“Bu gün dövlətçilik qurmaq bizim mütləq prioritetimizdir”. Sozcu.az xəbər verir ki, bunu aprelin 17-də Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bildirib. "Təxminən 30 ildir ki, biz ilk növbədə Qarabağ probleminin həllinə, Qarabağ hərəkatına və bunun üçün hər şeyi qurban vermək məntiqinə sadiq olan bir dövlət modeli qururuq, bunu tənqid kimi deyil, reallıq kimi deyirəm, çünki hamımız, ən azı, çoxumuz bu modelə razıyıq. Mən Ermənistan Respublikasının Baş naziri kimi tədricən, addım-addım, əvvəlcə qeyri-müəyyən, sonra konkret olaraq başa düşdüm ki, əgər bizim üçün müstəqillik və dövlətçilik təsəvvür etdiyimiz Qarabağ probleminin həlli vasitəsidirsə, bir sıra xarici aktorlar üçün Qarabağ məsələsi dövlətimizin müstəqilliyi və inkişafının qarşısının alınması, dövlətçiliyimizə son qoyulması vasitəsidir”, - Paşinyan bildirib. Baş nazir bu hədəfin həyata keçirilməsinin 2020-ci ilin sentyabrında yekun mərhələsinə qədəm qoyduğunu, 2021-ci ilin mayında isə pik həddinə çatdığını, bu son məqsədin Ermənistanda da tərəfdarlarının olduğunu, müstəqillik və dövlətçilik deyil, Qarabağ məsələsinin vacib olduğuna inandıqlarını vurğulayıb. Paşinyan deyib ki, “Daşnaksütyun”un funksionerlərinin, Ermənistanın keçmiş rəhbərlərinin bu çərçivəyə, bu məntiqə uyğun olduğunu vurğulayıb: “Bu gün bu epoxal ideoloji toqquşmanın ikinci aktı baş verir. Hakim çoxluq və şəxsən mən bəyan edirik ki, Qarabağ hərəkatını davam etdirmək cəhdi dağıdıcıdır, çünki bu, Ermənistanın dövlətçiliyinin, müstəqilliyinin və suverenliyinin qarşısının alınması üçün alət olub və olacaq. Təəssüf ki, biz bunu çox gec başa düşdük. Müxalifət isə mahiyyət etibarı ilə deyir ki, Ermənistan dövlətçiliyinin bir məqsədi və mənası var – Qarabağ hərəkatı, Qarabağ məsələsi. Müxalifət deyir ki, Qarabağ hərəkatı onun hansı nəticələrindən asılı olmayaraq davam etməlidir”. Paşinyanın sözlərinə görə, 2018-ci ilin “məxməri inqilabı” nəticəsində Ermənistanda hakimiyyətə gələn siyasi komanda amansız sınaqlar və zərbələr altında intuisiya və cəsarət nümayiş etdirərək, Qarabağ hərəkatının çoxdan sona çatdığı faktına doğru addım-addım və hissə-hissə irəliləyib.
Ermənistanla Azərbaycan arasında yeni eskalasiya və hətta yeni müharibəni proqnozlaşdıran bütün söhbətlərə cavab vermək istəyirəm. Müharibə üçün heç bir əsas yoxdur. Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını, güc tətbiqinin yolverilməzliyini tanıyıb. Sozcu.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib. “Ermənistan və Azərbaycan xalqları sülhə və dinc yanaşı yaşamağa layiqdirlər. Müharibə olmayacaq, sülh olacaq”, - o bildirib.
