Bankların kredit fırıldağı - Müştərini belə aldadırlar

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və cəlbedici şərtlərlə təklif olunan kreditlərlə bağlı zamanla problemlər meydana çıxır. Əksər hallarda, kredit kartından istifadə etmiş vətəndaş ödəməli olduğu vəsaitin üzərinə faizin gəldiyini görür. Lakin çox vaxt faizlər müqavilədə qeyd olunan tarixdən daha tez tətbiq olunur. Bu isə kredit götürmüş vətəndaş üçün müəyyən problemlər yaradır.  Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, əksər banklar kredit müqaviləsi tərtib edərkən istehlakçıya yetərincə məlumat təqdim etmir:  “Müqavilələrin tərtib edilməsi və vətəndaşların bu barədə məlumatlandırılmasındakı çatışmazlıqlarla bağlı məsələlər daim gündəmə gəlir. Bu məsələləri mütəmadi olaraq biz də gündəmə gətiririk. Əhalinin maliyyə məsələləri ilə əlaqədar məlumatlılıq səviyyəsinin artırılması vacibdir. Tərəflər arasında hər hansı bir razılıq əldə olunursa, bu detallar izah olunmalıdır və daha sonra müştəri üçün hansısa sürpriz olmamalıdır. Müqavilələrin tərtib qaydaları, ifadələrin və şriftlərin seçilməsinə qədər məsələ müzakirə olunur. Eyni zamanda böyük ehtimalla qarşı tərəfin, yəni istehlakçının tələbinin də müəyyən qədər aşağı olmasından qaynaqlanır. Çünki istehlakçılar adətən hər hansı bir vəsaitə ehtiyac olanda və ya kredit götürəndə daha qısa müddətə nəticə əldə etmək üçün şərtləri daha dərindən araşdırmırlar. Düşünürəm ki, istehlakçıdan daha ciddi tələblər gələrsə, bankların da daha məsuliyyətli davranışına və müqavilə şərtlərinin təkmilləşdirilməsinə gətirib çıxarar. Amma bu istiqamətdə hər hansı bir tələbin aşağı olduğunu düşünürəm”.  Ekpsert vətəndaşları müqavilə şərtlərinə daha diqqətlə yanaşmağa çağırıb: “Peşəkar inkişaf strategiyası olan bir bank hansısa fırıldaqçılıq hallarına yol verməməyə çalışmalıdır. Problem ondan ibarətdir ki, banklar şərtləri aydın izah etmirlər. Banklar müxtəlif müqavilə bəndlərinə istənilən şərti əlavə edərək, istənilən zaman bu şərtləri dəyişə bilirlər. Bu hal kredit kartlarında daha geniş yayılıb. Məsələn, hansısa bank istehlakçıya kredit və debet kartlarını təqdim edərkən, əlavə dəyər vergisinin qaytarılmasının 2 qatını təklif edir. Lakin 1-2 ay keçəndən sonra məlum olur ki, bu seçim dayandırılıb. Seçimin dayandırılması ilə bağlı isə vətəndaş məlumatlandırılmır. Vətəndaş hər hansısa müqavilə imzalayarkən təqdim olunan bütün şərtlərlə tanış olmalıdır. Eyni zamanda banklar da müqavilə təklif edərkən, bütün şərtləri izah etməlidirlər”. 

Qəbul imtahanı: Abituriyentlər bu qrupa axın edirlər

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat davam edir.  Sozcu.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, indiyədək 31 mindən çox abituriyent qeydiyyatdan keçib.  Məlumata görə, ən çox qeydiyyat I ixtisas qrupundadır. 10088 nəfər bu qrup üzrə müraciət edib.  II ixtisas qrupu üzrə 9870 nəfər, III qrup üzrə 9318 nəfər, IV qrup üzrə isə 2608 nəfər qeydiyyatdan keçib.  Qeydiyyatdan keçənlərin böyük hissəsini - 28470 nəfəri Azərbaycan bölməsi, qalanını rus bölməsi üzrə müraciət edənlər təşkil edir.  Qeyd edək ki, qeydiyyat 6 may saat 23:59-da başa çatacaq. 

Bakıda bu yol 3 gün bağlı olacaq

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan yanacaq-doldurma məntəqəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar olaraq sabah saat 08:00-dan aprelin 21-i saat 22:00-a qədər avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. "Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik",- deyə məlumatda qeyd edilib.

