“8-ci km bazarı” kimi tanınan Ticarət Mərkəzinin ləğv ediləcəyi haqda xəbərlər yayılıb. Bildirilir ki, bazar ləğv ediləcək.
Bazarla bağlı on illərdir oliqarxlar, nazirlər arasında böyük mübarizə gedir. Akif Çovdarovun, Eldar Mahmudovun, Fərhad Əliyevin və digərlərinin adıçəkilən ticarət mərkəzində payları var idi. Hətta məşhur məhkəmə proseslərində “Vosmoy bazarı” ilə bağlı proseslər də keçirilib. Bundan başqa, oranın başqa əraziyə köçürüləcəyi haqda məlumatlar dolaşdı. Sonradan məlum olmayan səbəbdən layihə təxirə salındı. Çünki sözügedən ticarət mərkəzində çox böyük pullar dövr edir.
Globalinfo.az “Vosmoy bazarı”nın adının çəkilməsini istəməyən əməkdaşı ilə danışıb. O, bildirib ki, artıq uzun müddətdir ki, ticarət mərkəzinin bağlanacağına dair xəbər var:
“İlk dəfə “Diqlas” yandıqda şayiə yayıldı ki, bazar ləğv ediləcək, lakin uzun müddət keçməsinə baxmayaraq, ləğv edilmədi. Daha sonra dedilər ki, bazarı “Yeni Günəşli”yə köçürəcəklər və adı dəyişdiriləcək. Hətta neçə vaxtdır buranın köçürüləcəyini gözləyirdik. Bu gün də ümumiyyətlə bazarın bağlanmayacağı deyildi. Amma bizdə olan məlumata görə, “8-ci km bazarı” başqa holdinqə satılıb. Ümid edirik, yeni sahib ərazini köçürməz və bazar bağlanmaz”.