Respublikaçı senatorlar arasında ABŞ prezidenti Donald Trampın səlahiyyətlərinin məhdudlaşdırılmasının zəruriliyindən danışan səslər peyda olmağa başlayıb. Sozcu.az "TSN"-ə istinadla xəbər verir ki, bunu "Ekspresso" kanalının efirində ABŞ dövlət katibinin keçmiş müşaviri, ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa və Avrasiya məsələləri üzrə keçmiş direktoru, eyni zamanda ABŞ-ın Azərbaycanadakı sabiq səfiri Metyu Brayza deyib. Onun sözlərinə görə, artıq respublikaçılar arasında belə söhbətlər gedir, lakin hələlik bu, gerçəkdən Trampın səlahiyyətlərini məhdudlaşdırmaq üçün kifayət deyil. Hətta bəzi respublikaçı senatorların Trampın səlahiyyətlərinin məhdudlaşdırılmalı olduğunu və bu səlahiyyətlərin ABŞ Konqresinə qaytarılmasına ehtiyac olduğunu dediklərini eşitməyə başlayırıq.Lakin biz hələ də bu az sayda senatorun onun səlahiyyətlərini gerçəkdən məhdudlaşdıra bilməsindən çox uzağıq. Düşünürəm ki, ABŞ iqtisadiyyatının həqiqətən də böyük ziyana uğradığı aydınlaşdıqda, Trampın tarif siyasətinin və qlobal ticarət müharibəsinin çılğınlığından geri çəkiləcəyini görəcəyik və biz bunu artıq ABŞ fond bazarlarında azalma ilə müşahidə edirik. Və düşünürəm ki, biz getdikcə daha çox Amerika şirkətlərinin investisiya qərarlarını və inkişaf planlarını təxirə salacaqlarını söyləyəcəklərini görəcəyik ki, bu da iqtisadiyyatda ləngiməyə gətirib çıxaracaq,” - Brayza izah edib. Onun sözlərinə görə, ticarət müharibəsinin nəticələri aydınlaşdıqdan sonra Ağ Ev öz siyasətini dəyişəcək. Amma hətta siyasət dəyişikliyi də Donald Tramp administrasiyasının siyasəti nəticəsində yaranacaq böyük itkilərin qarşısını ala bilməz. "Bu, staqflyasiyaya gətirib çıxaracaq - 1970-ci illərdə ABŞ-da olduğu kimi, aşağı artımla yüksək inflyasiya. Yaponiya bunu 1990-cı illərdə yaşadı. Görünür, ABŞ iqtisadiyyatı da eyni istiqamətdə gedir. Və biz bu iqtisadi fəlakətə düşdükdən sonra düşünürəm ki, Trampın ticarət müharibəsindən geri çəkilməkdən başqa çarəsi qalmayacaq. Lakin bu, böyük iqtisadi zərər və ABŞ-ın hüquq sistemini sarsıtmaq üçün potensial cəhdlər bahasına olacaq”, - o, əlavə edib. Brayza əmindir ki, Donald Tramp hələ də ABŞ qanunverici sistemini pozmağa çalışacaq. “Nəhayət, Tramp artıq ona qarşı çıxan aparıcı Amerika hüquq firmalarına təzyiq göstərməyə başlayıb və bu çox təhlükəlidir. Hər bir ölkədə olduğu kimi ABŞ-da da qanun müqəddəs olmalıdır. ABŞ-da hamı, hətta prezident də qanunlara tabe olmalıdır. Amma Tramp bu ənənəni aradan qaldırmağa çalışacaq”, - deyə keçmiş səfir yekunlaşdırıb.