Hər gün içdiyimiz suyun tərkibində görün nələr var... - Ölüm saçır

“Təəssüf ki, Bakı, Abşeron zonasında əhaliyə verilən içməli suyu “içməli su” adlandırmaq olmaz. Çünki istər bu suyun tərkibində olan ağır metallar, istərsə xlor normadan çoxdur. Eyni zamanda, PH, qələviliyin aşağı olmasına görə, bu suyu içməli su adlandırmaq olmaz. Bu su daha çox texniki suya yaxındır...”  Bu sözləri Yenisabah.az-a Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq  Elçin Bayramlı deyib. Onun sözlərinə görə, hazırda Bakı və Abşeronda təbii su qəbul etmək qeyri-mümkündür: “Müxtəlif ölçmələr apardıqda da bunu aydın şəkildə görmək olur. Üstəlik, keçən il Amerikanın məşhur “Yale” Universitetinin dünyanın 170 ölkəsi arasında apardığı hesabatda Azərbaycan 140-cı yerlərdə qərar tutmuşdu. Bizim ölkə ən çirkli və yarasız suyu olan ölkələrdən sayılır. Belə vəziyyətdə əhalinin təmiz su içmək imkanı demək olar ki, yoxdur. Çünki alternativ variantlar heç də sağlam, təbii su qəbul etməyə imkan vermir. Filterdən keçən su kimyəvi birləşmələri, xloru təmizləyir, bəli, amma faydalı mineralları da sudan götürür. Bu su tamamilə boş, “ölü” su sayılır. Yəni filterlənmiş su da faydalı su deyil.  Digər üsullarla - pambıqdan süzməklə suyun kimyəvi tərkibi heç cür təmizlənə  bilməz, effektsizdir. Qaynadılmış su da “ölü su”  sayılır, onun heç bir müsbət təsiri yoxdur. Mağazalarda satılan qablaşdırılmış sular da filtirlənmiş, “ölü su”dur. Qısası, Bakı, Abşeron zonasında faktiki olaraq təbii içməli su qəbul etmək imkanı yoxdur”.  Ekspert bildirib ki, sudan faydalanmağımız mümkünsüz olsa da, bəzi üsullarla onun zərərlərindən qorunmaq olar: “Əgər çıxış yolunu soruşsanız, heç bir məsləhət verə bilmərəm. Bu məsələdə bizə suyun faydası lazım deyil, çalışıb onun zərərindən qorunmalıyıq. Sular filter aparatından keçiriləndə fayda verməsə də, ən azından zərərsiz olur. Faydalı minerallar itsə də, ən azından bu suda olan təhlükəli maddələr, xlor uzaqlaşdırılır. Təəssüf ki, bu istiqamətdə ciddi bir iş görmürük. Düzdür, son dövrlərdə Oğuz-Qəbələ-Bakı su kəməri çəkilib, bu su digərlərinə nisbətən yaxşıdır, amma nəzərdə tutulan normadan iki dəfə az su götürülür və Bakı əhalisinin üçdə birini təmin edir. Üstəlik bu su əksər hallarda digər sularla qarışdırılır. Beləliklə, o da öz keyfiyyətini itirmiş olur. Sumqayıtda dünya standartlarına uyğun su təmizləyici zavod tikilir, amma bu zavod da Bakı-Abşeron əhalisinin tələbatının maksimum 30 faizini ödəmək iqtidarındadır. Orada təmizlənən su dünya standartlarına cavab verir, amma çox az əhalini təmin edə bilər. Bütün Bakını təmin etmək üçün belə zavodların sayı və gücü artırılmalıdır. Hazırda təəssüf ki, biz bu barədə danışa bilmərik. Saf suyun içilməsi Bakı-Abşeron zonasında faktiki olaraq mümkün deyil”. 

