Bakıda avtomobil gənc oğlanı vurub

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az-ın məlumatına görə, metronun “20 Yanvar” stansiyasının yaxınlığında avtomobil yolu keçən 1994-cü il təvəllüdlü Umbayev Nəsimi Mübariz oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.report

"Şöbə rəisinə 700 min manat vermişəm" - Müdafiə Nazirliyində yeyinti işi

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində 3 hərbi hissədə maliyyə xidməti rəisi vəzifəsində işləmiş Vüsal Məmmədli ifadə verib. O bildirib ki, çalışdığı ilk hərbi hissədə ümumilikdə 657 min manat mənimsəmə faktına yol verilib: “Hərbi hissədə yoxlamalar aparılıb. Aparılan yoxlamalar zamanı aşkar olunan əlavə vəsaitlərin 30 faizi təftişə, 20 faizi isə maliyyələşməyə vermişəm. Yerdə qalan 50 faiz vəsait isə mənə çatıb. Digər hərbi hissələrdə də eyni qaydada çalışmışam". Şahid deyib ki, üç hərbi hissədə ümumilikdə 1 milyon 500 min manata yaxın ziyan üzə çıxıb: "Bu pulun 600 min manatı mənə çatıb. Həmin məbləğdən 150 min manat istintaq dövründə, sonra da 70 min manat, ümumilikdə 220 min manat dövlət büdcəsinə ödəniş etmişəm. Pulun geridə qalan hissəsini də ödəyəcəm". V.Məmmədli qeyd edib ki, hərbi hissələrə təftişə gələnlərə Maliyə və Büdcə idarəsinin təftiş şöbəsinin rəisi Rafael Xələfov rəhbərlik edib və veriləcək məbləğləri o təyin edib. Daha sonra şahid qismində ifadə verən Mirseyid Eyvazov bildirib ki, əvvəlcə idarədə təftişçi vəzifəsində çalışıb. O, Rafael Xələfovun rəhbərliyi ilə hərbi hissələrə təftişə getdiyini bildiririb: “Misal üçün alınan pulların 20 min manatı Rafael Xələfova, 10 min manatı isə mənə çatıb". M.Eyvazov bildirib ki, 2020-2022-ci illərdə hərbi polisdə maliyyə xidmətinin rəisi olub: "Həmin dövr üçün aparılan maliyyə təftişləri zamanı 1 milyon 300 min manat əlavə vəsait üzə çıxıb. Biz maliyyə hesabı açırdıq. Həmin hesaba pullar köçürülürdü. Həmin vəsaitlərlə bağlı əlavə hesablarda yaradırdıq. Bu pullar bizə qalırdı. Yoxlamaya gələnlərə həmin vəsaitdən 30 faiz verirdik. Əvvəl yoxlamaya Süleyman Abbasov gəlib. Mən də pulu ona vermişəm. Daha sonra isə Sadiq Sadıqov yoxlamaya gəlib. Ona da eyni vəsait vermişik”. Şahid deyib ki, Maliyyə Nazirliyinin apardığı yoxlamalarda iştirak edib. O, yoxlamaların nəticələrindən razı qaldığını, yoxlama nəticəsində ona 700 min manat çatdığını bildirib. Hazırda MN-in Təlim Tədris Mərkəzində müəllim işlədiyini deyən digər şahid Səbuhi Məmmədov qeyd edib ki, Cəmşid Naxçıvanski adına hərbi liseydə maliyyə xidmətinin rəisi olub. O bildirib ki, 2015-2020-ci illər ərzində hərbi liseydə aparılan yoxlamalar zamanı 3 milyon 450 min manat əlavə vəsait üzə çıxıb. S. Məmmədov qeyd edib ki, hərbi liseydə 57 nəfər qeyri-müəyyən şəxsin adına kartlar açıblar, bundan sonra pullar həmin kartlara köçürülüb. O, real olmayan şəxslərin adına kartlar almalarını belə izah edib: “Biz özümüzdən 8 rəqəm yazırdıq. Həmin 8 rəqəmli kodu banka təqdim etməklə kart alırdıq. Kart sahibləri naməlum şəxslər olub, adlar bizim tərəfimizdən uydurulmuş adlar olub”. O, daha sonra iki hərbi hissədə maliyyə xidmətinin rəisi olduğunu qeyd edib və bildirib ki, yoxlamalar zamanı hərbi hissələrdən birində 120 min, digər hərbi hissədə isə 20 min manatın mənimsənilməsi müəyyən edilib. Şahid qeyd edib ki, işlədiyi dövrdə Rafael Xələfov ondan 10 min manat əlavə pul istəyib və həmin vəsaiti alıb: “Təftişə Rövşən Əliyev gəlmişdi. Ona 690 min manat verdim. Sonra Rafael müəllim məndən 10 min manat istədi. Bunu 700 min manat verməli olmağım ilə izah etdi. Mən də ona əlavə olaraq 10 min manat verdim”. Şahid daha sonra qeyd edib ki, yoxlamaya gələn Sadiq Sadıqova 600 min manat verib: “Həmin pulu idarəyə çatdırmalı idi. Amma pulu idarəyə vermədiyi sonradan mənə məlum oldu. Bunu da Rövşən Əliyev yoxlamaya gələndə bildik. Məni idarəyə çağırdılar. Bu barədə məndən soruşdular. Mən də dedim ki, Sadıq Sadıqova vermişəm”. S.Məmmədov bildirib ki, Nizami Məmmədovun bu işlərlə bağlı ona heç bir göstərişi olmayıb. Şahidin sözlərinə görə, aşkar olunan əlavə pulun 90 faizini yoxlama və təftişə gələnlərə verib, 10 faizi isə onun özünə çatıb. O, fəaliyyətinin Maliyyə Nazirliyi tərəfindən yoxlanıldığını bildirib: “Bu yoxlama zamanı tərəfimdən dövlətə 399 min manat ziyan vurmağım üzə çıxıb. Bu ziyanın da 20 min manatını ödəmişəm”. Proses fevralın 16-da davam etdiriləcək. Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