Sosial şəbəkələrdə uşaq yaradıcılıq mərkəzlərində çalışan müəllimlərin də sertifikasiya prosesə cəlb ediləcəyi ilə bağlı iddialar yayılıb. Mövzu ilə bağlı Modern.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev bildirib ki, bu məsələyə birtərəfli baxılmamalıdır: “Uşaq yaradıcılıq mərkəzlərinin hamısı vaxtilə təhsil müəssisələri idi. İdman məktəbləri, şahmat məktəbləri, yaradıcılıq mərkəzləri fəaliyyət göstərir. Orta məktəbdə rastlaşdığımız neqativ hallar həmin mərkəzlərdə də var. Orada da bəzi əməkdaşlar vaxtilə hansısa yollarla işə düzəliblər. Onların inkişafı, yoxlanılması ilə bağlı heç bir fəaliyyət həyata keçirilməyib. Elm və Təhsil Nazirliyinin səlahiyyəti var ki, öz əməkdaşlarını yoxlasın. Çünki həmin şəxslərin əmək haqqı dövlətin büdcəsindən ödənilir. Həmin şəxslər tutduqları vəzifəyə uyğun deyillərsə, dövlət büdcəsini talamış sayılırlar. Biz məsələyə bu cür baxmalıyıq. Əgər bir nəfərin yerinə 5 nəfər uyğun olmayan şəxs işləyirsə, onları azad edək, həmin uyğun olan bir nəfərə də yüksək əmək haqqı verək. Bu məsələ digər məktəblərin sertifikatlaşdırılmasının yanında kölgədə qalır. Bu proses artıq gecikir. “Bu yaxınlarda Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəblərdə imtahanlar keçirildi. Gördünüzmü necə biabırçılıq ortaya çıxdı. Həmin insanlar da vaxtilə hansısa yollarlasa bu müəssisələrə doluşublar. Həmin şəxslər dövlət büdcəsini dağıtmaqla məşğuldurlar. Ona görə də, bu sahədə də sertifikatlaşdırma prosesinin zamanıdır. Gələcək bizdən tələb edir ki, büdcəmizi daha səmərəli və effektiv istidadə edək. Ona görə də cəmiyyət olaraq bu məsələlərin qarşısında durmamalı, dəstəkləməliyik”, - R.Dünyamalıyev qeyd edib.
ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, terrorla mübarizə bəhanəsi ilə dörd fiziki şəxs, üç şirkət və bir yük gəmisi sanksiya siyahısına daxil edilib.
Yaxın günlərdə Fransa və Böyük Britaniya Ukraynaya birgə hərbi nümayəndə heyəti göndərəcək. Sozcu.az verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron məlumat verib. Makron qeyd edib ki, Fransa və Böyük Britaniya Ukrayna Silahlı Qüvvələri ilə işləmək üçün Ukraynaya hərbi heyət göndərəcək.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bir müddət öncə bildirib ki, heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı. O, dana və quzuların erkən yaşda kəsilməsinin əleyhinə olduğunu qeyd edib. Deputatın təklifi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Modern.az-a bildirib ki, dünya praktikasında qeyri-peşəkarlar aqrar sahə ilə bağlı təkliflər vermir, qanunda dəyişikliklə bağlı çıxışlar etməkdən çəkinirlər: “Sahəni dərindən bilmədən sahə ilə bağlı nəsə danışmaq yersizdir. Bütün ölkələrdə qədim zamanlardan heyvanların kəsim zamanını sahibkarlar müəyyən edir. Heyvanın kəsim zamanı heç bir ölkədə dövlət qanunu ilə tənzimlənmir. Bunu kim uydurdu, kim dildən-dilə gəzdirdi bilinmir. Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədovun da çıxışı olmuşdu. İndi də Aqrar siyasət komitəsinin sədrinin belə bir çıxış etməsi yalnızca qeyri-peşakarlıqdan irəli gəlir. Çünki heyvanlar ilk aylarda daha sürətlə inkişaf edirlər. Məsələn, quzular 6 ay müddətinə, eləcə də buzovlar 6-7 müddətinə sürətə inkişaf edirlər. Sonrakı etapda isə gündəlik yem tələbatı artır. Elə bil ki, bütün canlılar ilk etapda sürətlə inkişaf edir. Sonrakı etapda isə təbii inkişaf dayanır və ancaq qidalanma hesabına inkişaf mümkün olur”. V.Məhərrəmli bildirib ki, Azərbaycanda ot və yem çatışmazlığı var: “Biz tələbatımızdan 2.5 dəfə az ot, 15 dəfə az qüvvəli