Şəmkir stansiyasından(Şamxor st) keçən hər kəs bu tikiliyə şahid ola bilər. 1931-ci ildə Şəmkirin sonuncu qaçağı Ramazanoğlu Təhməz bu dəmiryolu vağzalında çalışan kirvəsi Kəsəmənli Orucun planladığı plan əsasında İran pasportu ilə qatarla Türkiyə getməli idi.
Amma Ramazanoğlu Təhməzin xəbəri yox imiş ki, kirvəsi Kəsəmənli Oruc Sovet NKVD-sinin təlimatı ilə hərəkət edir. Gecə ilə doğulduğu Qaracaəmirli kəndindən gizli şəkildə bu stansiya gətirilən Qaçaq Təhməz bu gördüyünüz tikilidə gizlədilir. Qatar gəldiyi məqamda qatara mindirilən Təhməz qatarın vaqonunda özündən başqa heç kəsin olmadığını görüb duyuq düşür və hiss edir ki, xəyanətlə üzləşdi. Kirvəsi NKVD ilə əlibir olub, onun ələ keçməsinə yardımçı olub. O qatara mindiyi məqamda qatar əsgərlərlə əhatələnir, qaçaq kimi 10 ildən artıq qanlı döyüşlərdə iştirak etmiş əfsanəvi fədai tələdə idi. Atışmaya girir və öldürüləcəyini görüb, son gülləsi ilə özünü vurur. Bununlada Şəmkirdə qaçaq hərəkatının fəaliyyəti tamamilə susduruldu.
Təhməzdən əvvəl Şəmkir qaçaqlarının başçıları Hacı Axund, Quruluqlu Əbdüləli, Ramazanoğlu Rüstəm öldürülmüş, sadəcə Samuxlu Qaçaq Məmmədqasım İrana keçə bilmişdi.
Ceyhun Nəbi