Onların məqsədi bizim kəndi məhv etmək idi və başda duran da Vaqif Xaçatryanın rəhbərlik etdiyi dəstə idi.
Sozcu.az xəbər verir ki, bunu qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın noyabrın 1-də keçirilən məhkəmə prosesində zərərçəkmiş Salman Rəhimov deyib.
O vurğulayıb ki, erməni silahlıları gecə vaxtı, insanlar yatdığı yerdə Meşəliyə hücum ediblər:
"Hadisə vaxtı mən və bacım ayağımızdan, çiynimizdən güllə yarası aldıq. Səsucaldıcı ilə hamımızı çölə çıxarıb, gülləbaran etdilər. Kəndimiz minaatanlardan, avtomat və pulemyotlardan atəşə tutulurdu. Nənəm baş nahiyəsindən güllə yarası almışdı. Bu hadisələrdə daha çox Badara kəndinin sakinləri iştirak edirdilər. Bütün kəndi mühasirəyə alıb məhv etmək istəyirdilər. Hücum edənlərin başında elə Vaqif Xaçatryan dayanırdı. Daha sonra Valeriy, Armais, Ermes adında olan erməni hərbçilərin dəstəsi qəddarlıq edib. Məhkəmədən Vaqifin ən ağır cəza almasını tələb edirəm".