yem istehsal edirik. Belə bir halda heyvanları uzun müddətə saxlamaq mümkün olmayacaq. Olsa da, baş sayı azalacaq. Ölkəmizdə 1.8 milyon xırdabuynuzlu, 350 min iribuynuzlu heyvan sayı azalıb. Bunun səbəbi kifayət qədər yem olmamasıdır. Əgər yem olarsa, niyə sahibkarlarımız daha az heyvan saxlasınlar?! Azərbaycanda ətin qiyməti regionda ən yüksək dərəcədədir. Ət istehsal edib satmaq sahibkarlarımıza sərf etdiyi halda bunu etmirlər, çünki örüş əraziləri tükənib, məhsuldarlıq aşağı düşüb”. Müsahibimiz qeyd edib ki, kənd təsərrüfatı naziri və Aqrar siyasət komitəsinin üzvləri nə etdiyini bilmirlər: “Yaxşı olar ki, onlar nəsə deməzdən əvvəl mütəxəssislərlə məsləhətləşsinlər. Əgər imkan yaradılarsa, Aqrar siyasət komitəsinin üzvlərindən özünü ən hazırlıqlı hesab edənlərlə bu məsələni müzakirə etməyə hazıram. Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi bu sahədə çalışan sahibkarlara ciddi problem yarada bilər. Məmurlar elə deməklə deyil, mən bilirəm ki, onların əksəriyyəti 4-5 aylıq quzu əti ilə qidalanırlar. Bu əgər qanun şəklində həyata keçirilərsə, fermerlərlə yanaşı, istehlakda da ciddi problemlər yaradacaq. Elə adamlar var ki, onlar quzu əti yeyə bilir, amma toğlu ətini yeyə bilmir. Yaxşı olar ki, hər kəs öz bildiyi sahə üzrə danışsın. Bu sahə olduqca mürəkkəbdir, onsuz da bərbad vəziyyət yaradıblar, daha da pis günə qoya bilərlər”.
Məlum olduğu kimi növbəti illərdə rus bölməsi üçün Azərbaycan dili imtahanının da rəqəmsal formada keçirilməsi nəzərdə tutulur. Bu barədə ötən gün Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, bu imtahanlar hələlik kağız variantda keçirilir, yaxın gələcəkdə onlayn formata keçiriləcək. Bəs təhsil ekspertləri elektron imtahanlara keçidi necə dəyərləndirir? Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında deyib: “Dövlət İmtahan Mərkəzinin direktoru Məleykə Xanım Abbaszadə deyir ki, elektron imtahanlara keçəcək? Nə ilə? Necə? Dövlət İmtahan Mərkəzinin (DİM) tam rəqəmsal imtahan sisteminə keçid planı prinsipcə müasir texnologiyaların təhsilə inteqrasiyasını ifadə etsə də, Azərbaycanın mövcud təhsil infrastrukturu, müəllim hazırlığı və şagirdlərin bərabər imkanlara malik olmaması kimi əsas problemlər fonunda bu ideyanın reallaşdırılması ciddi suallar doğurur. Dünyada elektron imtahan sisteminə keçid müəyyən mərhələlərdə və geniş hazırlıq prosesi ilə həyata keçirilmişdir. Lakin Azərbaycanın mövcud reallığı göstərir ki, bu proses ölkənin bütün məktəbləri üçün eyni səviyyədə həyata keçirilə bilməz və məhz bu səbəbdən, mövcud problemlərin nəzərə alınmadan rəqəmsallaşmanın sürətləndirilməsi təhsil sistemində bərabərsizliyi daha da dərinləşdirə bilər. Birinci problem, infrastruktur məsələsidir. Azərbaycanın şəhər məktəblərinin bir çoxunda kompüter sinifləri və internet təminatı mövcud olsa da, rayon və kənd məktəblərinin əksəriyyətində bu imkanlar çox məhduddur. İnternetin keyfiyyəti, fasiləsiz elektrik enerjisi, müasir kompüter avadanlıqlarının mövcudluğu olmadan tam rəqəmsal imtahan modelinə keçid qeyri-realdır. Elektron imtahan sistemlərinin uğurla tətbiq edildiyi ölkələrdə, məsələn, Estoniya, Finlandiya və Sinqapurda bu keçid təhsil infrastrukturunun əvvəlcədən tam formalaşdırılması və şagirdlərin illərlə bu sistemə hazırlanması ilə həyata keçirilmişdir. Estoniyada rəqəmsal təhsilə keçid 2000-ci illərin əvvəllərindən başlayıb və ölkədə hər bir məktəb sürətli internet, müasir kompüterlər və müəllimlər üçün geniş təlim proqramları ilə təmin edilib. Azərbaycanda isə hələ də yüzlərlə məktəbdə