12 mart - Daxili Qoşunların yaranması günüdür

Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra ölkədə daxili qoşunların hərbi hissələrinin yaradılması zərurəti meydana çıxdı. Bir tərəfdən Ermənistan ordusunun Qarabağa və sərhəd bölgələrimizə təcavüzünün getdikcə geniş miqyas alması, digər tərəfdən ölkə daxilində Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələrin fəallaşması bunu tələb edirdi.   1992-ci il mart ayının 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin yaradılmasına başlandı. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bu hərbi hissələr yüksək döyüş qabiliyyəti nümayiş etdirdilər və möhkəmləndilər.   Daxili Qoşunların 1738 nəfər döyüşçüsü göstərdikləri döyüş şücaətlərinə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunublar.   1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və heyəti 2 min 500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verildi. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmağa başlandı.   Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkənin çox çətin bir dövrünə təsadüf edib. Azərbaycan Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyev bu gün haqqında bunları yazıb:  "Bu gün, 12 mart bizim günümüzdür. Daxili Qoşunların yaranma günüdür. Dövlərimizin keşiyində duran DİN in Daxili Qoşunlarının şəxsi heyətini, ehtiyatda olan hərbi qulıuqçuları, tərxis olunmuş bütün DQ ailə üzvlərini təbrik edirəm. Döyüşlərdə yaralanmış qazilərimizə tez sağalmalarını arzulayıram. Şəhidlərimizin və həyatda olmayan DQ qardaş və bacılarımızın ruhu qaşısında baş əyirəm.  Daxili Qoşunların yaradılmasında vicdanla xidmət edən bütün hərbi qulluqçuları ayrıca alqışlayıram.  Yaşasın Azərbaycan!"

"Vaqner" Baxmutda məhv olur, Şoyqu... - Feygin

Rus generalları Baxmut ərazisində "Vaqner" muzdlularının tükənməsinə sevinirlər. Sozcu.az xəbər verir ki, bunu rusiyalı müxalifətçi Mark Feygin deyib. M.Feygin bildirib ki, generallar "Vaqner"in yaradıcısı Yevgeni Priqojinə nifrət edirlər: "İndi artıq müəyyən bir fikir var ki, "Vaqner"in gücü tükənir, əlbəttə ki, bütün generallar buna çox sevinirlər, həm Gerasimov, həm də Şoyqu, ona nifrət edir. Britaniyalılar bununla bağlı bildirirlər ki, sutka ərazində 500-800, bəzi günlərdə isə az qala 2 min rus hərbçisi ölür. Mən buna çox inanıram".

Moldova MN: Almaniyadan PUA-ların göndərilməsini gözləyirik

Moldova Müdafiə Nazirliyi Almaniyadan pilotsuz uçan aparatların (PUA) göndərilməsini gözləyir. Bunu Moldova müdafiə naziri Anatoli Nosatıy yerli “Jurnal TV” kanalına müsahibəsində bildirib. Nazirin sözlərinə görə, ölkəsi hərbi sahədə prioritetləri, eləcə də müharibə taktikalarını nəzərdən keçirir. Nosatıy qeyd edib ki, Almaniya Moldovaya “Piranha” zirehli transportyorları ilə birlikdə daha əvvəllər vəd edilmiş PUA-ları göndərəcək: “Moldova üçün nəzərdə tutulan PUA-lar istehsal prosesindədir”. Qeyd edək ki, daha öncə Almaniya Moldovaya hərbi yardım çərçivəsində 6 ədəd “Piranha” zirehli transportyoru tədarük edib.

Azərbaycan və Gürcüstan Candargöl su anbarından birgə istifadə edəcək

Azərbaycan və Gürcüstan arasında sərhəddə yerləşən Candargöl su anbarından birgə istifadəyə dair müqavilə imzalanıb. Sozcu.az AZƏRTAC-a istinadən xəbər verir ki, sənədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə cəmiyyətin nümayəndələrinin Gürcüstana səfəri çərçivəsində imza atılıb. Səfər “Gürcüstan Meliorasiya” MMC-nin dəvəti ilə reallaşıb. Səfər çərçivəsində su anbarından 2023-cü ildə birlikdə istifadə məsələləri müzakirə edilib, bununla bağlı müqavilə imzalanıb, həmçinin Qardabani suvarma sistemlərinə baxış olub.

