər Kabinetinin iş və istirahət günlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul etmişdi. Sozcu.az xəbər verir ki, iş və istirahət günlərinin ardıcıllığının qorunması məqsədi ilə 2024-cü ilin 12 və 13 noyabr iş günləri, müvafiq olaraq 16 və 23 noyabr tarixləri ilə əvəz edilmişdi. 13 noyabr iş günü 23 noyabr şənbə günü ilə əvəz edildiyindən sabah iş günü hesab olunur. 

Özündən 8 yaş böyük arvadını bıçaqladı

Lənkəranda ər və arvad arasında başlayan mübahisə qanla bitib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü Sarvan Tahirov 1965-ci il təvəllüdlü həyat yoldaşı Rəsmiyyə Hüseynovanı bıçaqlayıb. Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Sarvan Tahirov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Şəhidimizin atası vəfat etdi

Vətən müharibəsi şəhidi, XTQ-nin giziri Siyahim Dəmirovun atası vəfat edib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əlizamin Dəmirov Beyləqan rayonunda dünyasını dəyişib. Uzunsürən xəstəlik səbəbindən həyatını itirən Ə.Dəmirov rayondakı “Cərciz Peyğəmbər” ziyarətgahında torpağa tapşırılıb. Qeyd edək ki, Siyahim Dəmirov 1990-cı il sentyabrın 13-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 2020-ci ilin oktyabrın 29-u Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. “Cərciz Peyğəmbər” ziyarətgahında dəfn edilib. Ölümündən sonra “Qarabağ” ordeni və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, həmçinin “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Kommunal xidmətlər bahalaşır? - Tezliklə istilik sistemi “əl yandıracaq”

Maliyyə naziri Samir Şərifov Milli Məclis komitələrinin birgə iclasında büdcə müzakirəsi zamanı "Azəristiliktəchizat”a dövlət büdcəsindən ildə 46 milyon manat vəsait ayrıldığını bildirib. O qeyd edib ki, qurumun əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır: "Böyük zərər əmələ gəlir". Nazir əlavə edib ki, qazanxanaların səmərəliliyi olduqca aşağıdır və yeni, daha müasir isitmə sisteminə keçmək lazımdır. "Bununla bağlı bəzi təkliflər var, hazırda üzərində iş gedir". Mövzu ilə bağlı "Yeni Sabah"a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, əsas müzakirə olunmalı nüans kommunal sahələrin effektiv idarə edilməməsidir: “Əlbəttə, büdcə müzakirələrində kommunal xidmətlərin ziyanla işləməsi ilə bağlı açıqlamalar belə bir fikir yaradır ki, yaxın zamanlarda qiymət artımı ilə bağlı qərarlar ola bilər. Amma nədənsə hər dəfə oxşar məsələlər müzakirəyə çıxarılanda həmin kommunal sahənin effektiv idarə edilməsi yox, məhz borc məsələsi, yaxud qeyri-rentabelli fəaliyyət önə çıxarılır. Lakin heç vaxt müzakirə olunmur ki, bu sahə niyə qeyri-rentabellidir?" Ekspertin fikrincə, bununla bağlı ciddi araşdırmalara ehtiyac var:  “Məncə, kommunal xidmətlərin qeyri-rentabelli fəaliyyətinin əsas səbəbi izafi xərclərdir. Təmir məsələsi və s. kifayət qədər şişirdilir və nəticə etibarı ilə rentabellilik aşağı düşür. Ona görə də, bu sahədə yeni yanaşmaya ehtiyac var. Yəni məsələnin kökünə enmək lazımdır. Ümumiyyətlə, audit araşdırması aparılmalıdır ki, Azərbaycanda niyə məhz kommunal xidmətlər, qiymətlərin aşağı olmasına baxmayaraq, ziyanla işləyir. Bu məsələdə səmərəli araşdırma ilə nəticələr əldə edilməzsə, təəssüf ki, qiymət artımı qaçılmaz olacaq”.

