Vitali Balasanyandan yeni xəbər var - İrəvandakı Rusiya səfirliyində...

Özünü buraxmış qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyanla bağlı yeni xəbər var.

Sozcu.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, Vitali Balasanyan Qarabağdan Ermənistana qaçıb gəldikdən sonra şahid qismində dindirilmək üçün Milli Təhlükəsizlik Xidmətinə dəvət olunub. Bildirilir ki, Xankəndidə qondarma “Artsax” rejiminin onun barəsində başladığı cinayət işinə xitam verilib, oğluna qarşı da iş başlanıb.

Yaxınları deyir ki, Vitali Balasanyan onlarla əlaqə saxlamır, telefon zənglərinə belə cavab vermir.

Onun nə işlə məşğul olduğunu və niyə kölgəyə çəkildiyini bilmirlər.

“Hraparak”ın əməkdaşı oktyabrın 20-də Vitali Balasanyanı Rusiyanın Ermənistandakı səfirliyindən çıxarkən görüb. O, səfirlikdən çıxaraq boz rəngli “Nissan” markalı avtomobilə əyləşərək gedib.

Vitali Balasanyan 1988-ci ildən etibarən Azərbaycan Respulikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində separatizmin qızışdırılmasında və terror aktlarının təşkilində, etnik təmizləmənin aparılmasında, Xocalı soyqırımının törədilməsində yaxından iştirak edib, çoxsaylı müharibə cinayətləri törədib.

Balasanyan Azərbaycan torpaqlarının işğalında yaxından iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər qondarma qurumun “müdafiə nazirinin müavini” vəzifəsini tutub. 

O, “Daşnaksütyun” partiyasının üzvü olub. Həm qondarma “Artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, V.Balasanyan Birinci Qarabağ müharibəsində ermənilərin əsir götürdüyü  “Qaradağ şahinləri” taborunun əsgəri Natiq Qasımovu şəxsən sorğu-sual etmiş, ona işgəncələr verdikdən sonra öldürmüşdür.  

Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixli antiterror tədbirlərindən sonra V.Balasanyan Qarabağdan Ermənistana qaçıb.

Share on Facebook