Mart ayından etibarən Azərbaycanda heyvanlar arasında dabaq xəstəliyi geniş yayılaraq ciddi itkilərə səbəb olub. Son 7-8 ay ərzində fərdi təsərrüfatlarda çoxlu sayda heyvanların tələf olması və xəstəliyin sürətlə yayılması nəticəsində vətəndaşlara külli miqdarda maddi ziyan dəyib.
Virusun aktivləşməsi əsasən havaların istiləşməsi dövrünə təsadüf edir və bu zaman daha sürətlə yayılır. Əvvəlki illərlə müqayisədə bu il dabaq virusu o qədər geniş yayıldı ki, insanlar arasında gedən söhbətlərdə bunun süni şəkildə yaradıldığını və arxasında hansısa məqsədlərin ola biləcəyini iddia edən fikirlər dolaşmağa başladı. Bunun nə dərəcədə doğru olması barədə məlumatlı olmadığımı desəm də, müşahidələrimə əsasən qeyd edə bilərəm ki, hər il ildə iki dəfə olmaqla Dövlət Baytarlıq Xidmətinin yerli şöbələri tərəfindən vaksinasiya və peyvəndləmə tədbirləri həyata keçirilir.
Peyvəndləmə Dövlət Baytarlıq Xidmətinin reyestrinə düşmüş təsərrüfat sahiblərinə sahə baytarı tərəfindən təklif edilir və məlumatlandırılır. Çox təəssüf ki, bu virusun ciddiyyətini nəzərə almayan bəzi təsərrüfat sahibləri çox hallarda peyvəndləmə prosesindən kənarda qalırlar. İnsanlar əvvəlki illərdə bu xəstəliyin bu dərəcədə tüğyan etdiyini müşahidə etmədiyindən onu ciddi qəbul etməyiblər.
Bununla yanaşı, “çiçək” və “qarayara” kimi daha təhlükəli virusların qarşısını almaq məqsədilə də peyvəndləmə prosesi həyata keçirilir. Hər üç peyvəndləmə prosesi dövlət tərəfindən qarşılanır və pulsuzdur. Dərmanlar dövlət tərəfindən təmin edilir. Təsərrüfat sahibləri vaxtında, xüsusilə yaz aylarında məsuliyyətli davranmalı, öz təsərrüfatlarında vaksinasiyaların həyata keçirilməsini təmin etməlidirlər. Sahə baytarının əlaqə nömrəsini götürməli, təsərrüfatındakı heyvanların sayı, iri- və ya xırdabuynuzlu olması barədə məlumat verməlidirlər. Mart ayında dabaq və qarayara, sentyabr ayında isə çiçək virusuna qarşı vaksinasiya aparılmalıdır.
Təsərrüfat sahiblərinin üzərinə düşən əsas vəzifə məsuliyyətli olmaq, bu xəstəliklərin ciddiyyətini nəzərə almaq və sahə baytarlarından vaxtında vaksinasiya tələb etməkdir.
Dabaq virusunun öz heyvanlarında başladığını müşahidə edən təsərrüfat sahibi ilk anda müalicə-profilaktika tədbirlərinə başlamalıdır. Əgər vaksinasiya aparılmayıbsa, virus çox asanlıqla bütün heyvanlara yayılacaq. Hətta dezinfeksiya prosesi keçirilsə belə. Bu virus heyvanlarda daxili temperaturun artmasına səbəb olur, nəticədə ağız, ayaq dırnaqları və iribuynuzlu heyvanların döş hissəsində yaralar əmələ gəlir. İsti havalarda isə vəziyyət daha da ağırlaşır.
Müşahidələrimə əsasən deyə bilərəm ki, xəstəliyi müşahidə edən təsərrüfat sahibi ilk anda iribuynuzlu heyvanlara “Bicillin-5”, xırdabuynuzlu heyvanlara isə “Bicillin-3” vurmalıdır. Proses bir neçə gün davam etdirilməlidir. Heyvanın ağzında yaranmış yaraların sağalması üçün səhər-axşam suya qarışdırılmış “zəy”lə yuyulmalıdır. Həmçinin benzin, marqans və sidikdən də istifadə olunur. Benzin və sidik ayaqlarda, zəy və su qarışığı isə ağız yaralarında daha effektlidir.
Proses zamanı heyvanların təmiz havada saxlanması, qapalı şəraitdə olmaması, quru yem və otdan uzaq tutulması vacibdir. Çünki bunlar ağızdakı yaraların sağalmasına mane olur. Müalicə dövründə heyvanlara daha yumşaq qidalar verilməlidir.
Nəticə olaraq, təsərrüfat sahibləri məsuliyyətli davranmalı, xəstəliklərin ciddiliyini nəzərə almalı və vaksinasiya prosesinə laqeyd yanaşmalıdır.
Məqalənin müəllifi: Ceyhun Nəbi, Sozcu.az saytının redaktoru