Azərbaycanda şəhid və şəhid ailələrinin maliyyələşdirilməsi qaydası dəyişib

Nazirlər Kabineti 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, bundan sonra şəhid və şəhid ailələrinə xərclənən vəsait dövlət büdcəsindən ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından, eləcə də dövlət icbari şəxsi sığorta vəsaiti hesabına ödəniləcək. İndiyə qədər ödəmə mənbəyi müvafiq şəhər (rayon) icra hakimiyyətlərinin büdcəsi, ayrı-ayrı şəxslərin, müxtəlif təşkilat, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondları idi.

Xankəndidə gecə müəmması: divardakı sözləri Azərbaycan kəşfiyyatçıları yazıb?

Xankəndidə separatçı-terrorçu rejimi narahat edən müəmmalı hadisə baş verib. Sozcu.az xəbər verir ki, Xankəndi-Xəlfəli-Turşsu yolunda silahlı instidentdən bir həftə əvvəl gecə saatlarında müəmmalı şəxslər kilsənin divarlarına yaşıl boya ilə yazılar yazıb. Səhər separatçılar yazıları tələsik siliblər, lakin qeydlərin Araik Arutyunyanın verdiyi “vədlər” ilə bağlı olduğu deyilir. Arutyunyan separatçı rejimin “başçısı” olanda kilsənin yanında çıxış edib və erməni əhalisinə vədlər verib. Müəmmalı şəxslər də kilsənin divarlarına Araikin unutduğu vədləri yazıb. Bu hadisənin Xankəndidə erməni əhalisi arasında Azərbaycana inteqrasiya etmək istəyənlərin olduğu faktının gündəmə gəldiyi vaxt baş verməsi separatçılarda suallar yaradıb. Onlar anlamağa çalışırlar ki, bunu erməni əhalisi arasında kimlərsə edib, yoxsa Azərbaycan kəşfiyyatçıları?! Hər iki versiya mümkündür. Bakıya üz tutmaq istəyən, lakin təzyiqlərə görə bunu açıq ifadə etməkdən çəkinən ermənilər separatçılara bu yolla etiraz edə bilər. Həmçinin, Azərbaycan kəşfiyyatçılarının öz suveren ərazisində bu addımı atması, separatçılara “vədlərini yerinə yetirməyənlər erməni əhalisinin təmsilçisi ola bilməz” mesajı verdiyi də istisna deyil./Publika.az

Rusiyada şiddətli zəlzələ oldu

Rusiyanın şərqində yerləşən Kamçatka diyarında 6,1 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Zəlzələ yerin 59 kilometr dərinliyində meydana gəlib.

"Patriot" və "Leopard"lar artıq Ukraynaya daxil oldu

Amerikanın “Patriot” hava hücumundan müdafiə sistemləri artıq Ukraynaya gəlib. Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak bildirib. “Polşanın səyləri sayəsində, xüsusən də “Patriot” batareyaları və ilk “Leopard” tankları Ukraynaya daxil olub" - o, deyib. Eyni zamanda, Blaşak qeyd edib ki, Polşa Ukraynaya yardımın ötürülməsi üçün təkcə əsas nöqtə deyil, həm də ən böyük donorlardan biridir. Onun sözlərinə görə, genişmiqyaslı müharibə başlayandan bəri Polşa Ukraynaya 2,2 milyard avrodan çox silah ötürüb. Eyni zamanda, məbləğə ölkənin Ukrayna hərbçilərinin təlimi üçün çəkdiyi xərclər və “Leopard 2A4” tanklarının daxil olduğu sonuncu “zirehli maşın” paketi daxil deyil. Bundan əlavə, Blaşak aviasiyanın Ukraynaya verilməsindən danışıb. Onun sözlərinə görə, bu cür qərarlar daha geniş müttəfiqlər səviyyəsində qəbul edilməlidir.