2 məktəblinin ölümünə səbəb olan sürücü barədə qərar...

Məhkəmə Zaqatalada 2 azyaşlının ölümünə səbəb olan sürücü Emin İbrahimovla bağlı qərar verib. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq davam etdirilir. Qeyd edək ki, Emin İbrahimovun sürücülük hüququ olmayıb.

Cəlilabadda 14 yaşlı oğlanın faciəvi ölümü: Qızılca, yoxsa... - "Qanı da satdılar, pulunu yedilər" - VİDEO

Cəlilabadın Alar kənd sakini, 14 yaşlı Yusif İbayevin qızılcadan dünyasını dəyişməsi barədə xəbərlər yayılsa da, ailə üzvləri yeniyetmənin başqa xəstəlikdən öldüyünü bildiriblər. Mərhumun babasının sözlərinə görə, yeniyetmənin ağciyərində problem olub: “Uşağı apardıq Bakıya, orada 10 nəfər qan verdi. Qanı da satdılar, pulunu yedilər. Üç mindən çox pul çıxdı. Dedilər uşaq qızılcaya yoluxmayıb, ağciyərində problem var”. Yeniyetmənin ölümü ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) açıqlamasında bildirilib ki, 2010-cu il təvəllüdlü şəxs yanvarın 24-də dəqiqləşməmiş meninqoensefalit diaqnozu ilə 2 saylı Klinik Uşaq Xəstəxanasının Neyroinfeksiya şöbəsinə daxil olub. Xəstəyə zəruri tibbi yardımın göstərilməsi üçün xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, xəstə vəfat edib.  Faktla bağlı araşdırma aparılır. Ətraflı Baku TV-nin süjetində:

Avtomobili necə utilizasiya edə bilərik? - Prosedur müəyyənləşdi

Nazirlər Kabineti "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə dəyişiklik edib. Sozcu.az xəbər verir ki, qərara əsasən, utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Bu məqsədlə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən bu Əsasnamədə nəzərdə tutulmuş orqanlara müraciət edilir. Müraciət qəbul edildikdən sonra 3 (üç) iş günü müddətində həmin orqan tərəfindən araşdırma aparılaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması və ya aşağıdakı hallardan hər hansı biri mövcud olduqda səbəbləri göstərilməklə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmasından imtina barədə qərar qəbul edilir və müraciət edən şəxsə bu barədə yazılı məlumat verilir: nəqliyyat vasitəsinin inzibati tənbeh etmə qismində müsadirə edilməsi və ya cinayət-hüquqi tədbir qismində xüsusi müsadirə edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda; nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) və ya məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilməmiş yekun qərarı olduqda; nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər üzrə cəza və ya digər cinayət-hüquqi tədbirlər qismində cərimənin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş və icra edilməmiş yekun qərarı olduqda; nəqliyyat vasitəsi üzərində həbs və ya yüklülük olduqda; dövlət müəssisə, idarə və təşkilatlarına, habelə nizamnamə kapitalında dövlətin payı olan hüquqi şəxslərə məxsus olan nəqliyyat vasitələrinin silinməsinə dair normativ hüquqi aktlarla müəyyən edilmiş hallarda və qaydada rəy verilmədikdə. Nəqliyyat vasitələri utilizasiyaya dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən verildikdə, bu Əsasnamənin tələblərinə əməl olunmaqla, həmin dövlət qeydiyyat orqanının qərarı ilə dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılır. Bu zaman ödənilməmiş cərimələrin olması nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmasına mane olmur.