Pensiya ödənişi niyə gecikir? - Nazirlikdən açıqlama

Rayonlar üzrə pensiya ödənişi beş gündür ki, geçikir. Sozcu.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi təqaüdçülərin müraciətinə cavab olaraq bildirib ki, pensiyaların noyabrın 20-23 tarixi aralığında verilməsi nəzərdə tutulub. Bildirək ki, adətən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ayın 10-na kimi, digər rayonlar üzrə isə 15-nə kimi ödənilirdi.

Rayonlara qar yağdı

Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi şərq rayonlarında arabir qısamüddətli yağış yağıb, yüksək dağlıq ərazilərdə qar yağıb. Bu barədə Sozcu.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 3 sm olub. Düşən yağıntının miqdarı Şahbuz, Gədəbəy, Yevlax, Astarada 1 mm-dək olub. Naxçıvan, Naftalan, Şəmkir, Yevlax, Zərdab, Qusarda duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 2 , Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.

Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama

Bu gün rayonlardan paytaxtda yerləşən tibb ocaqlarına üz tutan sakinlərin sayı kifayət qədərdir. Buna səbəb isə bölgədəki xəstəxanalara və orada fəaliyyət göstərən həkimlərə əhalinin inamsızlığıdır. Çoxları iddia edir ki, rayon yerində yetəri qədər biliyi olan həkim tapmaq müşkülə çevrilib. Elə məhşurlar da bu fikri təsdiqləyirlər. Bir neçə gün bundan öncə Aşıq Namiq Fərhadoğlunun atası Şəmkir rayonunda yerləşən xəstəxanaların birində edilən əməliyyatdan sonra dünyasını dəyişdi. Sənətçinin efirdə səsləndirdiyi iddialara görə, bu, həkim səriştəsizliyinin nəticəsi olub.  İfaçı bu hadisədən danışarkən atasını dəfələrlə Bakıdakı xəstəxanalarda müayinə etdirmək istədiyini, bölgədəki tibb ocaqlarına güvənmədiyini dilə gətirmişdi. Maraqlıdır, rayonlarda işləyən həkimlərin paytaxtdakılardan fərqi nədir? Niyə əhali arasında onlara inam aşağı səviyyədədir? Həkim-terapevt Rasif Bağırov bu barədə sualları “Yeni Sabah”a cavablandırarkən iddialara belə aydınlıq gətirib: “Bu fikirlərdə müəyyən qədər həqiqət var. Həqiqət ondan ibarətdir ki, rayon yerində rəqabət demək olar ki, yoxdur. Kim harada təyin olunub işləyirsə, hökumətdən maaş alır və belə də yaşayır. Yəni təminatı o istiqamətdə həyata keçirir. Amma Bakıda vəziyyət başqa cürdür. Burada çox güclü rəqabət var. Özəl və dövlət klinikalarında kifayət qədər həkimlər işləyir. Bu həkimlərin içərisində kimsə kifayət qədər xəstə kontingenti toplaya bilirsə, o, ancaq öz biliyi sayəsində bunu bacarır. Doğrudur, bəzən efirlərdə reklamlar vasitəsilə də həmin prosesi həyata keçirmək mümkündür. Amma o da çox uzunömürlü olmur. Bir müddət sonra insanlar reallığı bildikdə belə yerlərdən uzaqlaşırlar”. Həkim bildirib ki, şəhərdəki rəqabətə tab gətirən, insanları öz ətrafına toplamağı bacaran həkimlər həqiqətən də savadlı, qabiliyyətli həkimlərdir: “Xəstələrə də həmin həkimlərin təsiri çox olur. Bölgələrdə fəaliyyət göstərən həkimlər öz üzərində çalışmır. Bilir ki, yanına gələn xəstənin imkanı zəif olduğuna görə, şəhərdəki tibb ocaqlarına üz tuta bilməyəcək və məcbur olub onların qəbuluna gedəcək. Öz üzərində çalışmayan həkimlər də xəstələrə lazımi kömək göstərə bilmirlər. O nöqteyi-nəzərdən bugün rayondan Bakıya elə xəstəni göndərirlər ki, onu həmin bölgə xəstəxanasında da müalicə etmək olar. Biz həmin həkimlərlə fikir mübadiləsi apararkən də məlum olur ki, öz üzərilərində çalışmır və universitet vaxtında öyrəndikləri biliklərə əsasən fəaliyyətlərini davam etdirirlər”.