internet problemi qalır, bəzi məktəblərdə isə kompüterlərin sayı məhduddur və onların texniki vəziyyəti zəifdir. İkinci problem müəllimlərin hazır olmamasıdır. Elektron imtahan sistemi yalnız şagirdlərin kompüter bacarıqlarına deyil, eyni zamanda müəllimlərin bu prosesə uyğunlaşmasına əsaslanır. Azərbaycanda müəllimlərin böyük bir qismi hələ də kağız üzərində aparılan imtahan sisteminə öyrəşib və texnoloji yeniliklərə tam uyğunlaşmayıb. Sinqapurda elektron imtahanlara keçid etməzdən əvvəl bütün müəllimlər üçün uzunmüddətli təlimlər təşkil edilib və onların yeni texnologiyalardan istifadə bacarığı artırılıb. Azərbaycanda isə hələ də müəllimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi üçün sistemli proqramlar yoxdur. Müəllimlər texnologiyadan istifadə etməkdə çətinlik çəkəcəkləri halda, bu, imtahanların keyfiyyətinə və şagirdlərin qiymətləndirilməsinə birbaşa təsir edəcək. Üçüncü və ən mühüm problem isə şagirdlərin bərabərsizliyidir. Bakı və digər iri şəhərlərdə yaşayan şagirdlər internet və kompüterə çıxış baxımından üstün vəziyyətdədirlər. Lakin rayon və kənd məktəblərində təhsil alan şagirdlər bəzən hətta smartfondan istifadə etmə imkanına belə malik olmurlar. Dünyada elektron imtahan sistemləri tətbiq edilərkən, məsələn, Cənubi Koreyada bu bərabərsizliklər aradan qaldırılmışdır. Orada imtahana qədər bütün şagirdlərə vahid resurslara çıxış imkanı yaradılmış, kompüter bacarıqları xüsusi proqramlarla öyrədilmişdir. Azərbaycanda isə bu proseslər təşkil olunmadan elektron imtahan sisteminə keçid, kənd məktəblərində oxuyan şagirdlərin şəhər məktəblərində oxuyanlarla müqayisədə daha əlverişsiz mövqedə olmasına səbəb olacaq. Bundan əlavə, tam elektron imtahan sisteminin təhlükəsizlik məsələləri də ciddi suallar doğurur. Dünyanın bir çox ölkəsində elektron qiymətləndirmə zamanı informasiya təhlükəsizliyi məsələləri ön plana çıxarılıb. Məsələn, ABŞ və Böyük Britaniyada onlayn imtahan sistemləri tətbiq olunarkən, imtahan suallarının oğurlanması, imtahan zamanı kopyalama hallarının qarşısının alınması üçün xüsusi proqram təminatları hazırlanıb. Azərbaycanda isə DİM-in hazırkı sisteminin belə sızmalarla bağlı problemlərlə qarşılaşdığı məlumdur. Elektron imtahan sistemində məlumat sızmaları, sistemin kənardan müdaxilə ilə manipulyasiya edilməsi riski yüksəkdir”. Kamran Əsədov deyir ki, qeyd olunan səbəbləri nəzərə alaraq, Azərbaycanın elektron imtahan sisteminə keçidi yalnız müəyyən addımlarla və mərhələli şəkildə həyata keçirilməlidir: “İlk növbədə, ölkədə məktəblərin texniki vəziyyəti tam qiymətləndirilməli, rayon və kənd məktəblərinin texnologiya təminatı gücləndirilməlidir. Bundan sonra, müəllimlər üçün genişmiqyaslı təlim proqramları təşkil edilməli və şagirdlərin elektron imtahanlara tədricən hazırlanması üçün xüsusi platformalar yaradılmalıdır. Eyni zamanda, təhlükəsizlik və ədalətlilik prinsipləri təmin olunmadan tam rəqəmsal imtahan sisteminə keçid mümkün deyil. Dünyada elektron imtahan sistemlərinə keçid uğurla həyata keçirilən ölkələrin təcrübəsi göstərir ki, bu proses uzunmüddətli hazırlıq tələb edir və yalnız texniki, pedaqoji və sosial hazırlıq başa çatdıqdan sonra effektiv şəkildə tətbiq edilə bilər. Əgər Azərbaycan hökuməti və DİM bu keçidi reallıqları nəzərə almadan sürətləndirsə, nəticədə sistemin uğursuzluğu və şagirdlərin haqsız qiymətləndirilməsi kimi problemlər qaçılmaz olacaq. Bu səbəbdən, elektron qiymətləndirməyə keçid yalnız bütün texniki və sosial infrastruktur tam hazır olduqdan sonra reallaşdırılmalıdır”.
