Ərdoğanla Zelenskinin harada görüşəcəyi məlum oldu

Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğanla Volodimir Zelenski arasında danışıqlar İstanbulda, məşhur Dolmabağça sarayında aparılacaq. İkitərəfli görüşdən sonra birgə mətbuat konfransı planlaşdırılır. Qeyd olunub ki, görüşdə Ukrayna ilə Rusiya arasında davam edən müharibə, taxıl dəhlizi sazişinin müddətinin uzadılması, bölgədə davamlı sülhə səbəb ola biləcək qərarlar ətrafında fikir mübadiləsi aparılacaq.

Qriqoryan Putinə söz atdı: Hamı ilə pisdir!

Qərbdən heç bir məcburiyyət yoxdur, Ermənistandan heç kim Rusiya ilə münasibətləri korlamayıb. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mediaya açıqlamasında deyib. “Bizi tez-tez Ermənistanla Rusiya arasında münasibətlərin pisləşməsinə səbəb olmaqda ittiham edirlər. Bəs gəlin vəziyyətə daha geniş baxaq və anlamağa çalışaq ki, Rusiya başqa ölkələrlə münasibətlərini korlamayıbmı? Baxsaq, görərik ki, Ermənistan kimi nümunələr çoxdur. Rusiya təkcə bizimlə pis davranmır. Əgər bir adamın çoxları ilə pis münasibəti varsa, bu, çoxluğun deyil, həmin adamın problemidir. Biz görürük ki, Rusiyanın hamı ilə münasibətləri heç də hamar deyil”, - o bildirib. Ermənistanın Qərbə doğru hərəkət etməkdə ittiham olunmasına toxunan Qriqoryan vurğulayıb: “Hazırda Qərb üçün katalizator Ukraynadakı müharibədir. Bu müharibə nəticəsində NATO bloku genişləndi. AB Ukraynadakı müharibədən sonra birləşdi, ABŞ-ın hərbi sənayesi də bu müharibə sayəsində çox intensiv inkişaf edir. NATO ən güclü strukturdur. İndi özümüzə sual verə bilərik: biz Qərbi daha da gücləndiririk, yoxsa bu müharibəni aparmaq qərarına gələn insanlar? Bu kontekstdə biz qərbyönlüləri Ermənistandan kənarda (Rusiyanı nəzərdə tutur – red.) axtarmalıyıq”.

Qriqoryan: Ermənistan və Azərbaycan XİN başçıları danışıqların davam etdirilməsi ilə bağlı razılığa gəliblər

 Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Berlində keçirilən görüşündə danışıqların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib. O qeyd edib ki, hazırda yalnız ilkin nəticələr var və tezliklə sülh sazişinin imzalanması məqsədi ilə onların daha da uyğunlaşdırılması istiqamətində iş aparılır.

Sülh bağlansa, Ermənistandakı missiyanı geri çağıracağıq

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzərində iş bu il başa çatdırıla bilər. Sozcu.az xəbər verir ki, bunu AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib. “Uzun illər bu proses üzərində işləyən biri kimi əminəm ki, bu il buna nail olmaq olar. Uzunmüddətli sülhün bərqərar olması üçün bütün tərəflər üçün ədalətli bir razılaşma əldə etmək lazımdır”, - o bildirib. Klaar qeyd edib ki, Bakı və İrəvan kontekstində artıq bağlanmış sazişlərə, o cümlədən 1991-ci ildə Almatı bəyannaməsi imzalanan zaman Azərbaycan və Ermənistan SSR arasında demarkasiya xətləri əsasında sərhədlərin delimitasiyasına arxalanmaq lazımdır: “Sazişdə insanların və malların, o cümlədən Ermənistanın cənubundan Azərbaycanın əsas hissəsindən Naxçıvana keçməsi üçün sərhədin açılması nəzərdə tutulmalıdır. AB sərhədləri açmaq və Ermənistanla nəqliyyat əlaqələrini bərpa etməklə sülhə töhfə vermək üçün müstəsna imkana malik Türkiyənin roluna böyük əhəmiyyət verir. Sülh yolu ilə nizamlanma təkcə birbaşa iştirak edən ölkələrə deyil, həm də AB ölkələrinə fayda gətirəcək, Avropa, Mərkəzi Asiya və Çin arasında nəqliyyat dəhlizinin etibarlılığını təmin edəcək. Belə bir addım AB-yə Avropanı Mərkəzi Asiya və Çinlə birləşdirən nəqliyyat dəhlizinin fasiləsiz fəaliyyət göstərəcəyinə inam yaradacaq. Bu halda AB, həmçinin Birliyin regionda iştirakını göstərmək üçün Ermənistandan yerləşdirilən mülki müşahidəçi missiyasını da geri qaytara biləcək”.

Bakı gözləyir ki, İrəvan bu iddialara aydınlıq gətirsin

Azərbaycan Ermənistandan hələ də “miatsum” elementini özündə əks etdirən hüquqi və konstitusiya sənədlərinə, eləcə də digər ərazi iddialarına dair aydınlıq gətirməsini gözləyir. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalyada keçirilən III Diplomatiya Forumu çərçivəsində “Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda panel müzakirəsində deyib.

