Bakı metrosunun keçidində kişi öldü

Bakı metrosunun “Neftçilər” stansiyasının keçidində sərnişin vəfat edib. “Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, pilləkənlərlə düşərkən özünü pis hiss edən şəxsə ətrafdakılar ilkin tibbi yardım göstərib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, kişinin həyatını xilas etmək mümkün olmayıb.

Bakıda maskalı şəxs qadını döyərək pulunu alıb

Bakıda qadına qarşı quldurluq olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərinə görə, martın 16-da Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində maskalı bir nəfərin Bakı şəhər sakini olan qadına zor tətbiq edərək içərisində 3000 manatı olan çantasını soyğunçuluq yolu ilə talaması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Orxan İskəndərov müəyyən olunaraq saxlanılıb. Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəzər dənizin Azərbaycana mənsub bölgəsində sərhədboyu rejim qaydaları pozanların sayı açıqlanıb

Ötən il Xəzər dənizin Azərbaycana mənsub bölgəsində sərhədboyu rejim qaydaları pozanların sayı açıqlanıb. Bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb. Sənəddə qeyd edilib ki, sərhədboyu rejim qaydalarını pozan 900 şəxs barəsində 432 inzibati icraat həyata keçirilib. 713 şəxs barəsində cərimə inzibati tənbeh növü tədqiq edilib.

Zəlzələ Naxçıvanda dağıntıya səbəb olub? - RƏSMİ AÇIQLAMA

"Zəlzələ Naxçıvan Muxtar Respublikasında heç bir dağıntıya səbəb olmayıb". Bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi məlumat verilib. Bildirilib ki, hazırda muxtar respublikanın bütün şəhər və rayonlarından məlumat toplanılıb və heç bir dağıntı qeydə alınmayıb. Qeyd edək ki, yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasından 131 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5-3 bala qədər hiss olunub. Zəlzələnin maqnituası 5.5, dərinliyi 10 km olub.APA

Rüfət Səfərova fiziki xəsarət yetirən şəxs saxlanılıb

Keçmiş müstəntiq Rüfət Səfərova küçədə zorakılıq olub. Bu barədə Rüfət Səfərov özü məlumat yayıb. Bildirib ki, küçədə ona qarşı bir nəfər tərəfindən zorakılıq edilib və bununla bağlı polis müraciət edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Binəqədi RPİ əməkdaşları tərəfindən mübahisə tərəfi – 1961-ci il təvəllüdlü Məmmədxan Nəcəfov saxlanılıb. Araşdırmalar davam etdirilir.

“Keçmiş rəisi maşınımı gülləbaran etdi, cəmi 1 il həbs verdilər”

İş adamı Şirzad Quliyev keçmiş polis rəisi Rza Hacıyevin onu təhdid etdiyi üçün aldığı cəza müddətindən narazıdır. “Qafqazinfo”ya müraciət edən Quliyev bildirib ki, sabiq rəis onu ictimai yerdə avtomatla hədələyib, maşınını gülləbaran edib. Bununla belə Ali Məhkəmə Hacıyevə cəmi 1 il azadlıqdan məhrum etmə cəzası verib. Xatırladaq ki, Rza Hacıyev Milli Qəhrəman Əlif Hacıyevin qardaşıdır. O, vaxtilə Neftçala və Sabunçu rayonlarının polis rəisi olub. 2021-ci il dekabrın 16-da Pirşağı qəsəbəsində münaqişə zəminində həm qohumu, həm də biznes şəriki olan Şirzad Quliyevin “Lexus” markalı maşınına avtomatdan 9 dəfə atəş açıb. Buna görə barəsində cinayət işi başlanaraq həbs edilib. Şirzad Quliyev müraciətində qeyd edir ki, hadisə baş verən zaman ətrafda çoxsaylı yaşayış evləri olmasına baxmayaraq, Hacıyev qanunsuz gəzdirdiyi “Kalaşnikov” avtomatı ilə 3-4 metr məsafədən onun avtomobilini atəşə tutub: “Avtomobilə 15 min manat ziyan dəydi. Maşın bir qırağa, bu, mənim həyat və sağlamlığım üçün real təhlükə idi. Rza Hacıyev Cinayət Məcəlləsinin 221.3 və 228.1-ci maddələri ilə təqsirli bilindi. Sabunçu Rayon Məhkəməsi Rzanın şəxsi əlaqələri sayəsində ona şərti cəza vermişdi. Lakin Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirib real cəza ilə əvəz etdi. Rza Hacıyev 4 il müddətinə azadlıqdan məhrum edildi. Rza kassasiya şikayəti verdi və işə Ali Məhkəmədə hakim İlqar Qılıcovun sədrliyi ilə baxıldı. Hakimlər cinayətin odlu silahdan istifadə edilməsi ilə törədilməsinə, ictimai yerdə törədilməsinə baxmayaraq, belə nəticəyə gəldilər ki, Rza Hacıyevin əməllərində xuliqanlıq yoxdur. Onun cəzasını 1 ilə endirərək qısa müddətdə azadlığa çıxması üçün şərait yaratdılar”. Məsələ ilə bağlı Ali Məhkəməyə sorğu ünvanlasaq da, sorğumuza cavab verilməyib. Qeyd edək ki, hadisə zamanı DİN açıqlama yayaraq bildirmişdi ki, Rza Hacıyev münaqişə zəminində həmyerlisi Şirzad Quliyevin idarə etdiyi avtomobilə odlu silahdan atəş açaraq hadisə yerini tərk edib. Ondan “AKMS” markalı avtomat silahı, 2 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Uzun illər daxili işlər orqanlarında çalışan Rza Hacıyev 2014-cü ildə polis polkovniki kimi təqaüdə göndərilib. Onun adı 2014-cü ildə Türkiyədə qətldə hallanıb. İddia olunub ki, Hacıyev AST Telmana məxsus “Mardan Palace” hotelində bir qadını döyərək öldürüb. Lakin iddialar təsdiqlənməyib. Məlumata görə, Hacıyevlə şərikinin davası isə biznes üstündə olub. Belə ki, onların Sabunçu rayonunda 600 kv. metrlik şərikli əmlakı olub. Şəriklik pozulanda Şirzad Quliyev əmlakın dəyərinin 50 faizi kimi nəzərdə tutulan 580 min manatı tələb edib. Hacıyev isə əmlakın sənəd üzərində ona məxsus olmasından istifadə edərək heç bir ödəniş etməyib. Məhkəmənin gedişatı zamanı isə sabiq rəis şərikinə 350 min manat ödəyib. Şirzad Quliyev qalan 230 min manatının hələ də ödənilmədiyini bildirir. Qeyd edək ki, cinayət işləri üzrə məhkəmə çəkişmələrində Ali Məhkəmə sonuncu instansiyadır. Onun qərarı yekun hesab olunur və dəyişdirilmir. Yalnız Ali Məhkəmənin sədri tərəfindən qərar plenuma çıxarılaraq müzakirə oluna və yenidən baxıla bilər.

