“Veteran pulu” nə qədər artırılacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov çıxış edib. 

O bildirib ki, müharibə veteranlarına təqaüdün məbləğinin artırılması məsələləri müzakirə olunacaq. 

Qeyd edək ki, 2019-cu ildə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilib və onun aylıq məbləği 80 manat müəyyən olunub. Bu həftə parlamentdə büdcə müzakirələri zamanı vəsaitin artırılması barədə təkliflər səsləndirilib.

Bəs vəsait nə qədər artırıla bilər?

Məsələ ilə bağlı Modern.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinə sorğu ünvanlayıb. Fondun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili sorğumuzu cavablandırıb.

"Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişovun çıxışında bildirdiyi kimi, müharibə veteranlarının təqaüdünün artırılması məsələsi müzakirə olunacaq. Müzakirələr yekunlaşdıqdan sonra məbləğin nə qədər artacağı ilə bağlı məlumat veriləcək",- Rəşad Mehdili vurğulayıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında veteranların təqaüdünün artırılmasını vacib hesab etdiyini bildirib:

“Bu məsələ çox ciddi qaldırılıb. Himalay müəllim bildirdi ki, məsələyə baxıla bilər. Maliyyə naziri də bu məsələyə baxılmalı olduğunu deyib. Onu nəyəsə bağlamalıdırlar. Bəziləri deyir ki, veteranların təqaüdü yaşayış minimumuna gəlib çıxmalıdır. Məncə, öncədən bir rəqəm demək düzgün deyil. Bu məsələ şəraitdən və imkandan asılıdır.. Dövlət büdcəsinin hesabından, gəlirlərindən də çox şey asılıdır”.

Qarabağ qazisi Rey Kərimoğlu isə müharibə veteranlarının təqaüdlərinin minimum istehlak səbəti həddinə çatdırılmalı olduğunu düşünür:

"Veteranların təqaüdünün artırılması bütün müharibə iştirakçılarının gözlədiyi bir məsələdir. Amma təəssüf ki, hələ də onlara verilən 80 manat təqaüd artırılmayıb. Konkret rəqəm deyə bilmərəm, amma ümid edirik ki, bu məbləğ minimum istehlak zənbili həddinə çatdırılacaq. "Qarabağ qaziləri" birliyi təklif edir ki, yaralı veteranların təqaüdü digərlərinə nisbətdə 3 dəfə artıq olsun. Məsələn, hazırda veteranların təqaüdü 80 manatdır, yaralı veteranlara isə 240 manat verilsin. Yaralı veteran deyəndə, yaralanıb, amma müharibə əlilliyi dərəcəsi almayan şəxsləri nəzərdə tuturam. Dövlət Şəhid ailələrinə, müharibə əlilləri ilə bağlı çox böyük işlər görür.

Onu da xüsusi ilə qeyd edim ki, bu təbəqədən olan insanlar daim cənab Prezidentimiz İlham Əliyevin və vitse-prezidentimiz Mehriban xanımın diqqətindədir". 

Share on Facebook