“Göl zəhərli ilanlarla, vəhşi heyvanlarla doludur, təhlükə içərisindəyik”-Aşağı Güzdək sakinlərinin BÖYÜK PROBLEMİ

“Aşağı Güzdək qəsəbəsində Güzdək stansiyasına yaxın ərazidə yaşayırıq. Təxminən 50 metr aralıda. Çirkabdan, kanalizasiya sularından yaranan süni göl xəstəlik mənbəyidir. Yoluxucu xəstəliklərin tüğyan etdiyi bir vaxtda bu göl sakinlər üçün həqiqətən də təhlükə yaradır. Xüsusilə də uşaqlar üçün. Vəhşi heyvanlar gölə yığışır. Mən gölün şəkillərini cəsarət edib yaxından çəkib sizə yollaya bilmədim. Bilirsiniz niyə? Çünki bu çirkabın ətrafı zəhərli ilanlarla doludur. Nəzərə alsaq ki, qarşıdan yay ayı gəlir və ilanlar ərazidə daha da çoxalacaq bu ikiqat təhlükəyə çevrilir. Gölün üfunət qoxan iyini heç demirəm. Sahibsiz itlər də çoxdur. Stansiyanın binası da uçuq vəziyyətdədir. Aidiyyatı qurumlara dəfələrlə müraciət etmişik, amma bir nəticəsi yoxdur. Belə getsə yeni bir xəstəliyin başlanğıcı elə burada qoyulacaq. Bu göl və çirkab, antisantar vəziyyət biləvasitə buna səbəbdir” Bunu Moderator.az-a açıqlamasında Aşağı Güzdək sakini Məhəmməd Yusifli deyib. Mövzu ilə bağlı Abşeron rayonu Aşağı Güzdək Bələdiyyəsinə müraciət etdik. Özünü təqdim etməyən Bələdiyyə işçisi saytımıza bunları bildirdi: “Birincisi sualı niyə telefonla verirsiniz? Bizim burada Bələdiyyə sədrimiz var, yaxınlaşın, sualı yerində ünvanlayın, cavabı da alın. İkincisi də o çirkab sular Binəqədi rayonundan ora axır. Bu problemi həll etməyə yalnız “Azərsu” ASC-nin gücü çatar. Onu bələdiyyə etməyib ki! Bələdiyyənin özünün də neçə hektarlarla torpağı suyun altında qalıb. Kimin xoşu gəlir ki, orada belə göl olsun?! Kənd camaatı da, biz də bu çirkab sulardan əziyyət çəkirik” deyə bildirib. Aşağı Güzdək qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə etdiyimiz müraciətimizə isə “Sədr müavini Ruhiyyə xanım yerində deyil, 15 dəqiqəyə zəng edərsiniz” cavabı verildi. 15 dəqiqə sonra etdiyimiz zəng də cavabsız qaldı. Ümid edirik ki, aidiyyatı qurumlar yay ayı gəlmədən problemin həllinə çalışacaqlar.

Dumanlı hava neçə gün davam edəcək?

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Gecə saatlarında buludluluğun az olması, yerüstü təbəqədə səthin soyuması, gündüz saatlarında havanın temperaturunun yüksək olması (inversiya) dumanın əmələ gəlməsinə səbəb olub. Dumanlı hava şəraitinin aprelin 19-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Şəhid anası vəfat etdi - FOTO

2023-cü il sentyabr ayında Antiterror əməliyyatları zamanı şəhid olan Mais Məhərrəmovun anası Mahirə xanım vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Qeyd edək ki, Mais Məhərrəmov 20 sentyabr 2023-cü ildə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qanun dəyişdi: Azərbaycanda siqaretin qiyməti yenidən qalxacaq