Maştağada qətl: evinin qarşısında öldürüldü

Martın 16-sı saat 00:05 radələrində 1993-cü il təvəllüdlü Əli Seyidlinin paytaxtın Sabunçu rayonunda yaşadığı fərdi yaşayış evinin qarşısında ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Sabunçu rayon prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı Əli Seyidlinin ürək nahiyəsindən kəsici-deşici, üz nahiyəsindən isə küt alətlə yetirilmiş xəsarət nəticəsində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs(lər)in müəyyən edilməsi üçün prokurorluq və daxili işlər orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən zəruri tədbirlər həyata keçirilir. Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

Rüfət Səfərova hücum edildi

Müdafiə Xətti” İnsan Hüquqları Mərkəzinin rəhbəri Rüfət Səfərov küçədə naməlum şəxsin hücumuna məruz qalıb. Sozcu.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi özünün sosial şəbəkə hesabında yazıb.

Rusiyanın Su-24 təyyarəsi məhv edildi

Ukrayna hərbçiləri Rusiyanın Su-24 bombardmançı təyyarəsini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat yayıb. Məlumata görə, təyyarə Donetsk vilayətinin Baxmut yaxınlığında vurulub.

Qafan 3 gündür yanır

Martın 12-də Qafan şəhərinin Bağaberd məhəlləsinə bitişik dağın ətəyində baş verən yanğın hələ də söndürülməyib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, Qafanda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Biləsuvarda azyaşlının əlində pirotexniki vasitə partlayıb, gözündən xəsarət alıb

Biləsuvar rayonunda İlaxır çərşənbə günü azyaşlının əlində pirotexniki vasitə partlayıb və o xəsarət alıb. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 2009-cu il təvəllüdlü Y.Haqverdiyevin əlində pirotexniki vasitə partlayıb. O, gözündən və göz ətrafı nahiyədən ağır xəsarətlər alaraq xəstəxanaya aparılıb.

Casusluq edən xarici ölkə vətəndaşı həbs edildi - DTX

Azərbaycanda casusluq edən xarici ölkə vətəndaşı həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayıb. Bildirilib ki, istintaq olunan cinayət işi üzrə aparılan araşdırmalar zamanı xarici ölkə vətəndaşı, 1994-cü il təvəllüdlü Ghaedi Mohammad Najaf oğlu tərəfindən Azərbaycan ərazisində casusluq cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Belə ki, toplanılmış çoxsaylı sübutlar əsasında Ghaedi Mohammad Najaf oğlunun xarici xüsusi xidmət orqanının tapşırığı ilə dövlət sirri olan və Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün məlumatların toplanılması və verilməsinin təşkili, o cümlədən Azərbaycan Respublikası hüquq-mühafizə orqanı əməkdaşları barədə fərdi məlumatların əldə edilməsi, onlarla şəxsi münasibətlər qurulması və onların xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi istiqamətində fəaliyyət göstərdiyi məlum olmuşdur. Ghaedi Mohammad Najaf oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə araşdırmalar davam edir.