Gədəbəydə güclü külək nəticəsində 92 yaşayış məntəqəsi elektrik enerjisiz qalıb

Ötən gün axşam saatlarından başlayaraq əsən güclü külək Gədəbəy rayonunda bir sıra fəsadlar törədib. Küləyin təsirindən Gərgər kəndində 1 ədəd 35 kV-luq və Düzyurd kəndində 6 ədəd 35 kV-luq metal dayaq aşıb. Bu səbəbdən ümumilikdə 92 yaşayış məntəqəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb və hazırda bu məntəqələrin elektrik enerjisinin verilməsi üçün lazımı işlər aparılır. Bundan əlavə, rayonun 11 yaşayış məntəqəsində 9 fərdi yaşaşayış evinin ümumilikdə 488 kv.metr dam örtüyünə və 10 yardımçı tikilinin ümumilikdə 430 kv.metr dam örtüyünə ziyan dəyib, 14 yaşayış məntəqəsində 25 elektrik dayağı və 5 ağac aşmış nəticədə 447 abonentin elektrik enerjisi, 100 abonentin qaz və rabitə təchizatında fasilə yaranıb. Qeyd edək ki, hazırda yaranmış fəsadların aradan qaldırılmasını istiqamətində müvafiq qurumlar tərəfindən işlər davam etdirilir.

TƏBİB: Uşaqlara təqvimə uyğun peyvəndlər vurularsa, bir çox xəstəliklərə yoluxmazlar

Azərbaycanda körpələr ilk üç peyvəndi doğum evində alır. Sozcu.az xəbər verir ki, bunu TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin Pediatrik xidmətlərin təşkili şöbəsinin müdiri Esmira Hacıyeva deyib. Onun sözlərinə görə, doğum evində ilk 12 saat ərzində onlara hepatit B-yə qarşı Hep B, doğumdan sonrakı 4-7 gün ərzində isə vərəmə qarşı BSG və uşaq iflicinə qarşı poliomielit peyvəndi- OPV vurulur: “Uşaq evə yazıldıqdan sonra ərazi üzrə poliklinikada qeydiyyata alınır və növbəti peyvəndlər həmin tibb müəssisəsi tərəfindən mütəmadi şəkildə həyata keçirilir”. Peyvəndləri zəncirvarı tətbiq edilməsində məqsəd uşaqların immunitet qazanması və yoluxucu xəstəliklərə yoluxmamasına nail olmaqdır. E.Hacıyeva sözlərinə görə, uşaqlara təqvimə uyğun peyvəndlər vurularsa, onlar bir çox xəstəliklərə yoluxmaz və ya hər hansı birinə yoluxarsa xəstəliyi daha yüngül keçirər: “Uşaqların pediatr və müvafiq ixtisaslı həkimin yoxlanışından sonra peyvənd olunması vacibdir. Bir sıra hallarda uşağın sağlamlıq vəziyyətində hər hansı problem aşkar olunduğu halda ona peyvənd vurulması müvəqqəti olaraq ertələnir, uşaqlara tam sağaldıqdan sonra peyvənd vurulur. Bəzi hallarda isə peyvəndlərin vurulması uşaqda buna əks göstəriş olduğu səbəbindən tövsiyə olunmur (Məsələn, uşaqda allergiya prosesinin kəskinləşməsi dövründə və ya ağır gedişli qan xəstəlikləri zamanı və s.). Uşaqlara vurulan peyvəndlərin əksəriyyəti 6 yaşa qədər tamamlanmış olur. Belə ki, bir çox peyvənd bir neçə dəfə, müxtəlif yaşlarda və kombinasiyalarda verilir. Peyvəndlər arasındakı interval ən azı bir ay olmalıdır. Peyvənd olunduqdan sonra individual hallarda körpədə inyeksiya yerində şişlik, ağrı və qızdırma kimi yanaşı təsirlərə rast gəlmək olar. Uşaqlarda hər hansı bir əks-reaksiya baş versə də, bilmək lazımdır ki, peyvəndlərin faydaları mümkün yan təsirlərdən qat-qat üstündür”.

Ələt-Astara avtomobil yolunda qəza olub, ölən var

Ələt-Astara magistral avtomobil yolunda avtomobil aşıb. Hadisə yolun 101-ci km-də qeydə alınıb. Qəza nəticəsində, Füzuli rayon sakini, 2001-ci il təvəllüdlü Əliyev Kənan Elşad oğlu ölüb. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Məhəmməd Əmin Rəsulzadənin vəfatından 68 il ötür

Bu gün Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım günüdür. Sozcu.az-ın məlumatına görə, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Gənc yaşlarında sosial demokratlarla birgə “Hümmət” təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət burada “İrane-nou” qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib. O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib, 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli Xan Xoyski və digərləri ilə birlikdə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra İ. Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, o, Sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək xaricə üz tutub. Məhəmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib. 1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy “Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında” sərəncam imzalayıb. 29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. 22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci ili “Cümhuriyyət ili” elan edilib.