Ermənistan ordusunu ərazimizdən çıxarmalıdır! - XİN

Ermənistan əsassız bəyanatlar vermək əvəzinə sülh sazişi üzrə danışıqlara qayıtmalı, açıq ünsiyyət qurmalı, üçtərəfli bəyanatda yer alan öhdəliklərə əməl etməlidir. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb. O bildirib ki, Ermənistan hərbi qüvvələrini Azərbaycan ərazisindən çıxarmalı və təxribatçı addımlar atmamalıdır.

“Tərtər işi” üzrə ittiham olunan generaldan xəbər var

“Tərtər işi” üzrə ittiham olunan 5 nəfər - general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin sədr əvəzi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda prokuror Vüsal Mehrəliyev ittiham aktını elan edib. İttihamda deyilir ki, hərbçilərə özlərinin, yaxud bir-birinin əleyhinə ifadə vermələri üçün işgəncə verilib, ləyaqətləri alçaldılıb müxtəlif növ işgəncələr tətbiq olunub. İşgəncə nəticəsində bir nəfər - leytenant Adil Sabirli həlak olub. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Hakim deyib ki, ittihamlar sübuta yetirilərsə, onların bəzilərinə 6, bəzilərinə isə 9 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər. Təqsirləndirilən şəxslərin heç biri özünü təqsirli bilməyib. General Bəkir Orucov deyib ki, nə işgəncələrdə iştirak edib, nə də kiməsə göstəriş verib. Proses aprelin 20-də davam etdiriləcək. Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub. Bu iş üzrə ittiham olunan şəxslərdən Ziya Kazımov və Ülvi Rəşidov həbsdə deyil, onlar barəsində istintaq dövründə alternativ qətimkan tədbiri seçilib./APA

“Bizim belə bir anlayışımız var ki, 1991-ci il sərhədlərinə qədər bütün ərazilərimizi azad etmək lazımdır"

Ukrayna Ordusunun planları, xüsusən də əks-hücum planları ilə bağlı hər hansı gümanların heç bir əsası yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Oleksiy Danilov telemarafonun efirində bildirib. Qurum rəsmisi qeyd edib ki, hər şey son anda qərar veriləcək. “Müdafiəçilərimizin cəbhədə hadisələrin inkişafı variantı nə bir, nə iki, nə üç, nə də dörddür, çünki bu, hər gün qiymətləndirilən bir çox amillərdən asılıdır”, - Danilov vurğulayıb. Onun sözlərinə görə, hamı başa düşməlidir ki, Ukrayna rəhbərliyi təkcə əks-hücumdan danışmır. “Bizim belə bir anlayışımız var ki, 1991-ci il sərhədlərinə qədər bütün ərazilərimizi azad etmək lazımdır. Biz bunu etmədikcə, Silahlı Qüvvələrimiz bunu etmədikcə, müharibənin dayandırılmasından söhbət gedə bilməz”, - MTMŞ katibi əlavə edib.

Ermənilər itkin düşən azərbaycanlı əsgərə işgəncə verib, fotosunu yayıblar - FOTO

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən azərbaycanlı əsgəri ermənilər döyüb, igəncə veriblər. Sozcu.az xəbər verir ki, fotonu “Baqramyan26” teleqram kanalı (Ermənistan hökumətinə aiddir) yayıb. Qeyd edək ki, ermənilər həmişə əsir və girov götürdüklərinə işgəncə verib, fiziki təzyiqlərə məruz qoyublar. Xocalı soyqırımını törədənlərdən bundan artığını gözləmək də sadəlövhlük olardı. Azərbaycanlı əsgərə qarşı edilənlər bunun nümunəsidir. Ancaq Azərbaycan ərazisinə oxşar səbəbdən keçən ermənilərlə həmişə xoş rəftar olunub.

37 yaşlı arvadını öldürən ər TUTULDU

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Sozcu.az-a Binəqədi rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, aprelin 13-ü saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.  İlkin araşdırma zamanı  1980-ci il təvəllüdlü İsrafil Yusifovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Aygün Yusifovaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra İsrafil Yusifov könüllü olaraq istintaqa təslim olub. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.

Azərbaycan Ordusunun itkin düşən ikinci əsgəri Ermənistanda tapıldı

Azərbaycan Ordusunun itkin düşən ikinci əsgəri Ermənistanda tapılıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. “Aprelin 13-də Ermənistan ərazisində ikinci Azərbaycan hərbçisi aşkar edilərək saxlanılıb”, - deyə hərbi qurumdan bildirilib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov itkin düşmüşdülər. Onlardan biri aprelin 11-də erməni polisi tərəfindən saxlanılmışdı.

Xüsusi əməliyyat: Yəməni ələ keçirildi

ABŞ silahlı qüvvələrinin Suriyanın şərqində İŞİD terrorçularına qarşı əməliyyatı nəticəsində İŞİD-in rəhbər şəxslərindən hesab edilən Xuzeyfə Yəməni və onun iki müavini ələ keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında deyilir. Yəməninin bir sıra hücumların hazırlanmasında iştirak etdiyi bildirilir.

Bu ölkə Putini həbs etməyə hazır olduğunu açıqladı

Vyana Beynəlxalq Cinayət Məhkəməsinin qərarını icra etməyə və Rusiya lideri Vladimir Putin Avstriyaya səfər edəcəyi halda onu həbs etməyə hazırdır. Sozcu.az xəbər verir ki, bunu Avstriyanın Avropa Birliyi və Konstitusiya üzrə naziri Karolina Edtstadler BCM-in Putin haqda orderini şərh edərkən deyib. “Avstriya beynəlxalq və cinayət hüququ üzrə öhdəliklərinə əməl edəcək. Mən bir vaxtlar cinayət işləri üzrə hakim olmuşam və BCM tərəfindən bu beynəlxalq orderin verilməsi o deməkdir ki, o (Vladimir Putin) Avstriya torpağına qədəm qoyarsa, həbs olunmalıdır”, - o bildirib. Qeyd edək ki, 17 mart 2023-cü ildə Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin və Rusiya Prezidenti yanında uşaq hüquqları üzrə səlahiyyətli şəxs Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

Laçında çoban minaya düşdü

Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb. Bu barədə Sozcu.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. Araşdırma aparılır.

Erməni təxribatı: 4 hərbçimiz yaralandı

Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısı qətiyyətlə alınıb, atəş nöqtələri susdurulub və qarşı tərəf xeyli sayda itki verib. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən yaralanmış dörd hərbi qulluqçumuzdan ikisi əraziyə yaxın yerləşən hərbi tibb müəssisəsindən sanitar aviasiya vasitəsilə peşəkar həkimlərimizin ciddi nəzarəti altında ixtisaslaşdırılmış hərbi tibb müəssisəsinə təxliyə olunur.

Düşmənin atəş mövqeləri susduruldu - MN

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Bildirilib ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib. Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib. Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Ordumuzun ilk zərbəsi: ermənilər qaçır – Təcili

Ordumuzun Dığ kəndi istiqamətində təxribat törədən erməni hərbi birləşmələrinə qarşı ardıcıl zərbələrindən sonra ermənilər geri çəkilib. Sozcu.az xəbər verir ki, bu barədə “Calibr” öz mənbələrinə istinadla məlumat yayıb. Bildirilir ki, erməni hərbçilər postları qoyaraq qaçıblar. Hazırda Ordumuzun cavab tədbirləri davam edir.