Milli Məclisdə “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik edilib. Qanuna edilən dəyişikliyə əsasən, Azərbaycanda tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sistemi tətbiq edilir. Qanunda tütün məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin aparılması öz əksini tapıb.  Qeyd edilənləri nəzərə alanda, siqaret istehsalı sahəsində fəaliyyət göstərmək istəyən subyektlərin dövlət qeydiyyatına alınması zamanı avadanlıqlara dair 34 milyon manat minimum investisiya məbləğinin müəyyən edilməsinə zərurət vardır. Bəs görəsən bu dəyişiklik tütün məmulatlarının qiymətinə təsir göstərəcəkmi?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu dəyişiklik qiymətlərin bahalaşmasına gətirib çıxacaq:  “Onsuz da tütün və alkoqol məmulatlarını satmaq üçün lisenziya şərti var idi. Bu ona gətirib çıxaracaq ki, xırda ticarət məntəqələrində artıq tütün və spirtli içki məhsulları satıla bilməyəcək. Hazırda məlum olduğu kimi, qəzet köşklərində belə istənilən siqaret satılır. Yəqin ki, onlar yığışdırılacaq. Təkcə böyük ticarət şəbəkələri bu lisenziyanı ala biləcək. Bu da təbii ki, qiymətlərin bahalaşmasına səbəb olacaq. Ancaq bu qiymət artımı ilə həll olunacaq məsələ deyil. Əksinə, elə bir şərait yaranar ki, xarici ölkələrdən gətirilən siqaret və spirtli içkilərin bazarda sayı arta bilər”.  Ekpsertin fikrincə, qanunda edilən dəyişiklik bazarda kustar üsulla hazırlanmış spirtli içkilərin artması ilə nəticələnə bilər:  “Belə dəyişiklər zamanı qonşu ölkələrdəki eyni məhsulla bağlı qiymət göstəriciləri mütləq nəzərə alınır. Qonşu ölkələrdə qiymətlər aşağı olacaqsa, xaricdən ixracın qarşısını almaq mümkün olmayacaq. Alkaqollu içkilərdə isə vəziyyət daha pis ola bilər. Çünki belə olan təqdirdə kustar üsulla hazırlanan içkilərin sayı bazarda arta bilər. Bu isə insan sağlamlığına daha pis təsir edir. Rusiyada bununla bağlı mənfi nümunənin şahidi olmuşuq. Ona görə də bu məsələyə diqqət yetirmək lazımdır. Əks effektlər mütləq nəzərə alınmalıdır”. 

Bu rayonda anadan olan uşaqların yarısı nikahdankənar doğulub – Rəsmi

Azərbaycanda il ərzində doğulan 122 min 846 körpədən 15,3%-i və ya 18 min 814-ü rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib. Sozcu.az açıqlanan sonuncu rəsmi məlumatlara istinadən bildirir ki, rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin 14 min 401-i hər iki valideyinin ərizəsi əsasında, 4 min 413-ü isə tək ananın ərizəsi əsasında qeydə alınıb.  Onu da bildirək ki, rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin sayı son bir ildə 7,1% artıb Rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin 11 min 630-u kənd yerlərində, 7 min 184-ü şəhərlərdə doğulub. Qeyd edək ki, Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı ən çox 2011-ci ildə olub - 30 min 983 nəfər. Məlumat üçün onu da qeyd edək ki, rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin sayı ən çox Cəlilabad rayonunda qeydə alınıb. Bu rayonda il ərzində dünyaya gələn uşaqların 47,9%-i və ya 1 815-i rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib. Cəlilabad rayonun kəndlərində doğulan körpələrin isə yarıdan çoxu – 51,6%-i rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib. Rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilən körpələrin sayı ən az Şahbuz rayonunda qeydə alınıb. Şahbuzda il ərzində dünyaya gələn uşaqların cəmi 1,5%-i və ya 3-ü rəsmi nikahda olmayan qadınlar tərəfindən dünyaya gətirilib.

Ət dükanlarında alıcıları belə aldadırlar - ŞOK OLACAQSINIZ!