Ardıcıl 6 gün iş OLMAYACAQ - TARİXLƏR

2024-cü ilin dekabrın sonu və 2025-ci ilin yanvarın əvvəlində qeyri-iş günlərinin sayı açıqlanıb. Sozcu.az xəbər verir ki, 2024-cü ilin dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik günü və 2025-ci ilin yanvarın 1 və 2-si Yeni il bayramı ilə əlaqədar qeyri-iş günüdür. Yəni, 3 gün iş olmayacaq. 2024-cü ilin dekabrın 30-u həftənin ilk gününə təsadüf edir. Adətən belə hallarda Nazirlər Kabineti müvafiq qərar qəbul edir və iş və qeyri-iş günlərinin yeri dəyişilir. Belə olarsa, dekabrın 28 (şənbə günü), 29 (bazar günü), 30 və 31-də, 2025-ci ilin yanvarın 1 və 2-də iş olmayacaq. Beləliklə, ardıcıl 6 gün qeyri-iş günü olacaq.

1-ci qrup əlil uşaqlı ailə evindən zorla çıxarılır

"Mən Bakı Şəhər Nərimanov Rayon Nurəddin Süleymanov küçəsində yerləşən mənə məxsus 86 kv/m yaşayış sahəsi olan kupça sənədli mənzilimi Kapital Bankda girov qoyub pul götürdüm. Götürdüyüm pulu vaxtında qaytara bilmədim. Kapital Bank 86 kv/m yaşayış sahəsi olan kupçalı mənzilimizi Cəlilova Pəri Seydağa qızına satmışdır. 86 kv/m yaşayış sahəsi olan Kupçalı mənzili boşaldaraq 5 nəfərdən ibarət olan ailəmizlə həmin sahədə əlavə özümüzün sonradan inşa etdiyimiz və Bankın Cəlilova Pəri Seydağa qızına satdığı 86kv/m yaşayış sahəsi olan mənzilə heç bir aidiyyəti olmayan 62kv/m sahəsi olan mənzilə köçdük. Cəlilova Pəri Seydağa qızı Kapital Bankdan aldığı 86 kv/m sahəsi olan kupçalı mənzildən başqa bizim ailəmizlə yerləşdiyimiz 62kv/m yaşayış sahəsi olan mənzildən çıxarmaq məqsədilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək iddia qaldırmışdır. Cəlilova Pəri Seydağa qızının iddia ərizəsi ilə 19.10.2023-ci il tarixdə e 2(005)-157/2023 saylı iş üzrə Məhkəmə işinə baxılmış və 5 nəfərdən ibarət olan ailəmizin yaşadığı 86kv/m yaşayış sahəsi olan mənzildən çıxarılması barədə Məhkəmə qərar çıxarmışdır. İş artıq icraata götürülüb,ancaq icra məmurları bizi qətnamədə göstərilən 86 kv/m yaşayış sahəsinə heç bir aidiyyatı olmayan və sonradan inşa etdiyimiz 62 kv/m sahəsi olan mənzildən çıxarmaq istəyirlər. Bu gün Probasiya Şöbəsindən icraçılar polis əməkdaşları ilə  birlikdə gəlib ailəmizdə 1-ci qrup ömürlük əlil uşağın olmasına belə baxmayaraq yaşadığımız mənzildən çıxmağımızı  tələb etdilər. Belə də yaşadığımız mənzildən başqa gedəsi yerimizdə yoxdur.   Ailəmizlə bərabər inanırıq ki, bu iş doğru düzgün araşdırılacaq və bizim haqqımız bərpa olunacaq". Tünzalə Əmirova

Azərbaycanda minimum pensiya məbləği DƏYİŞMƏYƏCƏK

Azərbaycanda gələn il minimum pensiya məbləği dəyişməyəcək. Sozcu.az xəbər verir ki, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində minimum pensiya məbləğinin 280 manat olacağı qeyd olunub. Bildirilir ki, 2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycanda bu il də minimum pensiyanın məbləği 280 manat olub. Ancaq 280 manat pensiya alanlar indeksasiya ilə 280 manatdan çox pensiya alacaqlar.