Ev həyətdəki maşınlarla birgə yandı

Abşeronda ev həyətdəki maşınlarla birgə yanıb. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 110 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin dam örtüyünün taxta atmaları 17 m² sahədə, 3 ədəd plastikdən ibarət pəncərə çərçivəsi, 2 top internet kabeli, həyətdə “Mersedes” və VAZ markalı minik avtomobillərinin yanar hissələri yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azərbaycanda müşahidə olunan isti havanın səbəbi

Hazırda ölkə ərazisində qış fəslinə xas olmayan mülayim isti hava şəraiti müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, sinoptik şəraitlə əlaqədar cənub istiqamətli axınların təsiri ilə Bakıda və Abşeron yarımadasında 23, rayonlarda isə 22 dərəcəyədək isti müşahidə olunur: “Ötən illərin fevral ayında da belə anomal isti hava şəraiti qeydə alınmışdı. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2023-ci ilin fevralında 21 dərəcə, 2021-ci ilin fevralında 22 dərəcə, 2020-ci il fevralında isə 25 dərəcəyədək yüksəlmişdi”.

Pensiya artımları bu tarixdə ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu fevralın 9-da fevral ayı üzrə pensiyaların ödənişinə başlayacaq. Bu barədə Sozcu.az -a nazirlikdən məlumat verilib. Həmin gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək. Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə veriləcək. Artım bu ilin əvvəlindən tətbiq olunur və yanvar ayının artımı da həmin məbləğin üzərinə əlavə edilərək pensiyaçılara ödəniləcək. Müvafiq qrafikə uyğun olaraq gələn həftə ərzində respublikamızın digər bölgələri üzrə fevral ayının pensiyalarının, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin bu ay üzrə pensiyalarının da indeksləşdirmə əsasında artırılmış məbləğlə ödənişi nəzərdə tutulub.

Küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Fevralın 5-i saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində arabir güclənən cənub-qərb küləyi müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən bildirilib. Bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustanda 21 m/s, Göyçayda 18 m/s, Sabirabadda 17 m/s, Şəki, Yardımlıda 16 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb. Qeyd olunub ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 7, Aran rayonlarında 14, dağlıq rayonlarda 4 dərəcəyədək isti olub. Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı günün ikinci yarısınadək davam edəcək.

Sənədsiz ev problemi həll ediləcək - Mənzil bazarında bahalaşma olacaq?

