Emin Hüseynov: “Suqovuşan və Hadrut qəsəbələrinin Baş planları artıq hazırdır”

“Artıq Ağdam və Füzuli şəhərlərinin, Suqovuşan və Hadrut qəsəbələrinin Baş planları hazırdır. Ağdam və Füzuli şəhərlərinin Baş planları Nazirlər Kabineti tərəfindən təsdiq olunub”. Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib. E.Hüseynovun sözlərinə görə, digər regionlarla da bağlı layihələndirmə işlərinə başlanılıb: “Qarabağ iqtisadi rayonunun digər bölgələrində də bu proses gedir. Rəylər toplanır və artıq ümumi fikir bəllidir”.

Azərbaycana dərman idxalı 17%-dən çox artıb

2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycana 192 milyon 63,25 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% və ya 28 milyon 693 min dollar çoxdur. Ötən ilin yanvar-mart aylarında Azərbaycana 163 milyon 369,57 min dollar dəyərində əczaçılıq məhsulları idxal edilib. Qeyd edək ki, hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 4,77%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə isə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 5,58%-nə bərabər olub. Xatırladaq ki, Azərbaycan cari ilin ilk 3 ayında 11 milyon 991,42 min dollar dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu göstərici ötən ilin ilk 3 ayı ilə müqayisədə 32,7 dəfə çoxdur. 2022-ci ilin yanvar-mart aylarında ölkədən 366,38 min dollar dəyərində əczaçılıq məhsulları ixrac edilib.

Azərbaycanın yeni kənd təsərrüfatı naziri təyin edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev M.Q.Məmmədovun Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, sərəncama əsasən, Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.

Neft bahalaşmaqda davam edir

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 87,01 dollara, yüngül neftin bir barreli isə 82,98 dollara təklif edilir.

Taleh Kazımov bu şəxsə vəzifə verdi

Azərbaycan Mərkəzi Bankına (AMB) yeni təyinat olub. Mərkəzi Bankın sədri Taleh Kazımovun qərarı ilə Ceyhun Qurban oğlu Səməndov yeni binanın tikintisi şöbəsinin rəisi seçilib.

Azərbaycanda daha bir məhdudiyyət qoyuldu

Azərbaycan bəzi şəhərlərdən quş ətinin idxalına məhdudiyyət qoyub. Bu barədə Sozcu.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, İtaliya Respublikasının Toskana, Seneqal Respublikasının Louqa, Çili Respublikasının Maule, Valparaiso, Bio-Bio regionlarında, Argentina Respublikasının Kordova, Santa-Fe əyalətlərində və Bolqarıstan Respublikasının Veliko-Tarnovo vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması məqsədilə İtaliya Respublikasının Toskana, Seneqal Respublikasının Louqa, Çili Respublikasının Maule, Valparaiso, Bio-Bio regionlarından, Argentina Respublikasının Kordova, Santa-Fe əyalətlərindən və Bolqarıstan Respublikasının Veliko-Tarnovo vilayətindən WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azərbaycan və İsrailin ticarət dövriyyəsi 2 dəfə artacaq

“Bu il Azərbaycan və İsrail arasında ticarət dövriyyəsi ən azı 2 dəfə artacaq”.  Sozcu.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik AZTV-yə müsahibəsində bildirib.  O qeyd edib ki, Azərbaycan müstəqillik əldə etməzdən öncə xalqlarımız arasında tarixi münasibətlər olub.  "Sonra bu hökumətlərimiz arasında sıx strateji əlaqələrə çevrildi. Azərbaycan və İsrail arasında növbəti addım ikitərəfli və iqtisadi əlaqələrin genişləndirilməsidir. İndi ölkələrimiz arasında ticarət dövriyyəsi olduqca yüksəkdir. Ancaq bu göstəricilər neft və qaz ixracına əsaslanır. Buna görə də ticarəti şaxələndirmək istəyirik. Keçən il Azərbaycana İsraildən 50 000 turist gəlirdisə, gələcək illərdə həmin rəqəm 200 000 keçə bilər. Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığımızın genişləndirilməsində müəyyən rol oynayacaq”, - deyə səfir əlavə edib. 