İcra başçısının birinci müavini işdən çıxarıldı

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun birinci müavini Möhübbət Babayev vəzifədən azad olunub. Sozcu.az cənublu.az-a istinadən xəbər verir ki, Möhübbət Babayev yaşa görə təqaüdə göndərilib. Hazırda Lənkəran ŞİH başçısının birinci müavini ilə yanaşı başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsi də boşdur. Qeyd edək ki, M.Babayev 2017-ci ildə icra başçısının birinci müavini təyin edilmişdi.

5 aya yaxın sürən sabitliyin pozulması... - Bayramov

5 aya yaxın sürən sabitliyin Ermənistan tərəfindən pozulması sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır. Sozcu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla görüşündə deyib. Nazir ölkəmizin normallaşma və sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu bildirib. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb.

Berlində üçtərəfli görüş başladı - Foto

Almaniyanın xarici işlər naziri Annalena Berbokun Berlində erməni və azərbaycanlı həmkarları Ararat Mirzoyan və Ceyhun Bayramovla görüşü başlayıb. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan X hesabında bildirb.

Rəsmi Bakıdan Ermənistan XİN-in iddialarına cavab

Ermənistan Xarici İşlər Nazirliyinin Sumqayıt hadisələri ilə bağlı bəyanatında Azərbaycana qarşı irəli sürdüyü iddialar tamamilə əsassız olmaqla yanaşı, tarixi faktların təhrif edilməsi və saxtalaşdırılmasıdır. Sozcu.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı bəyanatına dair şərhində əksini tapıb. O vurğulayıb ki, bu bəyanat, 1980-ci illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata keçirmək məqsədilə zorakılıq əməllərini, Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin kütləvi qovulmasını, Azərbaycan xalqına qarşı terroru, etnik zəmində təxribatları və hərbi gücdən istifadəni ört-basdır etmək cəhdidir: “Ermənistan XİN-ə xatırladırıq ki, Sumqayıtda etnik zəmində törədilən iğtişaş SSRİ və Ermənistan rəhbərliyinin, erməni şovinist ideoloqların və ekstremist təşkilatların öncədən düşünülmüş və planlaşdırılmış məqsədyönlü təxribatlarının tərkib hissəsi idi. Həmçinin qeyd edək ki, SSRİ Baş Prokurorluğu tərəfindən baş vermiş hadisə ilə bağlı cinayət işi açıldığı, nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, həmçinin ümumi sayı 32 nəfərdən ibarət qurbanların müəyyən edildiyi hər kəsə məlumdur. Hadisənin qurbanları arasında 6 nəfər azərbaycanlının olması bu iğtişaşların azərbaycanlı əhali tərəfindən həyata keçirilmədiyini sübut edir. Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, hadisələrin səbəbkarı, yürüşə başçılıq edən, şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən şəxs milliyyətcə erməni olan Eduard Qriqoryan olub və onun barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplanıb. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb və daha sonradan azadlığa buraxılıb. 27-29 fevral 1988-ci il tarixli Sumqayıt hadisələri ilə əlaqədar məhkəmə prosesinin nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs cəzası verilib, həmçinin bir nəfər ölüm cəzası alıb. Müqayisə üçün onu da qeyd etmək istərdik ki, 1980-ci illərin sonlarında Ermənistan SSRİ-də azərbaycanlıların tarix boyu sıx yaşadıqları rayonlardan 300 minə yaxın əhalinin zorla qovulması zamanı 200-dən çox azərbaycanlının ölümündə təqsirli olanlar barəsində heç bir tədbir görülməyib. Bununla yanaşı, Azərbaycan ərazilərinə qarşı hərbi təcavüz zamanı Ermənistanın Xocalı daxil olmaqla bir çox şəhər və kəndlərdə törətdiyi çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətləri törədənlərdən heç kimin bu günədək hüquqi məsuliyyətə cəlb olunmadığı Ermənistan XİN-ə məlumdur. Ermənistan XİN-ə xatırladırıq ki, Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir hissəsində Ermənistanın onilliklər boyu davam edən hərbi işğalına son qoyub, ərazi bütövlüyü və suverenliyini təmin edib. Ermənistan tərəfinin guya ermənilərə qarşı “etnik təmizləmə” siyasəti həyata keçirildiyi, tarixi və dini abidələrin hədəf alındığı barədə iddialar səsləndirmək əvəzinə, nəinki indiki Ermənistan ərazisində, eləcə də işğal dövründə azərbaycanlılar və Azərbaycan irsinə qarşı törətdiyi cinayət əməllərinə nəzər yetirməsi daha faydalı olardı”.

Prezident yeni nazir təyin etdi - Sərəncam

Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xocalı soyqırımını inkar etmək vicdansızlıqdır

Biz bu həqiqəti (Xocalı soyqırımı ilə bağlı – red.) dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik. Sozcu.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib. “Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır”, - deyən dövlətimizin başçısı Ermənistan dövlətinin, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələrin bu hadisənin ört-basdır edilməsi üçün əllərindən gələni etdiklərini diqqətə çatdırıb.

Bayramov açıqladı: Yaxın günlərdə görüş olacaq!

Yaxın günlərdə Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.