Ölkənin tanınmış jurnalisti Azər Rəşidoğlunun səhhətində yaranmış ciddi onkoloji problemlə bağlı olaraq, ölkənin bir sıra jurnalistləri, media rəhbərləri, QHT təmsilçiləri Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ediblər. Sozcu.az müraciətin mətnini təqdim edir: Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun sədri Mehriban xanım Əliyevaya Müraciət Hörmətli cənab Prezident, Hörmətli Mehriban xanım, Bu müraciəti yazmaqda məqsədimiz tanınmış jurnalist Azər Rəşidoğlunun (Qurbanəliyev) səhhətində yaranmış ağır onkoloji xəstəlikdən müalicəsi üçün Sizdən kömək istəməkdir. Azər Rəşidoğlu (Qurbanəliyev) ötən ilin sentyabr ayında Milli Onkologiya Mərkəzində xərçəng diaqnozu ilə cərrahiyyə əməliyyatı olunub. Lakin təəssüf ki, əməliyyatdan sonra onun vəziyyəti yaxşılaşmayıb, bu xəstəlik kritik mərhələyə keçib. Qeyd edək ki, sonuncu Pozitron Emissiya Tomoqrafiyası (PET) və kompüter tomoqrafiya müayinəsi (KT) başqa orqanlarda da şişlərin yarandığını göstərir. Ən qısa zamanda xəstəliyin qarşısı alınmazsa, başqa orqanlar sıradan çıxa bilər. Növbəti əməliyyata və əlavə müalicələrə ehtiyac yaranıb. Həkimlərin ilkin rəyinə görə, bu tip onkoloji xəstəliklərinin müayinə və müalicəsi xarici ölkələrdə daha yüksək standartlara uyğun həyata keçirilə bilər. Bu səbəbdən xəstəliyin müayinə edilməsi və müalicənin uğurlu olması üçün xarici mütəxəssislər tərəfindən həyata keçirilməsi və buna uyğun külli miqdarda vəsaitin ayrılması tələb olunur. Hal-hazırda Azər Rəşidoğlunun müalicəsi üçün gərəkli olan vəsaitin dəqiq məbləği müəyyənləşdirilməyib. Lakin məlumdur ki, müalicənin davamı və xarici ölkələrdə təchizatlı müayinə və əməliyyatların həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Təəssüf ki, Azər Rəşidoğlunun bu müalicəni həyata keçirmək üçün şəxsi maddi imkanları yoxdur. Qeyd edək ki, Azər Rəşidoğlu 35 ildir Azərbaycan mətbuatında çalışan tanınmış imza sahibi olan jurnalistdir. O, vətənpərvərliyi, analitik təhlil yazıları ilə tanınır və milli-mənəvi dəyərlərimizə sədaqətli jurnalistlərimizdəndir. Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım! Azərbaycan cəmiyyətində yüksək hörmətə layiq olan və etimad göstərilən, uzun illər boyu media sahəsində xidmət etmiş, ölkəmizin nüfuzlu jurnalistlərindən biri olan Azər Rəşidoğlunun həyatı və sağlığına yardım göstərilməsi, onun müalicə xərclərinin qarşılanması üçün Sizin yüksək diqqətinizə və yardımınıza ehtiyacı var. Azər Rəşidoğlunun sağlamlığına qovuşmasının təmin olunması məqsədilə xarici ölkələrin birində müayinə və müalicəsi üçün dəstəyinizi və qayğınızı əsirgəməməyi Sizdən xahiş edirik. Müraciətimizi dəyərləndirərək, bu çətin dönəmdə ona kömək olmağınız ölkəmizin bir çox insanları tərəfindən böyük minnətdarlıqla qarşılanacaq. Əvvəlcədən göstərdiyiniz diqqət və yardım üçün dərin təşəkkürümüzü bildiririk. Qeyd edək ki, müraciətə ölkənin nüfuzlu media təmsilçiləri, QHT rəhbərləri, ziyalılar qoşulublar. İmzalanma prosesi yekunlaşdıqdan qısa müddət sonra ünvanına göndəriləcək.