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Dünya birjalarında neft qiymətləri yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 85,12 dollara, yüngül neftin bir barreli isə 80,70 dollara təklif edilir.

Tikinti ilə bağlı daha bir yenilik: 6 ay müddətində...

Tikinti işlərinin dayandırılmasına əsas verən hallar dəqiqləşdirilir, pozuntuların aradan qaldırılması üçün verilən müddət 1 ildən 6 aya endirilir. Bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan Şəhərsalma və Tikinti Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna görə, . tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə, tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir. Layihəyə əsasən, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün müəyyən olunmuş əsas olmadan tikildikdə və bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda da müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edəcək. Hazırda müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 il müddətində aradan qaldırılmadıqda müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir. Layihəyə əsasən, artıq ən geci 1 il deyil, 6 ay müddətində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular aradan qaldırılmadıqda müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edəcək. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Azərbaycandan Macarıstana ixrac olunacaq qazın həcmi açıqlanıb

Azərbaycandan Macarıstana ixrac olunacaq qazın həcmi açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət nazir Peter Siyarto Tbilisidə keçirilən Yaşıl Enerji Dəhlizi Forumunda çıxışında deyib. O bildirib ki, Azərbaycanla təbii qazın idxalı ilə bağlı - bu il üçün təxminən yüz milyon kubmetr həcmində qaz - siyasi razılıq əldə olunub. "Lakin sonradan bu, uzunmüddətli perspektivdə müqavilə çərçivəsində bu, hər il iki milyard kubmetrə qədər arta bilər", - nazir əlavə edib.

"Bakı Fond Birjası"nın dövriyyəsi 35 % azalıb

Bu ilin yanvar-mart aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 3 milyard 292,563 milyon manat təşkil edib. Sozcu.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 35,4 % azdır. Son 1 ildə bağlanmış əqdlərin sayı isə 5,4 % azalaraq 2 681 olub. BFB-nin dövriyyəsinin 31,7 %-i və yaxud 1 milyard 44,899 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 61,8 % və yaxud 2,6 dəfə azdır. Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 29,6 % artaraq 290,782 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 8,5 % azalaraq 1 milyard 956,882 milyon manat olub.

Yanlış reklam siyasətinin iqtisadiyyata vurduğu ZƏRBƏ – “ADRA-nın səhv qərarları...”

