Saakaşvilini müayinə edən həkimlə bağlı ŞOK İDDİA

Polşalı həkim Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin testlərini oğurlmağa çalışıb. Sozcu.az xəbər verir ki, bu barədə Gürcüstan Penitensiar Xidməti məlumat yayıb. İddia olunur ki, polşalı həkimlərin Saakaşvilini ziyarəti zamanı xoşagəlməz insident baş verib. Belə ki, polşalı həkim Saakaşvilidən götürdüyü nümunəni kağıza büküb və ayaqqabısında gizlətməyə cəhd edib. Onun niyə belə bir addım atmasının səbəbi bəlli deyil. Xatırladaq ki, bir neçə gün əvvəl polşalı həkim heyəti Tbilisidəki "Vivamed" klinikasına gələrək Saakaşvilinin vəziyyəti ilə tanış olub, öz tövsiyələrini klinika rəhbərliyinə çatdırıblar. 2021-ci ildə ölkəsinə qayıdarkən həbs olunan Saakaşvili dəfələrlə aclıq aksiyası keçirib və səhhətində ağır problemlər yaranıb. O, daha sonra müalicə müəssisəsinə köçürülüb.

Toyda oynayarkən qəfil ÖLDÜ

Siyəzəndə toyda bədbəxt hadisə baş verib. Sozcu.az xəbər verir ki, toyda iştirak edən qonaqlardan biri olan Rasim Həmzəyev rəqs edərkən qəfil ürəyi dayanıb. Hadisə ilə bağlı araşdırma aparılır.//Qafqazinfo

Transformatorda yanan 50 yaşlı kişi öldü

Transformatorda yanan İsmayıllı sakini vəfat edib. Sozcu.az xəbər verir ki, iyulun 6-da İsmayıllı rayonu Hacıhətəmli kənd sakini 1973-ci il təvəllüdlü Ceyhun Bədrəddin oğlu Qubadov transformatora girərək, ağır dərəcəli yanıq xəsarətləri alıb. İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən sakin vəziyyəti ağır olduğuna görə Bakıya göndərilib. C.Qubadov bu gün Nərimanov Tibb Mərkəzində dünyasını dəyişib.

Hərbçimiz faciəvi şəkildə öldü - FOTO

Ötən gün axşam saatlarında Yevlax rayonu ərazisində "Mercedes” markalı maşın Qarabağ kanalına aşıb. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə nəticəsində avtomobilin sürücüsü Həsənəv Cavid suda boğularaq ölüb. Onun meyiti bu gün günorta saatlarında sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən 2002-ci il təvəllüdlü Cavid Həsənov hərbçi idi. O, 3 ay əvvəl MAXE kimi ordu sıralarında xidmət etməyə başlamışdı. Cavid Həsənov hadisə zamanı avtomobildə tək olub.

İki gün əvvəl dənizdə batan şəxsin meyiti tapıldı

İyulun 11-də dənizdə batan şəxsin meyiti tapılıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 6 kilometr aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

DSX-nin əsgəri silahdan açılan atəşdən öldü

İyul ayının 11-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Əliyev Cahid Müşfiq oğlu xidmətdə olarkən təhkim olunmuş silahdan açılmış atəş nəticəsində həyatını itirib. Bu barədə Sozcu.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Qeyd olunub ki, faktla bağlı Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Təkəri partlayan maşın aşdı: ölən və yaralananlar var

İsmayıllıda avtomobil aşıb, ölən və yaralananlar var. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında İsmayıllı-Ruşan yolunda qeydə alınıb. Belə ki, 31-BB-410 dövlət nömrə nişanlı VAZ-2103 markalı minik avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması nəticəsində sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Hadisə zamanı rayonun Kürdmaşı kənd sakini, 1987-ci il təvəllüdlü Samir Yusif oğlu Babayev ölüb, 1982-ci il təvəllüdlü Variz Cahid oğlu Ağayev və 1987-ci il təvəllüdlü Tərlan İmran oğlu Həsənov xəsarət alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Gəncədə MKTİB-in əməkdaşı faciəvi şəkildə öldü

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində qeydə alınıb. Samux rayon sakini E.İlyasov idarə etdiyi "Mersedes" markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 1970-ci il təvəllüdlü Gəncə şəhər sakini Rahilə Hüseynovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb. R.Hüseynova Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyinin işçisi olub. Faktla bağlı araşdırma aparılır.

Ermənilər səngər qazmaq istədi, Ordumuz dərhal dayandırdı

Erməni silahlılarının ərazilərimizdə səngərlər qazması, sığınacaqlar hazırlaması bölmələrimiz tərəfindən dayandırılıb. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilir ki, mühəndis texnikasının cəlb olunması ilə müxtəlif istiqamətlərdə təminat yollarının genişləndirilməsi, səngərlərin qazılması, sığınacaqların hazırlanması, eləcə də döyüş mövqelərinə müşahidə kameralarının quraşdırılmasına cəhd edən qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində dayandırılıb.

Maşınlar toqquşdu, yolla hərəkət edən piyada öldü

Ağcabədi rayonunda avtomobillər toqquşub. Sozcu.az xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü Şamil İlqar oğlu Qasımov VAZ-21074 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra nəqliyyat vasitəsi yolun sağ tərəfində dayanmış Yavər Adıgözəl oğlu Allahverdiyevə məxsus VAZ-21074 markalı və Muradov Vüqar Maşallah oğluna məxsus VAZ-21063 markalı avtomobillərinə çırpılıb. Nəticədə yolun sağ tərəfi ilə piyada hərəkət edən 1955-ci il təvəllüdlü Mahir Kərəm oğlu Mamedovu vuraraq öldürüb. Fakta görə Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Salyan xəstəxanasında bir gündə iki ölüm hadisəsi

Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilən hamilə qadın ölü uşaq dünyaya gətirib. Sozcu.az xəbər verir ki, rayonun Kürqaraqaşlı kənd sakini olan 26 yaşlı A.A. 22 həftəlik hamiləliklə xəstəxanaya daxil olub. Bir qədər sonra o, ölü uşaq doğub. Bundan başqa, Salyan RMX-yə böyrək çatışmazlığı diaqnozu ilə daxil olan 40 yaşlı C.Abbasova da tibbi müdaxiləyə baxmayaraq, vəfat edib. Hər iki faktla bağlı araşdırma aparılır.Qafqazinfo

Qızını öldürən ataya 9 il HƏBS CƏZASI

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda qızını qətlə yetirməkdə təqsirləndirilən İftixar Davudovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Sozcu.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd: Ötən il iyunun 3-ü saat 12 radələrində Abşeron rayon sakini 1987-ci il təvəllüdlü Jalə Davudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib. Aparılan araşdırmalarla zərərçəkmişin atası, 1964-cü il təvəllüdlü İftixar Davudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Jalə Davudovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İftixar Davudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.pravda