“Kişilər boşanmaq istəmir. Bu isə onların ailəni qorumaqdan ötrü atdıqları bir addım deyil. Əsl səbəb ictimai qınaqdan qorxmaqlarıdır”. Sozcu.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında hüquqşünas Zibeydə Sadıqova bildirib. O, sözügedən problemlə bağlı bir sıra nüasnlara toxunub: “Boşanmaların təşəbbüskarı qadınlardır demək doğru deyil. Lakin boşanma üçün müraciət edənlərin, əlbəttə ki, böyük əksəriyyəti, hətta 70%-dən çoxu qadınlardır. Ümumiyyətlə, məhkəmələrə baxsanız, müraciət edənləri siyahıya alsanız, görərsiniz ki, kişilər boşanmaq istəmir. Hətta bəzən razılığa gəlirlər ki, ayrı yaşasınlar, amma boşanmasınlar. Kişilərə bu ailəni qorumaq üçün yox, sadəcə cəmiyyətdə qınaq obyekti olmamaq üçün lazımdır”. Hüquqşünas onu da qeyd edib ki, boşanmaların böyük əksəriyyəti məişət zorakılığı ilə bağlıdır: “Əlbəttə ki, digər səbəblər də rol oynayır. Amma məişət zorakılığının artması halları nikahların pozulması statistikasının artmasına səbəb olur. “Aliment üçün boşanıblar” fikri kökündən yanlışdır. Çünki məhkəmə aliment müəyyən edir, amma onun icrasında böyük əngəllər olur. İllərlə aliment ala bilməyən qadınlar var. Alimentin miqdarı da böyük deyil və həmin pulla uşağa yalnız qida almaq mümkündür. Uşağın digər xərcləri yenə də ananın üzərində qalır. Cəmiyyətə qadınları günahkar, ailə dağıdan, aliment istəyən kimi təqdim etmək təhlükəlidir. Bu formada təqdimat qadınların üzləşdiyi problemləri ciddiyə almamağa gətirib çıxarır”.
Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına xarici ölkələrin reaksiyaları gəlməkdədir. Sozcu.az xəbər verir ki, artıq Braziliya, Almaniya, İran, Estoniya, İspaniya, Fransa, o cümlədən BMT sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlayıblar. Qeyd edək ki, ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşdığını açıqlayıb.
Qondarma "erməni soyqırımı"nın beynəlxalq aləmdə tanınması hazırda Ermənistanın xarici siyasət prioriteti deyil. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə mediasına açıqlamasında bildirib. O qeyd edib ki, qondarma "soyqırımı"nın beynəlxalq aləmdə tanınması məsələsi Ermənistanın təhlükəsizliyi və regional sabitlik baxımından yenidən qiymətləndirilməlidir. O, digər dövlətlərin parlamentlərinin bu barədə qərarlarının Ermənistanın yaxın qonşuları ilə münasibətlərinə nə kimi təsir göstərdiyini sorğulayıb. Paşinyan qeyd edib ki, Ermənistan Respublikasının mövcud olduğu indiki şəraitdə əsas məsələ təhlükəsizlik və rifahın təmin edilməsidir. Bu kontekstdə, regionda sabitlik yaratmağın vacib olduğunu bildirib: "Bizim ehtiyacımız olan sülh, əlçatan olan sülhdür, yəni burada və indi əldə edilə bilən sülhdür".