Reklam iqtisadiyyatın lokomotividir. Əgər bu gün iqtisadiyyatımızın inkişafına mane olan faktoları araşdırsaq, səbəblərdən birinin reklam siyasətinin düzgün qurulmaması olduğunu görə bilərik. Paytaxtımızdakı açıq hava reklamlarına diqqət yetirsək, görərik ki, yerli istehsal olan məhsulların reklamlarına çox az rast gəlinir. Üstəlik, reklam üçün müəyyən edilmiş qiymətlərdə yerli istehsalçılarla əcnəbi şirkətlərə fərq qoyulmaması xeyli sual doğurur. Bu da təbii ki, yerli istehsalın inkişafına əngəl törədir. Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Millət vəkili Vahid Əhmədovun fikirlərini öyrəndik.  Deputat Bizim.Media-ya açıqlamasında “Reklam haqqında” qanuna bir çox dəyişikliklərin edildiyini bildirib: “Amma çox təssüf ki, bugünkü reallıqlar şəraitində “Reklam haqqında” qanuna tam əməl edilmir. Bu sahədə problemlər kifayət qədər çoxdur. Reklam hərəkətverici qüvvədir. Ölkəmizin sənaye potensialının güclü reklam edilməsi lazımdır. Amma biz daha çox əcnəbi şirkətlərin reklamını görürük. Halbuki, yerli sahibkarlara ADRA daha çox yer ayırmalı, onlara qiymətdə güzəştlər etməlidir. Ən pisi də odur ki, bu qurumdan büdcəyə gələn gəlir çox cüzidir. Bu barədə dəqiq məlumatı Vergi Xidməti bilir. Əslində isə reklamdan Azərbaycana yüz milyonlarla gəlir gəlməlidir. Amma hanı? Çünki, gəlirlər şəxsi ciblərə gedir. Bu gün reklam idarəçiliyində dəyişikliyə çox böyük ehtiyac var. ADRA ilk növbədə yerli şirkətlərlə müqavilələr bağlamalı və onlara qiymətlərdə güzəştlər etməlidir. Yalnız bundan sonra xarici şirkətlərə yer vermək lazımdır. Reklam iqtisadiyyata xidmət edən sahədir. Lakin Azərbaycan iqtisadiyyatı bu xidmətdən məhrumdur”.  Azərbaycan Reklamçılar İttifaqının sədri Etibar Əbdülqasımov ADRA-nın yarandığı dövrdə qurumdan gözləntilərin çox böyük olduğunu bildirib: “Lakin, sonradan bu ümidlər puç oldu. Yeni qurum tərəfindən reklam strategiyası düzgün qurulmadı. ADRA-nın yarandığı andan etibarən apardığı yanlış siyasət reklam sənayesində çalışan yüzlərlə insanı işsiz qoydu. Üstəlik, reklamın dövriyyəsi xeyli kiçildi. Açıq məkanda reklam yayan yerli şirkətlər birtərəfli qaydada sıxışdırıldı. Bütün reklam bazarı bir neçə şirkət arasında bölüşdürüldü. Beləcə, açıq məkanda reklamların sayı çoxalsa da, ADRA tərəfindən toplanan vəsaitin həcmi ilbəil azaldı”. Etibar Əbdülqasımov onu da qeyd edib ki, ADRA yarananda Azərbaycanda reklam bazarının illik dövriyyəsi 30-35 milyon manat civarında idi: “Bu gedişlə 2023-cü ildə açıq məkanlardakı reklamların dövriyyəsi 40 milyona çatmalı idi. Amma bu artımı biz görmürük. ADRA-nın illik dövriyəsi bir neçə milyonla “məhdudlaşır”. Bu da ciddi suallar doğurur”. Reklam üzrə ekspert Cahid Həsənov isə daha bir məsələyə diqqət çəkib: “ADRA qəribə siyasət yürüdür. Məsələn, bu gün regionlarımızda fəaliyyət göstərən yerli zavod və fabriklərə təklif olunan reklam yerinin qiyməti dünya brendlərinə təklif olunan qiymətlərlə eynidir. Bu yarıtmaz qiymət siyasəti nəticəsində regiondakı şirkətlər nəinki xaricə, heç Bakı bazarına nüfuz edə bilmir. Əminliklə deyə bilərik ki, bu disbalans aradan qalxsa, regiondakı sahibkarlar asanlıqla Bakı bazarına girə bilərlər. Üstəlik, istehsal etdikləri əmtəələrini 10-15 dəfə artırarlar. Çox təəssüf ki, məntiqsiz qiymət qaydalarına görə regionlarda istehsal olunan məhsullarımız hələ heç öz rayonlarında belə özlərini tanıda bilmirlər”. Ekspert məsələ ilə bağlı hansı addımların atılmalı olduğunu da qeyd edib: “Bütün bu mənfiliklərin aradan qaldırılması üçün ADRA peşəkar reklamçılarla və yerli sahibkarlarla iş aparmalı, 30 illik iş təcrübəsinə malik ARİ (Azərbaycan Reklamçılar İttifaqı) ilə sıx əlaqə yaratmalıdır. Bakı şəhərinin mərkəzi yerlərində "Region reklamları” lövhələrinin qoyulması lazımdır. Və bu lövhələrdə region sahibkarlarının məhsulları nümayiş etdirilsin”. Səsləndirilən fikirlərlə bağlı ADRA-nın da mövqeyini öyrənmək istədik. Qurumdan məsələ ilə bağlı ən qısa zamanda ətraflı məlumat veriləcəyi bildirilib. Məsələni diqqətdə saxlayacağıq.