Yeniyetmə qızı alçaldan məktəbliləri hansı cəza gözləyir? - Hüquqşünas danışdı

Sosial şəbəkələrdə Bakıdakı 156 nömrəli məktəbin XI sinif şagirdinin məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik davranışına dair yayılan görüntülər ciddi müzakirələrə səbəb olub. 

Məktəbdən bildirilib ki, məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb. Hazırda cəmiyyəti ən çox bu sual düşündürür:  IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz və qeyri-etik hərəkət edən məktəbli qızları hansı cəza gözləyir? 

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bu barədə "Yeni Sabah"a açıqlama verib: 

“Təhqirə məruz qalan uşaq 18 yaşından aşağı olduğu üçün, onun valideynləri təhqirolunma barədə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməlidir. Üstəlik, bu məsələdə hadisənin görüntüyə alınıb sosial şəbəkələrdə paylaşılması faktoru da var. Təhqirin kütləvi informasiya vasitələrində yayılması ilə bağlı əməl Cinayət Məcəlləsində nəzərdə tutulub. Espertiza nəticələri əsasında hadisənin həqiqətən təhqir olması təsdiq olunsa cinayət işi açılır. Belə olduqda insan ləyaqətini, şərəfini alçaltma ilə bağlı məhkəmə bu əməli törətmiş şəxsləri azadlıqdan hətta məhrum da edə bilər. Əgər təhqirə məruz qalmış şəxs 18 yaşından yuxarıdırsa özü birbaşa məhkəməyə müraciət edə bilər”. 

Sonda hüquqşünas bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Cinayət Məcəlləsinin 148.1-ci maddəsinə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Share on Facebook