“Farşların ətdən ucuz olması barədə Azad İstehlakçılar Birliyinə çoxlu müraciətlər olunur. Bu da təbii haldır. Çünki farşın hazırlanmasında heyvanın beynindən, piyindən, yaxud yeyilməyən nahiyələrindən istifadə olunur. Bəzən də çəkilmiş ətin tərkibinə soya unu qarışdırırlar”.  Bu fikirləri “Yeni Sabah”a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib. O, mağazalarda satılan farşla bağlı bir sıra iddialara aydınlıq gətirib: “Sadalanan səbəblərdən dolayı bu məhsulun qiyməti sümüksüz ətdən daha ucuz başa gəlir. Hətta murdar olan heyvan ətlərinin də farşın hazırlanmasında istifadə olunduğu istisna hal deyil. Bu isə istehlakçılar tərəfindən qətiyyən ayırd edilə bilmir. Bunu ancaq ekspertlərin apardığı araşdırmalar nəticəsində ortaya çıxarmaq mümkündür. Təəssüflər olsun ki, Nazirlər Kabinetinin 94 saylı qərarı həyata keçirilmir. Həmin qərara görə, əmtəə bazarında satılan bütün mallar, o cümlədən, farşlar bükülməlidir, üzərində farşa və onu istehsal edən müəssisəyə aid məlumatlar, həmçinin, istehsal və son istifadə tarixi qeyd edilməlidir. Lakin bunlara əməl edilmir. Ona görə də satışda olan çəkilmiş ətlə bağlı daim şübhələr mövcuddur. Hətta insanlar təmiz ət alıb mağazada çəkdirmək istəyəndə belə satıcılar onları aldadır. Bəzi işpazlar öncədən ətçəkən maşının içinə arzuolunmaz əti daxil edərək, həmin məhsula qatqı olaraq əlavələr edə bilirlər. Belə hallardan sığortalanmaq üçün istehlakçılara tövsiyəmiz odur ki, satıcıdan ətçəkən maşını bir neçə dəqiqə işə salıb təmizləndikdən sonra əti ora daxil etməyi tələb etsinlər. Bütün hallarda isə 1003 qaynar xəttinə zəng edərək Qida Təhlükəsizliyi Agentliyini bu barədə xəbərdar etmək mütləqdir”.  Qida eksperti İsa Əliyev də “Yeni Sabah”a açıqlamasında alıcılara bir sıra vacib tövsiyələr verib:  “Normalda farş da digər ətlər kimi keyfiyyət parametrlərinə uyğun olmalıdır. Bu məhsulun özünə aid sənədi, forma 2 arayışı olması mütləq şərt sayılır. Alıcılar bu sənədi satıcılardan tələb etməlidir. Çünki farş dediyimiz ətə müxtəlif əlavələr qataraq, onun qiymətini ucuzlaşdırırlar. Farş qatılan əlavələrə müxtəlif heyvan piyləri, bir sıra bitkilər, həmçinin, kartof qataraq, onun həcmini artırırlar. Bu təmiz yerdə hazırlanan zaman sağlamlıq üçün təhlükə törətmir. Ancaq birbaşa qida saxtakarlığıdır. Vətəndaşı aldadaraq, haqsız qazanc əldə edilir. Beləliklə, istehlakçı hüquqları pozulmuş olur.  Farşın hazırlanmasında istifadə olunan ətlər bəzən ölü və yararsız heyvanın ətindən olur. Hətta çəkilmiş ətə at əti qatanlar da var. Bu kimi hallar artıq birbaşa insan sağlamlığına təhdiddir. Belə hadisələrlə qarşılaşmamaq üçün istehlakçılara tövsiyə edirik ki, əti aldığı mağazadan, satıcıdan onun sertifikatını tələb etsinlər. Bu onların haqqıdır. Bu sənəddə ətin haradan alındığı, tərkibinə hansı əlavələrin olunduğu haqda məlumatlar öz əksini tapmalıdır. Əgər satıcı satdığı məhsulun sertifikatını təqdim edə bilirsə, ona güvənmək olar. Əks halda etibarlı sayılmır”. 

Abşeron 3, Yardımlıda 5 otaqlı ev yanıb

Abşeron və Yardımlıda ev yanıb. Fövqəladə Hallar Nazirliyindən Sozcu.az-a verilən xəbərə görə, Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 90 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin döşəməsi 15 m² sahədə və tavanının taxta atmaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Bundan başqa Yardımlı rayonunun Vərgədüz kəndində ümumi sahəsi 235 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 35 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Rayonlarda yağıntılı hava nə vaxta kimi davam edəcək?

Aprelin 15-i saat 9:00-a olan məlumata əsasən, aprelin 14-ü günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağıntılı olub. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub, Şahdağda qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 9 sm olub. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 28 mm, Baş Daşağıl (Oğuz), Əlibəydə (Zaqatala) 23 mm, Qəbələdə 8 mm, Balakəndə 7 mm, İsmayıllı, Göyçay, Ağsu, Bərdə, Qrız, Şahbuz, Daşkəsən, Gədəbəy, Şəki, Kürdəmir, Qusar, Yevlax, Quba, Tərtər, Şamaxıda 5 mm-dək olub. Aprelin 14-də şimal-qərb küləyi arabir Naftalanda 18 m/s-dək güclənib. Biləsuvar, Şahdağ, Qrızda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22 dərəcəyədək, Naxçıvan MR-da 20-25 dərəcə, Aran rayonlarında 25 dərəcəyədək, dağlıq rayonlarda 17 dərəcəyədək isti olub. Yağıntılı hava şəraiti aprelin 15-i axşam saatlarından tədricən kəsiləcək. 16-17-də ölkə ərazisində havanın sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləkləri üstünlük təşkil edəcək.