Uzun illərdir, ölkəmizdə sənədsiz evlərlə bağlı müzakirələr gedir. İllərdir həllini tapmayan bu məsələ yenidən gündəmdədir. Bir neçə gün əvvəl İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bildirib ki, icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlayır. O bildirib ki, Bakı və Bakıətrafı ərazilərdə sənədsiz evlərin sayı yüz minlərlədir və problemin əhatə dairəsinin mürəkkəbliyini nəzərə alaraq onun həllinin mərhələli şəkildə görülməsini nəzərdə tuturlar.  O, yerli mətbuata açıqlamasında deyib ki, özbaşına tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün işçi qrupu yaradılıb. Ötən ilin oktyabr ayının 1-dən sonra paytaxtda tikilən sənədsiz fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacağı bildirilirdi. Yeni qərara görə, sənədsiz evlərə kommunal xidmətlər göstərilməyəcək. Bu xidmətlərin göstərilməsi üçün mütləq şəkildə evin çıxarışı olmalıdır. Bu qərar sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Sənədsiz ev məsələsinin öz həllini tapmadan bu qaydaların qüvvəyə minməsi narazılıqla qarşılanıb. Bəs, sənədsiz ev problemi necə həll ediləcək?  Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Milli Məclisin deputatı Rüfət Quliyev bildirib ki, artıq sənədsiz evlərlə bağlı qanunun icrasına başlanılıb: “Dövlət başçısının bu məsələ ilə bağlı sərəncamı var. Artıq 2 aydan çoxdur ki, tətbiqinə başlanılıb. Buna əsasən sənədləri olmayan tikintilər, obyektlər, binaların hamısı asan yol ilə özəlləşib, sənədlərini ala bilərlər. Hansı ki, bu evlərin neçə illərdir işıq, su, qaz pulu ödənilir. Ancaq nəyəsə görə sənədlər tam, sona qədər yekunlaşmayıb. Bu evlərin qanuniləşdirilməsi üçün xüsusi portal var. Portala müraciət edib, qeydiyyatdan keçirlər. Bu mexanizmlə sənədsiz evləri sənədləşdirmək mümkündür. Mənimlə görüş zamanı bir neçə ev sahibi, sahibkar bu sərəncamdan istifadə etdiyini söyləyib. Qeyd edim ki, bu proses iki aya qədər çəkir. Sonda da şəffaf formada sənədlər verilir”. Bəs sənədsiz ev problemi həll olunduqdan sonra evlərin qiymətində bahalaşma olacaqmı? Məsələyə münasibət bildirən əmlak eksperti Ramil Qasımzadənin sözlərinə görə, sənədsiz evlərin sənədi olduqdan sonra dəyəri artacaq: “Sənədsiz evlərlə bağlı məsələ həll olunduqdan sonra bazara eyni miqdarda sənədli evlər daxil olacaq. Bu əksinə qiymətlərinin artımını deyil, alqı-satqı əməliyyatlarını sürətləndirə bilər. Bazara xeyli miqdarda ev daxil olacaq. Xüsusən də həyət evlərinin qiymətində müəyyən ucuzlaşama ola bilər. Məlumdur ki, həmin sənədsiz evlər satışa çıxarılarkən tikinti xərcini ödəməsə belə, vətəndaşlar satışa çıxarır.  Çünki sənədsiz olduğu üçün onları almaq istəyən olmurdu. Çox zaman vətəndaşlar risk etmək istəmirdilər. Ancaq ümumən fərdi yaşayış evlərinin qiymətlərində, sənədli evlərin qiymətində müəyyən enmə ola bilər. Çünki birdən-birə bazara xeyli miqdarda ev çıxarılacaq”.  Ekspert sənədli evlərin çoxalmasının fərdi yaşayış evlərinin qiymətlərində müəyyən ucuzlaşmaya səbəb olacağını düşünür: “Məlum olduğu kimi hazırda sənədli olan fərdi yaşayış evləri baha qiymətə təklif olunur. Sənədsiz ev 30 min manata təklif olunursa, sənədli olan həmin ev təxminən 60 min manata təklif olunur. Təbii ki, sənədləşmə həmin evlərin 30 minə deyil, 50 minə satışını həyata keçirməyə imkan verəcək. Belə olduqda, 60 min manata satılan evlərin qiyməti təxminən 50 min manata düşə bilər. Sənədsiz olan evlərin qiymətində artım olacaq, ancaq sənədli onlan evlərin qiymətində ucuzlaşma ola bilər.  Sənədi olan fərdi yaşayış evlərinin qiymətlərində hansı ki, bu gün bazara baha qiymətə təklif olunur, onların dəyəri müəyyən qədər düşə bilər”.

"TƏBİB, İTS, qurduğunuz sistem budur, insanların başına oyun açırsız!” - Həkim etiraz etdi

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa Diaqnostikası şöbəsinin müdiri, həkim-radioloq Aydın Əliyev xəstəxanalarda reaktivlərin olmadığını iddia edir. Sozcu.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında ona daxil olan müraciət əsasında paylaşım edib. “Xəstə gedib analiz verməyə, reaktiv yoxdur deyib başqa klinikaya göndəriş veriblər, ikinci klinika da deyib ki, reaktiv qurtarıb. Axırda xəstə məcbur qalıb gedib özəl klinikada analiz verib. TƏBİB, İTS, qurduğunuz sistem budur, insanların başına oyun açırsız!”, - paylaşımda deyilir. Daha sonra TƏBİB əməkdaşının ona müraciəti əsasında fikirlərinə aydınlıq gətirib və videomüraciətlə məsələni izah edib.   “Xəstə Respublika Endokrinoloji dispanserinə müraciət edib. Orada ona “insulinəbənzər boy faktoru” analizi lazım olub. Ona reaktivin qurtardığını bildiriblər. Xəstəyə 6 nömrəli uşaq xəstəxanasına göndəriş veriblər. Ordan 7 nömrəli uşaq poliklinikasına. Orda da reaktivin bitdiyi deyilib. Xəstə məcbur qalıb özəl klinikada analiz verməyə”, - radioloq danışıb. Həkim belə problemlərin çox olduğunu bildirib: “Niyə reaktiv yoxdur? Həftələrlə reaktivlər yoxdur. Xəstə nə qədər gözləməlidir? Pasiyentin hər ay öz əmək haqqından və işlədiyi müəssisənin büdcəsindən vəsait tutulur bu müayinələr üçün. Niyə təmin etmirsiz? Qurtarıb, təmin edin vaxtlı-vaxtında!”

Bakıda külək əsəcək, rayonlarda yağıntı olacaq - XƏBƏRDARLIQ

Fevralın 5-i gündüzdən 6-sı səhərədək Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 6-sı gündüz isə qısa müddətə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 6-da şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) intensivləşəcəyi ehtimalı var. Fevralın 4-ü gündüz və 5-də əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 6-da isə bəzi yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.